Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi
S.Vurğun adına Mərkəzi Kitabxana
Metodika – biblioqrafiya şöbəsi
Mirvarid Dilbazi - 100
Sumqayıt - 2012
Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq
şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur.
Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun
yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun
misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq
duyğularının yüksək poetik ifadəsidir.
Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100
illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini nəzərə almaqla, Mirvarid Dilbazinin 100 illik yubileyinə dair
tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2012-ci il.
Mirvarid Dilbazi - 100
Dilbazilər XX əsrdə
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst.
Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa
"Şair" təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyub. F.Köçərlinin "Azərbaycan ədəbiyyatı"
kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa
Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında
məlumat qələmə alınıb. Xalq şairi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları"
xatirələr kitabında (Bəhruz Dilbazinin sponsorluğu ilə nəşr olunub) yazıb: "17, 18 və 19-
cu yüzilliklərin axırına qədər nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir. Ziyalı nəsli
təmsil edənlərin ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib. Hacı Rəhim ağa Vəhidi
təxəllüsün oğlanları, qızı bu boşluğu doldursalar da, yenə də azlıq edib. Nəslimizdə
müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları
olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını
unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi.
Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı. Sinfi
mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq
nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi, Xanım Dilbazi (millət
vəkili Arif Rəhimzadənin anası), Rəşid Dilbazi (onlar da məktəbdən-məktəbə
qovulmasaydılar, elmdə daha uca yer tuta bilərdilər), tibb elmləri doktoru Nəcməddin
Hacıyev (Dilbazi), bir xalq aktrisası - Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş
iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin
müəllifi Yaqut Dilbazi çıxmışdır. Bunların da hərəsinin faciəli bir həyatı olmuşdur".
(İqtisad elmləri doktoru, professor Əsəd Dilbazov, tanınmış təhsil işçiləri Fərhad
Dilbazov, Ağalar Dilbazov da bu sıraya aiddir).
Mirvarid Dilbazi - 100
Həyat yolundan sətirlər
Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax mahalının Musagöy kəndinin
yaylaq yerlərindən olan Ağqayada əsilzadə Dilbazilər mühitində - Paşa bəyin ailəsində
dünyaya göz açmışdı. Atasını erkən itirmiş M.Dilbazi Daş Salahlıda babası Mustafa
ağanın mülkündə, Damcılının, Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan
Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyümüşdü. Böyüdüyü məişət və
mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun bütöv və
tutumlu bir şəxsiyyət kimi formalaşmasında münbit zəmin olmuşdur. M.Paşa qızı Daş
Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində təhsilə başlamışdır. 1920-ci ildə Mədinə
xanım Qiyasbəyli onu, başqa yeniyetmə qızlarla bərabər Bakıya - darülmüəllimata
gətirmişdir. M.Dilbazi seminariya ilə bağlı xatirələrində G.Yusubova, A.Əmirov,
N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış müəllimlərlə bağlı səmimi
fikirlər qələmə almışdır. "Bizim müəllimlərimiz" adlı yazının əvvəlində oxuyuruq:
Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər.
Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan
seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Axşamlar Nərimanov arvadı
Gülsüm xanımla vaxt tapıb məktəbimizə gəlirdi. Hamımız onların başına toplaşırdıq.
Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə
keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin
danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik. Nərimanov özü də
buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən
gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma,
ən maraqlı insanlarından biri idi. Bir axşam yenə məktəbin çıraqları yandı, böyük salonda
doktor Nərimanovun ətrafına toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay
gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış. 1925-ci
ildə Nərimanovun ölüm xəbərini eşitdik. Bacısı Yaqut Dilbazi (politoloq Vəfa
Quluzadənin anası) ilə burada dövrün ziyalı qadınları olmuş M.Qiyasbəyli, Ş.Əfəndizadə,
B.Köçərli kimi müəllimlərdən dərs almış, nəzarətləri altında həyata hazırlanmış Mirvarid
Dilbazi Qızlar Seminariyasını bitirəndən sonra Biləcəridəki onillik dəmiryol məktəbində
çalışaraq bacarıqlı müəllim kimi tanınmışdır. 1928-ci ildə şəhərə - Zavokzalnı küçəsindəki
rus məktəbinə dəyişdirilən M.Dilbazi ali təhsil almaq arzusu ilə yaşamışdır. Hər iki bacı
APİ-yə qəbul olunmuş, lakin maddi sıxıntıya görə böyük bacı Yaqut Paşa qızı 19 nömrəli
məktəbdə işləmiş, kiçik bacının ali təhsil almasına şərait yaratmışdır. Sonralar "Bənövşələr
üstündə göz yaşları" kitabında M.Dilbazi yazacaq: 1929-cu ildə Ali Pedaqoji İnstitutun
ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil oldum. S.Rəhman, C.Xəndan, M.Rahim də burada
oxuyurdular. Müəllimlərdən Ə.Nazim, Ə.Sultanlı, B.Çobanzadə yadımdadır. Əli
Sultanlının qərb, Əli Nazimin proletar ədəbiyyatından dərs dedikləri yadımdadır. 26
yaşından dul qalmış analarını Bakıya gətirən 2 müəllim bacı o dövrün ağrı-acısını
yaşamışdır: "Bacım Yaqutla mən bir "ləğv" olunmuşların qalqısı idik. Odur ki, bizim
haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən çəkinirdilər. Şükür ki, pis söz də deyən
yoxdu. Mərkəzdə oxuduğumuz ali məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə bizim
haqqımızda göndərilən sorğulara xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir ana camaatın
köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin
pəncəsindən qurtara bilmədik. Çünki var-yoxumuz babamın evində qalmışdı. İçərişəhərdə
məşhur folklorçu Əbülqasım Hüseynzadənin evində 9-10 kv. m. ölçüsündə bir otağımız
vardı. Bu otaqda bir dəmir kravat, bir kiçik divan, bir qarğı kitab rəfi, bir kiçik yemək
stolundan başqa bir şey yox idi. Biz iki bacı orta məktəbdə müəllimlik edirdik. Qeyrətli
ana bu az pulla bizi gözütox, ürəyişad, gələcəyə ümidlə dolandırdı. O illər ölkədə hər şey
qıt, bəlkə də yox idi. Geyim-geçim üçün hökumət qızıl mağazası açmışdı. Biz iki bacı da
seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan-qalan qızıl ziynətlərini
verib oradan bir-iki dəst paltarlıq parça aldıq". 1932-ci ildə ali məktəbi bitirən Mirvarid
Dilbazi Qubaya işə göndərilmiş, 2 il Quba Partiya Məktəbində çalışmışdır. Bakıya qayıdan
Dilbazi "Şərq qadını" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərmişdir. Onu jurnala
redaktor təyin etmək istəyirlər, şairə olmaq arzusunu bildirən Mirvarid xanım 4 il (1934-
1938) Dövlət Muzeyində baş elmi işçi və şöbə müdiri işləmişdir. Bir neçə ay Moskva
yaxınlığındakı Moleyevka deyilən yerdə ədəbi kurslarda olması onun sənət, dünya
ədəbiyyatı haqqında məlumatını genişləndirmişdir. Beləliklə, o, muzeydəki işdən çıxıb
bədii yaradıcılıqla məşğul olmuşdur. M.Dilbazi sovet dövründə iki dəfə "Şərəf nişanı"
ordeni, "Qafqazın müdafiəsi üçün", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif
edilmişdi. Mirvarid Dilbazi "xalq şairi" fəxri adını 67 yaşında almışdır. 1979-cu ildə
Ukraynada Azərbaycan ədəbiyyat və incəsənəti ongünlüyündə iştirak edərkən onun
çıxışları çox hərarətlə qarşılanmışdır. MK katibi Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyevə bu barədə məlumat vermiş, Azərbaycan KP MK bürosunda ona bu fəxri
adın verilməsi məsələsi həll olunmuşdur. Ümummilli lider Heydər Əliyev sonralar
Mirvarid xanımın yubileyində bilavasitə iştirak etmiş, xalq şairini böyük hörmət və
ehtiramla təbrik etmişdir. M.Dilbazi 2001-ci il iyulun 12-də dünyasını dəyişdi.
Mirvarid Dilbazi - 100
Ədəbi irsi haqqında
Mirvarid Dilbazinin ilk mətbu şeiri 1927-ci ildə işıq üzü görmüş "Qadınların
hürriyyəti" olub. İlk kitabı - "Bizim səsimiz" 1934-cü ildə nəşr edilib. Sonrakı illərdə
"Vətən eşqi", "Xatirələr", "Bahardan məktub", "Nağıllar", "Gülbahar", "Lalənin ağacları"
kitabları çapdan buraxılıb. Şairin "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə" poemaları,
"Göyçək Fatma", "Muğanda bahar" uşaq pyesləri və s. əsərləri oxucu auditoriyası
qazanmış sənət nümunələridir. 1967-1968-ci illərdə Mirvarid xanımın iki cilddə, 1982-83-
cü illərdə üç cilddə "Seçilmiş əsərləri" böyük tirajla buraxılıb. "Poeziyasında quru, adamı
utandıracaq bir misra belə" olmayan (Məmməd Namaz) Mirvarid Dilbazi həm də
nəğməkar şair idi. Bəstəkar Ağabacı Rzayeva onun "Çoban Qara", "Evimizə gəlin gəlir",
"Anam yadıma düşdü", "Laylay", "Azərbaycan elləri" şeirlərinə dillər əzbəri olan,
könülləri oxşayan mahnılar bəstələmişdir. M.Dilbazi dünya və türk xalqları
ədəbiyyatlarından etdiyi tərcümələrlə də tanınmışdı. Akademik Bəkir Nəbiyev onun
müasirləri olan qadın sənətçilər arasında mövqeyini belə dəyərləndirib: "Gözəllik
daşıyıcılarının və gözəlliyi yaradanların bu qvardiyasına başçılıq etmək şərəfi istedadlı
xalq şairi Mirvarid Dilbaziyə nəsib olmuşdur".
Mirvarid Dilbazi 1928-ci ildən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində
keçirilən məclislərdə iştirak etmişdir. Azərbaycan bədii fikrinin görkəmli nümayəndələri
ilə görüşlər, söhbətlər sonradan həmin ədəbi şəxsiyyətləri səciyyələndirən xatirə
cizgilərinə çevrilmişdir. Bu baxımdan nəcib, həyalı, mötəbər A.Şaiq, xalqın sonsuz
məhəbbətini qazanmış S.Vurğun, başıpapaqlılardan qorxan bir qıza namuslu qardaş
münasibəti göstərən S.Rüstəm, çox sadə, səmimi, saf xilqətli M.Müşfiq, okeanda inci
axtaranlara oxşayan M.Hüseyn, sözün əsl mənasında ziyalı Y.V.Çəmənzəminli, "Xalq
işinə çox lazımlı, müsbət bir şəxsiyyət" (S.Vurğun) olan M.İbrahimov, xalq ənənə və
adətlərini bilən S.Rəhimov, mülayim, ağıllı-kamallı N.Rəfibəyli, tədbirli, mədəni R.Rza,
yoldaşlıq və dostluqda möhkəm və dönməz O.Sarıvəlli, xalqın milli şairi Ə.Cəmil, mənəvi
təmizliyin nümunəsi Ə.Vəliyev haqqında xatirələr ürəklə, məhəbbətlə, səmimiyyətlə
qələmə alınmışdır. Mirvarid Paşa qızı ömrü boyu kimsədən təmənna ummamış, kimsəyə
yük olmamışdır. Bircə həmdərdi qələm olmuşdur. Bütün dərdlərini, kədər və sevinclərini
qələmlə demiş şair xalqımızın qələbəsini görmək arzusu ilə yaşayırdı. M.Dilbazi uşaqlıq
illərini xatırladığı şeirlərinin birində yazıb:
Avey dağım, mən zirvəndə itəydim,
Bir gül olub daş sinəndə bitəydim...
Ağrılı-acılı həyat yolu keçmiş xalq şairi bütün varlığı ilə Vətənə, elə-obaya bağlı idi.
Vaxtilə Ağdamın Gülablı obasında dincəlmiş Mirvarid xanıma sonralar qızlar bənövşə
açılanda bahar ərməğanı göndərmişdilər: "...dəftər vərəqləri arasında qurumuş bir cüt
bənövşəni görəndə onların üstünə göz yaşlarım töküldü. Bənövşələr üstə ilk göz yaşlarım
altı yaşımda, bu göz yaşlarım isə 80 yaşımda töküldü..."
Mirvarid Dilbazi - 100
Kitabları
Müharibəyə qədər işıq üzü görən kitabları
Bizim səsimiz 1934
İlk bahar 1937
Müharibə mövzusuna həsr olunmuş kitabları
Döyüş mahnıları 1941
Kamal 1942
Ağarzayev 1942
Neft 1942
Vətən eşqi 1942
Qoçaq ataların qoçaq övladlarına 1942
Xatirələr 1945
Sonrakı dövrlərdə çap olunan kitabları
Sənətkarın xəyalı 1948
"Seçilmiş şerlər" 1957
Məhəbbət bizimlə qoşa doğulur. Bakı: Gənclik, 1959, 227 s.
Şerlər. Bakı: Azərnəşr, 1962, 22 s.
Xatirələr olan yerdə 1964
Həyat lövhələri 1967
Bənövşələr üşüyəndə 1970
Ana qanadı (şeirlər, poemalar və hekayələr). Bakı: Gənclik, 1972, 489 s.
Yasəmən fəsli 1976
Dağ çiçəyi. Bakı: Gənclik, 1977, 320 s.
Seçilmiş əsərləri (üç cilddə) 1981-1983. Bakı: Yazıçı, I cild, 324 s.; II cild, 336 s.;
III cild, 218 s.
Qar çiçəkləri (şeirlər, poemalar, pyeslər). BakıI Gənclik, 1984, 280 s.
Durnalar ötüşəndə. Bakı: Yazıçı, 1989, 272 s.
Çiçəkdən-çiçəyə. Bakı: Gənclik, 1991, 287 s.
Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 278 s.
Uşaqlar üçün yazdığı kitablar
Nağıllar 1940
Şeirlər 1951
Kiçik dostlarıma 1956
Gülbahar 1957
Yaz gəlir (Bahar nəğmələri) 1968
Lalənin ağacları 1970
Abşeron bağlarında (hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün). Bakı: Gənclik,
1984, 96 s.
Rus dilində əsərləri
Вспоминаю вас (стихи). Баку: Азернешр, 1964, 51 стр.
Яблоневая ветка. Москва: Художественная литература, 1965, 151 стр.
