Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 193,57 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü193,57 Kb.
#68484


Bank olmayan kredit təşkilatları haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə 



resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən 

istifadəsi üçün əlverişli  şəraitin yaradılması  məqsədilə bank olmayan kredit 

təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını 

müəyyən edir.  

 

I fəsil. Ümumi müddəalar 

 

Maddə 1.Əsas anlayışlar 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:  

1.0.1. Bank olmayan kredit təşkilatı (bundan sonra - BOKT) xüsusi razılıq 

(lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət 

növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatı;  

1.0.2. Birgə borcalanlar qrupu - müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı 

kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış edən şəxslər;  

1.0.3. Girov əmanəti - kredit müqaviləsinin qüvvədə olduğu müddətdə borcalan və 

ya birgə borcalanlar qrupu tərəfindən kreditin qaytarılmasının təminatı formalarından 

biri kimi BOKT-yə birdəfəlik və ya hissə-hissə ödənilən pul vəsaiti;  

1.0.4.  İnzibatçı - BOKT-nin təkbaşına rəhbəri və ya icra orqanının üzvləri, 

mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri və s.), girov əmanətinə 

sərəncam vermək hüququ olan digər əməkdaşları, daxili auditoru, habelə girov əmanəti 

qəbul etmək hüququ olan BOKT filialının və onun mühasibat xidmətinin rəhbərləri;  

1.0.5. Aidiyyəti olan şəxslər - BOKT-nin təsisçiləri, inzibatçıları, struktur 

bölmələrinin rəhbərləri və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (ər 

(arvad) onların valideynləri, övladlığa götürən, övlad, o cümlədən övladlığa götürülən), 

habelə həmin şəxslərin adından hərəkət etmək hüququ olan şəxslər.  

 

Maddə 2. BOKT-nin fəaliyyətinin hüquqi əsasları  və bu Qanunun tətbiq 

dairəsi 

2.1. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi 

Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının 

digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının 



(bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə  və Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.  

2.2. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur.  

 

Maddə 3. BOKT-nin müstəqilliyi  

3.1. BOKT öz fəaliyyətini bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində 

müstəqil həyata keçirir.  

3.2. Qanunvericiliklə  nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət 

hakimiyyəti və  bələdiyyə orqanlarından asılı deyil və  həmin orqanlar onun cari 

fəaliyyətinə müdaxilə edə bilməzlər.  

3.3. BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə 

məsuliyyət daşımır.  

3.4. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna 

müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət 

haqlarının məbləği BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan 

müqavilə ilə müəyyən olunur.  

 

Maddə 4. BOKT-nin birlikləri və assosiasiyaları  

4.1. BOKT-lər fəaliyyətinin  əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə 

təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.  

4.2. BOKT-lər rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına 

istiqamətlənən sazişlər bağlamaq və razlılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən 

faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan 

istifadə edə bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən 

antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.  

 

II fəsil. BOKT-nin yaradılması və idarə edilməsi 

 

Maddə 5. BOKT-nin təşkilati-hüquqi forması və növləri  

5.1. BOKT-lər Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər 

üçün nəzərdə tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan Respublikasının və (və ya) 

xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis 

edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, Azərbaycan 

Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə 

xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları 




tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları 

yarada və ya onlarda iştirak edə bilməzlər.  

5.2. BOKT-lər iki növə - girov əmanəti qəbul etmək hüququ olan və belə hüququ 

olmayan kredit təşkilatlarına bölünürlər.  

5.3. Xarici ölkələrin  ərazisində  fəaliyyət göstərən BOKT Azərbaycan 

Respublikasında yalnız girov əmanəti qəbul etmək hüququ olmayan filiallar təsis edə 

bilər. Belə filiallara lisenziyaların verilməsi, onların fəaliyyətinin tənzimlənməsi və 

fəaliyyətləri üzərində  nəzarət bu Qanunla girov əmanəti qəbul etmək hüququ olmayan 

BOKT-lər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.  

 

Maddə 6. BOKT-nin adı  

6.1. BOKT-nin adında "bank olmayan kredit təşkilatı" sözləri olmalıdır. Heç bir 

BOKT sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan 

fərqli adla adlandırıla bilməz.  

