Azərbaycan xalçalarında qoç ornamentləri: mənşəyi və mənası Quluzadə Nasir Vaqif oğlu



Yüklə 30,26 Kb.
tarix30.12.2017
ölçüsü30,26 Kb.

Azərbaycan xalçalarında qoç ornamentləri: mənşəyi və mənası





Quluzadə Nasir Vaqif oğlu
tarix üzrə fəlsəfə doktoru
e-mail: nasir_quluzade@yahoo.com


Açar sözlər: Azərbaycan xalçaları, qoçbaşı ornamentləri, zili, buynuz, Kültəpə, maldarlıq, qoyunçuluq, inanclar.

Azərbaycanın dekorativ-tətbiqi sənət sahələri arasında xalçaçılığın özünəməxsus yeri vardır. Qədim tarixi köklərə malik olan bu sənət sahəsinin inkişafı bu və ya digər amillərlə bağlı olmuş və müəyyən mərhələlərdən keçmişdir. Əcdadlarımızın həyat və məişətində əvvəllər daha çox sırf əməli mahiyyət daşıyan xalça, sonralar zaman keçdikcə bəzək nümunəsi kimi qəbul olunmuşldur. Məhz yüksək dekorativ məziyyəti və texniki keyfiyyəti ilə seçilən Azərbaycan xalçaları təkcə ölkə daxilində deyil, habelə beynəlxalq ticarətdə ən tələbatlı sənət məhsulu kimi yüksək qiymətləndirilirdi.

Azərbaycan xalçalarının uzaq ölkələrdə geniş yayılmasına, şübhəsiz ki, onların əla keyfiyyəti səbəb olmuşdur. Tədqiqatlar göstərir ki, Azərbaycan xalçaları istehsal olunduğu yerin bədii ənənəsindən, xammalından (yun, ipək, pambıq və s.) asılı olaraq müxtəlif kompozisiyalara, bəzəklərə malik olmuş, müxtəlif üsullarla toxunmuşdur (25, 87).


Azərbaycan xalqının xalça sənətini öyrənmək üçün xalçalarımızın ornament, rəng və kompozisiya prinsiplərini nəzərə almaq lazımdır. Bir-birilə sıx əlaqədə olan bu üç amil, ümumiyyətlə, xalçaların, o cümlədən Azərbaycan xalçalarının bədii xüsusiyyətini müəyyən edir. Bədii xüsusiyyət və məzmun toxunan xalçanın rəsmində, ornamentində və rəngində öz əksini tapmışdır. Xalçalarımızın bədii xüsu­siyyəti və məzmunu, əsasən, onları bəzəyən ornamentlərdən asılıdır, çünki ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər, onun məzmununu da üzə çıxarır.

Araşdırmalar göstərir ki, xalça üzərindəki bu və ya digər təsviri elementlər təkcə estetik xarakter daşımamış, eyni zamanda onların hər biri öz-özlüyündə xüsusi rəmzi mənalar da kəsb etmişdir. Məsələn, qarmaqlı rombvari bəzək elementini götürək: o, uzaq keçmişdə bolluq, bərəkət anlayışlarını ifadə edib, bitki, torpaq və qadın rəmzi sayılırdı. Türk xalqlarında həmin işarə əmin-amanlıq və bərəkəti bildirmiş, uğurlu ov və bol ruzi mənasında çıxış etmişdir (25, 90).


Xalçalarımız üzərində tək və cüt halda tez-tez rast gəlinən elementlərdən biri də qoç başlarının sxematik təsvirləridir. Bu elementlərə, əsasən, XVIII-XIX əsrlərdə toxunmuş Quba bölgəsinin "Pirəbədil”, Qarabağın zili, "Buynuz” adlanan və Qərbi Azərbaycanın İrəvan qrupu xalçalarında (№ 8295 və № 8774) rast gəlmək olar. Qarabağın zili adlanan xalçası istisna olmaqla, adı çəkilən digər xalçalar xovludurlar. Bu xalçalarda qoçbaşı ornamentlərinin verilməsi, əlbəttə ki, təsadüfi olmamışdır. Bunu böyük tarixi ənənənin davamı kimi dəyərləndirmək olar.
Ümumiyyətlə, qoç və ya onun buynuzları ilə bağlı elementlərə Azərbaycan xalqına məxsus digər maddi-mədəniyyət nümunələrində rast gəlmək mümkündür. Belə ki, əgər tarixə ekskurs etsək, qoçla bağlı inancın, etiqadın izlərini erkən tunc dövründə görə bilərik. Qeyd olunan dövrdə qoça olan xüsusi münasibəti özündə ehtiva edən abidələr sırasına ilk öncə Qobustan qayaüstü təsvirlərini aid etmək olar. Qobustanın Kiçikdaş dağındakı 15 saylı daşın şərq səthinin üzərində qoyun və qoç təsvirləri verilmişdir. Heyvanların fiqurları ayaq üstə, profildə, korpusları sola tərəf istiqamətlənmişdir. Hər iki heyvanın gövdələrinin yuxarı hissələrində, döşlərindən budlarına qədər iki paralel dalğavari xətt çəkilmişdir (4, 112). Təbii ki, həmin təsvirlər qaya parçası üzərinə cızma və sürtmə üsulları ilə həkk edilmişdir.
Erkən tunc dövründə qoçun inanc obyektinə çevrilməsini arxeoloji qazıntılar zamanı aşkar olunan digər maddi-mədəniyyət nümunələri də təsdiq edir. Belə ki, dediklərimizə misal olaraq, 1956-cı ildə Kültəpə abidəsindən tapılan qoyun fiqurunu göstərmək olar (23). Bu fiqurun burnu bir qədər dəyirmi olub, qoyun burnuna oxşayır. Buynuzları və üç ayağı sınmışdır. Gözləri cızma dairələrlə, burnu kiçik deşiklə ifadə olunmuşdur. Həmin fiqurun başı əvvəlkilərdən fərqləndiyi və qoyuna oxşar olduğu üçün o, qoyun fiquru hesab edilmişdir (5, 73). Bu fiqur Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş etdirilir.
 
1964-cü ildə I Mişarçay abidəsindən də gildən qoyun fiquru tapılmışdır. Həmin fiqur erkən tunc dövrünə aid mədəni təbəqədən tapılmışdır (32, 30). Digər qoç fiqurları isə Naxçıvanın I Maxta abidəsindən aşkar olunmuşdur. I Maxta yaşayış yerindən əldə edilmiş daş qoç fiqurlarının analogiyasına rast gəlinməmişdir (1, 33).
 
Erkən tunc dövründən başlanan xırdabuynuzlu heyvan fiqurlarının hazırlanması ənənəsi orta əsrlərə kimi davam etmişdir. Belə ki, İsmayıllı rayonundakı Mollaisaqlı kəndi və onun ətrafında yerləşən antik və orta əsrlərə aid yaşayış yerlərinin birindən əldə edilmiş tapıntılar içərisində qoyun fiquru daha böyük əhəmiyyət kəsb edir. O kiçik olub, bir növ, qoyun fiqurunu xatırladır (24, 85).
Xırdabuynuzlu heyvanlara olan etiqadın izini müxtəlif dövrlərə aid qab və bəzək əşya­larının qoç və ya ona aid bədən üzvləri ilə bəzədilməsində görürük. Belə arxeoloji materiallardan biri Mingəçevir qazıntıları zamanı tapılmış qoç başına bənzər iki tutacağı olan gümüşü inkrustasiyalı daş qabdır (14; 30, 24) . Digər buna oxşar, lakin inkrustasiyasız qab 1960-cı ildə Goranboy rayonundan tapılmışdır. Mingəçevir tapıntısından fərqli olaraq, sonuncu qabın qoç başı ilə tamamlanan yalnız bir tutacağı var (15). Hər iki qab son tunc və erkən dəmir dövrünə aid olunur (29,90-101).
 
