BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Təbiət elmləri seriyası
2009
EKOLOJİ TURİZM: MAHİYYƏTİ VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ
H.B.SOLTANOVA
Bakı Dövlət Universiteti
soltanova-habiba@rambler.ru
Turizm sahəsinin xüsusi sektoru olan ekoloji turizm dünya turizm bazarının təqribən 10
faizini əhatə edir. Bu sektorun inkişaf sürəti isə bütövlükdə turizm sənayesinin inkişaf
sürətindən 2-3 dəfə artıqdır. Ekoturizmi adi turizmdən fərqləndirən xüsusiyyətlər vardır və
onun inkişaf istiqamətləri müxtəlifdir. Ekoturizmin inkişafı üçün uyğun ərazilər seçilməlidir.
Son illər turizm sektoru dünyada gəlir gətürən biznesin mühüm növlərindən
birinə çevrilmişdir. ÜTT-nin məlumatına görə, beynəlxalq turizmdən əldə olunan
gəlir 856 mlrd. dollar təşkil etmişdir ki, bu da beynəlxalq səyahətlərdə iştirak edən
903 milyon turistdən əldə olunmuşdur (2008-ci il).
Araşdırmalar sübut edir ki, XX əsrin 80-ci illərində səyahət edənlərin məqsəd-
ləri daha aydın və qabarıq nəzərə çarpmağa başladı. Hay-küylü şəhərlərdən ənənəvi
kənd yerlərinə, isti və günəşli yerlərdən kölgəli meşəliklərə istiqamətlənən turistlərin
sayı sürətlə artdı. Bu isə ekoloji turizmin fenomenə çevrilməsi haqda fikir söyləməyə
imkan yaradır.
Təbiət qoynuna səyahət dedikdə, ilk növbədə ekoturizm (ekoloji turizm) ter-
mini işlədilir. Ekoturizm təbiət turizminin mühüm tərkib hissəsidir, turizmin konkret
forması olmaqla onun ətraf mühitə təsiri də müxtəlif formada təzahür edə bilər.
«Ekoturizm» anlayışı qoruq zonalar və təbii parklarda müasir fəaliyyətdə geniş
istifadə olunur. Son 15 il ərzində dünyada turizmin bu növünün sürətli inkişafı təkcə
ətraf mühitin vəziyyətinin korlanması ilə deyil, populyar istirahət rayonlarının (dağ
kurortları, isti dəniz sahilləri) daha çox «mədəniləşdirilməsi» ilə izah olunur. Alimlər
və turizm mütəxəssisləri tərəfindən ekoturizmə verilən təriflər müxtəlifdir.
Ekoturizm, ilk növbədə bütün dünyada milli və təbiət parkları, qoruqlar və
digər mühafizə olunan təbii ərazilər kimi tanınan yaxşı saxlanılmış təbii ərazilərə
səyahətlər və səfərlərdir.
İkincisi, ekoturizm ətraf mühitə mənfi təsirin zəif olması ilə fərqlənir. Ona görə
də onu «yumşaq turizm» adlandırırlar. Məhz bu xüsusiyyətinə görə ekoturizm xüsusi
mühafizə olunan təbii ərazilərdə təbii ehtiyatlardan səmərəli istifadədə təcrübi
cəhətdən turizmin yeganə növü sayılır.
Üçüncüsü, ekoturizm müəyyən, kifayət qədər ciddi davranış qaydaları olmasını
tələb edir ki, bunlara əməl edilməsi həmin sahənin müvəffəqiyyətli inkişafı üçün əsas
şərtdir.
Dördüncüsü, ekoturizm yerli icmalara təkcə xidməti personal kimi işləmək
deyil, həm də mühafizə olunan ərazilərdə yaşamaqda davam etməyi, təbiətdən istifa-
dəni təmin edən ənənəvi təsərrüfat fəaliyyəti ilə məşğul olmağı təklif edir. Təbiidir ki,
209
ekoturizm əhali üçün müəyyən gəlir gətirir və sosial-iqtisadi inkişafa təsir edir.
Ekoturizmi adi turizmdən fərqləndirən beşinci xüsusiyyət irəli sürülür. Belə ki,
ekoturizm səyahətçilər üçün istirahət, əyləncə və ekoloji təhsilin vəhdəti olan
turizmdir. ABŞ-ın Ekoturizm Cəmiyyəti tərəfindən ekoloji turizmə tərif verilmişdir.
Bu tərifə görə, ekoturizm – nisbətən toxunulmamış təbiətə ekosistemin bütövlüyünü
pozmadan, həmin ərazinin təbii və mədəni-etnik xüsusiyyətləri haqda təəssürat əldə
etmək məqsədilə səyahətdir ki, bu da təbiətin mühafizəsi yerli əhali üçün əlverişli
iqtisadi şərait yaradır. Deməli, ekoturizm iqtisadi cəhətdən məqsədəuyğun və
əlverişlidir.
Rus ədəbiyyatlarında ekoloji turizm və turizmin ekolojiliyi terminləri də
işlədilir. Ekoloji turizm – ekoloji ehtiyatlara istiqamətlənməni, turizmin ekolojiliyi isə
ekoloji təhlükəsizlik və ya dayanaqlılığı ifadə edir.
Ekoturizmi onun növlərinin müxtəlifliyinə görə iki əsas qrupa bölmək olar:
1.Xüsusi mühafizə olunan təbii ərazi və akvatoriyaların sərhədində ekoturizm.
Belə ərazilərdə təşkil edilən turlar təbiət turizmində ənənəvi istiqamətdir;
2.Xüsusi mühafizə olunan təbii ərazi və akvatoriyaların sərhədindən kənarda
ekoturizm. Bu tip turları təbiət istiqamətli turizmin geniş sektoruna aid etmək olar.
Aqroturizmdən başlamış komfortlu kruiz səfərləri ekoturların xüsusi qrupunu təşkil
edir.
Məlumdur ki, ekoturizmi istənilən yerdə təşkil etmək və inkişaf etdirmək ol-
maz. Ekoturizm və ekoturlar aşağıda göstərilənlərin mövcudluğu şəraitində müm-
kündür:
1. Xüsusi mühafizə olunan ərazilərin olması;
2. Ərazidə ekosistem və landşaftın estetik müxtəlifliyi, həmçinin onların
ekoloji və bioiqlim əlverişliliyi;
3. Məskunlaşma mərkəzlərindən uzaqlıq. Qeyd etməliyik ki, bununla səfərin
xərcləri də müəyyən edilir;
4. Nəqliyyat imkanları və infrastrukturun olması;
5. Regionun və marşrutların tanınmış və məşhur olması. Bu parametrlərlə
həmin ərazilər istehlakçılar tərəfindən fərqləndirilir. Bəziləri «vəhşi» (təşkil olunma-
mış) piknik məqsədli turistlər, digərləri isə reklam vasitəsilə informasiya alan
istehlakçılardır.
6. Ekoturizmin sxeminin müəyyən edilməsi: yollar sistemi (hərəkət infrastruk-
turu) – məişət xidməti sistemi (qidalanma, yaşayış) – xalq yaradıcılığı və mədəni
mübadilə sistemi – marketinq park xidməti sistemi – təhlükəsizlik və sosial-mədəni
rifah sistemi – ekoloji müdafiə sistemi – bunlar infrastrukturun elə elementləridir ki,
həm ekoloji, həm də dayanaqlı turizm üçün zəruri sayılır.
Ekoturizmin təbiət turizmi, aqroturizm, əyləncə turizmi, macəra turizmi, elmi,
dərketmə, rekreasiya, yaşıl turizm, kənd turizmi və digər növlərini ayırırlar.
Təbiət turizmi – obyekti istənilən təbiət həm canlı, həm də cansız (məsələn,
mağara, dağlar, hovuzlar və s.) olan turizmdir.
Ümumdünya Turizm Təşkilatı ekoturizmə daxil olan əyləncəli turizm terminini
daha geniş anlayış kimi işlədir. Lakin ekoturizm əyləncəli elementlərə malik olsa da,
əyləncə heç də həmişə ekoturizmdə «xalis» formada başa düşülmür. Ona görə də daha
doğru olar ki, «əyləncə turizmi»nin «ekoturizm»i üstələmədiyi başa düşülsün və
qəbul edilsin.
Ekoturizmin nəqliyyat növlərinə görə də təsnifatı mövcuddur. Nəqliyyat
210
növlərinə görə piyada, xizəklə, atla, velosipedlə, avtomobillə, hava ilə (planer,
aerostat) ekoloji su turizmi (yelkənli qayıqla, yüngül idman qayığı ilə) ayırırlar. Son
zamanlar aqroturizm və ya aqroekoturizm növləri daha geniş yayılmışdır. Bü, kənd
yerlərində turizmdir ki, turistlər öz istirahət vaxtlarında ferma və xutorlarda kənd
həyat tərzini yaşayırlar. Turizmin bu növü daha çox Qərbi Avropa ölkələri, ABŞ,
Braziliya, Meksika üçün səciyyəvidir. Bu ölkələrdə aqroturizmin inkişafı təbii
landşaftların daha çox olması və kənd təsərrüfatı cəhətdən mənimsənilmiş ərazilərin
yüksək səviyyəsi ilə izah olunur.
İtaliyada ekoloji turizm milli parklarda inkişaf etdirilir. Son zamanlar dayanaqlı
və yaşıl turizm terminləri də işlədilir. Bunlar texnologiyadan istifadə etməklə ətraf
mühitə təsiri minimal səviyyəyə endirən turizm kimi başa düşülür. Lakin hər hansı
dayanaqlı turizm ekoturizm sayıla bilməz. Belə ki, ekoloji texnologiya çimərlik
turizminin təşkilində, iri şəhərlərdə mehmanxana işində və hətta aviadaşımalarda
istifadə oluna bilər.
Bir qayda olaraq, turist səfər zamanı bir tərəfdən müəyyən həcmdə öyrənmək,
digər tərəfdən təbiət qoynunda dincəlməyi arzulayır. Bu məqsədlə ekoturizmin elmi,
dərketmə və rekreasiya növünü ayırırlar.
Elmi ekoturizmlə turistlərin nisbətən az hissəsi məşğul olur. Lakin turizmin bu
növü uzaq və az öyrənilən rayonlar haqda informasiya mənbəyidir ki, bu da həm elm
üçün, həm də ekoturizmin inkişafının planlaşdırılması üçün zəruridir.
Təcrübi olaraq hər bir ekosəyahət dərketmə məqsədi daşıyır. Dərketmə
turizminin elmi ekoturizm kimi obyektləri bioloji növlərin müşahidəsi nöqteyi-
nəzərindən çox maraqlıdır.
Ekoturistləri xüsusi diqqətəlayiq cansız təbiət obyektləri də çox maraqlandırır.
Bunlar geomorfoloji, hidroloji və digər obyektlərdir (dağlar və vadilər, mağaralar, göl
və çaylar). Burada dərketmədən başqa ekoturizmin rekreasiya elementləri
reallaşdırılır ki, bu da idman turizmi, alpinizm, xizək, at, su və piyada yürüşlər, fəal
və passiv istirahətin müxtəlif növlərini əhatə edir.
Nəhayət, dərketmə ekoturizm obyektlərinə çox hallarda mədəni, tarixi və ya
etnoqrafik xüsusiyyətlər (təbii mühitdən ayrılmayan, təcrid olunmayan) aid edilir.
Ekoturizm fəaliyyətinin çox yayılmış növlərinə piyada yürüşlər, quşların
müşahidəsi, kino və fotoçəkilişləri, ekosafari, çadır şəhərciklərində istirahət, dağlara
səfər və alpinizm, balıq ovu, su turizmi, botaniki ekskursiya, arxeoloji turizm,
speleoturizm, estetik kəpənəklərin müşahidəsi və s. aid edilir.
Azərbaycan Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun
təbiətinin əzəmətliliyi, landşaftının nadir tipləri, ayrı–ayrı guşələrinin təkrarolunmaz
gözəlliyi ekoturizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır.
Quba–Xaçmaz rayonunun həm düzən (mənzərəli meşələri, gözəl çimərlikləri
olan sahil zonası), həm də dağlıq hissəsində ekoturizmin su turizmi, təbiətdə ov, dağ –
piyada turizm, rekreasiya, mədəni-etnik turizm növlərini inkişaf etdirmək olar.
Şəki–Zaqatala rayonunda coğrafi şəraitin müxtəlifliyi turizmin müxtəlif, o
cümlədən ekoloji (dağ-payada, macəra, rekreasiya, dərketmə) növlərini inkişaf
etdirməyə imkan verir. Rayonun iqlim şəraiti maydan oktyabradək olan müddətdə
dağətəyi zonada avtomobil, piyada və su turizm marşrutları üçün əlverişli dövrdür.
Təbii landşaftlar, mənzərəli meşələr, subalp və alp çəmənləri, zəngin heyvanat aləmi,
çaylar və mineral bulaqlar, şəlalələr rayonun toxunulmamış ərazilərinə turistləri cəlb
edir. Zaqatala qoruğunda flora və fauna ilə tanış olmaq imkanı var. Bu ərazilərə təbiət
211
turlarının mütəşəkkil təşkili məqsədəuyğun olardı.
Gəncə – Qazax iqtisadi rayonunun təbii coğrafi şəraiti, inkişaf etmiş sənayesi
və kənd təsərrüfatı, eləcə də görməli yerləri və ekskursiya obyektləri burada turizm
fəaliyyətinin bütün növlərini inkişaf etdirməyə imkan verir. Rayonun dağlıq hissəsi
zəngin təbii landşaftlara, mənzərəli dağ meşələri və çəmənlərə, dağ çayları və göl-
lərinə, mineral bulaqlara malikdir. Göy – göl, Maralgöl və s. dağ gölləri fıstıq və şam
ağacı meşələrində yerləşir. Kəpəzin ətəyində olan bu ərazi yerli və əcnəbi turistlər
arasında da məşhurdur. Landşaftların müxtəlifliyi və gözəlliyinə görə bu rayon
Azərbaycanda təkrarsızdır. Bütün bu imkanlardan istifadə edərək təbiət turizmini
inkişaf etdirmək olar.
Lənkəran - Astara rayonunda Lənkəran ovalığı və onu əhatə edən orta dağlıq
ərazi çox mənzərəlidir. Buranı Azərbaycanın Rivyerası da adlandırırlar. Burada kənd
turizmini, rayonun Xəzər dənizi sahillərində su turizmini, Hirkan və Qızılağac qoruq-
larında foto-ovçuluq turizmini inkişaf etdirmək olar. Talış dağları çətin keçilən, bəzi
yerlərdə isə sıldırım yamaclıdır. Lakin Talış dağlarının sarmaşıqlarla sarılmış
meşələrinə ekoloji turlar təşkil etməklə, həmin yerlərin landşaftının gözəlliyinə şahid
olmaq mümkündür.
Şirvan rayonunda, Pirqulu, Çuxuryurd, Lahıc, Baskal və digər yerlərdə ekotu-
rizm fəaliyyəti üçün əlverişli təbii imkanlar vardır. Mənzərəli təbii landşaftları, dağ
meşələri, mineral sular və digər rekreasiya ehtiyatları ilə zəngin olan bu rayon
ekoturizmin bəzi növləri (təbiət, kənd, dərketmə turizmi) üçün perspektivli sayılır.
Rayonda maraqlı ekoturlar təşkil etmək imkanı var. Şamaxı, Lahıc, İsmayıllı, Şirvan
milli parkı belə ərazilərdəndir.
Ümumiyyətlə, Azərbaycan Respublikasında toxunulmaz təbiətə malik əraziləri
çoxdur. Təəssüflə qeyd etməliyik ki, ekoturizm və onun müxtəlif növləri respublika-
mızda hələ arzu olunan səviyyədə inkişaf etməmişdir. Azərbaycanın turizm bazarında
ekoturizmi inkişaf etdirmək üçün təbii imkanların reklamı da çox zəif işıqlandırılır.
Bütövlükdə isə ekoloji turizmin inkişafı müasir sosial-iqtisadi böhranın
həllində mühüm rol oynaya bilər. O, təbiətin və ənənəvi mədəniyyətin mühafizəsinə
xidmət edir. Təbiət abidələri ilə tanışlıq turistlərin daxili aləmini zənginləşdirir və
onları təbiəti mühafizə etməyə sövq edir.
Turizmin bu sektoruna tələbatın artması isə yeni, xüsusi mühafizə olunan təbii
ərazilərin, ilk növbədə milli və təbii parkların yaradılmasına səbəb olur. Bir çox
ərazilərdə ekoloji turizm ixtisaslaşmış sahəyə çevrilə bilər ki, bu da təsərrüfat
fəaliyyəti nəticəsində təbiətin dağıdılmasına qarşı alternativ rəqabət hesab oluna bilər.
ƏDƏBİYYAT
1.
Nadirov F.T., Qəhrəmanov M. K. Kənd yaşıl turizmi. Bakı: Adiloğlu”, 2004.
2.
Биржаков М.Б. Введение в туризм: Учеб. Изд. 6-е, перераб. и доп. СПБ. Дом Герда,
2004.
3.
Десяткова Н.Н., Корневец В.С. Организация сельского туризма. Калининград: 2003.
4.
Кусков А.С., Голубева В.Л., Одинцова Т. Н. Рекреационная география. М.: Флинта,
2005.
5.
Сергеева Т. К. Экологический туризм. Учебник. М.: Финансы и статистика, 2004.
6.
Тарасенок А.В. Виды экологического туризма // Туризм и отдых, 2000, №21.
212
ЭКОЛОГИЧЕСКИЙ ТУРИЗМ: СОДЕРЖАНИЕ ПОНЯТИЙ И ПУТИ РАЗВИТИЯ
Г.Б.СОЛТАНОВА
РЕЗЮМЕ
Экологический туризм являющийся особым сектором туристской отрасли охва-
тывает примерно 10 процентов мирового туристского сектора. Скорость этого сектора в
целом в 2-3 раза больше скорости туристской индустрии. Существуют особенности,
отличающие экотуризм от обыкновенного туризма и направления развития у него раз-
ные. Для развития экотуризма должны быть выбраны правильные территории.
ECOLOGICAL TOURISM: THE ESSENCE AND
DIRECTIONS OF ITS DEVELOPMENT
H.B.SOLTANOVA
SUMMARY
Ecological tourism embraces 10% of the tourism market as a special sector of world
tourism. However, the development rate of this sector is 2-3 times more than the one of the
tourism industry. Ecotourism is of distinctive character and its development differs from the
other spheres of tourism. Development of tourism requires right selection of place.
213
Dostları ilə paylaş: |