6.2. BOKT dövlət qeydiyyatına alınmış  və  fəaliyyətdə olan - bankların, kredit 

ittifaqlarının və digər bank olmayan kredit təşkilatlarının adlarından istifadə edə bilməz.  

 

Maddə 7. BOKT-nin nizamnamə (şərikli) kapitalı  

7.1. BOKT-nin minimum nizamnamə  (şərikli) kapitalı, habelə qeyri-kommersiya 

hüquqi  şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin  əmlak haqları pul şəklində 

ödənilməlidir. Nizamnamə (şərikli) kapitalı (əmlak haqları) Azərbaycan Respublikasının 

milli valyutasında formalaşdırılmalıdır.  

7.2. BOKT-lərin nizamnamə  (şərikli) kapitalının minimum miqdarı, onların 

formalaşdırdıqları ilkin əmlaka dair minimum tələblər Mərkəzi Bank tərəfindən 

müəyyən olunur.  

 

Maddə 8. BOKT-nin təşkilati strukturuna və inzibatçılarına dair tələblər  

8.1.Təşkilati-hüquqi formasından asılı olmayaraq BOKT-nin təşkilati strukturunda 

ən azı aşağıdakı vəzifələr nəzərdə tutulmalıdır:  

8.1.1. rəhbər (direktor, kollegial icra orqanının rəhbəri);  

8.1.2. mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri);  

8.1.3. kredit mütəxəssisi;  

8.1.4. daxili auditor.  

8.2. BOKT-nin inzibatçıları ali təhsilə  və  ən azı bir illik iş  təcrübəsinə malik 

olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən 




azı bir illik iş təcrübəsinə və ya orta ixtisas təhsilinə və müvafiq ixtisas üzrə ən azı 5 illik 

iş təcrübəsinə malik olmalıdır.  

8.3. Qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan 

edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər BOKT-nin 

inzibatçıları ola bilməzlər.  

 

Maddə 9. BOKT-nin filialları və nümayəndəlikləri  

9.1. BOKT öz filiallarını və nümayəndəliklərini aça bilər.  

9.2. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin filialı yalnız Mərkəzi 

Bankın verdiyi icazə əsasında açıla bilər.  

9.3. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı  və  hər iki 

növdən olan BOKT-nin nümayəndəliyi  əvvəlcədən Mərkəzi Banka yazılı  məlumat 

verilməklə açıla bilər. Bu halda BOKT öz filialının və ya nümayəndəliyinin açılması 

barədə  qərarın qəbul edildiyi gündən 5 iş günü müddətində  Mərkəzi Banka yazılı 

məlumat verməlidir. Məlumatda qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi 

və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı, onların ünvanı  və  rəhbərləri 

(ixtisası və iş təcrübələri) barədə informasiya əks olunmalıdır.  

9.4. Filial və nümayəndəliklərin əsasnaməsi BOKT tərəfindən təsdiq edilir.  

9.5. BOKT öz filialının və nümayəndəliyinin fəaliyyətinə və öhdəliklərinə görə tam 

məsuliyyət daşıyır.  

 

III fəsil. Lisenziya və icazələrin verilməsi 

 

Maddə 10. Lisenziya 

10.1. Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) 

(bundan sonra - lisenziya) almalıdır.  

10.2. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi 

icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır.  

10.3. BOKT-yə verilən lisenziya müddətsizdir.  

10.4. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. 

Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.  

 

Maddə 11. Lisenziyanın alınması üçün müraciət  

11.1. Lisenziyanın alınması üçün BOKT Mərkəzi Banka aşağıdakı sənədləri təqdim 

etməlidir:  



11.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs 

(şəxslər) tərəfindən imzalanmış ərizə;  

11.1.2. dövlət qeydiyyatı haqqında  şəhadətnamənin və nizamnamənin notariat 

qaydasında təsdiq edilmiş surətləri;  

11.1.3. minimum nizamnamə  (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın 

formalaşdırılması) barədə bank sənədi;  

11.1.4. təşkilati strukturu haqqında məlumat;  

11.1.5. inzibatçılarının peşə yararlılığı  və  qəsdən törədilmiş cinayətlərə görə 

məhkumluqlarının olmaması haqqında məlumat;  

11.1.6. maliyyələşdirmə  mənbələri, habelə kredit siyasətinin  əsas göstəriciləri 

(ərazi  əhatəsi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi müddətləri, faiz 

dərəcələri və s.) barədə məlumat;  

11.1.7. xarici ölkənin  ərazisində  fəaliyyət göstərən BOKT-nin Azərbaycan 

Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin 

qanunvericiliyi ilə tələb olunduğu halda);  

11.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank 

sənədi.  

