MühaziRƏ 17 Dram əsərlərinin tədrisi metodikası



Yüklə 57,52 Kb.
səhifə1/4
tarix24.12.2023
ölçüsü57,52 Kb.
#159978
növüDərs
  1   2   3   4
MÖVZU 17


MÜHAZİRƏ 17
Dram əsərlərinin tədrisi metodikası


PLAN:

  1. Dram əsərlərin proqram və dərsliklərdə yeri

  2. Dram əsərlərin xarakterik xüsusiyyətlərinin öyrədilməsi məsələləri

  3. Hüseyn Cavidin “Ana” mənzum dramının təhlilində yeni təlim texnologiyalarından istifadə



ƏDƏBİYYAT

  1. Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: “Bakı Universiteti”, 1992

  2. Hacıyev A.C. Orta məktəbdə lirik şeirlərin tədrisi. Bakı: “Maarif”, 1982

  3. Həsənli B.A. IX sinifdə ədəbiyyat tədrisi. Bakı: “Müəllim”, 2014

  4. Hüseynoğlu S. Ədəbiyyat dərslərində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi. Azərbaycan dili və ədəbiyyat tədrisi, 2008, № 1, səh. 55-62

  5. Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim. Bakı, 2009

  6. Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: “Maarif”, 1968

  7. Muradov B. Orta məktəbdə ədəbi əsərlərinin öyrədilməsi. Bakı: “Maarif”, 1992

  8. Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU-nun mətbəəsi, 2018

Dramatik növə aid əsərlər bir sıra xüsusiyyətləri ilə digər ədəbi növlərdən fərqlənir. Görkəmli alim Əli Sultanlının məqalələrini ədəbiyyatşünaslığımızdada dramaturgiya sahəsində elmi təhlil mədəniyyətinin ən yaxşı nümunələrindən sayan Y.Qarayev yazırdı ki, o, dram əsərini roman kimi, poema kimi yox, məhz dram əsəri kimi təhlil edirdi və bu təhlil öz xüsusiyyətləri ilə ayrıca, müstəqil təhlil janrı kimi ədəbi təhlilin bütün başqa janrlardan və üsullarından seçilirdi.


Dramatik əsərlər səhnədə oynanılmaq üçün nəzərdə tutulur və monoloq, dialoq şəklində yazılır. Bu əsərlərdə müəllifin mövqeyi lirik, epik əsərlərə nisbətən daha çox gizlidir. Burada tərənnüm, təhkiyə deyil, qəhrəmanların hərəkəti və danışığı əsas yer tutur.
Dramatik əsərdə bədii şərtilik güclüdür. Odur ki, süjet xəttinə, qəhrəmanların nitqinə, jest və mimikalarına, hərəkət motivlərinə xüsusi diqqət yetirilməlidir. Oxucu, tamaşaçı müəllifin niyyətini remarka, dialoq, monoloq, replikalar vasitəsilə başa düşməyə çalışmalıdır.
Hadisələrin baş verdiyi mühit, məkan haqqında remarka və qəhrəmanların nitqi vasitəsilə məlumat verilir. Odur ki, oxucu haqdisələrin baş verdiyi məkanı, əşya və təbiət təsvirlərini, qəhrəmanların portretini müəyyən detallar, eyhamlar, sözlər, ifadələr əsasında öz təxəyyülündə canlandırmalıdır.
Dramatik əsərlər üzrə giriş məşğələləri keçilməli, əsər barədə yığcam məlumat verilməlidir. Müəllim giriş sözü, söhbəti vasitəsilə əsərdə təsvir edilən dövrü, mühiti səciyyələndirməli, tarixi məlumat verməlidir.
İrihəcmli epik əsərlər kimi, dramatik əsərlər də müəllimin tapşırığı ilə dərsə qədər oxunulur. Əsərin müstəqil oxusundan sonra ilkin qavranılma səviyyəsini üzə çıxarmaq üçün şagirdlərə suallarla müraciət edilir:

    1. Əsərdə nə xoşunuza gəlir?

    2. Əsərin adını necə başa düşürsünüz?

    3. Əsərin əsas qəhrəmanları kimlərdir? Onda haqqında nə deyə bilərsiniz?

    4. Əsərdə hansı səhnə sizə daha çox təsir etdi?

Əsərin sinifdə rollar üzrə oxusu, səhnələşdirmələr çox əhəmiyyətlidir. Bəzən müəllim ilk pərdəni oxuyur, sonrakı hissələri şagirdlər rollar üzrə oxuyur, tanış olmayan sözlərin mənası izah edilir.
Dramatik əsərinin təhlili zamanı qəhrəmanlar arasında konfliktin məğzi şagirdlərə aydın olmalı, onlar əsərin müasir dövr üçün əhəmiyyətini dərk etməlidir. “...Konflikt dram əsərinin canı deməkdir. Dram konfliktlə başlayır və bitir. Konflikt dramın bütün bədii toxumasına və orqanizminə qan dağıdan bir ürəkdir”. Əsərdə hadisələrin inkişafının əsasında qəhrəmanların mübarizəsində öz əksini tapan həyati konflikt durur. Əsərin süjeti və kompozisiyası bu konfliktlə bağlıdır. Dramatik əsərdə insan elə vəziyyətlərdə təsvir edilir ki, o, bütün qüvvəsini səfərbər etməli, gərgin fəaliyyət göstərməlidir. Bu xüsusiyyətlər dramatik əsərin məktəbdə təhlili zamanı nəzərə alınmalı, təhlilə konfliktin müəyyənləşdirilməsindən və onun inkişafının izlənilməsindən başlamaq lazımdır.
Qəhrəmanların xarakteri hadisələrin gedişində, onların əməllərində, nitqində üzə çıxır. Qəhrəmanın bədii portreti, özü haqqında dedikləri, digər obrazların söylədikləri onun haqqında dolğun təsəvvür yaranmasına kömək edir. qəhrəmanın nitqi onun daxili aləmini, düşüncə tərzini, dünyagörüşünü başa düşməyə imkan verir. Məsələn, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində ilk pərdədə Rüstəm bəyin monoloqu onu bir insan kimi səciyyələndirir, xarakteri, əməlləri, gələcəkdə törədəcəyi faciələr haqqında təsəvvür yaradır: “İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı, heç kimdən qorxmamışam... mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdunu xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən ağzından süd iyi gələn bir cavandan qorxacağam? (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt.
(təbəssümlə) Hmm, görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağından qaçan kimi vazıyırdı.
Özün öldürtdüm, qızın güclə oğluma gətirtdim, qardaşların vilayətindən itirdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy kimi oğulun qanı yerdə qalsın? O, mən deyiləm (uzun səktə, çağırır) Əhməd, Vəli!.. Hərgah onu atası yoluna göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun... (Əlini vurur başına). Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..”
Dərsdə dramatik əsərlərlə bağlı bir sıra ədəbi-nəzəri anlayışların mənimsənilməsi üzrə (dram, komediya, faciə, monoloq, dialoq, səhnə, şəkil, pərdə, remarka və s.) iş aparılmalıdır. Yekunlaşdırıcı dərsdə dramatik əsər üzrə mənimsənilmiş biliklər ümumiləşdirilir, nəticə çıxarılır.
Bir dərs nümunəsi üzərində dediklərimizi izah edək.
“Ana” Hüseyn Cavidin ilk dram əsəridir. Dramaturq “Ana” mənzum dramında insanın xislətindəki mənfi ehtiraslara, şərə qarşı Ana obrazını qoyur. Ana müəllifin həyatda xeyirin, insanpərvərliyin qələbəsinə inamını əks etdirən romantik bir obrazdır. Yeganə oğlunun ölümü də qəlbi nurla, məhəbbətlə vuran ananı qəddarlaşdırmır, öz pak amalından döndərə bilmir. Dramaturq bu romantik obraz vasitəsilə yer üzündə qan izini ağılla, xeyirxahlıqla, insana məhəbbətlə, həyatın müqəddəsliyinə inamla kəsməyin mümkün olduğunu əks etdirir.
Məlumdur ki, əsərin oxusu, məzmununun bütövlükdə, emosional qavranılması bədii təhlilin səmərəli təşkili üçün zəmin yaradır. Təbiidir ki, əsərin məzmununu mənimsətmədən təhlil aparmaq mümkün deyildir. Bu cəhət nəzərə alınaraq “Ana” əsərinin rollar üzrə oxusu, səhnələşdirmə, məzmunun nağıl edilməsi, söhbət aparılması və s. vasitəsilə məzmunun mənimsədilməsi təmin edilməlidir.
Müəllim təhlilə hazırlıq dövründə “Ana” mənzum dramının ideya-bədii məziyyətləri, dramaturqun yaradıcılığında yeri barədə ədəbiyyatşünaslıq materiallarından bəhrələnməsi faydalıdır.
Məktəb təcrübəsində mətnin təhlili, müzakirəsi göstərir ki, müəllifin bu əsərdə qaldırdığı problemlər şagirdlərdə böyük maraq oyadır. Onlar dramın müzakirəsində fəal iştirak edir, konfliktin həlli yolları, obrazların səciyyəsi, müəllif niyyəti barədə fərqli mülahizələr yürüdürlər. Əslində müasir ədəbiyyat dərsi üçün arzu olunan, müsbət sayılan belə təlim situasiyasında, təəssüf ki, şablon cavablar, dərslikdəki hazır hökmlərə istinad etməyə adət etmiş müəllimlər çətinlik çəkir, problemin metodik həlli yollarını tapa bilmir.
IX sinfin ədəbiyyat proqramında “Ana” mənzum dramının tədrisinə 4 saat ayrılmışdır. Məktəb təcrübəsidnə əsərin məzmunu üzrə işə 2 saat, təhlilə 2 saat ayrılması özünü doğrultmuşdur. Dramın təhlilinə ayrılmış birinci dərsdə obrazlar üzrə müzakirə aparılması məqsəduyğundur.
Əsərin təhlilinə həsr olunmuş dərslərin məqsədləri aşağıdakı kimi müəyyənləşdirilir:

    • Əsərin ideyası, obrazların səciyyəsi ilə bağlı ilkin təsəvvürün dərinləşdirilməsi;

    • Məktəblilərin humanizm, xeyirxahlıqla bağlı düşüncələrinin zənginləş-dirilməsi;

    • Şagirdlərin qrup tərkibində işləmək bacarığının inkişaf etdirilməsi;

    • Dram əsərini təhlil etmək bacarığının inkişaf etdirilməsi.

Dərs əvvəlki mövzu – “Ana” mənzum dramının məzmunu üzrə yığcam sorğu ilə başlanır. Məlumdur ki, fəal təlimin təşkilində motivasiya mərhələsi xüsusi diqqət tələb edir. Motivasiya dərsdə məktəbini fəaliyyətə sövq edən qüvvə kimi zəruridir. Dərsdə motivasiya qismində meydana gələn problemin həlli tələbatı şagirdin yaradıcı təfəkkür fəaliyyətini işə salır.

Yüklə 57,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə