1
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİ.
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ METODİKA
ŞÖBƏSİ
Abdulla Şaiqin 130 illiyi münasibətilə
Hamımız bir günəşin zərrəsiyik
BAKI – 2011
2
TƏRTİBÇİDƏN
Azərbaycan ədəbiyyatı tarixində Abdulla Şaiq şair, yazıçı, dramaturq,
ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi məşhurdur. Abdulla
Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının
banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq
yolu keçmişdir. Şair ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmış və bu əsərlər
məktəblərdə indi də tədris edilir. Onun uşaq və gənclər üçün yazdığı əsərlər gözəl
lirik şeirlərdən, mənzum və mənsur hekayələrdən, nağıllardan, təmsillərdən və kiçik
pyeslərdən ibarətdir. Kiçikyaşlı uşaqlar üçün yazdığı “Quzu”, “Xoruz”, “Keçi”,
“Uşaq və dovşan” və s. şeirləri bu gün də dillər əzbəridir. “Tıq-tıq xanım”, “Yaxşı
arxa”, “Tülkü həccə gedir” kimi mənzum hekayə və nağılları milli uşaq
ədəbiyyatımızın qızıl fonduna daxildir.
Bu il Abdulla Şaiqin anadan olmasının 130 illiyi tamam olur və yubiley
mərasimi respublikamızın bir çox mədəniyyət ocaqlarında, o cümlədən uşaq
kitabxanalarında yüksək səviyyədə qeyd olunacaqdır. Yubiley münasibətilə tərtib
etdiyimiz “Hamımız bir günəşin zərrəsiyik” adlı metodik vəsaitdən hər bir
kitabxanaçı faydalana, burda olan müxtəlif tədbirlərdən səmərəli istifadə etməklə
yubilyarın həyat və yaradıcılığını, əsərlərini oxucularına daha da yaxşı tanıda bilər.
Metodik
vəsait iki hissədən ibarətdir. Birinci hissə “Həyat və yaradıcılığı.”
adlanır. Bu hissədə Abdulla Şaiqin həyat və yaradıcılığından söhbət açılır.
Vəsaitin “Yubiley tədbirlərinin keçirilməsi” adlı ikinci hissəsində
kitabxanalarda mövzu ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilir.
3
Həyat və yaradıcılığı
XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən
biri olan Abdulla Şaiq 1881ci-ildə Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci
ildə Abdulla Şaiq altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alır. İlk
təhsilini aldıqdan sonra Abdulla Talıbzadə 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar
olaraq Xorasana gələrək orada dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın
məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda
mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, Rus
ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdaraq bir müddət orda qalır. 1901-
ci ildə Bakıya gəlir. Görkəmli ictimai xadim Nəriman Nərimanov və Abbas bəy
Minasazovun qayğısı və köməyi ilə 25 aprel 1902-ci ildə Bakıdakı Aleksandriyski
gimnaziyada imtahan verərək müəllimlik şəhadətnaməsin alır. Bakıda 5-ci şəhər
məktəbində pedoqoji fəaliyyətə başlayan Abdulla Şaiq 1903-cü ildən Sabunçudakı
altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illərdə o, görkəmli ədib və
maarif xadimi Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, S.S.Axundov, M.Ə.Sabir,
M.Hadi, A.Səhhət və H.Cavid və başqaları ilə yaxından tanış olur və bu şəxsiyyətlər
şairin milli-mənəvi inkişafında mühüm rol oynayır. 1906-cı ilin avqustunda Bakıda
birinci müəllimlər qurultayı çağrılır. Qurultayın təşkilində Şaiqin böyük xidmətləri
olur. Gənc müəllim ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edir.
Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, A.Şaiq və başqalarından ibarət
xüsusi komissiya seçir və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara
tapşırır. Birinci müəllimlər qurultayından heç bir il keçməmiş neçə-neçə yeni
dərsliklər yaranır. “Əlifba”, “Uşaq çeşməyi” (1906), “Uşaq gözlüyü” (1909),
“Gülzar” (1912) və s. bu kimi dərsliklərdə onun öz əsərləri və dünya
ədəbiyyatından nümunələr çap olunur. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik
yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanır. Bundan sonra o, müxtəlif illərdə
bir-birinin ardınca “Milli qiraət”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri” (1919),
“Türk ədəbiyyatı” (1920) adlı dərsliklər və proqramlar hazırlayır. Bu dərsliklərdə
Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və
əsərlərindən parçalar verilir.
Keçən əsrin əvvələrindən Abdulla Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı
yazıçı, şair və pedaqoq kimi tanınır. Xalqın, vətənin gələcəyi naminə var-gücü ilə
çalışır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi
ziyalılarla ön cərgədə gedir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası
açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah
təşəbbüslər irəli sürür. Abdulla Şaiq eyni zamanda ədəbiyyatımızı həvəslə tədqiq və
təbliğ edir. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir,
M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi
sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun
xidmətləri böyükdür.
Abdulla Şaiq yaradıcılığında ilk mətbu əsər “Laylay” adlı uşaq şeiridir və o,
1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır.
Onun bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü
görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilrək, ədəbi-bədii
4
problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur. Xalq ədəbiyyatının gözəl
bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən,
sonralar toplayıb araşdıran Abdulla Şaiq bu nümunələr əsasında “Tıq-tıq xanım”,
“Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazır. Onun “Ədhəm”,
“Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında da milli folklorun təsiri görünür.
Bütövlükdə Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq,
keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik,
vətənpərvərlik və gözəllik poeziyasıdır, uşaq şeirləri elə o zamandan dərslik,
proqram və oxu kitablarının bəzəyidir. Abdulla Şaiq həm də 1910-cu ildə yazdığı
“Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyur və Azərbaycan uşaq
dramaturgiyasının banisi kimi tanınır.
Romantik ruhlu şair inqilabi hadisələrdən coşur, “Hürriyyət pərisi”, “Niyə
uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi
şeirlər yazır.
Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan"
yarımçıq romanı ilə başlamış ədib sonralar “Məktub yetişmədi”, “Köç”, “Daşqın”,
“İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin
qəhrəmanlar”ı kimi bir çox dəyərli hekayə, povest və romanlar yazmışdır. O, bu
əsərlərdə bacarıqlı sənət ustası kimi çıxış etmişdir. “Köç” və “Məktub yetişmədi”
hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr nümunələri kimi
dəyərləndirilir. “Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o dövrkü
dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini,
bəşərin sabahını, insanların taleyini göstərən ən gözəl romantik şeirlərindəndir.
Azərbaycan Demokratik Respublikasının yaranmasını böyük sevinclə
qarşılayan Abdulla Şaiqi M.Ə.Rəsulzadə “milli istiqlalın sevincini ilk duyanlar"
adlandırır. Azərbaycan Demokratik Respublikası dövründə Abdulla Şaiq poeziya
yönümündə daha həvəslə çalışır, Əhməd Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif,
Əli Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırırdı. Onun bu illərdə qələmə
aldığı “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan
Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya nümunələrindəndir.
Onun “Vətənin yanıq səsi” şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və
Altun ordusunun gücü, “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində cahan
savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi,
Qarabağdakı fitnə-fəsadları ön plana çəkir. “Ülkərin nuru ilə ziyalanan”, “Uçan
nəğməsi ilə havalanan”, “Xoş kölgəsində səfalanan” istiqlal şairinin cümhuriyyət
sevinci ürəklərə sərinlik gətirir.
Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da
canlandırır, bir neçə məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü
sinifləri yaradır. Dövlətin yaratdığı program və dərsliklər hazırlayan komissiyanın
üzvü kimi çalışır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı
“Tələbə həyatı” pyesini yazır, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını
tamamlayır. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirir,
milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir.
1920-ci il aprelin 28-də rus ordusunun (XI Qızıl Ordu) Azərbaycana daxil
olması, bolşeviklərin hakimiyyəti ələ almasına baxmayaraq, Abdulla Şaiq xalqın
5
gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda,
texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir,
bədii yaradıcılıqla məşğul olur. Çalışdığı gimnaziya ilk öncə “Nümunə məktəbi”
adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan-Türk dilində aparılır. Təzə
açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və
başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə
dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət Abdulla
Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başlayır. 1923-
cü ildə “Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə
və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə
İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə
davam etdirən məktəbi “Şaiq Nümunə məktəbi” adlandırmağı qərara alır. 1918-ci
ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu illər ərzində təlim-tərbiyə
işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan Abdulla Şaiqin “Vəzifə”, “Özü
bilsin, mənə nə?”, “Anabacı”, “Əsəbi adam” kimi silsilə hekayələri, “Araz"”
inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra
məqalələri, “Tənqid-Təbliğ” teatrı üçün yazdığı əsərlər ədəbi mühitdə maraqla
qarşılanmışdır. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər
nəşriyyatının işi də birbaşa Abdulla Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda
çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər
yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət
əsərləridir.
Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da
bu işə cəlb edirdi. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”,
“Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır.
Alim, ədəbiyyatşünas, folklorçu kimi də tanınan Abdulla Şaiq klassik
ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif,
M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu
gün də dəyərlidir. Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik,
eləcə də çeşidli ədəbi cərəyan və metod haqqındakı araşdırma və axtarışları da
maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə Abdulla
Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq
doğurur. Əsl beynəlmiləlçi və humanist bir sənətçi olan, həmişə “Həpimiz bir
günəşin zərrəsiyiz” deyən Abdulla Şaiq bütün əsərlərində bəşəri problemlərə
toxunur, xalqları dostluğa, əmin-amanlığa çağırır. O, türk, rus, fars, tatar, litva,
özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq edir, dünya xalqları
ədəbiyyatınlarının incilərini, Firdovsinin “Şahnamə”sindən bir parça, Şekspirin
“Maqbet”, C.Sviftin “Qulliverin səyahəti”, Puşkin, Lermontov, Krılov, Qorki,
Nekrasov və başqa yazıçıların əsərlərini dilimizə çevirmişdir.
Abdulla Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və
üslubiyyat məsələlərinə dair yazdığı elmi məqalə və əsərlərin bir çoxu indi də öz
əhəmiyyətini saxlayır. Şaiq elmi-pedaqoji fəaliyyəti ilə ədəbi yaradıcılığını paralel
inkişaf etdirmişdir. Əslində, bu iki sahə onun fəaliyyətini tamamlamış, elmə,
maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər
onun bədii əsərlərinin əsas mövzusu olmuşdur. Müxtəlif illərdə yazdığı şeirlər,
6
hekayələr, povestlər, romanlar, dram əsərləri Şaiq cəsarətinin, Şaiq
dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir.
Azərbaycan ədəbiyyatını görkəmli şəxsiyyəti, uşaq ədəbiyyatının yaradıcısı
Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat etmişdir.
7
Yubiley tədbirlərinin keçirilməsi
Bu il fevral ayının 24-də xalqımızın sevimlisi, körpələrin incə qəlblərinə yol
tapan, uşaq və gənclərin onun şeirlərini sevə-sevə öyrəndikləri görkəmli şair-
dramaturq Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyidir. Bir çox təhsil
ocaqlarında, eləcə də kitabxanalarda şairimizin şərəfinə təmtəraqlı yubiley gecəsi
keçiriləcək. Yubileyə yaxın kitabxnalarda şairin kitablarından ibarət sərgi təşkil edə
bilərik. Sərgini müxtəlif başlıqlarla adlandırmaq olar:
1.
Körpələrin böyük məhəbbəti.
2.
“Sən bu xalqın sevincisən...”
3.
“Ey mehriban uşaqlar
Siz yaşayın bəxtiyar!”
Sərgi və plakarların hazırlanmasına kömək məqsədilə Abdulla Şaiq haqqında
deyilən aşağıdakı sitatlardan da istifadə etmək olar.
1. Abdulla Şaiq həqiqəti hər şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və
yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur.
Mirzə İbrahimov
Xalq yazıçısı
2. Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu
çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular,
xehirxah arzular baş qaldırmışdır.
İlyas Əfəndiyev
Xalq yazıçısı
3. Xalqını nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində əbədi
yaşayacaqdır.
Süleyman Rüstəm
Xalq şairi
4. Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi
xalqımızın qəlbində yaşayır, yaşayacaq da!
Əfrasiyab Bədəlbəyli
Bəstəkar, xalq artisti
Ucadan oxunun uşaqlar üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq
yubileydə münasibətilə şairin kiçik yaş qrup oxucular üçün yazılmış şeirlərin,
hekayələrin ucadan oxusunu təşkil etmək olar. Çünki, ifadəli oxudan sonra adətən
kitabxanaçı uşaqlarla sual-cavab keçirir və bu sual-cavab əsasında uşaqların nə
dərəcədə diqqətcil olmaları, onların zehni, şeirləri qavrama qabiliyyətləri demək
olar ki, müəyyənləşdirir. Məktəbəqədər yaşlı və kiçikyaşlı oxucularımız üçün
Abdulla Şaiqin “Keçi”, “Xoruz”, “Bənövşə”, Təmizlik“, “Ana yurdum”, “Top
oyunu” və s. şeirlərinin ucadan oxusunu təşkil etmək olar. Bu şeirlərin dili o qədər
sadə, aydındır ki, uşaq bir dəfə oxuyan kimi yadında saxlayır. Ucadan oxudan sonra
həmin bu şeirlərin səhərciyi təqdim olunsa daha maraqlı olar. Belə ki, “Uşaq və
dovşan” şeirinə hazırlanmış səhərcikdə bir uşaq dovşanı, digəri isə uşağın sözünü
deyir:
Uşaq:
Dovşan, dovşan, ay dovşan,
8
Qaçma, dayan, ay dovşan.
Qaçma, səni sevərəm,
Can kimi bəsləyərəm.
Dovşan: Dayanmaram
ay
qardaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
Və yaxud uşağın biri xoruz kimi banlayır, digəri onun səsinə hirslənərək deyir:
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz.
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan.
Qoymayırsan yatmağa,
Ay canı məstan xoruz.
Uşaq psixologiyasına bələd olan şair bu şeirlərlə həm uşaqlara heyvanlar
haqqında ilk məlumat verir, həm də onların nitqini inkişaf etdirməyə çalışmışdır.
Uşaqlarda təbiətə, heyvanlara maraq yaratmaq məqsədilə şairin “At” və “İt” şeiri
əsasında da da səhərcik hazırlamaq uşaqlar üçün maraqlı və əhəmiyyətli olar.
Səhərciyi təqdim edirik:
Oxucular təmsil etdiyi heyvanın simasında səhnədə görünür.
I Oxucu (İt):
Haf,
haf,
haf!..
Bax, mən belə hürürəm.
Haf, haf, haf!..
Ev-eşiyi güdürəm.
Haf, haf, haf!..
Oğru görsəm: mır, mır...
Mırıldayıb uçaram.
Atılaram üstünə,
Bir qiyamət açaram.
Haf, haf, haf!..
Qaç oğru, gəlmə, gəlmə!
Bir şey duşməz əlinə.
Yırtaram üst-başını
Lüt gedərsən evinə.
Haf, haf, haf!..
II Oxucu (At):
Qara xallı atım, qaç!
Üstü xallı atım, qaç!
Yorğala, uç quş kimi
Apar məni nənəmə.
Qaçın, qaçın!
Tez yol açın!
Tram... trım...
Uçur atım.
9
Uç nənəmin yanına,
Bir qol salım boynuna.
Alma versin o bizə,
Dönək yenə evimizə.
Gözün bənzər ceyrana,
Qulaqların dovşana.
Qoçaq atım, yorğala,
Arpa verəcəm sana.
Qaçın, qaçın!
Tez yol açın!
Tram... trım...
Uçur atım.
Səhərcikdən sonra kitabxanaçı ev heyvanları olan at və it haqqında onlara məlumat
verməlidir. Hər iki heyvanın insanların həyatında mühüm rol oynadığı, insanlara
etibarlı, sadiq olmaları haqqında danışmalıdır. Onlara tövsiyə etməlidir ki, uşaqlar
bu heyvanları incitməməli, onları sevməlidir.
Uşaqların şairin yaradıcılığı haqqında bilgilərini müəyyən etmək üçün onlar
arasında kiçik bir test keçirmək də məqsədə müvafiq olar. Bu testi keçirməkdə
məqsədimiz oxucularda şairin həyat və yaradıcılığı haqqında bilgilərini müəyyən
etməkdir. Testi aşağıda təqdim edirik:
1. Abdulla Şaiq neçənci ildə anadan olub?
A . 1922
B. 1901
C. 1891
D.1881*
2. Abdulla Şaiq harada anadan olmuşdur?
A
.
Bakı
B. Şamaxı
C. Tiflis*
D. Qazax
3. İlk kitabı neçənci ildə çapdan çıxıb?
A . 1910
B. 1911*
C. 1906
D. 1909
4. Aşağıdakı hansı cizgi filmin müəllifi Abdulla Şaiq deyil?
10
A . “Pıspıa xanım və Siçan bəy”
B. “Tülkü həccə gedir”
C. “Cırtdanın yeni sərgüzəşti”*
D. Heç birinin
5. Abdulla Şaiq hansı sənətin sahibidir?
A
.
Həkim
B. Ədəbi işçi
C. Mühəndis
D. Müəllim*
6. Abdulla Şaiq hansı fəxri ada layiq görülüb?
A
.
Xalq
şairi
B. Əməkdar mədəniyyət işçisi
C. Əməkdar incəsənət xadimi*
D. Fəxri adı yoxdur
7. “...Qoymayırsan yatmağa....” misrasının davamı necədir?
A.Qaçma, dayan, a dovşan
B.
Mən quş olub uçaram
C.
Ay
qoşa buynuz keçi
D.
Ay
canı məstan xoruz*
8. Bakı şəhərində hansı teatr şairin adını daşıyır?
A . Akademik Dram teatrı
B. Kukla teatrı*
C. Gənc Tamaşaçılar teatrı
D. Musiqili Komediya teatrı
9. Aşağıdakı hansı kitabın bu il yubileyi deyil?
A.
Yaxşı arxa
B.
Tülkü,
qarğa, hacıleylək
C.Tıq-tıq xanım
D.
Tülkü
və xoruz
F. Tülkü həccə gedir.*
10. Abdulla Şaiqin ilk şeiri hansıdır?
A. “Lay-lay” *
B.
Bahar
nəğməsi
11
C.
Oyan,
oğlum
D.
Məktəbdə
Cavablar :
1. D
4. C
7. D
10. A
2. C
5. D
8. B
3.B
6. C
9. F
Ədəbi-bədii gecələr kitabxanalarda keçirilən əsas tədbirlərdən biridir. Şairin
yubileyi münasibətilə hazırladığımız “Ey mehriban uşaqlar, siz yaşayın
bəxtiyar!” adlı ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik. Tədbir keçirilən
zalın divarları ədibin şəkilləri və onun yubileyinə həsr olunmuş sərgisi ilə
bəzədilir.
I Aparıcı:
Salam əziz uşaqlar, hörmətli qonaqlar. Hamınızı sevimli
şairimiz Abdulla Şaiqin 130 illik yubileyinə həsr olunmuş
tədbirdə xoş gördük.
II Aparıcı:
Yenə təntənə var Azərbaycanda
Şaiq günləridir, Şaiq ilidir.
Şaiqi yaşadan ürəkdə, canda,
Bu xalqa, vətənə Şaiqliyidir.
Dağlara səs saldı “Dağlar soltanı”,
“Köç” də köç eylədi ağ günə sarı.
“Simurq quşu” etdi Şaiq babanı
Bizim “Əsrimizin qəhrəmanları”.
“Hürriyyət pərisi” açdı qol-qanad,
Sevindi “bir günəş zərrəsi kimi”.
Qovuşdu Eloğlu, Araz, Qoçpolad
Əbədi bir “Ana” körpəsi kimi.
I Aparıcı:
Arzusu
“Səadət”, sevgisi “Vətən”,
Niyyəti ən ülvi, böyük əməllər.
“Şaiq məktəbindən”, Şaiq irsindən
Dərs alıb yetişdi neçə nəsillər.
Dünyaya, insana məhəbbətilə
Könülə gün doğdu, ulduz parladı.
Böyük sənətilə, şəxsiyyətilə
Müəllimlər müəllimi çağrıldı adı.
Yenə təntənə var Azərbaycanda
Şaiq günləridir, Şaiq ilidir.
12
Şaiqi yaşadan ürəkdə, canda,
Bu xalqa, vətənə Şaiqliyidir.
II Aparıcı:
Bəli, görkəmi şair, nasir, dramaturq, ədəbiyyatşünas alim
Abdulla Şaiqin bu gün ad günüdür. Abdulla Şaiq xalqa
canı, qanı, ruhu ilə bağlı olan və vətəninə sonsuz
məhəbbətinə görə xalq arasında böyük nüfuz qazanan söz
ustalarından idi. O, uşaq yazıçısı kimi Azərbaycan
ədəbiyyatında şərəfli yer tutur. 1906-cı ildən başlayaraq
ömrünün son günlərinə qədər uşaqlar üçün bir-birindən
gözəl, yüksək tərbiyəvi əhəmiyyəti olan və heç bir zaman
aktuallığını itirməyəcək əsərlər yaratmışdır. Onun əsərləri
hətta kiçik oxucularımız tərəfindən də maraqla oxunur.
I Aparıcı: Onun
orta
məktəb dərsliklərinə salınmış şeirləri, oxucular
arasında geniş yayılmış hekayələri və digər əsərləri həmişə
bizim dilimizin əzbəri olmuşdur. Biz Abdulla Şaiqi əvvəl
uşaq yazıçısı kimi tanımış, sonralar isə böyüdükcə onu
gəncliyin ən sevimli sənətkarlarından biri kimi qəlbimizdə
yaşatmışıq. “Keçi”, “Xoruz”, “Uşaq və dovşan” kimi
şeirləri, “Köç”, “Məktub yetişmədi”, “İldırım”, “Xasay”
əsərləri, o cümlədən “Araz” romanı yadımızdan çıxarmı?
Heç vaxt! Bu əsərlərin hər biri həmişə təravətli olmaqla
bərabər, gənc nəsildə xoş duyğular, mübarizlik hissi oyadır
və onun tərbiyəsinə xidmət edir.
II Aparıcı: Abdulla
Şaiqin uşaq şeirləri uşaqların özü kimi
bapbalacadı. Uşaq dünyasına bələd olan şair otu, çiçəyi,
gülü, heyvanı danışdırır. Abdulla Şaiq uşaq şeirlərində
balacaların ürəyinə ilk poetik qığılcımlar səpməyə, təbiət
gözəlliklərini onlara sevdirməyə çalışır. Onun təbiət
təsvirlərinə, qışın, baharın, payızın təsvirinə həsr etdiyi
şeirlər maraq doğurur. Şair balacalrı vətənə məhəbbət
ruhunda tərbiyə edir.
Kiçik yaşlı oxucunun ifasında “Ana yurdum” şeiri
dinlənilir.
Aparıcı üzünü tədbirin balaca iştirakçılarına tutub deyir:
Mənim balaca dostlarım, yəqin ki, hamınız Abdula Şaiqin
əsərlərini oxumusunuz. Deyin görək onun “Qışın
nəğməsi”, “Yetim cücə”, “Oyan oğlum”, “Uşaq və
dovşan”, “Quzu” şeirlərini hamınız əzbər bilirsinizmi?
Uşaqlar xorla:
Bəli.
Aparıcı: Onda
mənə kömək edin. Mən sizə bir şeir oxumaq
istəyirəm. Yaxşıca qulaq asın, birdən şeiri səhv deyərəm
ha!
Ala-bula boz keçi,
13
Ay qoşa buynuz keçi.
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan....
Uşaqlar yerdən qışqırırlar: Düz demirsiniz.
Aparıcı:
Düz
demirəm? Siz mənim yadıma sala bilərsiniz?
İştirakçılardan biri aparıcıya yaxınlaşıb şeiri deyir.
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz.
Sən nə tezən durursan,
Qışqırıb banlayırsan.
Qoymayırsan yatmağa.
Ay canı məstan xoruz.
Aparıcı: Ay
sağ olun. Bir şeiri də deməyə mənə kömək edin. Axı
mən keçi ilə xoruzu qarışdırmışam. “Keçi” şeirini kim
deyə bilər?
II iştirakçı “Keçi” şeirini əzbərdən deyir.
Aparıcı:
Yaxşı uşaqlar. Deyin görüm bu şeirləri yazanı tanıyırsınız?
Əgər tanıyırsınızsa onun başqa şeirlərini deyə bilərsiniz?
Üç balaca oxucu səhnəyə daxil olur və A. Şaiqin müxtəlif şeirlərindən söyləyirlər.
I
Oxucu:
Səhər durunca,
Əlimdə fırça,
Sildim dişimi,
Bildim işimi.
İnanmırsan bax,
Dişim ağappaq.
Üzüm tərtəmiz,
Bax, beləyik biz.
II
Oxucu:
Hop,
hop,
hop,
Oynayaq top-top.
Quş tək qanad aç,
Topu atdım, qaç!
Əlin belində,
Güllər əlində,
Sağdan sola aş,
Qaç, durma, yoldaş!
Dik tut başını,
Vur yoldaşını.
Topu tut göydə,
14
Qaçın birlikdə.
Ura, irəli!
Dönməyin geri.
III Oxucu: Günəş doğdu, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, meşə, bayırlar,
Səhralar, həm çayırlar
Bir nur içində qaldı,
İşıq dünyanı aldı.
Üfüq alışdı, yandı,
Bütün quşlar oyandı.
Ötüşdü şad və xəndan
Səs ilə doldu orman.
Oxucunun ifasında “Qərənfil” mahnısı səslənir.
I Aparıcı:
Şairin mənzum nağılları və poemaları da onun
yaradıcılığında xüsusi yer tutur. Abdulla Şaiq uşaqlara
hiyləgərliyi başa salmaq üçün “Tülkü həccə gedir”,
dostluğu öyrənmək və onu qiymətləndirmək üçün “Tıq-tıq
xanım” mənzum nağıllarını yazmışdır. Bu əsərlər geniş
şöhrət qazanmışdır. Təsadüfi deyil ki, bu əsərlərin
motivləri əsasında eyniadlı cizgi filmləri çəkilmişdir.
II Aparıcı: Hər iki əsərlərdə uşaq təfəkkürünə uyğun nağıl süjeti
vardır. Tülkünün hiyləgərlik edərək əlinə təsbeh alması,
guya elədiyi günah işlərdən peşiman olması. “Həccə
getməsi”, özünü əməli-saleh adam kimi göstərib toyuq-
cücəyə kələk qurması, onları parçalayıb yeməsi maraqlı bir
dillə nəql edilir. Gəlin balaca oxucularımızın ifasında
“Tülkü həccə gedir” əsərindən səhnəciyə tamaşa edək.
Kiçik yaş qrup oxucuların ifasında “Tülkü həccə gedir” nağılından bir parça
göstərilir.
I Aparıcı:
Bildiyimiz kimi Abdulla Şaiq həm də roman, hekayə,
povest müəllifi kimi tanınır. O “Məktub yetişmədi”,
“Köç”, “Daşqın”, “Pirin kəraməti”, “İblisin hüzurunda”,
“Özü bilsin mənə nə”, “Baş üstdə” kimi hekayələrin,
“Xasay” povestinin, “Əsrimizin qəhrəmanları”, “Dursun”,
“Araz”, “İki müztərib yaxud əzab və vicdan” romanlarının
müəllifidir. Abdulla Şaiq dramaturgiya janrında da
qələmini sınamış, yazdığı mənzum pyeslər Kukla, Gənc
Tamaşaçılar teatrında müvəffəqiyyətlə səhnəyə
qoyulmuşdur. O, uşaqlar üçün yazdığı səhnə əsərlərində
nağıl süjetlərindən bacarıqla istifadə etmişdir.
15
II Aparıcı:
Abdulla Şaiqin əsərləri hər dövrdə oxucuların diqqət
mərkəzində olmuşdur. Bu səbəbdən də onun əsərləri tez-
tez nəşr olunur. Hətta şairin bəzi kitablarının bu il 100 yaşı
qeyd olunur. Belə ki, balaca oxucularımızın ən çox sevdiyi
“Yaxşı arxa”,“Tıq-tıq xanım”, “Tülkü və xoruz” kitabları
bu il düz 100 yaşını qeyd edir. Uşaqlar, həmin kitablar
sizinlə görüşə gəlib. Gəlin onları qarşılayaq.
(Səhnəyə 100 yaşı tamam olan “Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək”,“Tıq-tıq
xanım”, “Tülkü və xoruz” kitabları daxil olur. Onların yaxalarında kitabların üz
qabığının şəkli əks olunmuşdur.)
Tıq-tıq xanım:
Gəlin sizə uşaqlar,
Söyləyim bir hekayət.
Günlərin bir günündə,
100 il bundan qabağa
Mən gəlmişəm dünyaya.
Kitabıma baxanda,
Onu varaqlayanda,
Sürməli gözlərimi,
Uzun hörüklərimi,
Salarsınız tez yada.
Unutsanız siz məni,
Baxıb cizgi fiminə,
Orda görərsiz məni.
Kitabımla yanaşı
Maraqlı həyatımı,
Dostumu, sirdaşımı,
Sizlərə sevdirmişəm
Sizinlə sevilmişəm.
İndi deyirəm sizə
Daha dostu neylərəm?
Yanımdadır dostlarım
Tülkü, xoruz və qarğa
Hacıleylək “Yaxşı arxa”.
100 il bundan qabağa
100 il bundan sonra da.
Yeganə dostum mənim
Bax, bu kitablarımdır.
Birlikdə:
Bizi
də unutmayın,
Siz yaddan çıxartmayın.
Açın, oxuyun bizi,
Təmiz qoruyun bizi.
Sizə kömək olarıq,
16
Yaxşı arxa olarıq.
(Oxucunun ifasında “Bənövşə”mahnısı səslənir).
I Aparıcı:
İllərin bir-birini əvəz etməsinə baxmayaraq Abdulla Şaiq
yaradıcılığı Azərbaycan ədəbiyyattında tutduğu mövqeyini heç
bir zaman itirmir və itirməyəcək. Onun əsərləri istər böyüklərin,
istərsə də azyaşlı oxucuların hər zaman ən çox müraciət etdiyi və
sevərək oxuduğu əsərlər olaraq qalacaq. Çünki şairin hər bir
əsərlərinin hər bir misrasında, sətrində
səmimiyyət,
vətənpərvərlik, sadiqlik, dostluq kimi ülvi hisslər yatmaqdadır.
Məhz bu keyfiyyətlər də Azərbaycan oxucusu üçün ən böyük
mirasdır.
II Aparıcı: Beləcə də tədbirimizin sonuna gəldik. İndi isə hamınızı Aybəniz
Haşımovanın “Bülbüllər” ansamblının ifasında sizə təqdim
olunacaq, mahnı çələngini dinləməyə dəvət edirik. Musiqidən
sonra isə sizi cox sevdiyiniz cizgi filminə baxmağa dəvət edirik.
(“Pıspısa və Siçan bəy” cizgi filmi oxuculara təqdim olunur. Cizgi filmindən
sonra kitabxanaçı qonaqları, tədbir iştirakçılarını Abdulla Şaiqin ev muzeyində
tərtib olunmuş, şairin həyat və yaradıcılığını əks etdirən şəkillərə baxmağa dəvət
edir).
SON
17
Ədəbiyyat siyahısı.
İnternetdə:
www.google.az
Kitablar:
1. Şaiq Abdulla. Seçilmiş əsərləri / Abbas Səhhət, Abdulla Şaiq. Seçilmiş əsərləri.-
B.: Çaşıoğlu, 2006.- 336s.
2. Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə. I cild. Təkrar nəşr.- B.: Avrasiya Press
2005.- 496s.
3. Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə II cild. Təkrar nəşr.- B.: Avrasiya
Press, 2005.- 568s.
4.Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə. III cild. Təkrar nəşr.- B.: Avrasiya
Press, 2005.- 536s.
5. Şaiq, Abdulla. Ay pipiyi qan xoruz. - Hüseynov.- B.: Turan, 2002.- 14s.
6. Şaiq Abdulla. Arazdan Turana.- B.: Nurlan, 2004.- 264 s.
7. Şaiq Abdulla. İki qəhrəman.- B.: Araz, 2003.- 16 s.
8. Şaiq Abdulla. Tıq-tıq xanım.- B.: CBS Polygraphic production, 2001.- 19 s.
9. Şaiq Abdulla. Tülkü həccə gedir.- B.: CBS Polygraphic production, 2001.- 14 s.
Dövri mətbuatda və kitablarda:
1. Şaiq Abdulla. Ana: şeir // Göy qurşağı.- 2009. - № 2.- S.3.
2. Şaiq Abdulla. Cöyərçin: şeir // Göyərçin.- 2008.- № 1.- S.5.
3. Şaiq Abdulla. Kiçik qəhrəman: hekayə // Savalan.- 2009.- 3-5 fevral.- S.3-8.
4. Şaiq Abdulla. İntiqamçı xoruz // Azərbaycan dramaturgiyası antologiyası. 4
cilddə. C.1.- B.: Şərq-Qərb, 2007.- S.294-301.
5. Şaiq Abdulla. Məktub yetişmədi ; Göbələk ; Pirin kəraməti : hekayələr //
Azərbaycan nəsri antologiyası. 5 cilddə. C.2.- B.: Şərq-Qərb, 2006.- S.220-223.
6. Şaiq Abdulla. Möhtərəm müəllimimiz Həsən bəy Zərdabinin vəfatına // Füyuzat.
- 2009.- N 4(48).- S.5.
7. Şaiq Abdulla. Murad ; Usta Bəxtiyar ; Oyunçu bağalar : hekayələr // Azərbaycan
uşaq ədəbiyyatı antologiyası. 3 cilddə. C.3.- B.: Öndər, 2005.- S.73-99.
8. Şaiq Abdulla. Sözün qiyməti // Savalan.- 2008.- 2-4 dekabr.- S.16.
9. Şaiq Abdulla. Təbiət və biz : Ətraf mühiti qorumağın yolu çoxdur // Azərbaycan.
- 2009.- 18 noyabr.- N 258.- S.7.
10. Şaiq Abdulla. Uşaq ; Dovşan ; Keçi və s.: şeirlər // Azərbaycan uşaq ədəbiyyatı
antologiyası. 3 cilddə. C.2.- B.: Öndər, 2004.- S.69-91.
HAQQINDA
Kitablarda və dövri mətbuatda:
1. Baharlı M. Yazıçının yetirmələrindən və tədqiqatçılarından eşitdiklərim : Abdulla
18
Şaiq - 125 / M. Baharlı // Azərbaycan müəllimi.- 2006.- 21 aprel.- S.7.
2. Əlioğlu M. A.Şaiqin romantikası və romantik qəhrəmanları // Darıxan adamlar. 2
cilddə. I c.- B.: Təhsil, 2009.- S.170-184.
3. Əsgərli Ə. Bir günəşin zərrəsi : Abdulla Şaiq haqqında / Ə. Əsgərli // Ədəbiyyat
qəzeti.- 2010.- 16 iyul.- N 33. - S.5.
4. İsmayıloğlu A. Abdulla Şaiq və ədəbi mühit / A. İsmayıloğlu // Ədəbiyyat
qəzeti.- 2008.- 18 aprel.- S.2.
5. Mirzə Nizami. O, xalqının maariflənməsi üçün çox iş görmüşdür : Xalq yazıçısı
Abdulla Şaiq haqqında nəvəsi Ülkərin xatirələri / N. Mirzə // Azərbaycan müəllimi.
- 2008.- 4 aprel.- S.6.
6. Mirzəliyev Canalı. Bizim Abdulla Şaiqimiz vardı... / C. Mirzəliyev //
Mədəniyyət.- 2008.- 14 avqust.- S.6.
Tərtib edən: Nailə Həşimova – F.Köçərli adına Respublika Uşaq Kitabxanası elmi-
metodika şöbəsinin müdiri
Redaktor: Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
Direktoru
Dostları ilə paylaş: |