Azərbaycan Respublikasında istehsal olunan malların vahid
məlumat bazasının yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
İqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan
Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Aparılan
iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə olunmuş,
qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artmış, ixrac potensialı yüksək
olan rəqabətqabiliyyətli malların istehsalı genişlənmişdir.
Ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin və istehsal imkanlarının artması
onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsini, Azərbaycan
mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasını və tətbiqini
zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək,
yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara
inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirmək
məqsədi ilə qərara alıram:
1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:
1.1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları
barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində)
fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etsin;
1.2. həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi
ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.)
istifadəsi sadə olan axtarış sistemi yaratsın;
1.3. informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə
istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil
olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi
məqsədi ilə portalda “elektron kabinet” bölməsi yaratsın;
1.4. malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi
olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirsin;
1.5. yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin
etsin;
1.6. bu Sərəncamın 3-cü hissəsinə əsasən ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı
üzrə xərclənməsini təmin etsin;
1.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə
bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portalın yaradılması məqsədi ilə
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinə 400,0 (dörd yüz) min manat ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 3-cü hissəsində göstərilən
məbləğdə maliyyələşməni təmin etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
6. Yerli icra hakimiyyəti orqanları onlara aid inzibati ərazi vahidlərində fəaliyyət
göstərən
malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların bu
Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portal istifadəyə verildikdən sonra həmin
malların istehsalçıları tərəfindən dörd ay müddətində portalda yerləşdirilməsinin təmin
edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirsinlər və məlumatların mütəmadi
olaraq yenilənərək aktual saxlanmasına nəzarət etsinlər.
7. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına
tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun müraciəti
ə
sasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2016-cı il.