11.2. Bu Qanunun 11.1-ci maddəsində  nəzərdə tutulan məlumatlar lisenziyanın 

alınması üçün ərizə verən  şəxs (şəxslər) tərəfindən imzalanır.  Ərizənin forması  və 

məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə 

müəyyən edilmiş tələblərə cavab verməlidir.  

11.3. Lisenziyanın alınması üçün müraciətə  Mərkəzi Bank tərəfindən 30 gün 

müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda Mərkəzi 

Bank onların aradan qaldırılması barədə  ərizə  qəbul edildikdən sonra 15 gündən gec 

olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan 

sonra Mərkəzi Bank 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.  

 

Maddə 12. Lisenziyanın verilməsindən imtinanın əsasları  

12.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:  

12.1.1. təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə cavab vermədikdə və 

ya məlumatlar yanlış olduqda;  

12.1.2. Mərkəzi Bank tərəfindən tələb olunan minimum nizamnamə  (şərikli) 

kapitalının ödənilməsi və ya təsisçilərin əmlak haqlarının formalaşdırılması barədə bank 

sənədi təqdim edilmədikdə;  

12.1.3. inzibatçılar peşə yararlılığı tələblərinə cavab vermədikdə və (və ya) onların 

qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda.  



12.2. Mərkəzi Bank lisenziyanın verilməsindən imtina etdikdə, müraciət edənə 

imtinanın səbəblərini göstərməklə yazılı məlumat verir.  

12.3. Lisenziyanın verilməsindən imtina barədə  Mərkəzi Bankın qərarından 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər.  

 

Maddə 13. BOKT-nin filialının açılmasına icazənin alınması üçün müraciət 

13.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz filialının açılmasına 

icazənin alınması üçün Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir:  

13.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə;  

13.1.2. filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;  

13.1.3. filialın əsasnaməsi;  

13.1.4. filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli 

idarəetmə orqanının qərarı, onların peşə yararlılığı, qəsdən törədilmiş cinayətlərə görə 

məhkumluqlarının olmaması haqqında məlumat (məlumat BOKT-nin rəhbəri tərəfindən 

imzalanır).  

13.2. Filialın açılmasına icazənin alınması üçün müraciətə Mərkəzi Bank tərəfindən 

20 gün müddətində baxılır. Təqdim edilmiş  sənədlərdə çatışmazlıqlar aşkar olunduqda 

Mərkəzi Bank onların aradan qaldırılması barədə  ərizə  qəbul edildikdən sonra 5 iş 

günündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan 

qaldırıldıqdan sonra Mərkəzi Bank 10 iş günü müddətində sənədlərə baxır və müvafiq 

qərar qəbul edir.  

13.3. Təqdim edilmiş  sənədlər və  məlumatlar qanunvericiliyin tələblərinə cavab 

verdikdə  Mərkəzi Bank filialın açılmasına icazənin verilməsi barədə  qərar qəbul edir, 

əks halda imtinanın səbəblərini göstərməklə BOKT-yə yazılı məlumat verir.  

 

Maddə 14. Lisenziyaların və icazələrin reyestri  

14.1. Mərkəzi Bank BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin 

ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib edir. BOKT-lərin, onların filiallarının 

və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların 

və icazələrin qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə 

xitam verilmiş BOKT-lər, onların filial və nümayəndəlikləri haqqında məlumat 

alındıqdan sonra 3 iş günü müddətində reyestrə daxil edilir.  

14.2. BOKT reyestrə daxil edilmiş  məlumatda, habelə  təsis sənədlərində 

(nizamnamədə,  əsasnamədə) dəyişikliklər barədə  Mərkəzi Banka 5 təqvim günü 

müddətində yazılı bildiriş göndərməlidir. BOKT-yə yeni inzibatçı  təyin edildikdə 



bildirişə  həmin  şəxslərin bu Qanunun 8.2-ci və 8.3-cü maddələrində  nəzərdə tutulmuş 

tələblərə cavab verməsi barədə məlumat daxil edilməlidir.  

 

IV fəsil. BOKT-lərin fəaliyyətinə dair tələblər 

 

Maddə 15. BOKT-lərin fəaliyyəti  

15.1. BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı  və  təminatsız 

kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz  əmlakın 

girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə  nəzərdə tutulmuş digər 

üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə verdiyi 

lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər. 

15.2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı  fəaliyyət 

növlərini də həyata keçirə bilər:  

15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);  

15.2.2. lizinq;  

15.2.3. veksellərin uçotu;  

15.2.4. qarantiyanın verilməsi;  

15.2.5. sığorta agenti xidmətinin göstərilməsi;  

15.2.6. borcalanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və 

idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.  

15.3. Bu Qanunun 15.2-ci maddəsində göstərilən fəaliyyət növləri üçün 

qanunvericiliklə lisenziyanın alınması  tələb olunduqda, BOKT həmin fəaliyyət növləri 

ilə aidiyyəti dövlət orqanından lisenziya aldıqdan sonra məşğul ola bilər.  

15.4. BOKT-nin hüquqi və fiziki şəxslərdən  əmanət (depozit) cəlb etməsi 

qadağandır.  

 

Maddə 16. BOKT-lərin fəaliyyətinin maliyyələşdirilmə mənbələri  

16.1. BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər:  

16.1.1. nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər;  

16.1.2. cəlb edilmiş kreditlər;  

16.1.3. fiziki və hüquqi şəxslərin ianələri, qrantları  və digər formalarda əvəzsiz 

olaraq ayırdıqları vəsaitlər; 

16.1.4. qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən  əldə edilən 

vəsaitlər. 



16.2. Beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumətləri və digər donorlar 

tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər, habelə onlardan əldə olunan gəlirlər BOKT-

lər tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır.  

 

Maddə 17. Kredit müqaviləsi 

17.1. BOKT kreditlərin verilməsində şəffaflığı təmin etməli, borcalanları aldıqları 

kreditin dəyəri və kreditlə 

əlaqədar çəkəcəkləri xərclər barədə tam 

məlumatlandırmalıdır.  

17.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, BOKT ilə borcalan 

arasında bağlanılan kredit müqaviləsində ən azı aşağıdakılar öz əksini tapmalıdır:  

17.2.1. tərəflərin adları və hüquqi ünvanları; 

17.2.2. kreditin məqsədi; 

17.2.3. kreditin məbləği; 

17.2.4. kreditin qaytarılma müddəti; 

17.2.5. kreditin qaytarılma üsulu; 

17.2.6. təminatın forması (təminatlı kredit verildikdə); 

17.2.7. kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik faiz 

dərəcəsi kreditin qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir); 

17.2.8. kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər 

formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən müddət ərzində orta 

hesabla ödəniləcək həqiqi faiz dərəcəsi; 

17.2.9. tərəflərin məsuliyyəti. 

17.3. Kredit müqaviləsi yazılı formada ən azı iki nüsxədə tərtib olunur və bir nüsxə 

borcalana verilir, digər nüsxələr isə BOKT tərəfindən kreditin rəsmiləşdirilməsinə dair 

sənədlər toplusuna əlavə edilir. 

17.4. Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun bütün 

üzvləri barədə  məlumatlar (adları, hüquqi ünvanları və s.) əks olunmalı və  hər bir üzv 

üçün ayrıca nüsxə tərtib edilərək, onlara təqdim edilməlidir.  

17.5. Borcalan bu Qanunun 17.2-ci maddəsində göstərilən  şərtlərin kredit 

müqaviləsində  əks etdirilməməsi nəticəsində ona dəyən zərərin ödənilməsini 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən tələb edə bilər.  

 

Maddə 18. Girov əmanəti 

18.1. Kredit müqaviləsində veriləcək kreditin girov əmanəti ilə  təmin edilməsi 

nəzərdə tutula bilər. Girov əmanətinin məbləği təmin olunan əsas borcun qalığı və ona 

hesablanacaq faizlərdən, müddəti isə kreditin müddətindən artıq ola bilməz.  



18.2. Girov əmanəti nağd və ya nağdsız qaydada BOKT-yə ödənilir və BOKT 

tərəfindən 2 iş günü ərzində ona xidmət göstərən bankda (banklarda) bu əmanətlər üçün 

açılmış xüsusi hesabda (hesablarda) yerləşdirilir.  

18.3. BOKT qəbul etdiyi hər bir girov əmanətinin fərdi uçotunu aparmalıdır. Uçot 

məlumatları borcalanı (birgə borcalanlar qrupunu) və girov əmanəti ilə  təmin edilmiş 

krediti tam eyniləşdirməyə imkan verməlidir.  

18.4. Kredit tam ödənildikdə  və ya kredit müqaviləsi ilə müəyyən edilmiş digər 

hallarda girov əmanəti borcalanın müraciət etdiyi gündən ən geci 2 iş günü müddətində 

BOKT tərəfindən borcalana (birgə borcalanlar qrupuna) qaytarılır.  

18.5. Kredit müqaviləsi ilə  nəzərdə tutulan hallarda BOKT girov əmanəti üzrə 

hesablanmış faizləri ödəməlidir.  

18.6. Borcalan (birgə borcalanlar qrupu) kredit üzrə borcu (əsas borc, faizlər, 

cərimə) ödəyə bilmədikdə, kredit müqaviləsində  nəzərdə tutulduğu hallarda, BOKT 

həmin borcu mübahisəsiz (akseptsiz) qaydada girov əmanəti hesabından tuta bilər.  

18.7. BOKT girov əmanəti hesablarında yerləşdirdiyi vəsait hesabına kreditlər verə 

və digər maliyyə xidmətləri göstərə bilməz. Girov əmanətinin yerləşdirildiyi hesabdan 

yalnız aşağıdakı hallarda istifadə edilə bilər:  

18.7.1. dövlət qiymətli kağızları və mərkəzi bankların qiymətli kağızları alındıqda 

(bu Qanunun 18.4-cü maddəsinin tələblərinə riayət etmək şərti ilə); 

18.7.2. bu Qanunun 18.6-cı maddəsində  nəzərdə tutulmuş hüquqdan istifadə 

edildikdə. 

 

Maddə 19. BOKT-nin fəaliyyətinə dair prudensial normativlər və tələblər  

19.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin maliyyə sabitliyini təmin 

etmək məqsədilə Mərkəzi Bank bu növ BOKT-nin fəaliyyətinə dair aşağıdakı prudensial 

normativləri və tələbləri müəyyən edə bilər: 

19.1.1. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum 

miqdarı; 

19.1.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə 

aparılan əməliyyatlara dair tələblər; 

19.1.3. qəbul edilmiş girov əmanətlərinin BOKT-nin kapitalına olan nisbəti;  

19.1.4. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və 

qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına 

yaradılan xüsusi ehtiyatlara aid tələblər. 

19.2. Mərkəzi Bank BOKT-nin fəaliyyətinin tənzimlənməsi prosesində  zərurət 

yarandıqca normativlərin hamısını və ya bir qismini tətbiq edə bilər.  



19.3. Girov əmanəti qəbul etmək hüququ olmayan və ya qeyri-kommersiya hüquqi 

şəxs kimi fəaliyyət göstərən BOKT öz fəaliyyəti dövründə nizamnamə  (şərikli) 

kapitalını (əmlakını) Mərkəzi Bank tərəfindən müəyyən edilən minimum miqdardan az 

olmayan səviyyədə təmin etməlidir.  

19.4. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və 

tələblər, onlarda dəyişikliklər fəaliyyətdə olan BOKT-lərə  rəsmən bildirildikdən sonra 

bir aydan tez olmayaraq, nizamnamə (şərikli) kapitalının (əmlakın) minimum miqdarına 

aid tələblərə  dəyişikliklər isə BOKT-lərə  rəsmən bildirildikdən sonra bir ildən tez 

olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və  tələblərin geriyə qüvvəsi 

yoxdur.  

 

Maddə 20. BOKT-də mühasibat uçotu və maliyyə hesabatı 

20.1. BOKT "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununa və 

digər qanunvericilik aktlarına uyğun olaraq mühasibat uçotunu aparmalı  və maliyyə 

hesabatlarını tərtib etməlidir.  

20.2. Borcalanlar, habelə digər maraqlı  şəxslər BOKT-nin maliyyə hesabatları ilə 

tanış olmaq hüququna malikdirlər.  

20.3. BOKT maliyyə ili qurtardıqdan sonra ən geci 5 ay müddətində kənar auditor 

tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatını  Mərkəzi Banka təqdim etməli və onu 

kütləvi informasiya vasitələrində dərc etdirməlidir.  

 

Maddə 21. BOKT-nin fəaliyyətinin şəffaflığı ilə bağlı tələblər 

21.1. BOKT və onun filialları öz inzibati binasında xidmətlərin göstərilməsi 

şərtləri, o cümlədən kreditlərin verilməsi  şərtləri barədə  məlumatı  və öz lisenziyasını 

aydın görünən yerdə yerləşdirməli və istənilən şəxsə həmin şərtlərlə tanış olmaq imkanı 

yaratmalıdır.  

21.2. BOKT öz fəaliyyəti haqqında bilərəkdən yalan reklama yol verməməli və 

reklam haqqında qanunvericiliyin digər tələblərinə riayət etməlidir.  

21.3. BOKT öz adının və ünvanının dəyişdirilməsi barədə ən geci 7 təqvim günü 

müddətində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir.  

 

Maddə 22. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatın verilməsi  

22.1. BOKT hər bir borcalan haqqında məlumatı  Mərkəzi Bankın normativ 

xarakterli aktları ilə müəyyən edilmiş  iş reqlamentinə, o cümlədən məlumatın 

xarakterinə, onun verilməsi qaydalarına və  şərtlərinə uyğun olaraq Mərkəzi Bankda 

yaradılmış Mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir.  



22.2. BOKT Mərkəzləşdirilmiş kredit reyestrinin iş reqlamentinə, o cümlədən 

məlumatın verilməsi qaydalarına və  şərtlərinə uyğun olaraq öz borcalanları  və kredit 

almaq üçün müraciət edən şəxslər haqqında məlumatı həmin reyestrdən ala bilər.  

22.3. BOKT-nin istənilən borcalanı  Mərkəzləşdirilmiş kredit reyestrindən özü 

haqqında məlumatı reyestrin iş reqlamentinə uyğun olaraq ala bilər. 

22.4. BOKT tərəfindən Mərkəzləşdirilmiş kredit reyestrindən alınan məlumata 

qanunvericilikdə  nəzərdə tutulmuş bank sirrinin qorunması rejimi tətbiq olunur. Bank 

sirrinin qorunması rejimini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə müəyyən olunmuş məsuliyyət daşıyırlar.  

 

Maddə 23. Məxfilik 

BOKT öz müştəriləri ilə apardığı  əməliyyatların, o cümlədən qəbul etdiyi girov 

əmanətinə dair məlumatın məxfiliyini "Kommersiya sirri haqqında" Azərbaycan 

Respublikası Qanununa müvafiq surətdə qorumalı, onun qanunsuz açıqlanmasına yol 

verməməlidir. Həmin məlumat müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən 

sonra ən azı 5 il müddətində BOKT-də saxlanmalıdır.  

 

V fəsil. BOKT-nin fəaliyyətinə nəzarət 

 

Maddə 24. BOKT-nin fəaliyyətinə nəzarət 

24.1. BOKT-nin fəaliyyətinə  nəzarət onun nizamnaməsində müəyyən edilmiş 

idarəetmə orqanı tərəfindən həyata keçirilir.  

24.2. BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları  Mərkəzi Bank 

tərəfindən müəyyən edilmiş forma və məzmunda hər hesabat rübü başa çatdıqdan sonra 

10 gündən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir.  

24.3. Hesabatların təhlili nəticəsində bu Qanunun, Mərkəzi Bankın normativ 

xarakterli aktlarının tələblərinin pozulması halları  aşkara çıxarıldıqda və  ya  bu  cür 

pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda Mərkəzi Bank onların aradan 

qaldırılması barədə BOKT-yə  xəbərdarlıq məktubu göndərir. Məktubda BOKT 

tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola 

biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə 

yetirilməsi müddəti göstərilir.  

24.4. BOKT xəbərdarlıq məktubunda müəyyən olunan vaxt ərzində göstərilmiş 

tədbirlərin həyata keçirilməsi barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. Mərkəzi 

Bank tərəfindən müəyyən olunmuş vaxt ərzində  tədbirlər tam və ya tələblərə uyğun 

şəkildə  həyata keçirilmədikdə, Mərkəzi Bank BOKT-yə ikinci xəbərdarlıq məktubu 



göndərir və müvafiq tədbirlərin müəyyən olunmuş vaxt ərzində həyata keçirilməyəcəyi 

təqdirdə lisenziyanın ləğv ediləcəyi barədə xəbərdarlıq edir.  

24.5. Hesabat məlumatlarının dəqiqləşdirilməsinə zərurət yarandıqda Mərkəzi Bank 

BOKT-nin fəaliyyətini 10 gün əvvəlcədən ona yazılı bildiriş göndərməklə yerində 

yoxlaya bilər. Bu halda Mərkəzi Bankın inspektorları yoxlama vəsiqəsini təqdim 

etməklə BOKT-yə daxil olmaq, onların hesabatlarını, mühasibat kitablarını, sənədlərini 

və digər uçot yazılarını yoxlamaq, habelə onlara dair izahat tələb etmək hüququna 

malikdirlər.  

 

Maddə 25. Lisenziyanın və icazələrin ləğvi 

25.1. BOKT-nin lisenziyası və ya filiallara verilmiş icazələr aşağıdakı bir və ya bir 

neçə əsas olduqda Mərkəzi Bank tərəfindən ləğv edilə bilər: 

25.1.1. BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə; 

25.1.2. lisenziya və ya icazə almaq üçün BOKT tərəfindən təqdim edilmiş 

məlumatların yanlış olduğu müəyyən edildikdə; 

25.1.3. BOKT və ya onun filialı lisenziyanın və ya icazənin qüvvəyə mindiyi 

gündən on iki ay müddətində fəaliyyətə başlamadıqda; 

25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə  Mərkəzi 

Bankın göstərişlərinə əməl etmədikdə; 

25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə  Mərkəzi Banka 

təqdim etmədikdə və ya Mərkəzi Banka təhrif olunmuş hesabat təqdim etdikdə; 

25.1.6. bu Qanunla nəzərdə tutulmamış  və ya lisenziyasında qadağan edilmiş 

fəaliyyəti həyata keçirdikdə; 

25.1.7. qanunvericiliyə müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis elan 

edildikdə.  

25.2. Lisenziyanın ləğv edilməsi haqqında qərar dərhal BOKT-yə, qərarın qüvvəyə 

mindiyi gündən 5 iş günündən gec olmayaraq isə müvafiq vergi orqanına göndərilir, 

habelə kütləvi informasiya vasitələrində  dərc edilir. BOKT-nin filialına verilmiş 

icazənin ləğvi barədə bildiriş Mərkəzi Bankın qərarı qüvvəyə mindiyi gündən 3 iş günü 

müddətində BOKT-yə göndərilir.  

25.3. Lisenziyanın ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə 

tutulmadıqda, qərar kütləvi informasiya vasitələrində  dərc edildiyi gündən qüvvəyə 

minir.  


25.4. BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən 

fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən 

olunmuş qaydada ləğv edilir.  



25.5. BOKT lisenziyasının ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından 

qanunvericiliklə  nəzərdə tutulmuş qaydada məhkəməyə  şikayət verə bilər.  Şikayətin 

verilməsi Mərkəzi Bankın müvafiq qərarının icrasını dayandırmır.  

 

VI fəsil. Keçid müddəaları 



 

Maddə 26. Keçid müddəaları  

26.1. Bu Qanunun 17-ci maddəsinin tələbləri fəaliyyətdə olan BOKT-lərin bu 

Qanun qüvvəyə mindikdən sonra bağladıqları kredit müqavilələrinə şamil olunur.  

26.2. Girov əmanəti qəbul etmək hüququnu əldə etmək istəyən BOKT-lər bu 

Qanuna müvafiq qaydada yeni lisenziya almaq üçün müraciət edə bilərlər.  

 

İlham Əliyev, 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 25 dekabr 2009-cu il 

Yüklə 193,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə