AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTU
Əlyazması hüququnda
SƏADƏT MƏMMƏD qızı BAYRAMOVA
XX ƏSR AZƏRBAYCAN YAZILI ƏDƏBİYYATINDA
NAĞIL MÖVZUSUNUN BƏDİİ İNİKASI
5716. 01 – Azərbaycan ədəbiyyatı
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq
üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2017
2
Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı
və ədəbi abidələr şöbəsində yerinə yetirilmişdir
Elmi rəhbər:
Məhərrəm Paşa oğlu Qasımlı
Əməkdar elm xadimi,
filologiya üzrə elmlər doktoru,
professor
Rəsmi opponentlər:
Mustafayev Tehran Əlişan oğlu
AMEA-nın müxbir üzvü, filologiya
üzrə elmlər doktoru
Maarifə Hüseyn qızı Hacıyeva
filologiya üzrə elmlər doktoru,
professor
Aparıcı təşkilat: Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Azərbaycan və dünya ədəbiyyatı kafedrası
Müdafiə “____” ________ 2017 –cı il saat “____”-da Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini
keçirən D.01.131- Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.
Ünvan: Az-1143, Bakı şəhəri, H.Cavid prospekti 115, AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalı, IV
mərtəbə.
Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış
olmaq mümkündür.
Avtoreferat “_____” ________ 2017-ci ildə göndərilmişdir.
Dissertasiya Şurasının
elmi katibi, filologiya
üzrə fəlsəfə doktoru: İsmixan Məhəmməd oğlu Osmanlı
3
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. XX əsr Azərbaycan ədəbiyyatında nağıl
mövzusunun fəallığı cəmiyyətin sosial-mənəvi həyatındakı tarixi
proseslərlə sıx bağlıdır. Milli varlığın əsas mövcudluq qaynaqlarından olan
xalq yaradıcılığı təkanverici mənəvi sistem kimi daim yazılı düşüncəni
qidalandırmış, ənənə ilə əlaqənin təminatçısına çevrilmişdir. Cəmiyyətin
ictimai, siyasi, mədəni həyatında baş verənlər, yüzilliyin özünün doğurduğu
problemlər bütünlükdə milli ictimai-bədii təfəkkürü məşğul edən əsas
məsələlərdən idi. Azərbaycan ədəbiyyatı həmişə ideya-estetik düşüncənin
tərkib hissəsi kimi mövcud mənzərəni müxtəlif səpkili bədii axtarışlarda,
çeşidli forma və üsullarda inikas etmək məharəti ilə seçilmişdir. Çarizmin
müstəmləkəçilik siyasəti, sovet rejimi, onun formalaşdırdığı və forma-
laşdırmaq istədiyi “sovet insanı”, “sovet cəmiyyəti” təsəvvürləri və s.
əslində milli-mənəvi sistemi zədələməyə və tədricən aşındırıb dağıtmağa
yönəlmişdi. Milli varlığın qoruyucusu olan bədii ədəbiyyat bütün
zamanlarda olduğu kimi, sözügedən tarixi mərhələdə də ağırlığı öz üzərinə
götürərək nağıl, rəvayət, əfsanə, epos ənənəsinə müraciəti aktuallaş-
dırmaqla tarixi yaddaşın bərpasına, etnosun mifdən, genetik düşüncədən
gələn təsəvvürlərinin möhkəmləndirilməsinə üstünlük verdi.
XX əsr Azərbaycan bədii düşüncəsi üçün xarakterik xüsusiy-
yətlərdən biri nağıl mövzusundan bəhrələnməklə mühiti inkişaf etdirmək,
bu janrın imkanlarından istifadə yolu ilə sətiraltı şəkildə ictimai-mədəni
mühitə müəyyən işarələr verməkdir. Milli-mənəvi yaddaşın qorunması,
möhkəmləndirilməsi və müxtəlif formalarda gələcəyə daşınması bədii-
estetik düşüncəni bütün əsr boyu məşğul edən əsas məsələlərdən olmuşdur.
Ona görə də əsrin əvvəllərindən, daha doğrusu, XIX yüzilliyin sonlarından
başlayaraq nağıl mövzularında yazılmış bədii əsərlərlə cəmiyyəti ifadə
etmək bir istiqamət olaraq bütünlükdə ədəbiyyatın diqqət mərkəzində idi.
Nağıllardakı poetik sistem, mətnin daxili aləmi, kanonik quruluş, üslubi
formullar yazıçı məqsəd-məramının ifadəsi üçün vasitə və manera funk-
siyası rolunu oynayır. Burada maarifləndirmə, uşaq ədəbiyyatının prinsip
və texnalogiyalarından istifadə ilə uşaqlar üçün nümunələr yaratmaq, siyasi
mühitin ifadəsi və s. məsələlər çoxşaxəli şəkildə özünə yer alır. Nağıl-
poema, nağıl-hekayə, nağıl-povest, nağıl-roman, nağıl-dram, nağıl-oçerk və
s. formalar sənətkar axtarışlarında yeni tipologiyanı və yeni janr
texnalogiyalarını müəyyənləşdirir. Əsrin bədii zənginliyində milli düşün-
cənin ifadə və yaşam hadisəsi kimi bunların mahiyyətinin müəyyənləşməsi
aktual məsələlərdən biri kimi filoloji fikrin diqqət mərkəzində dayanır.