Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin verilməsi qaydası
“Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında
Əsasnamə” yə uyğun olaraq, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı
kateqoriya şəxslərə verilə bilən, bu şəxslərin şəxsiyyətini təsdiq edən və onlara yalnız
Azərbaycan Respublikasına qayıtmaq hüququ verən rəsmi sənəddir:
• xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti
bitmiş Azərbaycan Respublikası vətəndaşına və onunla birgə Azərbaycan Respublikasına
qayıdan 18 yaşına çatmayan uşağına;
• xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşına;
• xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti
bitmiş Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan
şəxsə və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına;
• xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikasında qanuni əsaslarla daimi
yaşayan vətəndaşlığı olmayan şəxsə.
Bu halda “pasport” dedikdə, aşağıdakılar nəzərdə tutulur:
• Azərbaycan Respublikası vətəndaşları üçün yalnız:
- Azərbaycan Respublikası vətəndaşının diplomatik, xidməti və ya ümumvətəndaş
pasportu;
- Azərbaycan Respublikası dənizçisinin şəxsiyyət sənədi.
• Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan
şəxslər üçün yalnız:
- Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;
- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.
Diqqət! Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı
Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik
nümayəndəlik və ya konsulluğunda konsulluq uçotuna alınmalı və onun pasportunda bu
barədə qeyd edilməli, möhürlə təsdiqlənməlidir!
Növləri
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:
1. Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AA
seriyalı);
2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə
tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).
Təyinatı
Azərbaycan Respublikasına hər bir qayıdış şəhadətnaməsinin təyinatı - müvafiq qrup şəxslər
üçün Azərbaycan Respublikasına yalnız bir dəfə sərhədkeçmə (ölkəmizə giriş) aktını həyata
keçirməklə qayıtmaq hüququnu təmin etməkdir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin təyinatından kənar məqsədlərlə istifadə
edilməsi qadağandır!
Qayıdış şəhadətnaməsinin verilməsi üçün
tələb olunan sənədlər.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün aşağıdakı sənədləri təqdim
etmək lazımdır:
Azərbaycan Respublikasının vətəndaşları üçün:
1. 1 ədəd ərizə anket (nümunəsi əlavə olunur);
2. 2 ədəd rəngli foto-şəkil (3x4 sm ölçüdə);
3. dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
4. Həmçinin aşağıdakı halların hər hansı biri zamanı yuxarıda sadalanan sənədlərə əlavə
olaraq, müvafiq sənədlər təqdim olunmalıdır:
4.1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə:
- pasportun əsli;
- Azərbaycan Respublikasının vətəndaşının pasportunun qəsdən korlanmasına görə (əgər
pasportun yararsız hala düşməsinin səbəbi kimi bu fakt müəyyən olunarsa) inzibati cərimənin
ödənilməsi haqqında qəbz.
4.2. Pasportu itdikdə və ya oğurlandıqda:
- Üzərində fotoşəkil olan, şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını
müəyyənləşdirən sənədlərdən birinin surəti:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,
Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet
Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
Şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən digər rəsmi
sənəd (Üzərində fotoşəkil olmadığı üçün Azərbaycan Respublikasının doğum haqqında
şəhadətnaməsi yeganə sənəd olaraq təqdim oluna bilməz).
- Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar
müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;
- Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə görə inzibati cərimənin
ödənilməsi haqqında qəbz.
Diqqət!
Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədilə istifadə edilən
gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən Azərbaycan Respublikası vətəndaşına məxsus
Dənizçinin şəxsiyyət sənədinin itirilməsi və qəsdən korlanmasına görə inzibati cərimənin
tutulması - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası səlahiyyətlərinə
aiddir.
Qanunvericiliklə müəyyən olunmuş
məsuliyyət və məhdudiyyətlər
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan
Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər:
Azərbaycan Respublikasının ərazisində - müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən;
Azərbaycan Respublikasının hüdudlarından kənarda - Azərbaycan Respublikasının diplomatik
nümayəndəlik və konsulluqları tərəfindən.
- Hər bir şəxs Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini möhkəm saxlamağa
borcludur!
Şəxs xarici ölkədə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi itdikdə, oğurlandıqda,
yararsız hala düşdükdə (qəsdən korlandıqda) və etibarlılıq müddəti bitdikdə, dərhal
Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik
nümayəndəlik və ya konsulluğuna məlumat verməlidir. Eyni zamanda, şəxs yararsız hala
düşmüş və yaxud etibarlılıq müddəti bitmiş qayıdış şəhadətnaməsini mütləq Azərbaycan
Respublikasının müvafiq diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verməlidir.
Bu hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu
tərəfindən işin faktiki halları araşdırılaraq həmin şəxsin adına yuxarıda göstərilən qaydalar
əsasında yeni şəhadətnamə rəsmiləşdirilə bilər.
Bu zaman əlavə olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya
konsulluğu tərəfindən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi itmiş və qəsdən
korlanmaqla yararsız hala düşmüş həmin şəxsdən qanunvericiliklə müəyyən olunmuş
müvafiq inzibati cərimə tutulur.
- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına
qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu
şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil
verməlidir.
- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü,
habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici
dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona şəhadətnamə
verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə
imtina edildikdə şəxslər bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə
bilərlər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla
nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində
süründürməçiliyə yol verilməsinə görə - vəzifəli şəxslər səksən avro miqdarda cərimə edilir.
Qayıdış şəhadətnaməsinin əldə edilməsi üçün müraciət edilməsi və qayıdış
şəhadətnaməsinin verilməsi qaydaları
Qayıdış şəhadətnaməsinin əldə edilməsi üçün müraciət edilməsi və qayıdış şəhadətnaməsinin
verilməsi qaydaları:
- Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları;
- Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan
xarici ölkələrdə ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi
və ya konsulluğu.
18 yaşına çatmış (o cümlədən xarici ölkədə ikən 18 yaşı tamam olmuş) Azərbaycan
Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi
üçün sərbəst şəkildə şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət etməlidirlər.
Xarici ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxs 18 yaşına çatmamışdırsa, onun adına ayrıca qayıdış
şəhadətnaməsi verilə bilməz.
Yetkinlik yaşına çatmamış belə şəxslər yalnız yuxarıda sadalanan kateqoriyadan olan
şəxslərin (valideynlərindən biri, qanuni nümayəndəsi (övladlığa götürənləri, qəyyum və ya
himayəçiləri); və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi təsdiq olunmuş
etibarnamə əsasında hər hansı Azərbaycan Respublikası vətəndaşının) müşayiəti ilə ölkəmizə
qayıda bilər.
Bu zaman yetkinlik yaşına çatmamış uşaqların soyadı, adı, atasının adı cinsi və doğulduğu
tarix ölkəmizə birgə qayıdacağı Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən qayıdış şəhadətnaməsinə
yazılır və foto-şəkli bu şəhadətnamə blankında xüsusi nəzərdə tutulmuş xanalara
yapışdırılaraq möhürlənir.
Əgər bu halda 18 yaşına çatmamış uşaqların sayı 3-dən artıqdırsa, ölkəmizə birgə qayıdacağı
müvafiq Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan eyni şəxsin adına ikinci şəhadətnamə rəsmiləşdirilir; 4-cü və
sonrakı yetkinlik yaşına çatmamış uşaqlar eyni qaydada (soyadı, adı, atasının adı cinsi və
doğulduğu tarix bu şəhadətnamə blankına yazılmaqla və foto-şəkli bu şəhadətnamə blankında
xüsusi nəzərdə tutulmuş xanalara yapışdırılaraq möhürlənməklə) ikinci şəhadətnaməyə qeyd
edilməlidir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs
tərəfindən müvafiq zəruri sənədlər təqdim edildikdən və müvafiq ərizə-anket qeydiyyata
alındığı vaxtdan sonra, şəhadətnamə ən geci 3 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxsin
şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının
diplomatik nümayəndəlik və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların
düzgünlüyünün, eləcə də onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin və
ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasının
yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına
(Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə) sorğu göndərir.
Qeyd olunan məlumatların düzgünlüyü təsdiq edildikdə, şəhadətnamə Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ən geci 3 təqvim günü
müddətində verilir.
Müvafiq sorğuda göstərilən məlumatlar təsdiq edilmədikdə isə, Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş şəxsə şəhadətnamə rəsmiləşdirilmir.
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsi hər bir halda Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin) razılığı ilə
verilir.
Etibarlılıq müddəti
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən
rəsmiləşdirilən qayıdış şəhadətnaməsinə 1 aydan çox olmamaq şərti ilə etibarlılıq (istifadə)
müddəti müəyyən edilməlidir.
Əgər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi bu müddət ərzində istifadə
olunmazsa o, qüvvədən düşür.
Dövlət rüsumu və inzibati cərimə
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Dövlət
rüsumunun dərəcəsi və ödənilmə ünvanı.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-
cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya
konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan
Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə
qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi üçün
– 33 Avro məbləğində dövlət rüsumu alınır.
Ödənilmə ünvanı
Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
tərəfindən təqdim edilən müvafiq hesab nömrə.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsinə və ya qəsdən korlanmasına
görə inzibati cərimənin dərəcələri və ödənilmə ünvanı.
Səfirliyin Bank rekvizitləri :
Embassy of the Republic of Azerbaijan,
Austria, 1130 Vienna, Hügelgasse 2,
Bank Austria UniCredit Group, Austria, Vienna,
Account: 01753297901,
IBAN: AT39 1100 0017 5329 7901
S.W.I.F.T: BKAUATWW
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən,
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının pasportunun və Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsinə və ya qəsdən korlanmasına görə cərimə
edilirlər.
Dövlət rüsumunun ödənilməsindən azadolmalar
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Dövlət
rüsumunun ödənilməsindən azadolmalar.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.7.-ci
maddəsinə əsasən, aşağıdakı kateqoriya Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış
şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur:
- Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan vətəndaşlar,
- pedaqoji fəaliyyət göstərən vətəndaşlar,
- xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vətəndaşlar;
- xarici ölkələrdən deportasiya edilən vətəndaşlar.
Dostları ilə paylaş: |