Xalam məNİm dayimdir



Yüklə 90,42 Kb.
tarix14.01.2018
ölçüsü90,42 Kb.
növüYazı

XALAM MƏNİM DAYIMDIR

Böyük alimlər, şairlər yaxşı kitablar yazıblar, ağıllı sözlər deyiblər. Ancaq bir şeyi yaddan çıxarıblar. Onu deməyiblər ki: “Adamın gərək dayısı ola!” Əlbəttə bu sözü düz-düznəqulu başa düşənlər səhv edirlər. Ona qalsa, elə mənim də dayım var. Ancaq boyu yumruğumdan dirsəyimədək: üç yaşında çağa! Gecə yatanda yerini isladır. Hər səhər nənəm əskilərini suya çəkib qurudur... Söhbət beləsindən getmir. Elə dayılar da görmüşəm ki... Bahoo!..Bir nəslə arxadır. Zəhmindən yer yarılır, göy guruldayır, şimşək çaxır.

Məmim fikrimcə özünə karlı dayı tapmaq Amerikanı kəşf etmək kimi bir şeydir. “Hanı bizdə o bəxt! Fərlisinin bir milyon qiyməti var...”

Məndən soruşsalar dayının tərifini necə verərsən? – deyərəm: “Dayı qismətdir, dayı dövlətdir, dayı ləzzətdir, dayı nemətdir, dayı baldır, dayı yağdır, dayı ətdir!..”

Uzun müddət mən binəva bu sarıdan məğmun idim. Axır Bakıya gələn ili tale üzümə gülümsədi. Özümə dayı tapdım! İndi allaha şükür, arxasız deyiləm. Xalam mənim dayımdır. Bəli! Sizə gülməli gəlməsin...
***
Güləndam xalam çoxdan şəhərdə yaşayırdı. Üç-dörd ildi ərini boşamışdı. Səbəbi də bu olmuşdu ki, kişi acizdi. Əlindən heç nə gəlmirdi. Quru – quru lovğalanmağı vardı.

Danışırlar ki, ər-arvad ayrılanda aralarında belə söhbət olub. Xalam deyib:

-Ay fərsiz, daha yoruldum sənə tərbiyə verməkdən, düzəlmədin! Əzzavarasan, tayın yoxdur! Öküzlə bu qədər təlim keçsəydim, indi sirkdə çıxış eləyərdim. Qoy papağını başına, haydı! Marş hardan gəlmişdin ora!

Kişi deyib:



  • Ay arvad, sən öləsən düzələcəyəm. Bir az səbrin olsun...

Xalam deyib:

  • Əvvələn, arvad özünsən! İkincisi,” sən öləsən” dəbdən düşüb, özzün öləsən!

Gözünə döndüyüm Güləndam təpiyi ilə qapını açıb, əlini şlaqbaum kimi həyətə tuşlayaraq ona yol göstərib:

  • Bas bayıra! Qurtardıq səninlə - dedi.

Vay dədə, vay!..Arvadın kişiliyinə bax a... Ərini pişik kimi qovub evdən...
***

Güləndam boy-buxunda maşallah, pəhləvana oxşayırdı. Qırağdan baxanda deyərdin bəs, bir kisə qarpızdır. Çopurluğu ilə burnunun yastılığı olmasaydı, insafən göyçək arvaddı xalam. Ondakı ala gözləri heç kimdə görməmişdim. Üçqat buxaq sallatmışdı. Mənimkindən nazik, seyrək, sarı bığları vardı. Danışanda ətli çənəsi körük təki qalxıb-enirdi. Bir stulda heç vaxt rahat otura bilməzdi. Ikincisini də altına çəkərdi. Yaşı qırx olardı, ağırlığı doxsandan bir az artıq. Mən çox tərifləmək istəmirəm xalamı. Ərsiz arvaddır, elə bilərlər ona müştəri axtarıram...

Xalamın siz deyən böyük vəzifəsi yox idi. Hamamda kassir işləyirdi. Buna baxmayaraq, qohumlardan, tanışlardan, qonşulardan hər kəsin işi çətinə düşsəydi, o saat xalamın üstünə cumardı.

Mən sənətbazlıq texnikumuna girməyə Bakıya gələn ili canımı qorxu almışdı. Vay, dədə, vay!..Neyləyəcəkdim!? Azdan-çoxdan bildiklərim də yadımdan çıxmışdı.

Cəsarətimi toplayıb getdim xalamın yanına. Divanda, dövrəsinə balışları yığıb əyləşmişdi. Əynində, yaşıl-qırmızı güllü nazik xalat vardı. Xına qoyub, başına çalma bağlamışdı.

- Salaməleyküm, axşamın xeyir, Güləndam xa...

Sözümü yarıda kəsdi. Bu onun şakəri idi.

- Yaxşı, uzatma! Əleyküm... Dərdini de görüm, niyə gəlmisən? Neyləməliyəm?

- Sənətbazlıq texnikumuna girmək istəyirəm, xala! Bilmirəm necə olacaq?! Atam sənin üstünə göndərdi məni. Qabaqda dayım yox... ondan sonra...

Xalam sir-sifətini turşutdu.

- Cigər kababı kimi sızıldama! Ölmüşəm bəyəm?! Mən sənin dayın!.. Düzünü de görüm, texnikuma girməyə başında bir şey var?

Qorxa-qorxa cavab verdim:

-Vaar...

Gözlərini ağartdı:

- Ə, mənə yox!

Boynuma aldım ki, heç nə bilmirəm.

Tapşırdı:

- Sabah nahar fasiləsində bir maşın tut, gəl hamama dalımca. Gedərik texnikuma, kiminlə necə lazımdır danışaram, fikir eləmə!

Ertəsi günü xalamın qoluna girib ləhləyə-ləhləyə pilləkənləri enirdim. Elə bil dünəndən bəri xeyli kökəlmişdi. Arvad taksiyə əyləşəndə maşının bir tərəfi yatdı. Sürücü dönüb tərs-tərs dala baxdı.

Sənətbazlıq texnikumunun qabağında dayandıq. Mən əlimi cibimə salanda, xalam üstümə çımxırdı:

- Ə, ona pul vermək lazım deyil! Düş aşağı!

- Niyə? – deyə sürücü qavrılıb təəcüblə soruşdu.

- Zəhrimar niyə? Tanımadın! Hamamda az bezoçired buraxmışam səni?! Get özüvə!..

Xalam fısıldaya –fısıldaya gövdəsini maşından çıxartdı. Mən də dalınca düşdüm.


***

Texnikumda direktorun qapısındakı katibə bizi içəri buraxmaq istəmədi:

-Bəbir Ağaverdiyeviç yerində yoxdur, - dedi.

Ölmüşdü xalam onun sözünə qulaq asaydı! Buxaqı titrəyə-titrəyə qıza əmr elədi:

- Qaç bu dəqiqə tap onu, gəlib otursun xarabasında! Deyinən, səni hörmətli bir yoldaş gözləyir.

Katibə gülümsündü. Xalam yaxamdan tutub məni arxasınca kabinetə çəkdi. Təzəcə əyləşmişdik ki, direktor təngnəfəs özünü içəri saldı.

- Salam, Buyurun, eşidirəm sizi...

O, ayaqlarını cütləyib şaquli vəziyyətdə qabağımızda dikəldi.

Xalam üzbəüzündə direktora yer göstərdi:

- Əyləşin, Bəbir Ağaverdiyeviç mən vaxtınızı çox almayacağam. Tələsirəm. Sizə ikicə kəlmə sözümü deyib gedəcəyəm. Bu yetim...- Əli ilə məni göstərdi. – Rayondan gəlib. Mənim doğma bacım oğludur. Çox qanacaqlı, qabiliyyətli uşaqdır. Elə hər cəhətdən! Girər, oxuyar, görərsiz. Sənədlərini sizin texnikuma verib. Xahiş edirəm, uşaqdan muğayat olun. Mən daha başğa heç kimə ağız açmayacağam. Onu sizə tapşırıram. Vəssalam!..

Direktor çiyinlərini çəkdi:

- Sizə tapşırıram deyəndə ki...Mən neyləyə bilərəm...İmtahandır... Biletdəki suallara cavab versə qismət olacaq... Yox, əgər...

Vay, dədə, vay!.. Xalam çıxmadı özündən!

- Necə yəni mən neynəyə bilərəm? Necə yəni suallara cavab versə?.Bəyəm siz qiyməti, həmişə uşaqların biliyinə görə yazırsız? Hə? Soruşuram da!.. Niyə susursuz? Yaxşı xəbərimiz var burada nə hoqqalardan çıxırsız. Bəbir Ağaverdiyeviç! O barədə bu yetimdən gözünüzü çəkin! Ondan heç nə ummayın! Başa düşürsüz?!.

Müdir danışmaq istədi, xalam onu ağzını aşmağa qoymadı.

- Allahdan istəyirəm, bu tifil, imtahanların bicəciyindən kəsilə! Ondan sonra məndən inciməyin... Yoxsa elə bilirsiz bütün işləriniz qayda-qanun ilə gedir?! Hə? Bax... Bəbir Ağaverdiyeviç bu qəbulda təkcə sizin özünüzə neçəsini tapşırıblar, mən bilirəm! Hələ o biri müəllimləri demirəm. Getdik!..

Xalam yaxamdan yapışıb ayağa qalxdı, məni də ardınca dartaraq kabinetdən çıxardı.

Vay, dədə vay!.. Direktorun kürkünə birə düşmədimi?! Kişinin rəngi ağappaq ağarmışdı Bəs nə!.. Mən də eşitmişdim: xalamın qarasına söylədiyi sözlərin çoxu doğru idi!

Biz pilləkənləri enəndə katibə qız arxadan yüyürə-yüyürə yaxınlaşıb soruşdu:

-Bağışlayın... Bəbir Ağaverdiyeviç deyir uşağın adı, familiyası nə oldu?

Xalamın gözünü yeyim, gözü ilə mənə işarə elədi ki, ona sən cavab ver. Adımı, familiyamı qıza söylədim.

Küçəyə çıxcaq qucaqlayıb xalamın çopur üzündən öpdüm.

-Sağ ol ey! – dedim - Sən mənim dayımsan!

Birinci imtahana girəndə direktor mənə baxıb ehmalca başını tərpətdi. Yəni: “Tanıdım səni, arxayın ol!” Bilet çəkdim, gördüm sualların bicəciyini də bilmirəm.

- Mirzəcan Ağakişiyev! – deyə direktor çağırdı məni.

- Bəli.


- Hazırsan eləmi?

Dinmədim


- Birinci sualın nədir?

Biletdəkilərin üçünü də tələsmədən oxudum.

- Demək belə... – direktor yanındakılara nəsə pıçıldadı. Sonra üzünü yenə mənə tutdu: - Özün şeirdən, hekayədən əzbər nə bilirsən?

- Bir yaxşı tərifnamə var, deyimmi, müəllim?

- Döşə gəlsin! Ancaq avazla, artistsayağı...

Başladım: “Dayı qismətdir, dayı dövlətdir, dayı şöhrətdir, dayı ləzzətdir, dayı nemətdir, dayı baldır, dayı yağdır, dayı ətdir!”

Hamı şadlanıb güldü.

- A bala, bu bəhri-təvil kiminkidir? - deyə stol arxasında oturanlardan biri xəbər aldı.

- Özüm quraşdırmışam, müəllim!

Direktor qalxıb əlimi sıxdı:

- Əhsən, gedə bilərsən. Beş!

... Texnikuma qəbul olunan günü xalama muştuluğa cumdum. Arvad seyrək bığlarının altdan qımışdı:

- Bilməzsən qədrimi! – Sonra ərkyanalıqla sinəmdən itələyib mənə tapşırıq verdi: - Get mağazaları axtar, bir cüt qırx üç razmer ayaqqabı al mənimçün. Ancaq yastıdaban olsun.

O vaxtdan Güləndam xalam oldu mənim dayım. Harda işim çətinə düşürdü, yüyürürdüm üstünə. Kurs imtahanlarından kəsildim, zəng vurub düzəltdirirdi...

Soruşdum:- əvəzində nə alım sənə?

Dedi - Şalvar əlli altı razmer.

Zaçot borcum qaldı, tapşırdı, yazdılar...

Soruşdum:- nə alım sənə?

Dedi: - Apar məni restorana.

Xalamın elədiyi bu işlərin heç birində xərci-filanı çıxmırdı. Uzaq başı, ağız açdığı həmin müəllimlərdən yanına gələni olanda hamama qonaq eləyirdi.

Maşallah. Güləndam dayım zirək arvaddı. Hamam suyu ilə dost tuturdu...

Məni sürüyə-sürüyə çəkib üçüncü kursa gətirmişdi. Dərslərimi bilməsəm də, xalama görə çoxları hörmət eləyirdi. Texnikumda müəllimlərdən kimin nə işi düşürdüsə yanıma gəlirdi.

- Mirzəcan, dayına deyinən, bizim uşağı yüngül bir işə qoysun.

Qoyulurdu...

Mirzəcan, dayına deyinən, mənə bir mətbəx mebeli tapsın.

Tapılırdı...

- Mirzəcan, dayına deyinən, bizim müəllimlər üçün türk müğınnisinin konsertinə bilet düzəltsin.

Düzəlirdi...

Güləndamın üzünü görməyib, onu qiyabi tanıyanlar elə bilirdilər ki, bütün bu işləri eləyən kişi xeylağıdır.

Tələbələr arasında dilim öyrəşmişdi, and içəndə “dayımcanı” deyirdim. Çünki ondan əziz adamım yox idi. Yaxşı ki, rayondan atam tez-tez pul göndərirdi. Xalamın yanında xəcalətli qalmırdım. Bu gün dediyini, sabah alıb gətirirdim...

Bir dəfə dayım yataqxanaya zəng çalıb məni çağırtdırdı.

-Ə, yetim, harda itib-batmısan, görünmürsən?!

Cavab verdim:

- Mən hazır qulluğunda!

Dedi:

- Dur, tez hamama gəl, işim var səninlə. Özün də üzünü qırx, səliqəli geyin.



Soruşdum:

-Xeyirdimi?

Acıqlandı

- Zəhrimar “xeyirdimi?!” Məndən heç ziyan gördüyüz olubmu?

Bunu doğru deyirdi.

Yollandım hamama. İçəri girəndə gördüm, yekəpər bir kişi dayımın kabinetinin pəncərəsinə dirsəklənib, onunla dilxoşluq eləyir. Dayandım bir qıraqda. Söhbətlərini aydın eşidirdim.

Dünən gözümü neyçün yolda qoydun, gəlmədin, ay insafsız?

Bunu dayım dedi. Yekəpər kişi müştüyə taxdığı siqaretini sümürüb tüstünü onun sifətinə üfürdü.

- Gərək bağışlayasan, vacib işim oldu, Güləndam!

- Demək məni görməyi vacib saymırsan, hə?..- Dayım gözlərini süzüb nazlandı. - Qəmin kəm! Sevgidə məcburiyyət yoxdur. Gələrsən də yaxşı, gəlməzsən, də yaxşı. Təki arada təmiz məhəbbət olsun... Düz demirəm?

- Lap qızıl kimi söz danışırsan!

Dayım bu gün özünə yaman bəzək-düzək vermişdi. Zəncirvari xınalı saçlarını hər iki tərəfdən yanaqlarına sallamışdı. Başını əsdirdikcə qulaqlarındakı qədim sırğaları çiyinlərinin üstündə yırğalanırdı. Qalın dodaqlarını qıpqırmızı boyamışdı. Bilmirəm, dayım sifətinə nə sürtmüşdü, çopurları itib-batmışdı.

Mən onlara diqqətlə qulaq asırdım. Elə şirin-şirin danışırdılar ki... Dayım hamam biletlərini əlində oynada – oynada deyirdi:

- Soltanəli istəyirəm küsüm səndən!

- Niyə?

- Onda qədrimi bilərsən, düşərsən dalımca.



- Elə iş tutma, Güləndam!

- Qorxdun?

Yekəpər kişi elə bərkdən güldü ki, hamamın divarları titrədi. Dayım kabinetin pəncərəsindən bəri baxanda qəflətən məni gördü. Tez özünü yığışdırdı. Soltanəliyə him-cimlə məsələni başa saldı. Kişi geri qanrılıb, acıqla məni süzdü. Sonra üzbəüzdəki stullarda hamama növbə gözləyən adamların arasında əyləşdi.

- İçəri gəl.

Dayım məni toyuq hini olan kabinetinə dəvət elədi. Getdim. Küncdə qısılıb dayandım. Xəbər aldı:

- Mirzəcan, evlənmək istəyirsən?

Güldüm, bilmədim nə cavab verim.

Bozardı üstümə.

- Ə, fərziz! Dişlərini ağartma! Səndən söz soruşuram. Yaxşı bir qız var, evlənmək istəyirsən?

Ürəyim çırpindı.

- İstəyirəm, - dedim.

Tapşırdı.

- Get dayan hamamın qabağında, beş on dəqiqəyə içəridən al qırmızı geyinmiş, sarı saçlı, qara qaş-gözlü bir qız çıxacaq. Bax ona, gör xoşuna gəlir, ya yox... Sonra fikrini mənə deyərsən.

Özümü itirdim:

- Xala...

- Zəhrimar, xala!

- O qız kökdür, arıqdır?

- Ə, bu nə sıfeh sözdür, danışırsan?! Arıq olar, qulluq edərsən, yedirdərsən əmələ gələr. Kök olar, işlədərsən, incidərsən, arıqlayar. Əlində deyil? – Xalam qımışdı, - Qorxma, məndən nazikdir. Özü də ağappaq maya kimi, incə - mincə... Dörd qatla, qoy çamadana, apar kurorta özünçün.

Ağzımın suyu axdı.

- Atası mikrorayonda univermaq müdiridir. Bir yol əskiyi çıxmışdı, tutacaqdılar onu, mən qurtardım.

-Axı evim yoxdur, xala.

- Qaynatanın canı sağ olsun!

Bayıra çıxanda xalam arxadan eşitdirdi mənə:

- Mirzəcan, utanma ha!.. Ürəkli ol, qıza hər şeyi danışmışam.

***

Yarım saat gözlədim hamamın qabağında. Haçandan-haçana gördüm, qırmızı geyimli, sarısaç, qara qaş-gözlü birisi qapıdan çıxdı. Vay dədə, vay!.. Ürəyim sevindiyindən elə bil sinəmdə mayallaq aşdı. Dilim necə fırlandısa çaşdım, dedim:



- Həmişə təmizlikdə, xanım!..

Gülümsədi. Ancaq dinmədi. Yumru yanaqları qıpqırmızı qızardı.

- Dayım deyən oğlanam. Tanıdız məni?

Təəcübləndi:

- Dayı?..

Tez sözümü düzəltdim.

- Bilirsiz... Mən Güləndam xalama dayı deyirəm...

Bu dəfə qəhqəhə çəkib güldü.

- Çox maraqlıdır...

Düşdüm yanınca, başladım söhbətə.

- Mən, - dedim, - xalamı beş kişiyə dəyişmərəm, əjdaha arvaddır. Dəyirmanın gözünə ölü salsan, diri çıxar. “Bacarmaram” sözü dilinə gəlməz xalamın. Kuxnaya mebel istə, tapsın səninçün, türk müğənnisinə bilet deyinən, düzəltsin... Göz dəyməsin, xalam oddur, alovdur...

Qız zarafata keçdi:

-Yəqin hamamı elə onun istisi ilə qızdırırlar.

Söhbəti dəyişdim:

Bağışlayın, yadımdan çıxdı, xalamdan soruşmadım. Sizin adınız nədir?

-Ayparadır, - dedi.

-Bah! Qiyamət addır ki! Bizimki də Mirzəcandır, Atakişiyev

Mən danışdıqca qız elə gülürdü. Evlərinə çatanda ayaqlarını cütləyib, dimdik dayandı qabağımda. Qıraqdan baxan olsaydı, deyərdi bəs, şəklini çəkdirir.

Soruşdum:

- Aypara, dayıma... ey... xalama nə deyim, sizin barənizdə?

Pörtdü:

- Mənim barəmdə, yəni nə barədə?



Başa saldım onu ki, xalama necə xəbər aparım?

Utana-utana cavab verdi:

- Özün bilərsən, Mirzəcan. Nə istəyirsən de.

Ayrıldıq. Yüyürə-yüyürə qaçdım hamama. Dayım xəbər aldı:

- Nə oldu, ay yetim? Görüşdüz?

Dilim tərpənmədi, Başımı əsdirdim

- Necə qızdır? Bəyəndin?

- Vay, dədə vay!.. Ondan yoxdur ki! Əla şeydir!

- Bilməzsiz qədrimi

- Xala, nə alım səninçün?

- Zəhrimar, xala! Bir şüşə “Ellips” fransuzki duxi. Yaz adını, yadından çıxmasın. Çox baha deyil. Əldə qırx beş, əlli manatdır.

...Ay yarım keçməmiş, dayım təzə şalvarını, tuflilərini geydi, “Ellips” ətrindən vurdu. Bir neçə arvad götürüb elçiliyə getdi. Atam da gəlmişdi. Əvvəlcə Ayparanın razılığını, sonra da qızın özünü aldılar mənə. Bütün dəm – dəsgahı ilə toyumu Güləndam dayım elədi. Yığdığı puldan özünə də götürdü, mənə də verdi:

- Al, xərclik elərsən...

Indi neçə aydır qaynatamın evində yaşayıram. Yerim yaxşıdır. Hərdən söz düşəndə Aypara zarafata salıb deyir:

- Ancaq xalanın hörmətinə məni sənə verdilər ha... Onu bil!

Doğru sözdür. Güləndam qabağa düşüb dayılıq eləməsəydi, kimdi məni univermaq müdirinin qızına yaxın buraxa?

Hər şeydən maraqlısı toyun səhərisi dayımın Ayparanın atasına dediyi sözlər oldu:

- Bu gün-sabah Mirzəcan sənətbazlıq texnikumunu qurtarır. İnşaallah, o da sənin kimi ticarətçi olmaq istəyir. Düzəldərsən onu yanında yaxşı bir işə. Biz də arxayın olarıq, siz də...

Ayparanın atası cavab vermədi.

Dayım soruşdu:



  • Niyə dinmirsən?

Kişi cəm-xəm elədi:

- Bilirsən, Güləndam xanım... Düzəldərdim...Mirzəcan bəyəm özgəsidir? Mənim aləmimdə kürəkən, ya oğul... ikisi də bir şerdir...

Dayımın onu axıracan dinləməyə hövsələsi çatmadı

- Daha bəs nə fikirləşirsən?

- Əvvəlan, qohumdur...Qorxuram söz-söhbəti olar. Bir də axı onun sənəti başqadır...

- Guya o biri işçilərin yaddır? – deyə arvad həmləyə keçdi. – Bilmirəm? Yanında işləyənlərin azından iyirmisi elə öz adamlarındı da! Hərəsi də bir institutu, texnikumu qurtarıb.

Qaynatam yumşaldı:

- Hə deyirəm ki... Sən məsləhət biləndən sonra, mən razı...

Təyinat zamanı yenə cumdum dayımın üstünə. Telefonla danışırdı.

- Xala!..

-Zəhrimar, xala! Gözlə qurtarım sonra...

Dayım kiməsə deyirdi:

- Qapım həmişə üzünə açıqdır. Ha vaxt gəlsən, nə ürəyin istəsə, de bişirim sənin üçün. Öləməmişəm ki.

Başa düşdüm: telefondakı Soltanəli idi. O kişi dayımı sevirdi. Halal xoşu olsun.

Haçandan-haçana söhbəti kəsib ayrıldılar. Deyəsən mərdüməzarlıq elədim. Dayım könülsüz mənə tərəf çevrildi.

- Hə... nə var yenə?

Dedim:

- Bu günlərdə işləmək üçün bizi rayonlara bölüşdürəcəklər. İstəyirəm məni şəhərdə saxlatdırasan, sonra da qaynatamın univermağına saldırasan.



Dayım buxağının tərini silib fikrə getdi.

- Ay yetim, təyinat komissiyasında kimlərdir, bilirsən?

- Biri... – dedim direktorumuz. Bəbir Ağaverdiyeviçdir. Özü də sədr.

- O heç! Bizimkidir.

- Yerdə qaldı dörd nəfəri, onlardan da...

Hamısının ad-familini öyrənmişdim, bir-bir sadaladım.

Dayım hökmünü verdi:

-Sabah bir maşın tut, gəl dalımca hamama.

Ertəsi gün nazirliyə getdik. İmtahan komissiyasının üzvlərindən biri olan Xudayarovun kabinetini tapdıq. Uşaqlar deyirdilər ki, bölgü zamanı bu kişidən çox şey asılıdır. İstəsə səni Bakının göbəyinə salar, istəsə, lap uzağa göndərər. Dayıma nə var ki! Saçlarını səliqəyə salıb, tənginəfəs girdi Xudayarovun kabinetinə. Qapı açılanda gördüm, içəridə özündən başqa iki nəfər də var.

- Olar?.. – deyə dayım razılıq gözləmədən keçib yuxarı başda əyləşdi...- Bağışlayın ikicə dəqiqə... Vaxtınızı çox almayacağam.

Mən qapını azacıq aralamışdım. Hər şeyi aydın eşidirdim.

Dayım mətləbi nəql elədikdən sonra, sözünü belə qurtardı:

-İndi... yoldaş Xudayarov, xahişim budur ki, bizim yetimi şəhərdə saxlayasınız. Ancaq “yox” deməyin! Onu da yaxşı bilirəm ki, hər şey sizin bir kəlmənizdən asılıdır.

Xudayarov başını qaşıyaraq fikrə getdi. O birisilər qalxıb çıxmaq istəyəndə dayım qoymadı.

- Bir az gözləyin, rica ediirəm...

Kişilər yenə oturdular.

Özlərini aparmaqlarından hiss olunurdu ki, onlar yad adamlar deyildi. Buranın işçiləri idilər.

Xudayarov üzünü dayıma tutdu, həlim səslə sözə başladı.

- Bilirsiz... məsələ belədir: əgər siz deyən o Mirzəcanın həyat yoldaşının ali təhsili olsaydı, Bakıda işləsəydi, yenə bir təhər don geydirmək olardı. İndiki halda bu mümkün deyil. Qanun yol vermir.

Dayım birdən elə bil maskasını çıxartdı: Arvadın sifəti qəflətən dəyişdi.

- Hə?! Mənə çatanda qanun yol vermədi?! Bəs sizinkilər? Onlar nə əsasa görə şəhərdə saxlanılıblar? Suruşuram, cavab verin! Deyin görüm, burada üç kişi əyləşmisiniz, üçünüz də rayon adamısız. Qohum - əqrabanızın da çoxu orda. Rayona mənim belə canım qurban! Bəs siz niyə öz uşaqlarınızı burda saxlamısız?! Rayonlarımızda həkim lazım deyil, yoxsa müəllimə ehtiyac yoxdur?!

Kabinetdəki kişilər bir kəlmə də danışmadılar. Nəyi isə bəhanə edərək qalxıb aradan çıxmaq istəyəndə dayım səsini qaldırdı:

- İşi o mərtəbəyə çatdırmayın ki, mən bu barədə lazım olan yerlərə məlumat verim! Elə bilməyin ki, Güləndam xanım dünyadan bixəbərdir. – Dayım yaman qızışmışdı. Danışdıqca buxağı yellənirdi. – Mən sözümü dedim! İndi özünüz bilin! Bacarırsız o yetimi saxlayın şəhərdə! Xudahafiz!..

Dayım ayağa qalxanda Xudayarov astadan mızıldandı:

-Ay anam, ay bacım, axı, bu təkcə məndən asılı deyil. Komissiyanın sədri var.. Üzvləri var...

- Siz olan yerdə onlar kimdir? – deyə dayım ikicə kəlmə ilə kişinin cavabını verdi. – Əgər Bəbir Ağaverdiyeviçi nəzərdə tutursunuzsa, o da sizin tayınız, ondan tam arxayın olun.

Dayım sözünə nöqtə qoyub çıxdı.

- Salamat qalın!

Kişilər sehrlənmiş kimi yerlərində dondular... Bir-birinə baxaraq gözlərini döydülər.

Dayım mənə yaxınlaşanda Xudayarov da qapıda göründü.

- Budur, sizin uşaq? – deyə təqsirkar bir halda xəbər aldı.

- Bəli!


Kişi diqqətlə sifətimə baxaraq başını tərpətdi.

-Tanıdım, yadımda qalar...

Küçəyə çıxcaq ağacların altında cərgə ilə dayanmış maşınlardan birini göstərdi.

- Buyurun, oturun. – Sonra sürücüyə dedi: - Xanım hara buyursa, apar onu.

...Dayım xam deyil, dünyagörmüş arvaddır. Maşını hamamın qapısında saxlatdırmadı. Bir tin o yanda düşdük...

Tez xəbər aldım:

- Necə oldu, xala?

- Zəhrimar, xala! Bilməzsiz qədrimi.

- Çox sağ ol ey! Nə alım səninçün?

- Bir dənə yaponski kişi saatı, Yaxşısından!

- Belə mənim bu gözlərim üstə!

Yəqin Soltanəliyə bağışlayacaqdı. Nə borcuma...

Təyinat komissiyasının yığışdığı gün dayı ertədən Bəbir Ağaverdiyeviçə zəng vurdu. Onunla çox danışmadı. Elə kefini soruşub ikicə kəlmə dedi ki, gözün yetimin üstündə olsun. Arada bilmirəm direktorumuz nə soruşdusa, dayım cavab verdi:

- Ay Bəbir Ağaverdiyeviç, mən sizi tanıyıram! Vəssalam! Xudayarov kimdir? O nəçidir?

Bununla da söhbət bitdi. Komissiyanın bütün üzvləri mənim şəhərdə qalmağımı lazım bildi. Ayrı cür də ola bilməzdi.
***
Mənim sənətbazlıq texnikumunu bitirib univermaqda işləməyimə bəziləri nahaq yerə pis baxırlar. Deyirlər, incəsənət hara, ticarət hara? Bəs, qiymətli arşın mallarını ölçüb-biçəndə santimetrlərlə o yan-bu yana sürüşdürmək incəsənət deyil, nədir? Hələ qaynatam söz verib, bu günlərdə məni zərgərlik malları şöbəsinə müdir qoysun. Salamatlıq olsun, ora keçəndən sonra, brilyant qaşlı qızıl üzük, sırğa, medalyon, bilərzik alveri edəcəyəm. Bu kobud sənətdir?

Texnikumda müəllimlərim mənə səhnə dili öyrədiblər. Onların da zəhməti hədər getməyib: müştərilərlə danışmağı mən o biri satıcıların hamısından yaxşı bacarıram.

Qərəz, taleyimdən narazı dryiləm. Yaşasın dayım! Kölgəsi bizim başımızın üstündən əskik olmasın! İndi qayınatam da ona arxalanır. Deyir, allah eləməsin, işimiz əngələ düşsün... Güləndam xanım ölməyib!.. Bir də deyir, sabah mən ilişsəm, sən varsan. Evi dolandırarsan. Qayınatam qabağı görən adamdır. Ayparanı mənə verəndə bir ticarətçi kimi bunların hamısını yaxşıca götür-qoy eləyib...

Gələn ay dayım ərə gedəcək. Restoranda keçiriləcək toyun xərcini qaylnatamla boynumuza götürmüşük. Şərtimiz belədir: o Soltanəlinin mənzilinə köçəndən sonra biz də Aypara ilə onun ikiotaqlı mənzilinə yığışacağıq. Burada mebelimiz çox, yerimiz darısqaldır. Dayım indidən kiminlə necə lazımsa, hər şeyi razılaşıb. Həyətlərində qaraj tikdirəcəyəm. Zərgərlik malları şöbəsinə müdir keçsəm, fikrim var bir maşın alım.

Dünən gecə yerimdə uzanıb çox fikirləşdim. Güləndam dayım gəldi dayandı gözlərimin qabağında... Onun gücünə texnikuma girdim... Məni evlədirdi...Şəhərdə saxlatdırdı... Yaxşı işə düzəltdi...Bəs mən?.. Mən dayımın xəcalətindən necə çıxacağam?.. Düzdür, rayondan atamın göndərdiyi pulların bir qismini ona xərcləmişdim. Ancaq borcundan qurtarmamışdım. Öz aramızdır, Bakıya gələndə tüllabın birisi idim, indi məni abırlı adam eləyib, ərsəyə çatdırıb. Ləyaqəti var, qayınatamın bütün univermağını satıb dayıma yedirəm.

Nə vaxt yatdım, bilmədim. Qəribə yuxular gördüm. Gördüm... ticarətdə çox yuxarı qalxmışam. Adlı-sanlı bir şəxsiyyətəm. Əlimdə geniş imkanlar yaranıb. Yavaş-yavaş dayımın xəcalətindən çıxıram. Rayonumuzda xeyli dəyişiklik apartdırmışam... Doğulduğum obanın adını Güləndamın şərəfinə “Dayım abad” kəndi qoydurmuşam. Evimizin böyründən bir şay axırdı. Ona da mənim təşəbbüsümlə “Daydayçay” deyirlər. Kənddəki gülü-çiçəkli yaşıl bağlardan birini böyüdüb eləmişəm “Güləndam adına mədəniyyət və istirahət parkı”. Dağ döşündəki “Ayı meşəsi” olub “Dayı meşəsi”. Burada hər şeyi onun adı ilə bağlamışam: “Dayımcan bulağı”, “Dayımgəldi qayası”, “Dayımgüləndam körpüsü”, “Xalam-dayım hamamı”... Bu ad lap yerinə düşüb. Çünki hamam bir gün arvadlara verilir, bir gün kişilərə.

Sonra çox qatma –qarışıq şeylər gördüm yuxuda. Axırı xeyrə calansın.

...Soltanəlinin bəylik kostyumunda, xalamı gəlinlik paltarında “xalam-dayım hamamına” apardılar. Mən də adamların arasında idim. Güləndamın verdiyi bir zurnanı çalırdım. Burada nağara vuran da, oynayan da vardı. Hamamda dayımın əl-ayağına xına qoydular... Soltanəlini sabunlayıb çimizdirəndə qəflətən sular kəsildi, işıqlar söndü, Hamam qupquru qurudu. Yekəpər Soltanəli qulyəbanıya dönüb yoxa çıxdı... Şayiə yayıldı ki, dayımı yalandan sevirmiş. Güləndam onu istədiyi yerə işə düzəldən kimi kişi qeyb olub. Sonra gördüm... dayımı qırmızı zolaqlı maşına mindirib harasa aparırlar. Qanı yaman qaradır. Özü də arıqlayıb çöpə dönüb. Qorxa-qorxa yaxınlaşdım ona, dedim:

-Xala indi nə lazımdır, de alım sənə

Bərkdən çığırdı üstümə:

- Zəhrimar, xala!

Bu səsə gecəyarı hövlnak yuxudan ayıldım.

***

Hərdən beynimə pis-pis fikirlər dolur. Dayımın başına bir iş gəlsəydi, nələr olardı! Vay, dədə, vay! Enişdən –yoxuşa asta-asta qalxdığım yolları gurgurumbaz aşağı enərdim: Məni univermaqdan çıxarardılar, Aypara ilə ər-arvadlığımız pozulardı. Qayınatamın evindən qovulardım. Texnikumun direktoru, təyinat komissiyası cəzalanardı. Diplomum etibarsız hesab edilərdi. Yekəpər Soltanəli də yuxuda gördüyüm kimi qulyabanıya dönüb yoxa çıxardı... Rayonda atam-anam peşmançılıq çəkərdi. “Mirzəcanın özünə belə həyat qurması başına dəysin!” – deyərdilər.



Şeytan qulağı kar olsun! Dayı gücünə qalxan təkcə mən deyiləm ki... Bir də adam haqqına danışmalıdır. Dayıların nə təqsiri var?! Vəzifə tapşırılan adamların işləri düz olsa, heç nədən qorxmazlar, belə dayılar da meydana çıxmaz.

Yaxşı ki, maymaqlar vardır. Biz də onların ucbatından rahatlıqla, asudə yaşayırıq...



???


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə