Dəlixanadakı qarışqa
(Eybulla Ağadadaşov)
... Və o dərin sükut bu sözlərlə yıxıldı.
... Yuxumda allahı görmüşəm yenə. Görürəm ki, evdəyəm. Yatmışam. Səsə
ayılıram. Yataqdan qalxıb səs gələn tərəfə gedirəm. Anam, atam - hamı evdədi.
Allah da evimizin tavanında özünə səma düzəldir. Mən dəfələrlə görmüşəm
yuxumda onu (allahı nəzərdə tuturdu). Amma gəl ki, hər kəs mənə dəli
olduğumu deyir. Məni döyənlər də olub. Halbuki, mən həqiqi peyğəmbərəm
inanın mənə. Onlar hələ bunu dərk etməyiblər (deyəsən hələlik onların içinə
mən də daxil idim). Onsuz da həmişə belə olub, özün də bilirsən. Özün də yaxşı
bilirsən ki, peyğəmbərlər nə zülmlər çəkiblər. Açığı bir söz deyim də,
peyğəmbər olmaq mənim arzum olub. Mən nə yalançı peyğəmbərəm, nə də
sonuncu. Sənə bir sirr açım? Sonuncu peyğəmbər deyilən peyğəmbərdən sonra
da çox peyğəmbər peyda olub. Yarısı yalançı, yarısı həqiqi. Bu oyundur (həyatı
nəzərdə tuturdu fikrimcə, ya da mənimlə öz arasındakı söhbəti). Və bu oyunda
“sən sonuncusan” deyilən bir söz yoxdur. Onlar yalançı peyğəmbərlər
ucbatından həqiqi elçiləri də daşa basıblar. İçi mən qarışıq. Bax, görürsən də
hardayam? Dəlixana - ən müqəddəs olsa da, mənim həyatımı alt-üst edən
zindan. Yox, belə olmaz. Hər bir peyğəmbərin taleyinə yazılan çətin bir sınaq
olub. Razılaşmalıyam. Məsihdən tutumuş, ta mənə kimi. Bu qanundur. Yunus
peyğəmbəri udan balıq kimi udub, həbs edib içinə məni bu dəlixana. Taleyimə
yazılmış sınağa bax (açığı, bu sözdən sonra ətrafıma baxdım). Yunus
peyğəmbər demişkən, sən dillər əzbəri olmuş həmin balıq rəvayətlərə də
inanma. Yunus peyğəmbəri balıq-malıq udmayıb. Onu zindanda həbs ediblər.
Mənim kimi. Amma bu zindanda olmağıma baxma, müqəddəs məkan
adlandırıram buranı. Sənə yenə bir sirr açım? Bilirsən nə qədər tərəfdar
toplamışam özümə burda?
Gözləmə otağında idim. Bu darısqal otaqda 3 masa qoymuşdular (onsuz da
üçdən artıq masa bu otağa yerləşməzdi). Boş masaların birində özümə yer
elədim. Pəncərəyə yaxın masada. Pəncərə demişkən, otağın bir pəncərəsi var idi
və pəncərə qarşısında qəribə görkəmli, ortayaşlı, arıq bir qadın dayanıb səmaya
baxırdı. Baxmaqla bərabər elə bil özü ilə danışırdı da. Burada ona özüylə
danışmağına görə qəribə baxa bilməzdim (çünki ruhi xəstəxana elə bir yerdir ki,
özünlə danışmaq burada adi haldır). Otaq üç masa və stulları ilə içi biz qarışıq
hüznlü bir sükut içində üzürdü. Otaqda uçuşan milçəklər belə bu sükuta mane
ola bilmirdilər (həddən artıq çox milçək var idi otaqda). Masanın üstündə
gəzişən bircə qarışqa da gözümdən qaçmamışdı. Gah yolunu axtaran qarışqaya,
gah da pəncərə önündə dayanıb (pəncərələr çöl tərəfdən dəmir barmaqlıqlarla
qorunur deyə bu mənzərə məni məhbus kimi hiss etdirirdi və həmçinin onu da
azadlıq arzulayan dustağa bənzədirdim) səma ilə əlaqəyə girən şaman qadına
baxırdım. Reallıqda otağın dörd divarı olsa da, sükut otağa beşinci divar
hörmüşdü. Əlbəttə ki, onunla mənim aramda (qəribəsi də odur ki, nədənsə, bu
sükutu pozacaq bir nəfər də olsun qapını açıb gözləmə otağına gəlməmişdi bu
müddətdə). Amma hələ də altdan-altdan maraqla onu izləyirdim. Gözəl qadın
idi. Hələ də özü ilə danışırdı. Sanki baxdığımı hiss edib birdən arxaya (mənə
tərəf) çevrildi. Və o dərin sükut bu sözlərlə yıxıdı ...
Yuxumda allahı görmüşəm yenə. Görürəm ki, evdəyəm. Yatmışam. Səsə
ayılıram. Yataqdan qalxıb səs gələn tərəfə gedirəm. Anam, atam - hamı evdədi.
Allah da evimizin tavanında özünə səma düzəldir...
Ona demək istəyirdim ki, dayanın. Bu nə deməkdir? Siz kimsiz? Mənə nə üçün
bunları danışırsız? Allahı görmək? Başınız xarab olub? Yox, üzrlü sayın.
Başınız xarab olub ki, burdasız. Başa düşdüm, amma mən də məcbur sizin
yuxunuza (evinizin tavanında özünə səma düzəldən allah haqqında nağıla)
qulaq asmaq fikrində deyiləm. Amma faydası yox idi. Düşündüklərimi deyə
bilmədim çünki..
Halbuki, mən həqiqi peyğəmbərəm.
.. çünki qarşımdakı qadın mənə peyğəmbər oluğunu dedi. Açığı, çox
təəccüblənmədim. Bir az əsəbiləşmişdim. Ətrafıma baxdım (çöldən dəmir
barmaqlıqlarla qorunan pəncərə, özünə baxmağa şüşəsi olmayan əlüzyuyan,
ağzına qədər dolu qara zibilqabı, əsəbimi tarıma çəkən milçəklər və nəhayət
stolun üstündə yolunu tapa bilməyən balaca canlı - qarışqa). Harada olduğumu
bir daha xatırladım və sakitləşməyə başladım. Qulağım onda idi. Yunus
peyğəmbərə oxşatdı özünü. Dedi ki, Yunus peyğəmbəri balıq-malıq udmayıb.
Onu zindanda həbs ediblər. Artıq səbrim çatmırdı. Qarşımdakı xəyalpərvərin
müqəddəs çənəsindən canımı qurtarmaq istəyirdim ki, mənə tərəf əyilib
qulağıma astaca pıçıldadı.
Sənə yenə bir sirr açım? Bilirsən nə qədər tərəfdar toplamışam özümə burda?
..maraq mənim kimi birisini yenə toruna saldı. Onu dinləmək qərarına gəldim.
Bəlkə də onu başından bəri dinləmək istəyirdim...
Əslində bu qapalı məkana mən tərəfdar toplamağa göndərilmişəm. Bu mərhələ
işin ən çətin hissəsidir. Bu mərhələdə ruh yüksəkliyi və inam güclü oldusa, geri
qalan mərhələlər su kimi asan olur. Çox işgəncələr görmüşəm. Buranın elə
xüsusi palataları var ki, oraya sözə baxmayan dəliləri salıb onların üzərində
müxtəlif cür təcrübələr aparırlar və ağlın da çıxır başından. Bu gizli palatalardı.
İntensiv palatalar da deyil. İntensiv hamının bildiyidir. Bunlar isə az adamın
bildiyi. Amma tanrıya şükürlər olsun ki, mən hər dəfə sudan quru çıxa bilirəm.
Tanrı məni qoruyur. Çünki mənim vəzifəm tanrının bizlərə göndərdiyi dini
buradan başlatmaqdı (nədənsə indi allah yox, tanrı deyirdi). Bu təsadüfi seçim
deyil. Çünki dəlilər axirətdə sorğu-sualsız cənnətə düşəcək kəslərdilər. Sonuncu
müqəddəs kitabda da bu barədə yazılıb. Diqqətlə dinlə - deyib pıçıltıyla:
“Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı
tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə, xeyrə
mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, (anlamaza və eyni zamanda)
əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi
olsa belə!"
“Qələm” surəsindən bu ayələr bilirsən nə məna daşıyır?...
Başım gicəllənirdi. Onun müqəddəs kitabdan dediyi ayələrdən sonra birtəhər
oldum (deyəsən, mən də dəli olurdum). Adını bilmədiyim peyğəmbər qadın
məni hipnoz etmişdi. Dilim-dodağım qurumuşdu. Ayaqlarım əsirdi. Birtəhər
ayağa qalxıb əlüzyuyana tərəf addımladım. Kranı açıb üzümə su vurdum
(iyrənərək də olsa, bir-iki qurtum içdim). Qulaqlarımdakı ciyilti məni
keyləşdirirdi. O isə hələ də ayələri üstümə yağdırırdı.. səsini çətin eşidirdim..
sözlər, cümlələr qırılırdı.. onun incə səsi..
- Sə.. öz Rəbbinin hökmünə... Yunus kimi olma!.. zaman o, qəm-qüssə ..ində
Rəbb.. dua... Onlar çarəsizlikdən: "O, dəlidir!"– deyirlər. "O, dəlidir!"– deyirlər.
"O, dəlidir!"– deyirlər. "O, dəlidir!"– deyirlər. "O, dəlidir!"– deyirlər... ...ciyilti
Çiynimdə ağırlıq hiss etdim.
Yaxşısan?
Birdən-birə ayılmışdım. Əli çiynimdəydi.
Bayaqdan baxıram, dayanmadan üzünü yuyursan..
Qəribə idi. Zaman və məkanı itirmişdim. Bir anlıq fantastik ahənglə bilinməz
mühitdə süzülürdüm, su kimi axırdım. Bayaq pıçıldadığı ayələr qulağımı
batırırdı, başımı ağradırdı, amma indi yaxşıyam. Özümə gəlmişəm. Sirrli
qadınla dəlixananın gözləmə otağında edilən ağılabatmaz söhbət mənə hər şeyi
unutdurmuşdu. Hava almaq üçün pəncərəyə yaxınlaşmışdım. O da yanımda
dayanmışdı və hal-hazırda həyat yoldaşından danışırdı. Əvvəl həmin qadın
fahişə olduğunu da dedi. Və əlbəttə ki, ailə qurmağı tanrının əmri kimi
qiymətləndirdi. Mələk ruhlu, əməli-saleh biri onun qabağına çıxıb və o da bu
qaranlıq dünyadan canını qurtarb. Həyat yoldaşı (o kişiyə bir anlıq həsəd
apardım) ona bayır ilə təması yaradır. Xəstəxanadan çöldə baş verən hər şeyi
peyğəmbər qadın üçün bu kişi edirmiş. “Böyük köç” də bu qadının əli ilə baş
verəcəkmiş..
Biz tam hazır olandan sonra “böyük köç” baş tutacaq. Amma əvvəlcə
smartfonlar üçün həmin proqramı yaratmalıyıq. Güclü proqramistlər tapmışıq.
Artıq bu iş üstündə hazırlıqlar gedir. Bilirsən də, müasir dövrdə smartfonsuz
bəşər övladı yoxdur və biz də bu proqram vasitəsi ilə şəbəkə yaradıb dinimizin
tərəfdarları ilə rahat şəkildə ünsiyyətə keçəcəyik. İslam dininin tərəfdarları, yəni
müsəlmanlar ilə işimiz bir az qəlizləşəcək, amma öhdəsindən gələcəyik, inan
mənə (nəyə inanıb inanmayacağımı hələ də bilmirdim). Sonra qarşımızda böyük
dövlətlər dayanır. Amma öncəliklə mənə tanrı tərəfindən deyilənlər öz
dövlətimizdə gerçəkləşməlidir. Dövlət quruluşu, rəmzləri, hətta prezidenti belə -
hamısını devirməliyik. Din dövlətdən ayrı olmayacaq. Din elə dövlətin özü
olacaq. Harınlamış nazirlərdən onsuz hamı bezib. İbadətgahları – məscid,
sinaqoq, kilsələr - hamısını sökəcəyik. Hətta Məkkəyə kimi. Bəşər övladının
qibləgahı (əlini sinəsinə qoydu) onun qəlbidir. İbadəti səma, belə desək, özü ilə
söhbətidir (səma ilə ünsiyyət mənə indi aydın oldu). Tanrı sadəcə bizə vəhylər
göndərən ulu hikmət sahibidir.
İçəridə bayaqdan başqa adamlar da vardı. O isə bunları çox sakitcə danışırdı.
Qapı tərəfdəki masada əyləşən xəstənin qohumları (bir ortayaşlı kişi, bir də
əsmər, cavan oğlan idi) içəri girəndə dəhlizdəki xəstələrdən biri (qısasaçlı, mavi
gözləri olan arıq qadın) onlara gah rusca, gah da azərbaycanca nə isə deyirdi.
Daha doğrusu nə isə istəyirdi. Qulağım peyğəmbərdə, gözlərim də dəhlizdəki
həmin qadında idi. Məlum oldu ki, sən demə bu gün Pasxa imiş. Və həmin
qadın xristian olduğundan dəhlizdə durub (qapı açıq qaldığından otağa
dəhlizdən dolan pis, qarışıq qoxu ürəyimi bulandırırdı) gözləmə otağına gələn
qonaqlardan şirniyyat istəyirdi. Bu sözlərini dəqiqliklə eşitmişdim, çünki
nəfəsini dərib qəribə ləhcəsi ilə ucadan demişdi. - “Qohumlarım bu bayram
günü yanıma gəlməyiblər, heç olmasa mənə bir dənə də olsa, nəsə verin yeyim
bu gün...”
Masamda əyləşib anamı gözləyirdim. Həkim demişdi ki, günorta müəyyən
dərmanlar vermişik və palatasında yatıb. Sən istəyirsən get, ya da qal gözlə, nə
vaxt ayılar, yuxudan durar, çağıraram aşağı onu. Mən də gözləməyi seçmişdim.
Və gözlərkən otaqda peyğəmbərlə tanış oldum. Hətta bu peyğəmbər qadın idi.
Tarixdə peyğəmbər qadın olubmu? Olmuşdusa da, onunla ilk ünsiyyət quran
mən oldum, deyəsən. İndi otaq yenə də sükut bataqlığında batırdı. Nə gələn
qonaqlar var, nə də qadın peyğəmbər. Bilirsiz nə oldu? İşçilər gəlib həmin
peyğəmbərin əlin-qolun burub apardılar palatasına. Yəqin dediyi gizli palataya.
Onu nə üçünsə, məzəmmət də etdilər. Deyəsən, hansısa korpusda aləmi bir-
birinə qatmışdı. Dəlilərdən biri nə pəncərə, nə də baca, elə düz qapıdan
qaçmışdı. Tibb bacısının cibindən oğurladığı açarla. Qaldığı palatanın divarında
da “Sən də görəcəksən, onlar da hansınızın dəli olduğunu. Sizin üçün
qayıdacağıq!!!” yazısını yazmışdı. Bu məlumatlara dəhlizdə danışan xəstələrin
sayəsində sahib olmuşdum. “Hamısı qəhbənin işidir”, - deyirdilər.
Bu baş verənlərdən sonra gözləmə otağında çox gözləməli olmadım. Lakin
gözlərkən iki şey gözümün önündən getmirdi. Birincisi – tibb bacıları əli-qolu
bağlanmış peyğəmbər qadını sürüyə-sürüyə apararkən onun mənə son baxışında
atdığı ecazkar təbəssümü (gülümsünməsi), ikincisi – masanın üstündə hələ də
yolunu tapa bilməyən qarışqa. Bu kiçicik məxluq axı niyə dəlixanadadır?
Görəsən, o, bunun fərqindədir? Axı təbiət onun ixtiyarındadır.. Qəribədir...
Dostları ilə paylaş: |