Son tunc və erkən dəmir dövründə qoç inancının əlamətlərini bəzək əşyalarında da müşahidə etmək mümkündür. Belə əşyalardan biri 1933-cü ildə Xocavənd rayonunun Dolanlar kəndi ərazisindən təsadüfən tapılmış sonluqları qoç başı ilə tamamlanan tunc bilərzikdir (18; 33, 52-53) (şəkil 8). Maraq doğuran digər tunc bəzək əşyası isə başlığı qoç buynuzu şəklində spiralvari burulmuş tunc sancaqdır (19) (şəkil 9). Həmin sancaq 1926-cı ildə Naxçıvanda – Qızılburun abidəsində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur. Oxşar baş bəzəyi Mingəçevirdə (26, XX tablo, 12-ci şəkil) və İsmayıllıda (20; 7, 56) da qazıntılar aşkar edilib.
 
Maddi-mədəniyyət nümunələrinin, xüsu­silə saxsı qabların qoç və ya ona məxsus bədən üzvləri ilə bə­zə­dilməsi ənənəsi antik dövrdə də davam etdirilmişdir. Min­gə­çevirdən tapılmış ikiqulplu küp dediklərimizə bariz nümunə sayıla bilər. Belə ki, qabın hər iki qulpunun üzərinə bir-birinə baxan qoç fiquru bərkidilmişdir (16; 30, 35).
 
Qoç başı ilə bəzədilmiş digər qablar isə Mingə­çevirin e.ə. I-e. II əsrlərinə aid küp qəbirlərindən məlumdur. Əvvəlki tapıntılardan fərqli olaraq, bu dəfə qabın qulp deyil, lülək hissəsinə qoç başı və ya buynuzları yapılmışdır. Həmin qabların bəzisi boyalı olub, üzərində üçkünc, quş, bitki, ulduz və s. naxışlar çəkilmişdir. Bu tip qablara qəbirlərdə də rast gəlindiyi üçün onların e.ə. VI əsrdə istehsal edildiyi ehtimal olunur (17; 6, 9). Oxşar saxsı qablar keçən əsrin ortalarında Mil düzündəki Qaratəpə yaşayış məskənində aparılan qazıntılar zamanı əldə olunmuşdur. Bu abidənin e.ə. V-I əsrləri əhatə edən II mədəni təbəqəsindən lüləkləri üzərində stilizə edilmiş qoçbaşlı qara cilalı və boz, qırmızı-qonur rəngli element olan bardaqlar tapılmışdır (28, 195). Belə ehtimal olunur ki, bu qoyun başı həmin qaba tökülən maye ilə yanaşı, bəd ruhların da daxil olmasının qarşısını alır. Güman olunur ki, heyvan başları məhz bu səbəbdən lüləyin dəliyinə istiqamətlənmişdir (28, 219).
Erkən orta əsrlərdə də qoç inancı qalmaqda davam etmiş, bu dövrün maddi-mədəniyyət, xüsusilə torevtika nümunələri arasında qabarıq şəkildə özünü büruzə vermişdir. Belə ki, Lənkərandan təsadüfən tapılmış gümüş boşqabın mərkəzində çox böyük zövqlə boynuna "müqəddəs” lent bağlanmış vəhşi qoç təsviri işlənmişdir (21). Bu tapıntı bədii məzmununa və bir sıra texniki xüsusiyyətlərinə görə VII əsrə aid olunur (31, 63).
Orta əsrlərin sonrakı dövrlərinə – XIV-XV əsrlərə aid qoç inancını özündə ehtiva edən abidələr sırasına isə daşdan yonulmuş qoç heykəllərini aid etmək olar. Ümumiyyətlə, daş qoç heykəllərinə Azərbaycanın müxtəlif bölgələrində – Qarabağ, Naxçıvan, Gəncə, Qazax, Kəlbəcər, Lerik, Laçın, Gədəbəy və s. yerlərdə, eləcə də Qərbi Azərbaycan (Ermənistan) və Gürcüstan Respublikasının lap qədim zamanlardan azərbaycanlıların məskunlaşdığı bölgələrində rast gəlinir. Türkiyənin şərq bölgələrində də daş qoç heykəllərinə rast gəlinmişdir. Arxeoloji və etnoqrafik baxımdan daha az öyrənilmiş Cənubi Azərbaycanda daş qoç heykəlləri Pirkəndi və Bisnadeh kəndlərindəki qəbiristanlıqlardan tapılmışdır (13, 48). Bu qoç heykəllərinin az bir qismi Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş etdirilir (22). Hətta Mil-Qarabağdan tapılmış heykəlin üzərində "Allah, Məhəmməd, Əli, Ağalar...” yazısı və ov səhnəsi həkk olunmuşdur.
Beləliklə, yuxarıda verilmiş maddi-mədəniyyət nümunələrinin təsvirindən belə aydın olur ki, qoç inancı öz başlanğıcını əsasən Erkən tunc dövründən – e.ə. IV minilliyin ikinci yarısından götürmüş, orta əsrlərə, hətta etnoqrafik materiallara əsaslansaq, deyə bilərik ki, son dövrlərə kimi uzun bir tarixi yol keçib gəlmişdir. Əlbəttə, Azərbaycan xalqının mənəvi dəyərlər sisteminin ayrılmaz bir parçasına çevrilmiş qoç inancı təsadüfən yaranmamış, onun uzun zaman ərzində nəsildən-nəslə ötürülməsi də kortəbii proses kimi getməmişdir. Bu və ya digər ayin, inanc və s. ideoloji təsəvvürlərin yaranması üçün ciddi zəmin olmalıdır. İnamla deyə bilərik ki, qoç inancının meydana gəlməsinə maldarlıq təsər­rü­fatının, xüsu­silə də qoyunçuluğun inkişafı əsaslı təsir göstərmişdir.
 
Qədim cəmiy­yət­lə­rin iqtisadiyya­tında maldarlıq, xüsu­­silə qoyunçuluq əhə­miy­yətli mövqeyə malik olmuşdur. Paleometal dövrünün ilk mər­hələ­lərində Azərbaycanda xırdabuynuzlu hey­van, xüsusilə də qoyun sürülərinin çoxluğunu və onların heyvandarlıqdakı əhəmiyyətini osteoloji qalıqlar və digər arxeoloji materiallar da sübut edir (34, 57; 35, 153). Hətta, erkən tunc dövrünün ikinci yarısında təsərrüfatdakı xırdabuynuzlu heyvanların sayının daha da artması, qədim maldarları yeni-yeni otlaq sahələrinə köç etməyə vadar etmiş, bununla da, maldarlığın köç formasının meydana gəlməsinə səbəb olmuşdur (3, 11).
 
Bu təsərrüfat sahəsi qədim insanın qida tələbatını ödəməklə yanaşı, digər istehsal sahə­lərinin, o cümlədən toxuculuğun inkişafına da müsbət təsir göstərmişdir. Abidələrdən xeyli sayda xırdabuynuzlu heyvanların lüləşə­killi sümüklərindən hazırlanmış deşmə, biz, iynə və s. alətlər tapılmışdır ki, onlardan da, əsasən, gön və dəri emalı, həmçinin paltar, ayaqqabı və digər məişət əşyalarının hazırlanması zamanı geniş istifadə olunmuşdur (27, 222-223). Təsadüfi deyil ki, toxuculuğun, o cümlədən xalçaçılığın əsas xammallarından birini məhz qoyun yunu təşkil edir. Qədim sənətkarlar toxuculuq üçün yararlı, keyfiyyətli yuna malik qoyun cinslərinin yetişdirilməsində həmişə maraqlı olublar. XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanda geniş yayılmış balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilmişdir (2, 246).
 
Erkən tunc dövründə təsərrüfatdakı faydalılığına görə qoçun inanc, pərəstiş obyektinə və dini ayinlərin subyektinə çevrilməsi artıq bir zərurət idi. Azərbaycanda qoçla bağlı inanc və etiqadlar ibtidai təsəvvürlər sisteminin tərkib hissəsi olmaqla, müəyyən spesifik cəhətləri ilə də seçilir. Bu cəhətlərin formalaşmasında təbii-coğrafi şəraitin doğurduğu amillərlə yanaşı, müxtəlif dövrlərdə mövcud olmuş cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi münasibətlər, eləcə də bu və ya digər dinə məxsus adət-ənənələr də mühüm rol oynamışdır. İbtidai insanların etiqad və inancları fasiləsiz dəyişərək daha bəsitdən mürəkkəbə doğru inkişaf edərək müxtəlif forma və məzmun kəsb etmişdir (12, 14).
Bu inancların və ayinlərin totemizmlə əlaqəsi olmamış, yalnız maldarlıq təsərrüfatında artımı və məhsul bolluğunu təmin etmək funksiyasını daşımışdır. Belə ki, hər hansı bir qəbilə və ya icma üçün totem seçilmiş heyvan toxunulmaz canlı hesab olunduğundan, onun ətinin yeyilməsinə də qadağa qoyulmuşdur. Əgər əti yeyilmirsə və ya yeyilməsinə qadağa qoyulmuşdursa, həmin heyvanın kəsilməsinə və artırılıb çoxaldılmasına da zərurət qalmır. İkincisi, totem əsasən ov, təsərrüfat və ev heyvanlarından deyil, vəhşi və insanın qidalanması üçün məqbul olmayan, məsələn, ilan, qarğa, qurbağa, hörümçək, qartal, aslan, timsah və s. heyvanlardan ibarət olur (36, 70). Məhz buna görə də, totemizmin istər maldarlıqla bağlı ayinlərlə, istərsə də ovçuluq ayinlərilə əlaqəsi ola bilməz.
 
Əlbəttə, vaxtilə təsərrüfat heyvanlarının vəhşi əcdadlarının totem olması istisna deyil. Lakin bu məhz Daş dövründə, xüsusilə də mənimsəmə təsərrüfatının geniş yayıldığı bir zamanda mümkün ola bilərdi. Çünki istehsal iqtisadiyyatına keçdikdən sonra maldarlıq təsərrüfatının əsasını təşkil edən ev heyvanlarının, o cümlədən qoçun (qoyunun) totem obyektinə çevrilməsi qeyri-məntiqidir (8, 70).
Bir sözlə, istehsal ənənələri, xüsusilə də maldarlıq təsərrüfatı meydana gəldikdən sonra qədim insanların irsən keçən arxaik təsəvvür və obrazlarla bağlı düşüncə tərzində köklü dəyişikliklər baş vermiş və vəhşi heyvan obrazları ev heyvanları ilə əvəz edilmiş, uğurlu ovun rəmzləri isə məhsuldarlıq rəmzlərinə transformasiya edilmişdir. Daha sonra isə cəmiyyətdə baş verən dəyişikliklər ev heyvanları ilə bağlı inancların məzmun və formasına da öz təsirini göstərmişdir. Belə ki, həmin inanclar əvvəllər daha çox dünyəvi xarakter daşıyırdısa, təkamül nəticəsində dini məzmun almış və özünün ən yüksək nöqtəsinə – heyvana sitayiş mərhələsinə qədəm qoymuşdur. (9, 169).
 
Azərbaycan xalqının inanclar sistemində qoçun müqəddəs heyvan kimi daha da geniş yayılması orta əsrlər dövrünə təsadüf edir. Belə ki, İslam dininin Azərbaycanda yayılmasından sonra qoç həm də dini mərasimlərin subyektinə çevrilərək, əhalinin dini-fəlsəfi dünyagörüşündə yeni məzmun və forma almağa başlayır (10).
Beləliklə, yuxarıda söylənilənləri ümumiləş­dirərək deyə bilərik ki, istər xalça, istərsə də digər maddi-mədəniyyət nümunələrində rast gəlinən qoç elementləri xalqımızın ənənəvi istehsal sahəsi olan maldarlıqla, xüsusilə qoyunçuluqla əlaqədar meydana gəlmiş ibtidai dini-fəlsəfi dünyagörüşlə, ayin və mərasimlərlə birbaşa bağlı olmuşdur. Təsərrüfatdakı faydalılığına görə qoç ideoloji təsəvvürlərdə məhsuldarlığı, artımı və s. təcəssüm etdirmişdir. Bundan başqa, adı çəkilən heyvanın fiziki göstəricilərinə əsaslanaraq deyə bilərik ki, maddi-mədəniyyət nümunələrində, o cümlədən xalçalardakı qoç elementləri həm də gücü, hakimiyyəti, mərdliyi, dəyanəti və qəhrəmanlığı rəmzləşdirir (11, 35).
 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə