324
Xaqan Balayev
qında bəyannaməsi”ndə üçtərəfli müqavilədəki öhdəliklər bir daha təsdiq olun-
muşdu: “Birləşmiş Ştatlar, SSRİ və Birləşmiş Krallığın hökumətləri İran höku-
mətinin İranın tam müstəqilliyini, suverenliyini və ərazi toxunulmazlığını
saxlamaq arzusunda onunla həmrəydirlər. Onlar belə nəticəyə gəlirlər ki, İran
hər dörd hökumətin imzaladığı Atlantika xartiyasının prinsiplərinə müvafiq
olaraq digər sülhpərvər millətlərlə birlikdə müharibədən sonra beynəlxalq
sülhün, təhlükəsizliyin və tərəqqinin bərqərar olmasında iştirak edəcəkdir” (21,
158).
1945-ci il iyulun 21-də Potsdam konfransında SSRİ və ABŞ nümayəndə
heyətlərinə təqdim olunmuş “İrandan müttəfiq qoşunlarının çıxarılması
haqqında Böyük Britaniya nümayəndə heyətinin memorandumu” müzakirə
edilərkən Stalin bildirmişdi ki, ”Bizim qoşunlarımız tərəfindən İrana qarşı heç
bir hərəkət olmayacaqdır.”(22, 166)
Nəhayət, 1946-cı ilin yayında İkinci
dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist
Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri
layihələrinə baxılması üçün çağırılmış Paris sülh konfransında (29 iyul-15
oktyabr) İrana öz hökumətinin bu müqavilələr haqqında mövqeyini şərh etmək
imkanı verilmişdi.
Azərbaycan Milli Hökuməti beynəlxalq dəstəkdən məhrum idi. Pişəvəri
dönə-dönə və 1946-cı il yanvarın 28-də Azərbaycan məsələsinin BMT-nin
Təhlükəsizlik Şurasında müzakirə olunacağı bilinəndə Azərbaycan xalqı
adından BMT-nin Baş Məclisinə göndərdiyi məktubda da iki dəfə yalnız 1941-
ci il avqustun 14-də İngiltərə ilə ABŞ-ın imzaladıqları Atlantika xartiyasının
(Sovet İttifaqı, İran və digər dövlətlər xartiyaya sonradan qoşulmuşdular) 3-cü
maddəsindəki bu müddəaya istinad edirdi ki, “bütün xalqların özlərinə lazım
bildikləri idarəetmə formasını seçmək hüquqları tanınır” (12, 148) və yazırdı ki,
Azərbaycan Milli Məclisi və Milli Hökuməti Atlantika xartiyasına tam müvafiq
formalaşdırılmışdır. Lakin Çörçill xartiyanın imzalanmasından üç həftə sonra
həmin müddəaya qeyd-şərt bildirərək, bəyan etmişdi ki, İngiltərə və Amerika
hökumətləri “Hazırda faşist Almaniyasının əsarəti altında olan Avropa
dövlətləri və millətlərinin suverenliyinin, özünü idarə etməsinin və milli
həyatının bərpa olunmasını” nəzərdə tutmuşlar” (11, 161).
Bununla belə, xalqların və millətlərin öz zülmkarlarına qarşı mübarizə
hüququnun ədalətli olduğunu təcrübədə de-fakto təsbit etmiş bəşər tarixi Cənubi
Azərbaycan milli-azadlıq hərəkatına haqq qazandırırdı. Bu mübarizə hüququ iki
il sonra BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul
edilmiş, insan hüquqları haqqında ilk beynəlxalq sənəd olan “İnsan Hüquqları
Haqqında Ümumi Bəyannamə”də “insanı son vasitə kimi istibdad üsuli-
idarəsinə və zülmə qarşı qiyama məcbur etməmək” (13, 5) formulu ilə de-yure
təsdiqini tapdı.
Sovet qoşunlarının İrandan çıxarılmasında və İran silahlı qüvvələri Cənubi
Azərbaycana hücum edərkən İrana Sovet İttifaqının hərbi müdaxiləsinin
qarşısının alınmasında İngiltərənin iştirakı danılmaz olsa da, ABŞ və BMT
Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti...
325
müstəsna rol oynamışdılar (Qərb və İran tarixçiləri sonralar Azərbaycan
məsələsini BMT-nin “həll etdiyi ilk məsələ” adlandırdılar).
İranın hakim dairələri ölkə ərazisinə ingilis və sovet qoşunları yeridiləndən
sonra London və xüsusən də Moskvaya əks qüvvə kimi ABŞ-a istinad etmək
siyasətini yeritməyə, ABŞ-a İranın müstəqilliyinin və ərazi bütövlüyünün
təminatçısı kimi baxmağa başlamış və sonrakı hadisələr bu xəttin doğruluğunu
sübuta yetirmişdi. Yuxarıda qeyd olunduğu kimi, ABŞ-ın da İranda strateji
maraqları var idi.
1942-ci ilin əvvəlində üçtərəfli müqavilə imzalandıqdan sonra Məhəmməd
Rza Pəhləvi fevralın 10-da ABŞ prezidenti F. D. Ruzveltə göndərdiyi
teleqramda ondan İranın ərazi bütövlüyü və müstəqilliyinin təminatçısı olmağı
xahiş etmişdi. Həmin il avqustun 9-da Qəvam yeni kabinetin təşkilindən sonra
verdiyi bəyanatda öz proqramını açıqlayarkən, ABŞ ilə yaxın əlaqələrin
qurulacağını bildirmişdi.
1942-ci ilin sonunda ABŞ qoşunlarını İrana yeridərkən Qəvam hökuməti
buna heç bir etiraz bildirməmişdi. Beynəlxalq münasibətlərdə analoqu olmayan
fakt idi ki, İkinci Dünya müharibəsi dövründə Amerika qoşunlarının İran
ərazisində yerləşməsi haqqında ABŞ ilə İran arasında heç bir müqavilə, yaxud
digər sənəd imzalanmamışdı. İrandakı Amerika səfirliyinin rəsmi məlumatına
görə, Qəvam belə bir sənədi artıq şey hesab eləmişdi (20, 80). ABŞ-ın
nüfuzunu ölkədə artırmaq üçün ikiqat səy göstərən İran hökumətinin tədbirləri
sayəsində tezliklə İranın ordusu, maliyyə sistemi, bütün daxili və xarici ticarəti,
sənayesi, ərzaq ehtiyatları və bölünməsi, avtomobil nəqliyyatı və bütün şose
yollarında yük daşımaları ABŞ-ın nəzarəti altına keçmişdi. ABŞ sonrakı illərdə
də müharibədən sonra İranda möhkəmlənmək məqsədilə müvafiq siyasət
aparmışdı (1944-cü ilin əvvəlində İranda ABŞ qoşunlarının sayı 30 minə
çatmışdı) və buna nail olmaq üçün SSRİ-nin İranda siyasi və hərbi istehkamı
olan Azərbaycan muxtariyyətinin ləğv olunması və İranın ərazi bütövlüyünün
bərpa edilməsi zəruri idi. İran və ABŞ problemin həllini Sovet qoşunlarının
İrandan çıxarılmasında görürdülər.
İrandan müttəfiq dövlətlərin qoşunlarının çıxarılması şərti üçtərəfli
müqavilə ilə müəyyənləşdirilmişdi. Müqavilənin 5-ci maddəsində göstərilirdi
ki, “Müttəfiq dövlətlər ilə Almaniya və onun tərəfində müharibə aparan
dövlətlər arasında bütün hərbi əməliyyatların qurtarmasından ən geci altı ay
sonra müttəfiq dövlətlərin qoşunları İran ərazisindən çıxarılmalıdır” (12, 193 ).
Bu tələbə görə qoşunlar 1946-cı il martın 2-dək (Yaponiyanın təslim
olmasından sonrakı altı ay ərzində) İran ərazisini tərk etməli idilər.
1945-ci il Krım konfransında İngiltərə və ABŞ orduların vaxtından əvvəl
çıxarılması təklifini irəli sürmüş, Sovet İttifaqı məsələnin müzakirəsindən
imtina etmişdi. 1945-ci il noyabrın sonu-dekabrın əvvəlində müttəfiqlər
arasında bu məsələ ilə əlaqədar nota mübadiləsi olmuşdu. İngiltərə və ABŞ-ın
qoşunları yanvarın 1-dək İrandan çıxarmaq təklifi SSRİ tərəfindən qəbul
edilməmişdi.