Úàâèäè õàòûðëàðêÿí
532
“İblis” tamaşasının müvəffəqiyyəti gözlədiyimizin fövqündə
idi. Teatrın böyük yay zalı həmişə dolu olurdu. Tamaşanın səsi
Orta Asiya şəhərlərinə gedib çatdı. Uzaq şəhərlərdən onun
tamaşasına gələnlər olurdu.
Harada isə “Yaxşı aktyor zəif əsəri yüksəldə bildiyi kimi,
yaxşı əsər də zəif aktyora şöhrət qazandırar” kimi bir fikir oxu-
muşdum. Bizim truppada professional aktyor yox idi. Lakin səhnə
üçün bacarığını əsirgəməyən həvəskarlar az deyildi. Elə buna görə
idi ki, “İblis”dəki şeiriyyət, maraqlı süjet, orijinal obrazlar, Cavid
qələminin qüdrəti oynayanlara inam və ilham verir, əsəri də,
oynayanları da tamaşaçılara sevdirirdi.
“İblis” altı-yeddi il Aşqabad səhnəsində qaldı.
Təvazökarlıqdan uzaq olsa da, bir faktı qeyd etmək istərdim.
Mən bu əsərdə Elxan rolunu oynayarkən, İblisdə dialoqda:
Bir xəyal iştə-məhal olsa da–mən
Tanrı olsaydım əgər, gerçəkdən,
Ya bu insanları xəlq etməz idim,
Əgər etsəm, yaşadırdım daim
Şadü məsud... –
misralarına cavab verən İblis:
Səni pək aldatıyor hissiyyat;
Öylə yekrəng olaraq keçsə həyat,
Bıqar insan, yaşamaqdan yorulur,
Yaşayış bəlkə də mənasız olur.
misraları bir çox tamaşaçılar tərəfindən əzbərlənmiş və gahdan bir
küçədə mənə rast gələnlər:
Tanrı olsaydım əgər, gerçəkdən,
Ya bu insanları xəlq etməz idim... –
deyib, “İblis”in nə vaxt oynanacağını səbirsizliklə gözlədiklərini
söyləyirdilər.
Úàâèäè õàòûðëàðêÿí
533
Cavidin Aşqabadda oynanan üçüncü əsəri “Maral” idi. Bu da
həmin ilin payızında yay səhnəsində oynandı. “Şeyda”, xüsusilə
“İblis” qədər müvəffəqiyyət qazana bilmədi. Hər halda tamaşa-
çılar tərəfindən maraqla qarşılandı. Mən, “Şeyda”da – Rauf,
“İblis”də –Elxan, “Maral”da – Bəypolad rollarını oynardım, özü
də gənclik həvəsilə.
Beləliklə, ədəbiyyata və teatra olan tükənməz həvəs məni
uzaqdan-uzağa, özünü görmədən, səsini eşitmədən Cavidə, Cavid
yaradıcılığına məftun etmişdi. Onun:
“Verin, verin, əvət susdurun şu fəryadı.
Aman əsirgəməyin, mərhəmətlə imdadı!.. –
şeirini “birnəfəsə”, suflyorsuz, səhnədə pafosla oxuya bilməyim
də bu məftunluğun nəticəsi idi.
Biz “İblis”i Bakı səhnəsində oynanmasını səbirsizliklə göz-
ləyirdik. Nəhayət, Bakı qəzetləri bu əsərin dekabrın 21-də Hö-
kumət Teatrında ilk dəfə oynanacağını xəbər verdilər. Bu xəbər-
dən sevindik və oyunun nəticəsini gözlədik.
Dekabrın 26-da “Kommunist” qəzetinin son səhifəsində bu
sətirlərə rast gəldik: – “Dövləti teatrda oynanmış olan möhtərəm
şairimiz Hüseyn Cavidin “İblis” nam mənzum pyesi haqqında bir
çox şəxslər tərəfindən yazılmış və idarəmizə göndərilmiş olan
tənqidlər növbə ilə qəzetimizdə dərc ediləcəkdir”.
Bu vədi çox gözlədik, ancaq 1921-ci ilin oktyabrında “İblis”
mövsümdə birinci dəfə oynanandan sonra onu təhlil edən iri mə-
qalələr çap edilməyə başlandı. Bunlardan birində deyilirdi: –
“İblis” ölməz, daimi bərhəyat olan bir əsərdir ki, insanların təh-
zibül-əxlaqına dair bundan da nafe bir əsər ola bilməz. Lakin
möhtərəm ədibimizin səhvlərindən (?! – Q.M.) birisi olaraq mü-
səlman səhnəsinin vəziyyətini düşündüyü üçün “İblis”i mənzum
halından çıxarıb, yarım bir mənzum hala salmışdır”.
Çox qəribədir, “tənqidçi”, bir tərəfdən, Cavidi əsəri yarım
mənzum şəklə saldığı üçün ittiham edir, digər tərəfdən, “müsəl-
Úàâèäè õàòûðëàðêÿí
534
man səhnəsinin vəziyyətini düşündüyü üçün” öz ittihamını rədd
edib, şairə bəraət qazandırır!?
Cavid belə “tənqidçi”lərdən nə nəticə çıxartmalı idi?
“Şeyx Sənan” “İblis”dən üç-dörd il qabaq yazılsa da, ondan
bir il sonra səhnəyə gəldi. Onun ilk tənqidçilərindən Həqq (Hacı
İbrahim Qasımov) yazmışdı:
“Cavid teatr aləmində yazmış olduğu “Şeyx Sənan” dramı ilə
bir inqilab vücuda gətirmişdir ki, onu hər kəs etiraf etməlidir!”
“Şeyx Sənan”nın səhnə həyatı bu fikrin nə qədər doğru
olduğunu sübut etdi.
Beləliklə, 1915-ci ildən bəri “İqbal”, “Qurtuluş”, “Açıq söz”,
“Füqəra füyuzatı”, “Azərbaycan füqərası”, “Maarif və mədəniy-
yət” kimi qəzet və jurnallarda gah parça-parça, gah səhnələrlə çap
edilmiş “Maral”, “Şeyx Sənan”, “İblis”, “Uçurum”, “Afət”, “Pey-
ğəmbər” pyesləri gah tam, gah natamam şəkildə səhnəyə gəldi və
ilk tamaşalarından əsl səhnə əsəri eşqilə döyünən ürəkləri fəth
etdi. Təkcə bunu demək kifayətdir ki, Akademik Teatrı illər boyu
mövsümü Cavidin əsərilə açar, onun əsərilə də bağlayardı. Cavidin
əsərləri oynandığı gecələr teatra bilet almaq çox da asan deyildi.
Gecəyarısı, tamaşa bitdikdən sonra “Yuxarı məhəllə” küçələ-
rinədək teatrdan qayıdanlar səslərini Abbas Mirzənin səsinə
oxşadaraq:
“Arif! Bana bax, səndəmi ovhamə qapıldın?
Biçarə çocuq, səndəmi İblisə taqıldın...», –
monoloqunu təkrar etdiklərini eşitmək olurdu. Bu, Cavid
sənətkarlığının əks-sədası idi.
“Topal Teymur”da şair Kirmaninin:
Şənlik... o da şənlik, bu da şənlik...
Qavğa... o da qavğa, bu da qavğa...
sözlərindəki musiqi ahəngini xatırlayarkən Abbas Mirzə tam
varlığı ilə gözlərimin qarşısına gəlir, canlı bir şair Kirmani olaraq
yenə də yaşayır.
Dostları ilə paylaş: |