BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2009
JURNALİSTİKA
İNSAN HÜQUQ VƏ AZADLIQLARI
BEYNƏLXALQ JURNALİSTİKANIN ƏSAS MƏNBƏYİDİR
S.R.MƏMMƏDOV
Bakı Dövlət Universiteti
sabir.rma rambler.ru
Məqalədə qeyd olunur ki, beynəlxalq informasiya əməkdaşlığının mahiyyətində demok-
ratik dəyərlərin inkişafı dayanır. Söz və fikir azadlığı, özünüifadə sərbəstliyi insan haqlarının
ayrılmaz hissəsidir. Müəllif xüsusi vurğulayır ki, insan haqlarının bərqərar olunması bütöv-
lükdə cəmiyyətin inkişafına yeni məzmun gətirir, ölkənin yüksəldilməsinə böyük imkanlar
yaradır.
İdeya və düşüncə azadlığı, insan haqları, şəxs və cəmiyyət münasibətləri tari-
xən həmişə müxtəlif mülahizələr obyekti olmuşdur. Bu məsələ hər bir zaman aparıcı
mütəfəkkirlərin diqqətini cəlb etmişdir. Azadlıqlar sırasında söz və fikir sərbəstliyi
bəşəriyyətin əldə etdiyi ən yüksək dəyərlərdən hesab olunur. Mətbuat və informasiya
azadlığı isə dünya mədəniyyətinin təkamül inkişafını reallaşdıran əsas amillərdəndir.
Mətbuat azadlığı ideyasının tarixi orta əsrlərin son dövründən başlayır. Bu
dəyər faktiki olaraq jurnalistikanın bir sosial institut kimi yarandığı vaxtdan meydana
çıxmışdır. Həmin dövrdə İngiltərə parlamenti kral hakimiyyətinin mətbu fəaliyyətə li-
senziya verilməsi haqqında qanunu ləğv etdi. Beləliklə, mətbuat üzərində hakimiyyət
dairələrinin nəzarətinə, monarxiya inhisarına, dövlət senzurasına və məmur rüşvət-
xorluğuna son qoyuldu. Bu tarixi qərar mətbuat azadlığı ideyasının geniş yayılmasına
güclü təkan verdi. Sözsüz ki, sonrakı dövrlərdə hər bir ictimai-siyasi şəraitin
xarakterinə uyğun olaraq mətbuat azadlığı ideyası müxtəlif təsirlərə məruz qaldı və
nəticədə bir sıra fərqli konseptual yanaşmalar meydana çıxdı. Mətbuat azadlığına
inqilabi-demokratik baxış gənc burjuaziyanın formalaşdığı və feodalizm qalıqları ilə
mübarizə apardığı dövrə təsadüf edir. Mətbu fəaliyyət sahəsində dövlət hökmran-
lığına son qoymaq, qəzet və jurnalların nəşri üçün istifadə olunan istehsal vasitələrini
bütün təşkilatlara və vətəndaş birliklərinə vermək inqilabı-demokratların bu sahədə
başlıca vəzifəsi idi.
Paralel olaraq cəmiyyət içərisində azad jurnalist fəaliyyətini sahibkarlıq ma-
raqları ilə uzlaşdırmağa çalışanlar da az deyildi. Bu sahədə baş verən fikir toqquş-
maları bir çox ölkələrdə müşahidə olunurdu. Kütləvi informasiya vasitələrin fəaliy-
yətində mənəvi və maddi amillərin uzlaşması heç də asan başa gəlmirdi. Hamı üçün
aydın idi ki, yazar və jurnalist yaşamaq və yaradıcılıqla məşqul olmaq üçün pul
173
qazanmalıdır. Amma sözün geniş mənasında onlar yalnız qazanmaq üçün yazıb –
yaratmalı deyillər. Bunun əksinə olaraq başqaları düşünürdülər ki, yazar qazanmaq
üçün yaşayıb – yaratmalıdır.
Bu sahədəki mövcud ziddiyyətlər tək nəzəri məkanla məhdudlaşıb kifay-
yətlənmir. Hazırki dövrdə qəzet və jurnal redaksiyalarının fəaliyyətində bu problem
özünü tez-tez biruzə verir.
Tarixi hadisələrin təhlili onu göstərir ki, mətbuat azadlığına dair sinfi-siyasi
yanaşma əsasən kəskin sosial toqquşmalar zamanı özünü göstərir. Bu nəzəri baxış-
ların daşıyıcıları olanlar ön plana vətəndaşların və yaxud onların ittifaqlarının,
birliklərinin bərabər hüquqlarının əvəzinə müəyyən bir sosial qrupun maraqlarını
çəkirlər. Reallıqda bu maraqların təmin olunması başqa təbəqələrin sıxışdırlması ilə
müşayiət olunur. Mətbuat hər hansı bir sosial qrupun inhisarında olanda o, həqiqətən
cəmiyyəti sosial-siyasi amillər üzrə parçalamaq qüdrətinə malik olur. Proletar
diktaturasının mövcud olduğu dövrdə mətbuat yalnız fəhlə sinfi və onun aparıcı
qüvvəsi olan siyasi partiyanın ideoloji iradəsini həyata keçirirdi. Bununla bağlı olaraq
proletar diktaturasının ideoloqları bütün vasitələrlə mətbuatı və ədəbiyyatı partiya
nəzarətində saxlamağa çalışırdılar.
Qeyd etmək lazımdır ki, həmin məntiq yalnız sosial-sinfi təşkilatların lider-
lərinə aid deyil. O, həm də başqa ictimai birliklərin, o cümlədən millətçi, dini qu-
rumların rəhbərlərinə xas ola bilər. Hazırki ictimai-siyasi şəraitdə Rusiyada və başqa
MDB ölkələrində mətbuat azadlığı və onun sosial-sinfi həlli daha çox inzibati-siyasi
rəngə boyadılır və modelləşdirilir. Yəni jurnalistika sahəsində dövlət hakimiyyətinin
hegemonluğuna qayıdış müşahidə olunur.
Normativ-hüquqi konsepsiyasında isə kütləvi informasiya fəaliyyəti zamanı
mətbuatın, dövlətin, hüquqi şəxslərin, vətəndaşların, yəni bütün proses iştirakçılarının
qarşılıqlı vəzifələri, imkanları və məsuliyyəti dəqiq müəyyənləşdirilir və aydın
şəkildə təsbit edilir. Bu qaydalar öz əksini beynəlxalq müqavilələrdə, milli qanun-
vericilikdə, inzibati qərarlarda, etik kodekslərdə və başqa normativ sənədlərdə öz
əksini tapır. Əhəmiyyətinə görə birinci yerdə qanunlar dayanır. Belə yanaşma bütün
qabaqcıl ölkələrdə müşayiət olunur.
Demokratiyanın inkişafı yalnız bu yoldadır. Düzdür, mətbu fəaliyyəti hüquqi
aktlarla tənzimləmək cəhdləri Rusiyada da bir neçə əsr bundan əvvəl olmuşdur və
vaxtaşırı belə addımlar atılırdı. Amma mahiyyət etibarılə bu qaydalar jurnalistlərə
sərbəstliklər və azadlıqlar vermək əvəzinə, onların üzərinə daha çox vəzifələr qoyur-
du. Belə qanunverici aktlar qadağa mahiyyətli olduğu üçün daha çox dövlət senzura-
sının əlavəsinə çevrilirdi. Müstəqillik əldə etdikdən sonra bizim ölkəmiz üçün də
mətbuat azadlığı sahəsində hüquqi-normativ yanaşmanın tətbiqi prinsipial əhəmiyyət
kəsb edir.
Tarixi təcrübə göstərir ki, mətbuat üzərində dövlət nəzarəti müxtəlif formada
ola bilər: ilkin (yəni materialın dərc edilməsi üçün icazə almaq sistemi) və cəza-
landırıcı (həddi aşdığına görə cəzalandırma üsulu). Mətbuat azadlığı uğrunda mübari-
zə faktiki olaraq həmişə senzuraya qarşı hərəkata çevrilmişdi.
Hələ kitab çapına qədər katolik kilsə bütün əlyazma əsərlərini senzuradan keçi-
rirdi və onların idarəolunmaz təsirindən çox narahat olurdu. XVIII əsr maarifçiliyin
təsiri nəticəsində bir çox Avropa ölkələrində burjuaziya nümayəndələri senzuraya
qarşı səslərini ucaltmağa başladılar. Bunun nəticəsində 1695-ci ildə İngiltərə
senzuranı ləğv edən ilk müasir dövlət oldu. Sonrakı dövrdə senzuranı ləğv etmək
174
ideyası Avropada bir qədər zəiflədi. Amma ABŞ-da bu fikir özünə daha çox tərəfdar
tapdı. 1776-cı ildə ABŞ-da qəbul olunmuş müstəqillik haqqında Bəyannamə insan
hüquqlarının aliliyinə əsaslanırdı. Bunun özəyini isə şəxslərin özünüifadə azadlığı
təşkil edirdi. Həmin il Virciniya ştatı öz Ana Yasasında «mətbuat azadlığı»nı
azadlığın ən böyük dayağı elan etdi. Senzuranın ləğv olunmasına Avropa ölkələri gec
yetişsələr də Fransa senzuranı 1789-cu ildə inqilab dövründə aradan qaldırdı. Tam
həcmdə mətbuat azadlığı Fransada yalnız 1872-ci ildə bərqərar olundu. Alman
imperiyasının bütün ərazisində mətbuat azadlığı qanunla 1874-cü ildə təmin edildi.
Qəbul olunmuş həmin qanunda bir sıra qadağalar da öz əksini tapmışdı. Rusiyanın
tarixi yolunun mürəkkəb və ziddiyyətli olması özünü mətbuat azadlığında da
göstərirdi. Senzuranın ləğv edilməsi barədə Rusiya cəmiyyətində XIX əsrin 60-70-ci
illərində başlanan müzakirələr müasir dövrə qədər davam etdi [1, 10-12]. Göründüyü
kimi mətbuat azadlığı və bütövlükdə insan haqları uğrunda mübarizə demokratik
cəmiyyət qurmaq savaşından keçir.
Əsrlər boyu davam edən bu savaşın kökündə vətəndaşların demokratik
hüquqlara və azadlıqlara nail olmaq, onlardan istifadə etmək, tam sərbəst və azad
şəkildə özünüifadə etmək istəyi durur. Ölkə vətəndaşlarının əsas məqsədi real olaraq
bu dəyərləri əldə etmək və konstitusiya təminatı formasında onu həyata keçirməkdir.
Özünüifadə azadlığı bir sıra şəxsi hüquqları özündə etiva edir. Bu haqlar
özünüifadə azadlığının ayrı-ayrı komponentləri olmaqla yanaşı müstəqil hüquqi
anlayış kimi də çıxış edir. Qabaqcıl ölkələrin hüquq sistemlərinin təhlili həmin şəxsi
hüquqların sırasına aşağıdakı prinsipləri daxil etməyə imkan verir:
- hər bir şəxsin öz düşüncəsinə və inancına sahib olmaq hüquqünu;
- iştənilən formada öz fikrini ifadə etmək hüququnu;
- istənilən məsələ üzrə azad informasiya mübadiləsi aparmaq hüququnu;
- suallara cavab verməmək hüququnu;
- başqa şəxslərdən informasiya almaq hüqüqünu;
- istisnasız olaraq bütün mənbələrdən informasiya sorğulamaq və əldə etmək
hüququnu;
- başqa şəxslərlə ünsiyyət yaratmaq və birliklər təşkil etmək hüququnu.
Qeyd etmək lazımdır ki, bu haqların hər biri özünüifadə hüququnun təmina-
tından irəli gəlir. Bununla belə şəraitdən asılı olaraq bu prinsiplər müstəqil hüquqi
dəyər kimi qəbul olunur və müdafilə edilir [2. 9-10].
Cəmiyyət üçün özünüifadə azadlığının təmin olunmasının çox böyük üstün-
lükləri var. Bununla bağlı böyük mütəfəkkirlərin dərin və parlaq düşüncələri
mövcuddur. İctimai fikir tarixi bu ideyalarla zəngindir və bunların əsasında bir çox
nəzəri konsepsiyalar işlənib hazırlanıb. Mahiyyət etibarılə bu təlimlər fərqli olsalar da
dörd əsas məsələdə onlar bir-biri ilə tam uzlaşır:
- söz azadlığı həqiqətin bərqərar olmasına kömək edir;
- söz azadlığı həqiqi demokratik idarəçiliyin yaranmasında cəmiyyətə yardım
edir;
- söz azadlığı zorakılığa əl atmadan mübahisəli məsələləri həll etməyə kömək
edir;
- söz azadlığı hər bir şəxsə cəmiyyətin bir üzvü kimi öz bacarığını realizə
etməyə kömək edir.
Həqiqətin dərk edilməsi və bərqərar olunması özünüifadə azadlığı olmadan
mümkün deyil. İdraka və həqiqətə can atan insan azad olmalıdır ki, hər hansı bir
175
məsələ ilə bağlı bütün tərəfləri dinləyə bilsin, müsbət və mənfi məqamları ayırd etsin,
əks tərəfə öz mövqeini bildirməklə öz çıxarışlarını yoxlasın və nəhayət, bütün
müxtəlif baxışlara giriş əldə etsin. Bu haqda görkəmli ingilis şairi Con Milton belə
deyirdi: «Dərk etmək istəyi mülahizələri alovlandırır, fikirlər qat-qat artmış olur,
ləyaqətli kişilər üçün həqiqət fikir toqquşmalarında yaranır» [2, 11].
Sərbəst fikir mübadiləsi prosesində həqiqəti üzə çıxarmaq üçün daha bir vacib
şərt tələb olunur. İstisnasız olaraq istənilən fikir, nə qədər nüfuzlu görünməyindən
asılı olmayaraq, şübhə altına alınmalıdır. Bu haqda məşhur ingilis filosofu Frensis
Bekonun böyük və dərin nəzəriyyəsi mövcuddur [3, 6-12].
Söz azadlığı olmadan demokratiyaya nail olmaq, yəni siyasi qərarların qəbul
olunması prosesində vətəndaşların həqiqi iştirakını təmin etmək mümkün deyil.
Yalnız istənilən lazımi informasiyaya vətəndaşların girişi olduğu halda, nümayəndəlik
idarəçiliyinə malik olan cəmiyyət demokratik yolla qərarlar qəbul edə bilər.
Bundan əlavə, söz azadlığı demokratik şəraitdə məmurların törətdikləri öz-
başnalığın qarşısını almaqda və ifşa etməkdə böyük rol oynayır. Məhz söz, mətbuat
və yığıncaq azadlığının gücü vasitəsilə seçilmiş nümayəndələrin vəzifə zorakılığının
qarşısını almaq olur. Azad sözün təsiri nəticəsində məmurların xalq qarşısında
hesabat vermək zərurəti əldə edilir, onların məsuliyyət hissi güclənir, öz əllərində
qanunsuz yolla böyük hakimiyyət cəmləşdirmək imkanları məhdudlaşır.
Belə bir nəticə hasil olur ki, hakimiyyət orqanları tərəfindən hər hansı bir
mətbu materialının və yaxud televiziya verilişinin qarşısını almaq cəhdi ən ciddi
formada araşdırılmalıdır. Hələ 1931-ci ildə ABŞ-ın Ali məhkəməsi qeyd edirdi ki,
artıq yüz əlli il ərzində məmurların vəzifə cinayətləri ilə bağlı materiallara əvvəllər
olduğu kimi qadağaların tətbiq edilməməsi və buna ümumiyyətlə cəhd göstərilmə-
məsi vətəndaşların düşüncəsində belə məhdudiyyətlərin insan haqlarına nə dərəcədə
uyğun gəlmədiyini və konstitusiyanın birbaşa pozulduğunu sübut edir. Ali məhkəmə
bu mövqeyi qırx ildən sonra da qəti surətdə bəyan etmişdi: «Hakimiyyət dairələrinin
fəaliyyəti ilə bağlı aşkarlığın olmaması sırf antidemokratik xarakter daşıyır və saysız-
hesabsız məmur özbaşınalığı yaradır. Millətin sağlamlığı üçün dövlət məsələlərinin
açıq müzakirəsi həlledici əhəmiyyətə malikdir» [4]. Məhz buna görə, hesab olunur ki,
hökümətin və məmurların fəaliyyəti ilə bağlı çəkinmədən tənqidi fikir bildirmək,
mətbuatda material dərc etdirmək, radio, televiziya verilişi hazırlamaq üçün söz
azadlığının mütləq konstitusiya təminatı olmalıdır və bu proses işlək halda həyata
keçirilməlidir.
Söz azadlığı cəmiyyətdə ictimai qaydaları tənzimləyən və sabitliyi qoruyan
ciddi bir amildir. Vaxtilə ingilis hüquqşünası və filosofu İeremiya Bentam «İdarəçilik
haqqında oçerk» əsərində yazırdı: «Azad idarəçiliyin despotizmdən fərqi ondan
ibarətdir ki, narazı olanlar sərbəst olduqlarına görə belə, idarəçilik şəraitində heç bir
təhlükə olmadan öz hislərini açıq ifadə edə, istəklərini ümumiləşdirib hətta müxtəlif
müqavimət formalarına əl ata bilirlər - yalnız açıq üsyankarlıq addımlarından başqa -
çünki belə olan halda icra hakimiyyəti qanuni əsaslarla müdaxilə etmək hüququna
malik olur» [2,14].
ABŞ-da söz azadlığına hörmət o dərəcədə yüksəkdir ki, ən radikal özünüifadə
forması belə, bu hüquqi prinsiplə özünü müdafiə edə bilir. Hətta milli bayrağın yan-
dırılması, Ali məhkəmənin 1989-cu il qərarına əsasən, özünüifadə azadlığı hüququ-
nun təsiri altına düşür və müdafiə olunur. Bu qərarı verərkən hakim Uilyam Brennan
xüsusi olaraq qeyd etmişdir: «Əgər Birinci düzəlişin əsaslı prinsipinə söykənsək, onda
176
məlum olar ki, hökumət heç bir kəsə hər hansı bir fikri ifadə etməyə qadağa qoya
bilməz, üstəlik bu fikir özü-özlüyündə cəmiyyət üçün təhqiredici və yaxud qəbul-
olunmaz xarakterli olduğuna baxmayaraq belə»[5]. Ali məhkəmənin başqa bir üzvü
vurğulamışdır ki, «nə qədər qəribə görünsə də, milli bayraq öz himayəsi altına hətta
ona nifrət hissi bəsləyənləri də alır və müdafiə edir» [6].
Söz azadlığı hər bir şəxs üçün öz imkanlarını üzə çıxarmaq və bacarığını
realizə etmək vasitəsi kimi çıxış edir. Bu haqda professor Tomas Emerson yığcam
formada belə deyib: «İnsanın həyatdakı məqsədi özünü bir şəxs kimi reallaşdırmaq və
bacarığını üzə çıxarmaqdır. Bunun üçün azadlıq lazımdır. Buradan belə nəticə hasil
olur ki, özünüifadənin istənilən formada boğulması, fikrə qadağa qoyulması şəxsi
ləyaqət hissinin təhqir edilməsi deməkdir və onun bir şəxs kimi inkar olunmasıdır».
ABŞ-ın Ali məhkəməsi əsas insan haqlarından olan söz azadlığını belə xarakterizə
etmişdir: «Heç bir məmur, yüksək və ya kiçik vəzifə tutmasından asılı olmayaraq,
göstəriş verə bilməz ki, son instansiyada həqiqət məhz budur, istər siyasət olsun,
istərsə - din, millətçilik və yaxud hər hansı bir başqa məsələ» [7].
Beləliklə, tam aydındır ki, özünüifadə azadlığının məqsədləri son dərəcə
əhəmiyyətli və müsbətyönümlüdür. Bunlara nail olmaq üçün mövcud olan hüquq
sistemi vətəndaşlara söz azadlığı sahəsində dolğun və əsaslı formada təminat
verməlidir. İlk növbədə, hakimiyyət strukturları tərəfindən gözlənilən basqıların
qarşısı alınmalı və bunun üçün işlək mexanizm hazırlanmalıdır (hətta hər hansı bir
fikir ictimai maraqlara zidd olsa belə). Söz azadlığını məhdudlaşdırmağa çalışanlar
hər zaman belə addımların əsaslandırılması əzabına duçar olurlar. Məhdudiyyətlər
yalnız o vaxt işə düşə bilər ki, onlar inandırıcı zəminlər əsasında hazırlansın və heç də
özündən kiçik olmayan hüququn pozulmasının qarşısını ala bilsin. Əgər məhdu-
diyyətlə müqayisədə ictimai çəkisi az olan məsələnin həlli üçün söz azadlığına qadağa
qoyulursa, onda bu dəyərin bütöv mahiyyəti pozulur. Söz azadlığı hüququ bütün
insanlara bəxş edilir: hökumətin tərəfdarlarına da, onu tənqid edənlərə də.
ƏDƏBİYYAT
1.
Смыслова Т.М. Международное информационное право. Методические
1.
материалы к междисциплинарному спецкурсу. М.: ТЭНСИ, 2002, 192 с.
2.
Концептуальный доклад о праве СМИ. Пер.И.Гаврилова / Современное право СМИ
в США. М.: Право и СМИ, 1997, с.5-150.
3.
Məmmədli S. Təbliğatın sosioloji və psixoloji mahiyyəti. Bakı: ULU, 2000, 34 s.
4.
New York Times Co.v. United States, 403 u.s.713, 724 (1971) (Douglas, Y.concurring).
5.
Texas v. Johuson. 491 U.S. 397. 414 (1989).
6.
Texas v. Johuson. at 421 (Kennedy, J., concurring).
7.
West Virginia State Board of Education v. Barnette, 319 U.S. 624, 642 (1943).
ПРАВА И СВОБОДЫ ЧЕЛОВЕКА КАК ОСНОВНОЙ ИСТОЧНИК
МЕЖДУНАРОДНОЙ ЖУРНАЛИСТИКИ
С.Р.МАМЕДОВ
РЕЗЮМЕ
В статье рассматривается процесс формирования международной журналистики.
Автор отмечает, что борьба за развитие демократии в обществе неразрывно связано с
движением за осуществление прав и свобод человека. Самой важной составной частью
177
этих прав является право на свободу мысли и выражения. В статье раскрывается пози-
тивная роль свободы слова во всестороннем развитии общества. Опираясь на между-
народный опыт, автор анализирует отдельные компоненты свободы слова и выражения.
THE RIGHTS AND FREEDOM OF THE PERSON AS THE BASIC SOURCE
OF THE INTERNATIONAL JOURNALIZM
S.R.MAMMADOV
SUMMARY
The article deals with the process of formation of the international journalism. The
author notices, that struggle for the development of democracy in a society is inseparably
linked with the movement for the realisation of the person’s rights and freedom. The most
important component of these rights is the right to thought and expression freedom. The article
investigates the positive role of a freedom of speech in the all-round development of the
society. Leaning against the international experience, the author analyzes separate components
of a freedom of speech and expression.
178
Dostları ilə paylaş: |