Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə32/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   28   29   30   31   32   33   34   35   ...   148

________________Milli Kitabxana________________

Bitkilərin şahına oldu düşərgə çəmən,

Səpdi onun başına incini neysan həmən.

Başda dəbilqə, hücum çəkdi bənövşə bağa,

Zubini hazırladı süsən onu vurmağa.

At qulağı ölçüdə oldu söyüd yarpağı,

Bir zireh at döşlüyü sandı görən zanbağı.

Şənliyinə ilk yazın verdi bəzək yasəmən,

Gördü onu, lalədən qübbə yaratdı çəmən.

Xırdaca tiryək düşən meylə doldu lalələr,

Bunu görən nərgizlər tutdu zər piyalələr.

Küknarın gümüş başı hoqqaya dönən zaman,

Qönçə görən tək onu verdi tumurcuq nişan.

Sərvin budağı oldu bu məclis içrə minbər,

O budaqdan ucaltdı bülbül dadlı nəğmələr.

Dərvişsayaq qumrunun beynin qurutmuşdu qəm,

Nəsrin bunu görəndə, tez ona verdi məlhəm*.

Dedi göyərçin ki: - Mən naibəm Xaqaniyə.

Gül ağacı istədi şahına tərif deyə.

O sultanlar şahıydı, onun dövründə Şərvan

Öz adını dəyişib olmuş idi Xeyirvan.

Məğlub- etdi davada Zöhrə ilə Dəhrəni,

Nizəsilə Dəhrəni, qılıncıyla Zöhrəni*.

Şir nişanlı bayrağı dövlətinin rəmzidir,

Bütün əcəm mülkünü qılıncıyla fəth edir.

Vardır onun camının mayəsi və payəsi,

Bəhri-mühit payəsi, abi-behişt mayəsi.



________________Milli Kitabxana________________

Hər yanda rahatlığa, bil ki, səbəbkar odur,

Rahatlıq olan yerdə el də bilikli olur.

Cəm kimi, Davud kimi vardı şahın xisləti,

Vardı aman neməti, vardı kamal hikməti.

Dünyaya hakim olan bəxti olub imdadı,

Şer səmasında da ulduza dönmüş adı.

Yollarına toz kimi uğur səpilmiş onun,

Qəza rikabındadır, rütbə tutub cilovun.

Xəncər onun önündə qında olur hər zaman,

Gürz əyir öz başını, kəmənd açılmır, inan!

Hümməti ilə onun çaldı zəfər səltənət,

Hikməti ilə onun elmə çatıb məmləkət.

Sinəsi can Kəbəsi, dörd yanıdır bu cahan,

Rüstəmi-dindir, ona yeddi fələk həftxan*.

Oxşada bilməz könül göyləri dərgahına,

Harda hörümçək toru bəbrə olubdur yuva?

Şövkətini görcəyin dedi ucadan aləm:

- Səcdə edin, mələklər, budur indiki Adəm.

Ərəbcədən hindiyə tərcümə olsa əgər,

Qılıçına hindlilər dinə dayaq söyləyər.

Düşmən hara, sən hara, bir-birinə tay deyil,

Nuşirəvan tacıyla qanqal gülündən əklil.

Necə qara şişədə saxlamlar bir mələk,

Yad qəlbində qılıncın fıkri qalar onun tək.

Sürahinin boynunda həlqə olur hər zaman,

Elə də kəndir sıxar bədxahın boğazından.



________________Milli Kitabxana________________

Düşməninə qılıncın elə zərbə endirər,

Üzüm şərab olmamış turş sirkəyə döndərər.

Asimana tuşlasan ox atdığın kamanı

Şəbəkəyə döndərər oxların asimanı.

Xətm eləyir səninlə fələk şahlıq rütbəsin,

Başqaları şahlığa gərək əlvida desin.

Məmləkətə şəmşirin əmin-əmanlıq verər,

Gücsüz olar məmləkət olmasa qüvvən əgər.

İyirmi dörd sim olur çəngdə, bu qayda var,

Əskik olarsa biri, nəğməsi naqis olar.

Başqasına versə də təxt ilə tacı zaman,

Rəqs edə bilməz keçi, tişə vurammaz çoban.

Mumdan üzüm salxımı, bil, yaradar sehrikar,

Ağzına alsan onu, nə şirə, nə mey dadar.