Mirvarid Dilbazi - 100
M.Dilbazi yaddaşlarda
Vətənin vüqarı olan dağın sinəsində bir gül olmaq istəyi ilə yaşayan şair haqqında
tanınmış tədqiqatçı-publisist İsmayıl Umudlu ("Dilbazilər" tarixi-bioqrafik araşdırmasının
müəllifi. Bakı, 2007, 392 s.) yazır: "Doxsan yaşı haqlamağa bircə ili qalmışdı Mirvarid
xanımın. Hələ dünənə qədər şirin bir Qazax ləhcəsi ilə danışdığı ətirli sözünü-söhbətini
televiziyadan eşidir, yorulmadan onun danışdıqlarını sonadək dinləyirdik. Onunla mətbuat
müsahibələrini - yeni bir mətləbi özümüz üçün kəşf etmək inamı ilə səbirlə oxuyurduq.
Ömrünün son çağlarına qədər şeir dünyasından da ayrılmadı Mirvarid xanım. Ara-sıra lirik
şeir ərməğanını oxucularına çatdırmağı da unutmurdu.
...Mirvarid ana böyüklüyündə sadəliyini dünyadan köçərkən də gözlədi. Fəxri
xiyaban istəmədi. Onu vəsiyyətinə əsasən Dağlıq qəbiristanlıqda anası Cavahir xanımın,
sevgili bacısı Yaqut xanımın yanında torpağa tapşırdıq...". Filologiya elmləri doktoru,
professor, yazıçı-dramaturq Aqşin Babayev M.Dilbazinin yaşadığı binanın qarşısında
xatirə lövhəsi vurularkən demişdir: "Mirvarid Dilbazi dünyasını dəyişib, ancaq o, ikinci
həyatını yaşayır. O, əbədi sənəti ilə hər birimizin qəlbində silinməz izlər qoyub".
Mirvarid Dilbazi - 100
Ədəbiyyat və Mədəniyyət xadimləri,
qələm dostları və oxucuları M.Dilbazi haqqında
1. M.Dilbazi ilhamını xalqdan, onun mənalı keçmişindən, səadətli bu günündən və daha
parlaq gələcəyindən alan böyük istedad sahibidir.
B.Nəbiyev
2. Olduqca şad və fərəhli bir ürəklə deyə bilərik ki, balaca Məhsətimiz-Mirvarid Dilbazi
son əsərlərində şeirdən gözlədiyimiz gözəllik nümunələrini verməyə başlamışdır.Onun
yaratdığı insan obrazlarıolduqca məzmunlu, mənalı və dolğundur.
M.S.Ordubadi
3. Mirvarid Dilbazinin kitablarını vərəqləyən oxucu həmişə incə ruhlu səmimi bir şair,
ağıllı, nəcib, təvazökar bir müsahib, qayğıkeş və zəhmətsevər bir insanla üz-üzə gəlir.
Ə.Cəmil
4. Mirvarid Dilbazi sözün geniş mənasında beynəlmiləlçi, vətənpərvər, dostluğun
nəğməkarıdır.
Ə.Vəliyev
5. Mirvarid Dilbazinin şeirlərindəki hərarət, təsir onlardakı dərin səmimiyyətin nəticəsidir.
H.Orucəli
6. M.Dilbazinin şəxsiyyəti ilə yaradıcılıq amalı, fərdi insan keyfiyyətləri ilə sənət aləmi
arasında mənalı bir ahəngdarlıq duyulmaqdadır.
M.Əlioğlu
7. Hansı üfüqlərə ucalsan da sən yenə yerin cazibə qüvvəsində qalırsan. Sənin poeziyanı
doğma torpaqdan, onun zəngin tarixindən, qələbələr dolu müasir həyatından ayrı təsəvvür
etmək olmaz. N.Xəzri
8. Dilbazi çox incə həyat müşahidələrindən dərin məna çıxaran, bədii ümumiləşdirmələr
yoluyla gedən şairədir. Emosional məharəti onun şeirlərinin birinci zinətidir.
Q.Qasımzadə
9. O, bütün həyatını ədəbiyyata həsr edən, fikrini-qəmini böyük bacı bildiyi poeziya ilə
bölüşüb təsəlli tapan mehriban ana ürəkli şair, titrək şair qəlbli anadır.
M.İbrahim
Mirvarid Dilbazi - 100
Mirvarid Dilbazinin həyat və fəaliyyətinin
əsas tarixləri
1912-ci il 10 avqust – Qazax rayonunun Musagöy kəndində anadan olmuşdur.
1921-ci il - Bakı qız seminariyasına daxil olmuşdur.
1927-ci il - Bakı dəmir yolu məktəbində müəllim vəzifəsində işləmişdir.
1929-cu il - Azərbaycan Dövlət Pedaqoji institutunun ədəbiyyat-ictimaiyyət fakültəsinə
daxil olmuşdur.
1932-ci il - Quba partiya məktəbinə ədəbiyyat müəllimi təyin olunmuş, “Bolşevik
Zeynəb” poemasını yazmışdır.
1934-cü il - “Bizim səsimiz” adlı ilk şeirlər kitabını nəşr etdirmişdir.
1935-1938-ci illər – Azərbaycan SSR Elmlər Akademiyasının əlyazmaları fondunda şöbə
müdiri vəzifəsində işləmişdir. ”İlk bahar” adlı şeirlər məcmuəsini çap etdirmişdir.
1939-cu il - “Şərəf nişanı”ordeni ilə təltif olunmuş, Bakı Sovetinə deputat seçilmişdir.
“Sasunlu David” dastanını dilimizə tərcümə etmişdir.
1940-cı il - Kiçik yaşlı uşaqlara “Bahardan məktub”adlı kitabını təqdim etmişdir.
1941-ci il - “Mahnılar”, “Neft” rus dilində isə “Nağıllar” və “Şeirlər”kitablarını çap
etdirmişdir.
1942-ci il - “Qoçaq ataların qoçaq övladları”, “Vətən eşqi”, “Döyüş mahnıları”, “Kamal”
kitablarını oxuculara təqdim etmişdir.
1944-cü il - “Qafqazın müdafiəsi üçün” medalı ilə təltif olunmuşdur.
1945-ci il - 1941-45-ci illər Böyük Vətən müharibəsi dövründə “Əmək igidliyinə
görə”medalına layiq görülmüşdür. “Xatirələr” kitabını çap etdirmişdir.
1946-cı il - “Bahar” və Günəşin eşqi” kitablarını çapdan buraxmışdır.
1947-ci il - Azərnəşr rus dilində “Şeirlər”məcmuəsini çapdan buraxmışdır.
1951-ci il - “Şeirlər” və “Mənim nənəm”(rus dilində) kitabları çapdan çıxmışdır.
1952-ci il - Kiçik yaşlı uşaqlara “Qardaşlar”kitabını təqdim etmişdir.
1956-57-ci illər – “Balaca dostlarıma” və “Seçilmiş şeirlər” çapdan çıxmışdır.
1959-cu il - M.Dilbazi ikinci dəfə “Şərəf nişanı” ordeninə layiq görülmüşdür.
1962-ci il - Şairin kitabxanası seriyasından “Şeirlər” məcmuəsi nəşr edilmişdir.
1967-ci il - Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri ada layiq görülmüşdür.
1968-ci il – “Qabaqcıl Maarif Xadimi”fəxri ada layiq görülmüşdür.
1970-ci il – “Şərəfli əməyə görə”, “Lenin yubiley medalı”na layiq görülmüşdür.
1972-ci il – “Ana qadını” kitabı çapdan çıxmışdır.
1977-ci il - “Dağ çiçəyi” və “Partizan Aliyə”kitabları nəşr edilmişdir.
1982-ci il - “Qırmızı Əmək Bayrağı”ordeni ilə təltif edilmişdir.
2001-ci il 12 iyul - Vəfat etmişdir.
Mirvarid Dilbazi - 100
Kitabxanalarda təbliği
Qeyd etmək lazımdır ki, Mirvarid Dilbazinin çoxşaxəli zəngin irsinin geniş oxucu
kütləsinə çatdırılması üçün bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar
qarşısında təxirəsalınmaz vəzifələr durur. Bunun həyata keçirilməsi üçün ilk növbədə
geniş və məzmunlu tədbirlər planı işlənib hazırlanmalıdır.
Mirvarid Dilbazinin bütün əsərlərinin və onun haqqında nəşr olunmuş kitabların, eləcə
də dövri mətbuat materiallarının çoxsaylı oxuculara çatdırılması üçün bütün kitabxanalar,
xüsusən də MKS-lər əyani və şifahi təbliğatın: kitab sərgilərindən, kitabxana
plakatlarından, stendlərdən, söhbətlərdən, oxucu konfranslarından, sual-cavablardan,
biblioqrafik xülasələrdən, məruzə və mühazirələrdən və s. vasitələrdən məqsədə uyğun
şəkildə istifadə etməlidirlər.
Əyani təbliğat daha geniş oxucu kütləsinin sistemli şəkildə əhatə edə bilir və onların
mütaliəsinə müsbət təsir göstərir. Kitab sərgiləri və kitabxana plakatları 15-20 gündən tez
dəyişdirilmir. Həmin müddətdə ona mümkün qədər çox oxucu baxa bilir. Sərgilərdə kitab,
yaxud onların üz qabıqları nümayiş etdirilməli və bununla yanaşı, yeri gəldikcə,
illüstrasiya materiallarından, sitatlardan da istifadə olunmalıdır. Kitabxanalarda “Mirvarid
Dilbazi -100”, “Xalq şairi”, “Uşaqların sevimlisi” və s. başlıqlar altında kitab sərgiləri,
kitabxana plakatları, məruzələr və mühazirələr təşkil etmək olar.
“Mirvarid Dilbazi-100” başlıqlı kitab sərgisinin təxmini sxemini veririk.
1
2
3
4
5
6
1.
Başlıq:
“Mirvarid Dilbazi -100”
2.
Mirvarid Dilbazinin şəkli.
3.
Mirvarid Dilbazinin seçilmiş əsərləri.
4.
Sərgidə veriləcək sitatlar:
1. M.Dilbazi ilhamını xalqdan, onun mənalı keçmişindən, səadətli bu günündən və daha
parlaq gələcəyindən alan böyük istedad sahibidir.
B.Nəbiyev
2. Dilbazi çox incə həyat müşahidələrindən dərin məna çıxaran, bədii ümumiləşdirmələr
yoluyla gedən şairədir. Emosional məharəti onun şeirlərinin birinci zinətidir.
Q.Qasımzadə
5.
Haqqında kitablarda:
Ə.Əhmədova. Bu ellərə vurulmuşam. Bakı: Yazıçı, 1978, 79 s.
H.Həmidova. Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər. Bakı: M.F.Axundov
kitabxanasının nəşriyyatı, 1990, 130 s.
B.Nəbiyev. Söz ürəkdən gələndə. Bakı: Yazıçı, 1984, 282 s.
6.
Haqqında dövri mətbuatda
Şairin zəngin yaradıcılığını geniş kütlələrə çatdırmaq üçün sual – cavab gecəsindən də
istifadə etmək məqsədə uygundur:
1. M.Dilbazi nə vaxt və harada anadan olmuşdur?
2. M.Dilbazi Bakı qızlar seminariyasına nə vaxt daxil olmuşdur?
3. M.Dilbazinin ilk şeirlər kitabı hansıdır və neçənci ildə nəşr edilmişdir?
4. Hansı kitabları müharibə dövründə yazılmışdır?
5. Kiçik yaşlı uşaqlar üçün hansı kitabları vardı?
6. İlk mətbu şeiri hansıdır?
7. M.Dilbazi hansı vəzifələrdə işləmişdir? və s.
Kütləvi – şifahi işin ən təsirli və geniş yayılmış metodlarından söhbəti, mühazirəni,
konfrans və seminarları da göstərmək olar. “Çiçək ətirli, yaz təravətli”, “Gözəlliyin
poeziyası” və s.adlı söhbət, mühazirə keçirmək olar. Söhbətləri qrup ilə və ayrı-ayrı
şəxslərlə keçirmək olar.
Oxucu konfransı keçirilərkən mövzu tam əhatə olunmalıdır. Kitabxanaçı konfransın
keçirilməsi üçün qabaqcadan ayrıca plan tərtib etməlidir. Planda keçiriləcək tədbirin adı,
giriş sözü və cıxış edənlərin adları göstərilməlidir.Tədbirdən əvvəl elan və dəvətnamə
hazırlanır. Konfransın maraqlı keçməsi üçün ziyalılar cəlb edilməlidir. Ilk növbədə
kitabxanaçı tədbirin mövzusu üzrə məlumat verməlidir. “Gözəlliyin poeziyası” adlı oxucu
konfransının mövzuları:
1.
Mirvarid Dilbazinin həyat və yaradıcılığı.
2.
M.Dilbazi yaradıcılığında Böyük Vətən müharibəsi.
3.
“Məhsəti” poeması haqqında.
4.
Uşaqların və gənclərin sevimli sənətkarı.
5.
M.Dilbazi yaradıcılığında ana məhəbbəti və s.
Oxucular arasında Mirvarid Dilbazinin şeirləri üzrə şeir müsabiqəsinin keçirilməsi
məqsədəuyğundur. Şeir müsabiqəsinin keçirilməsi üçün kitabxanaçı əvvəlcədən şeirləri
tapmalı və oxucular arasında bölməlidir. Ən yaxşı söyləyən oxucu müdiriyyət tərəfindən
mükafatlandırılmalıdır.
Oxucular arasında bədii ədəbiyyatı təbliğ etməyin ən geniş yayılmış şifahi üsulu kitab
müzakirəsi, oxucu konfransı, ədəbi-bədii gecədir. “Məhəbbət bizimlə qoşa doğulur” və s.
adlarda ədəbi-bədii gecə keçirmək olar. Ədəbi-bədii gecəyə ədəbiyyat müəllimləri, qələm
yoldaşları dəvət oluna bilər. Tədbir iki hissəli olmalıdır. Birinci hissədə Mirvarid
Dilbazinin həyat və yaradıcılığı haqqında məruzə olmalı, çıxışlar dinlənilməlidir. Tədbirin
ikinci hissəsində isə onun şeirlərindən parçalar söylənilməli, səhnəciklər göstərilməli,
mahnılar səslənməlidir.
Ədəbi-bədii gecənin keçirilməsinə kömək məqsədilə hazırladığımız ssenarini təqdim
edirik.
(Aparıcılar zala daxil olur və tədbir iştirakçılarını salamlayır)
I Aparıcı: Keçmiş Xanlıqlar adlanan indiki Musaköy Qazaxın mənzərəli, gözəl
kəndlərindən biri. Yazda nərgizlərin, lalələrin, bənövşələrin, ağ, çəhrayı, mavi, narıncı
çiçəklərlə bəzənmiş meşə ağaclarının, əlvan buludların, aylı gecələrin, işıqlı sübh
göylərinin rəngi bir-birinə qarışıb möcüzəli gözəllik yaradan bu kənddə Mirvarid
Dilbazinin uşaqlıq illəri keçmişdir.
II Aparıcı: Təbiətlə onun ünsiyyəti də buradan başlamışdır. Mirvarid Dilbazi şairlər
nəslindəndir. Onun Vaqifin müasiri olan babalarından Hacı Rəhim ağa və Əbdürrəhman
ağa Dilbazilər dövrün alim, fazil adamları olmuşlar.
I Aparıcı: M.Dilbazi ədəbi fəaliyyətə gənc yaşlarından başlamışdır. Onun azadlığa çıxmış
Azərbaycan qadınının səsi eşidilən ilk şeirləri müxtəlif qəzet və jurnallarda çap olunurdu.
M.Dilbazi birinci kitabını “Bizim səsimiz”adlandırmışdı. Burada şairənin 20-ci illərin
axırlarında yazılmış Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”,
“Qurtuluş”,”Qadın” kimi şeirlərinə rast gəlmək olurdu.
I Aparıcı: Oxucunun ifasında “Müdrilklik” şeirini dinləyək.
Oxucu: Ona dərd söyləsən danışma uzun,
Yazılı kitabdır onunçün üzün.
Oxuyar fikrini o bir baxışda,
Bilər bahardasan, ya da ki, qışda.
Duyar qəhərlənmiş tutqun səsindən,
Gözündə kipriyin titrəməsindən.
Qayğısız ötənlər olmuş yanından,
Tək çıxa bilmirsən dərd ümmanından.
Təbiət insanı yaratmayıb tək,
İnsanı insana göndərib kömək.
Sən varkən, onunçün söz nəyə gərək!
O sözsüz oxuyur canlı kitabı.
İnsan iztirabı, insan əzabı
Onda əks etməsə göz nəyə gərək?
Çapmır o hər yana söz səməndini,
Bir sözlə, yüz sözün açır bəndini...
Ömürdən bizlərə verilən illər,
Mənasız keçməsin qoy heç bir anın.
Böyüdək vətənə müdriknəsillər,
Müdriklər elidir Azərbaycanım!
I Aparıcı: M.Dilbazinin Böyük Vətən müharibəsi mövzusuna həsr etdiyi əsərlərin dili
sadə, axıcı, rəvandır. Sanki şairə bunları yazarkən”nəfəsini belə dərməmiş”, sözünü
birnəfəsə deyib qurtarmışdır. Bütün bunlar M.Dilbazinin böyük müvəffəqiyyətidir. Axı,
müəyyən tarixi hadisələrlə əlaqədar olaraq yazılmış əsərlər bəzən bir müddətdən sonra
unudulur. Yalnız həqiqi sənətkar qələmindən çıxan və duyularaq yazılan əsərlər həmişə
oxunaqlı olur, sevilir və yaşayır.
II Aparıcı: Böyük Vətən müharibəsi illərində M.Dilbazi xalqımızın tarixi keçmişinə həsr
etdiyi “Məhsəti”adlı poemasını yazıb çap etdirdi. Poemada şahların zülmü, Məhsətinin
başına gətirilən dözülməz əzablar, onunla Nizami arasındakı möhkəm dostluq
əlaqələrinin təsviri real şəkildə əks etdirilmişdir.
I Aparıcı: “Məhsəti”poemasından Məhsəti ilə Xətib oğlunun dialoqundan bir parça
(Qoca gedir, Məhsəti dalğın, pəncərə önündə dalınca baxıb deyir)
Məhsəti: - Şahların daş-qaşla dolanda tacı,
Çoxalır millətin yoxsulu, acı.
Bu anda Xətib oğlu qapıdan girir. Oxu, yayı, yapıncını bir yana atıb, əlini Məhsətinin
çiyninə qoyur.
Xətib oğlu: - Şairəm, gözəlim, bu hal nə haldır,
Yenə bu nə fikir, bu nə xəyaldır?
Dalmısan dünyanın dərd ümmanına...
Şairəm, and olsun sənin canına,
Sənsiz yetim olar kişi vüqarım.
Sənsiz darıxmışam, mənim nigarım!
(Xətib oğlu onun əllərini öpür)
Bu incə, bu zərif şair əlləri
Bəzəyib ömrümdən keçən illəri.
Sənsiz heç olmasın mənim bir anım!
Məhsəti: - Sən də xoş gəlmisən, mənim sultanım!
Məni viran edər sənsizlik qəmi,
Səninlə abaddır könlüm aləmi.
Gəldi qapımıza yoxsul, ixtiyar,
Altı şəhid olmuş əsgər atası.
Gəlib, burda bizə gətirdi pənah.
Onu öz gözünlə görsəydin hərgah.
Əgər eşitsəydin çəkdiyi ahı,
Mənim tək, tüstüsüz yanardın sən də.
Özümü unutdum o ah çəkəndə.
Verdim mən mehrimə düşən bağları,
Həm o torpaqları ona hədiyyə.
Xətrinə dəyməsin, bu sənsiz oldu,
Mənim bəxşeyişim bir parça torpaq,
Onun bəxşeyişi altı oğuldu
Yurda, vətənə.
Xətib oğlu: - Mənim varım, yoxum sənə halaldır,
Var-dövlət can deyil adicə maldır.
Mənim mələyim!
Sənindir bu canım, çarpan ürəyim.
II Aparıcı: Mirvarid xanım bir qadın, bir ana, bir müəllim kimi uşaqları sevir, hələ
müharibədən əvvəl də ara-sıra onlar üçün əsərlər yazırdı. Onun uşaqlar üçün yazdığı
“Bahardan məktub” adlı kitabı 1940-cı ildə nəşr olunmuşdu.
I Aparıcı: M.Dilbazinin “Mənim nənəm” şeirindəki məktəbli qızın sevincinə səbəb onun
işgüzarlığından doğan qürur hissidir:
Çay qaynadıb, süfrə açıb,
Eləyirəm ona kömək.
Məndən kiçik bacımım da,
Paltarını geydirirəm.
Qardaşımın əl-üzünü
Yuyub, onu yedirdirəm.
Çünki bizdən əvvəl durub,
Atam, anam gedir işə.
Evdə qoca nənəmizə,
Köməkçiyəm mən həmişə.
II
Aparıcı: Şeiri oxuyan balaca məktəblilərin özlərini bu işgüzar qıza oxşadacaqlarına,
evdə kiçik bacı və qardaşlarına, qoca nənə və babalarına kömək edəcəklərinə inanırsan.
Çünki burada şairə”belə et”demir, necə etmək lazım gəldiyini göstərir.
I Aparıcı: Mirvarid Dilbazi həm də təbiət vurğunudur. O ölkəmizin bir çox yerlərini
gəzmiş, ana torpağın füsunkar gözəlliklərindən ilhama gəlib bir sıra gözəl əsərlər
yaratmışdır. M.Dilbazinin Vətən məhəbbəti mövzusunda yazdığı şeirlər adicə təbiət
lövhələri deyil, eyni zamanda həlim təbiətli ananın, mürəkkəb hadisələrə nüfuz edən insan
- əsgərin, vətəndaş şairənin həyata baxışını əks etdirən parçalardır.
II Aparıcı: Torpağa bax, iqlimə bax, təbiətə bax!
Fəsilləri bir-birinə qovuşduraraq,
Qar üstünə ətir saçır, gül üstünə qar,
Xəzəllərin arasından boylanır bahar.
Burada Vətənimizin rəngarəng təbiəti, təkraredilməz gözəlliyi bir rəssam məharəti ilə
kağıza köçürülüb.
Oxucunun ifasında “Kəndimiz yadıma düşdü” şeirni dinləyək:
Qar çiçəyi qarı deşdi,
Yadıma kəndimiz düşdü:
Bizim səfalı kəndimiz,
Bahar havalı kəndimiz.
Fikrim uçdu Avey dağa,
Ordan bənövşə yığmağa...
Əlimdə şehli dəstələr
Endim”Damcılı”bulağa.
Ayrılmışdım gör nə vaxtdan
Mən bu eldən, bu torpaqdan
Anam su içən bulaqdan.
Dayandım orda bir qədər,
Acı, şirin xatirələr
Hər yandan qılınc çəkdilər,
Qanımı, qansız tökdülər...
Durub burdan yavaş-yavaş
Vəlixana qalxdım birbaş.
İlk qədəm basdığım yerlər,
Anamın ilk laylasına
İlk qulaq asdığım yerlər
Məni məndən elə aldı,
Təzə fikirlərə saldı.
Baxdım-baxdım...burdan bizə
Həsrəti qalan dağlara,
Sinəmdə qövr etdi yara...
II Aparıcı: M.Dilbazinin poeziyası incə, saf səsi ilə çoxdan ürəklərə yol tapıb, xalqımızın
mənəvi sərvətinə çevrilmişdir. Bu sərvət milyonlarla oxucunu daxilən zənginləşdirir,
duyğularına xoş bir sığal çəkir, onları qanadlandırır. Bu xəzinədə Vətən məhəbbəti, yüksək
əxlaqi sifətlər olan bir ürəyin ehtirasları, öz balasını oxşayan bir ananın titrək nəvazişləri
görünür.
I Aparıcı: M.Dilbazi gənc nəslimizə məhz belə bir poeziya bəxş etmişdir. Onun əsərləri
daima dilimizdə yaşayacaqdır.
SON
İstifadə olunmuş ədəbiyyat siyahısı:
Əhmədova Ə. Bu ellərə vurulmuşam. – B.: Yazıçı, 1978.- 79 s.
Həmidova H. Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər.- B.: M.F.Axundov
kitabxanasının nəşriyyatı, 1990.- 130 s.
Nəbiyev B. Ədəbi düşüncələr.- B.: Yazıçı, 1984.- 282 s.
Son mənzil: (Xalq şairi Mirvarid Dilbazi ilə vida mərasimi)//Azərbaycan qəzeti.-
2001.- 13 iyul.- S.3.
www.google.az
www.adam.az
Document Outline - Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi
- S.Vurğun adına Mərkəzi Kitabxana
- Metodika – biblioqrafiya şöbəsi
- Mirvarid Dilbazi - 100
- Mirvarid Dilbazi - 100
- Mirvarid Dilbazi - 100
- Mirvarid Dilbazi - 100
- Mirvarid Dilbazi - 100
- Mirvarid Dilbazi - 100
- Mirvarid Dilbazi - 100
- Mirvarid Dilbazi - 100
Dostları ilə paylaş: |