Bəndən olarsa fələk, azalmaz heç kamalın,

Süfrəyə gəlsə tərə, pozmaz aşın calalın.

Süleymanın mülkünə xətər yox qarışqadan,

Sənətinə İsanın palçıq quş verməz ziyan.

Sənsən bizim dünyada sahibxərac hökmüdar,

Mənəm sənin dövründə ən qüdrətli sənətkar.

Əgər bu şerim kimi şer desə bir nəfər,

Kəssin onda dilimi şahın tutduğu xəncər.

Şah tay tutmaz şerimi özgənin sənətinə,

Arif qanar zəfəran nədir, öküz əti nə!

Avamların gözündə buz görünər inci tək,

Ancaq fərqi bəllənər Günəş istisi dəycək.



________________Milli Kitabxana________________

Cəbrayılın qanadı başına kölgə salsın,

Hümanın qanadları kölgəndən zinət alsın.

Torpaq bir qətrə içsə, doyar canımdan sənin,

Süfrəndən qarışqa tək ruzi yığar xan sənin.

Qoy Novruz özü versin sənə xeyir-dua da,

Ariflər "Amin" desin, əbədi ol dünyada.

1.

ŞİRVANŞAHIN TƏRİFİ

(tərkibbənd)

Xoş halına saqilərin, gördükdə xəndan sübhü, bax!

Sanki yuyulmuşdur dişi yanmış bir uddan-sübhü, bax!*

Xurma ağacı əkdi şəb, bax Pərvinə, olmuş rütəb,

Bu sənətə etmiş əcəb valeh o məstan sübhü, bax!*

Göylərdə mişkü zəfəran rəngi alıbdır kəhkəşan,

Ulduzlara matəm tutan yırtmış giriban sübhü, bax!

Aşiqlər ahinə məgər çoxdan nişanlıymış səhər?

Bir odlu peykanla edər sədparə xoftan sübhü, bax!*

Saqi hanı? Dərya qədər versin bu bəzmə badələr,

Olsun sədəf, saçsın göhər, əks etsin ümman sübhü, bax!

Qur eyşü bəzmi sübhdəm, qoyma könüldə dərdü qəm,

Yoxsa ömürdür bircə dəm, tapmazsan asan sübhü, bax!

Bir olmalı dərdin üzü, bir olmalı mərdin sözü,

Bəxş eyləmiş dövran özü insafə meydan sübhü, bax!

Sübh ilə xoş rəftar elə, meylə dolu cam al ələ,

Çünki cahan az ömr ilə etmiş ciyərqan sübhü, bax!




________________Milli Kitabxana________________

Sübhün üzündə jalədən tərlər düzülmüşdür həmən,

Sanki an vurmuş dünən gördükdə üryan sübhü, bax!

Saqidən al cami-zəri, iç, yad elə saqiləri,

Bəxş et mənə tər ləbləri, birsə, sən üç san sübhü, bax!*

Keyxosrovanə cami-mey, onda Səyavuş qam-mey,

San atəşi-Kavusi-Key, qılmış zərəfşan sübhü, bax!*

Şah mey içərkən qətrələr torpağa ənbər tək düşər,

Ənbərin torpaqdır məgər etmiş gülüstan sübhü, bax!

İslama olmuş hökmran Darayi-dövran Axsitan.

Bəhramdan ədli rəvan, Pərvizi-İran Axsitan*.

* * *


Dur tez, səhər süfrə döşə, huri sənə mehman gələ!

Peymanə qanından bol iç, ta xəstə cismə can gələ!

Qoy dağ dalında afitab olsun mey ətrindən xərab,

Silsin gözün, etsin şitab, ta mərt olub yan-yan gələ!

Mey bəzəndə olsun çıraq, dağ nəğmədən versin soraq,

Yanmış üzərlik tək o, bax, fəryad edib, rəqsan gələ!

Al badəni hey başə çək, dolsun sevinclərlə ürək,

Dilbər gözəllər fikri tək çağrılmamış mehman gələ!

Sal süfrəni şən qəlbdən, cənnət quşu, gəl istə sən,

Bir parçası nəğmə deyən, bir parçası büryan gələ

Dikmiş gözünü yer yenə həsrətlə mərdlər caminə,

Bir cürə mey tök kaminə, qorxma sənə nöqsan gələ!

İçdikdə mey peymanədən, ağlın itirmə, dinlə sən,

Dostlar yatan ol türbədən qulağına "ətşan" gələ!




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə