F.
Köçərli adına
Respublika
Uşaq Kitabxanası
Günahsız müqəssir
Əliabbas Müznib
Əliabbas Müznibin 135 illik yubileyi ilə bağlı mərkəzi kitabxanaların
uşaq şöbələri, MKS-in şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait
Bakı – 2018
2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar mədəniyyət işçisi
Günahsız müqəssir
Əliabbas Müznib : Əliabbas Müznibin
135 illik yubileyi ilə bağlı mərkəzi kitabxanaların uşaq şöbələri,
MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi, F. Köçərli ad.Respublika Uşaq
Kitabxanası; tərt.ed.A.Əliyeva; ixt.red. və burax.məsul
Ş. Qəmbərova; red. K. Ağazadə. - Bakı: F. Köçərli
ad.Respublika Uşaq Kitabxanası, 2018. – 26 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Bu gün biz milli azadlıq tariximiz barədə iftixar doğuracaq
çoxlu məlumatlara malikik. Lakin bir zamanlar bu tarixin kiçicik
bir səhifəsindən belə xəbərsiz olduğumuzu gənc nəsil heç ağlına
belə gətirmir. Bəli, dünya dəyişir, zamanın hökmü ilə bağlı
qapılar açılır. Unudulmuş tariximiz aydınlaşır. Bir zamanlar
qaranlıqlar içərisində olmuş keçmişin məhrumiyyət dolu
hadisələri bu gün müstəqil respublikamızın şanlı tarixinə
çevrilir. Məhz bu tarix bizi öyrədir, özümüzü daha da dərindən
dərk etməyə səsləyir.
Biz iftixar ediləcək Azərbaycan tarixini yaratmış onlarca
böyük nümayəndələri bu gün minnətdarlıq hissi ilə yad edirik.
Nə qədər təəssüflü olsa da, demək lazımdır ki, milli ictimai fikir
tariximizin iftixar doğuracaq belə şəxslərinin heç də hamısını
yad edə bilməmişik. Belə şəxsiyyətlər isə olduqca çoxdur. Bu
şəxslərdən biri, XX əsrin əvvəlləri və sovet hakimiyyətinin ilk
illərində yaşamış, həyatını, xalqının milli azadlığı uğrunda
mübarizəyə qurban vermiş vətənpərvər şair, publisist və
ədəbiyyatşünas alim Əliabbas Müznibdir. Əliabbas Müznibin
həyat tarixçəsi XX əsrin əvvəlləri Azərbaycan xalqının
ibrətamiz hadisələrindən biridir. Şairin hələ yüz ilə yaxın tarixin
ibrətamizliyi barədə yazdığı aşağıdakı misallar bu gün onun
özünə nə qədər də aiddir:
Cahanda hər kəsin rəhnümasıdır tarix,
Əsiri-zülməti-qəhrin ziyasıdır tarix,
Hüquqi səlb olunan millətin bu gün məncə,
Hünərli, qüvvəli tək bi xudasıdır tarix.
Şair, ədəbiyyatşünas Əliabbas Müznibin 135 illik yubileyi
münasibətilə yazılmış bu vəsait “Giriş” və “Keçiriləcək
tədbirlər” hissəsindən ibarətdir. I hissədə şairin nakam
həyatından, II hissədə isə onun yaradıcılığından bəhs edən
tədbirlərdən söhbət açılır.
4
Giriş
Ədəbiyyatda Müznib təxəllüsü ilə tanınan şairin əsl adı və
soyadı Əliabbas Mütəllibzadədir. Müznib də bir çox yazıçı və
şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin
Rus qiyamından sonra gəlmiş və iti qələm, üsyankar ruhu,
milliyyətçi və türkçü inancları ilə qısa zamanda ədəbi dairələrdə
böyük maraq toplamışdır. O, ilk olaraq mollaxanada, bir müddət
də rus-tatar məktəbində təhsil almışdır. Fars və rus dillərinə,
Türk tarixinə dair geniş məlumatlarını şəxsi oxuma yolu ilə əldə
etmiş və bu mövzularda dövrünün məlumatlı şəxsiyyətlərindən
biri kimi tanınmışdır.
İlk şeirlərini 1907-ci ildən başlayaraq “Təzə Həyat”,
“İttifaq”, “Zənbur” kimi qəzet və jurnallarda nəşr etdirən
Əliabbas Müznib, qısa bir müddətdən sonra 1910-cu ildə “Hilal”
adlı bir qəzet nəşr etdirmiş; həddindən artıq tənqidçi ruhu və
ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mətbuatda
ikən müsadirə olunmuşdur. Buna səbəb Müznibin “Hökumət, ah
bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd” misraları ilə
başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi
ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb
etməməsi baxımından günahlandıraraq belə
yazmışdır:
“Namusu qatı, qarət etməklə qazanmak olmaz, bəlkə, hüquqi
vətən yolunda ölməklə olar. Görürsünüzmü, ata-babadan qalan
torpağımız zalımın çoxluğundan bir taxta pul mənasında olmuş;
bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi
mühəkkek olmuşdur. Əlimizdən gedən ihtiyaratm istirdadına
çalışmaqla sübut oluna bilər”. “Hilal” 1911-ci ilin ilk aylarında
bağlanır. Şairin yayınlamağa başladığı “Şihab-sağıb” dərgisinin
də aqibəti eyni olmuşdur. 1911-ci ildə də Müznib hökumətə
istiqamətli yazılarına görə, əvvəl qısa müddət üçün həbs
olunmuş və günahlandırılmışdır. Daha sonra isə çar hökuməti
5
tərəfindən ömür boyu Sibirə sürgün edilmişdir. Amma isyankar
ruhlu şair, Sibirdə də yazmaqdan qalmamışdır. Burada yazmış
olduğu şeirlərini Bakı mətbuatında nəşr etdirirdi. 1913-cü ildə
Romanovlar sülaləsinin qurulmasının 300 ili qeyd olunduğu
sırada, Müznib də əfv olunaraq Bakıya qayıtmış və yenidən
mətbuat və nəşriyyat aləminə atılmışdır. 1914-cü ildə böyük
qardaşı Əbülfəz Mütəllibzadənin adına “Dirilik” adlı bir
məcmuə qurub. “Müsavat” partiyasının lideri, Azərbaycan
Parlamentinin ilk başçısı Məhəmməd Əmin Rəsulzadənin “Milli
dirilik” adlı ardıcıl yazıları ilk dəfə bu jurnalın sahifələrində nəşr
olunmuşdur. Azərbaycanda türkçülük fikrinin yayılmasında,
Müznib və onun “Dirilik” jurnalı ətrafına yığdığı ədəbi qüvvələr
əhəmiyyətli rol oynamışdır. 1915-ci ildə Müznib bu jurnalın
səhifələrində Rus imperatoru Deli Petronun Türk-Müsəlman
düşmənliyi ilə dolu “Vəsiyyət” ini nəşr etdikdən sonra, yenidən
təqiblərə məruz qalmışdır. Az sonra isə jurnal bağlanmışdır.
Daha sonra Müznib “Türkün səsi” adlı bir qəzet çıxartmaq
fikrinə düşsə də, rəsmi dairələrdən lazım olan izni ala
bilməmişdir. 1913-1917-ci illər arasında Müznib, milli yayım
səhnəsində geniş bir şəkildə çalışırdı. Şair özgün əsərlərlə
birlikdə Şərq və Qərb ədəbiyyatından da tərcümələr edirdi. Öz
əsərlərindən və tərcümələrdən ibarət olan onlarla kitab
yayınladırdı. Rus imperiyasının süqutundan sonra Müznib ədəbi
və siyasi sahələrdə daha geniş fəaliyyət göstərmişdir. 1919-cu
ildə yeni Azərbaycan Cümhuriyətinin Dövlət Marşını yazmışdır.
Respublikanın rəsmi nəşr orqanı olan “Azərbaycan” qəzetində
Türklüyün tarixi və məsələləri üzərinə bir ardıcıl məqalələr nəşr
etdirmişdir. Sovet rejimi dövründə bir müddət 1920-1926-cı illər
arasında Müznib yenə mətbuatda çalışdı. Amma burada ona hər
zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılmış və
nəhayət, 1926-cı ildə, erkən yaşda təqaüdə ayrılmağa məcbur
edilmişdir. Türkçü və milliyyətçi olduğu üçün Müznib Sovet
6
dövründə də, Çar dövründə olduğu kimi təzyiq və sərt
reaksiyalara məruz qalıb. Həyatının 20 ilini mətbuata həsr etmiş
Müznib, 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılmış,
siyasətdən tam uzaqlaşmış və ədəbiyyat araşdırmacılığı ilə
məşğul olmuşdur. 1927-1937-ci illər arasında, Azərbaycan
ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət olan on kitab
yayınlamış. Bütün bu əsərləri özü yığmış, onlara geniş ön söz,
bioqrafi və şərhlər əlavə etmişdir. 1937-ci ildə yenidən həbs
olunan Müznib XX əsr Azərbacan ədəbiyyatının bir sıra
tanınmış şəxsiyyətləri kimi, milliyyətçiliklə və pantürkizmlə
ölüm cəzası hökm olundu. Son zamanlarda ortaya çıxan
sənədlərdə Əliabbas Müznibin 27 avqust 1937-ci ildə
güllələndiyi qeyd edilib.1956-cı ildə dövlət tərəfindən günahsız
olduğu etiraf edilib, ölümündən sonra bəraət edən Müznibin
əsərləri hələ də tam toplanıb nəşr olunmamış və yaradıcılığı
tədqiq edilməmişdir.
Görkəmli şairimiz Əliabbas Müznibin anadan olmasının 135
illik yubileyi ilə əlaqədar olaraq, kitabxanada bir sıra tədbirlər:
kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi,
icmal, ədəbi-bədii gecə keçirilə bilər. Şairi sevdirmək,
yaradıcılığını gənc nəslə və oxuculara tanıtmaq məqsədilə
kitabxanada kitab sərgisi təşkil oluna bilər. Sərgidə şairin
müxtəlif illərdə çəkilmiş şəkillərindən ibarət fotostendi,
kitabları, ədəbiyyatşünas və digər müəlliflərin onun haqqında
yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən şeirlər, kəlamlar
və dövri mətbuatda yer alan məqalələr öz yerini almaqdadır.
Sərgiyə müxtəlif başlıqlarlar verilə bilər: “Günahsız müqəssir”,
“Əliabbas Müznib kimdir”, “Əliabbas Müznib”, “Əliabbas
Müznib şəxsiyyətinə tutulan işıq”,
“Vətən mücahidlərindən
biri”, “Azərbaycan Cümhuriyyətinin Dövlət Marşını yazan
şəxsiyyət”, “Vətən istiqlalından ruh alan şair”,
“Həyatını
Azərbaycan xalqının milli-azadlıq hərəkatına həsr edən
şəxsiyyət” və s. kimi başlıqlar verilə bilər.
8
Keçiriləcək tədbirlər
İstedadlı şairin yubileyi ilə əlaqədar kitabxanalarda müxtəlif
tədbirlər keçirilə bilər. Keçiriləcək tədbirlərdən biri də, “Ey dil,
nə yatmısan, gözün aç bir cahana bax!” adlı şeir
müsabiqəsidir. Kitabxanaçı ilk olaraq şairin bir neçə şeir
kitabını məktəblilərə təqdim edir. Məktəblilər müəyyən etdikləri
şeiri əzbərləyərək təyin edilmiş tarixdə kitabxanaya gəlirlər.
Qonaqlar və münsiflər öz yerini aldıqdan sonra kitabxanaçı hər
kəsi salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq şairin həyat
və yaradıcılığından, onun ömür yolundan, əsərlərindən və
kitablarından söhbət açır. Nəfis şəkildə nəşr olunmuş kitablar
hamı tərəfindən rəğbətlə qarşılanır. Kitabxanaçının dəyərli
məlumatlarından sonra iştirakçılar ard-arda öz şeirlərini
söyləmək üçün səhnəyə yaxınlaşırlar.
I iştirakçı: Getmiş cəfavü cövr ilə əldən qərarımız,
Qəhrü qəzəblə səlb olunub ixtiyarımız.
Səlb olmadı tramvay işi, artdı dərdü qəm,
Payi-piyadə seyrə çıxır gülüzarımız.
Şollar suyuna qırx neçə milyon gedib yenə,
Qan nuş edər fəğan ilə xurdü kübarımız...
II iştirakçı: Ey dil, nə yatmısan, gözün aç bir cahanə bax!
Dünyanı yandıran sitəmi-biimanə bax!
Varlı evində “yolka” bəzər “Analar” üçün,
Səkkiz yetimi ac yatan Mehribana bax!
Beldə tapança bu qoçu adlı dənini gör.
Ədayə tülkü, qardaşına arslana bax!..
9
III iştirakçı: Çərxi-din saldı allah, yanar odlara məni,
Qoydu həsrət sarısaç, gözləri göy yarə məni.
Həqq bilir mən o məhin aşiqi-dildadəsiyəm,
Aşiq ömrün uzadan zülfinin üftadəsiyəm.
Maldan keçmişəm, indi ölüm amadəsiyəm
Xeyli xoşbəxtəm edə tığ ilə sədparə məni,
Bənd qıldım dilimi türreyi-tərrarına mən.
Etdim əmlaki fəda arizi-gülnarinə mən...
Sonda münsiflər heyəti qiraəti ilə fərqlənən iştirakçıları
mükafatlandırır.
Kitabxanada mövzu ilə bağlı müxtəlif tədbirlər keçirilməsi
məqsədəuyğundur.
Oxucuları
maarifləndirmək
adına
kitabxanaçı kitabxanalarla birgə məktəblərdə də mütəmadi
tədbirlər
keçirir. Belə tədbirlərdən biri də “Vətən
mücahidlərindən biri” adlı məktəblilərlə söhbət adlanır.
Kitabxanaçı məktəbin oxu zalına toplaşan oxuculara nakam şair
Ə.Müznib haqqında məlumata keçid alır.
Kitabxanaçı:
“Müznib” imzası Əliabbas Mütəllib oğlu
Əhmədovun ədəbi təxəllüsüdür. “Müznib” sözü ərəb dilində
günahkar, müqəssir mənasındadır.
Qəribə olsa da, bu imza ilə
Əliabbas Mütəllibzadənin şəxsi həyatı arasında bir çox sıx
bağlılıq vardır. Elə bil ki, hələ yaradıcılığının ilk çağlarında
taleyin onun adına yazmış olduğu cəza hökmünü o qabaqcadan
bilmiş, buna görə də özünə belə bir ədəbi təxəllüs seçmişdir.
Əliabbas Müznib həyatı boyu öz ictimai ideyalarına görə üç
dəfə müxtəlif vaxtlarda cəzaya məhkum olmuşdur. Birinci dəfə
1912-ci ildə çar hökuməti onu xalqı milli-azadlıq qiyamına
çağıranlar sırasında Sibirə ömürlük sürgün etmişdir. O, 1913-cü
ildə Romanovlar sülaləsinin üç yüz illik yubileyi münasibətilə
əhvi-ümumiyyəyə düşmüşdür. İkinci dəfə Əliabbas Müznib
10
1914-cü ildə dini-fanatizmi tənqid etməsinə görə Bakı
ruhanilərindən şeyx Qəninin ölüm fitvasına məruz qalmışdır.
Əliabbas Müznib üçüncü ağır cəza hökmünə 1937-ci ildə düçar
olmuşdur. Lakin o, taleyin onun adına yazdığı bu cəza
hökmündən yaxa qurtara bilməmiş, bir “burjua millətçisi”,
“pantürkist” və “panislamist” kimi məhkum edilib. Yenə Sibirə
göndərilmiş, 1938-ci ildə orada da vəfat etmişdir. Beləliklə,
ədəbi-ictimai həyata “Müqəssir” imzası ilə atılmış Ə.Müznib
ömrünü müqəssir kimi də başa vurmuşdur.
Əliabbas Müznibin həyat tarixçəsi göstərir ki, onun seçmiş
olduğu ədəbi təxəllüs ilə mənsub olduğu nəslin taleyi arasında
da bir yaxınlıq olmuşdur. Məlum olur ki, belə bir cəza və
ittihama hələ XIX əsrin əvvəllərində onun ulu babası – Bakının
sonuncu xanı Hüseynqulu xan da məhkum edilmişdir. Nəslin
qanlı tarixi 1806-cı ilin əvvəllərində çar generalı Sisiyanovun
Bakını işğal etmək istədiyi zaman öldürülməsi ilə başlanmışdır.
Bu hadisə sonralar Bakı əhalisi üçün böyük hadisələrə səbəb
olmuşdur. Çarizmin işğalçı cəza dəstələri xalqı qılıncdan
keçirmiş, Hüseynqulu xan vətənindən didərgin düşmüşdür.
Ə.Müznib bu qanlı hadisələri ulu babası Hüseynqulu xana həsr
etdiyi “Təəssürat”, başlıqlı bu şeirində dərin hüznlə yad etmiş,
şeirin üzərində “Ulu babamı xatırlama” sözlərini yazmışdır.
Sovet hakimiyyətindən əvvəl qələmə aldığı bir sıra yazılarında
Əliabbas Müznibin
çarizmin Azərbaycan xalqının başına
gətirdiyi faciələri dəfələrlə yad etmişdir. 1919-cu ildə
Azərbaycan Demokratik Cümhuriyyətinin bir illik yubileyi
münasibətilə çap etdirdiyi məqaləsində o bu faciəli
keçmişi – “Bir əsrdən ziyadə bir müddətin içində tökülən
hesabsız qanların bahasına zalımların yədi-asibanəsindən əxz
edilən..” bir gün kimi xatırlayırdı. O, şəxsi arxivində saxlanılan,
təxminən 1920-ci ilə aid qeydlərdən birində XIX əsrin
11
əvvəllərində çarizmin Bakını işğalı hadisələrini xalq
ədəbiyyatından aldığı bir şeir parçasında bu cür təsvir edirdi:
Yürüdü qoşunu xanın iləri,
Görcək bunu ruslar çəkildi geri,
Düşmənlərdən təmizlədik şəhəri,
Bakı şəhri sevimli yurdumuzdur.
Əliabbas Müznib Sovet hakimiyyəti illərində yazdığı
tərcümeyi-halında vətənin və xalqının rus çarizmi tərəfindən
başına gətirilən hadisələr barədə yazırdı: “1813-cü ildə İran və
Rusiya arasında bağlanmış “Gülüstan müahidənaməsi”
mövzusunda Hüseynqulu xan Bakıdan çəkildikdə xanın əqvam
və əqrəbasına rus qoşunları tərəfindən şiddətli cəzalar
verilmişdir. Cəbr, sürgün, edam edilməkdən müzayiqə
olunmamışdır. Rusiya hökuməti on üç il Bakıda yerləşmişlər.
Qətliam şəhərdə həftələrlə davam etmişdir. Azyaşlılar belə
qılıncdan keçirilmişdir. “Yeddi ev bir güvəcə möhtac oldu”
zərbül-məsəli bu tarixi hadisənin şahidi idi”. Ə.Müznibin yad
etdiyi faciəli hadisələr onun ata-babalarının yaddaşından heç
zaman silinməmiş, bir acı xatirə kimi nəsildən-nəslə nəql
edilmişdir. Bu xatirələrin doğurduğu dəhşətli vahimə hətta
üstündən az qala yüz il keçdikdən sonra da onun atasının çar
hökumət orqanlarına qarşı qəzəb və barışmazlıq hisslərini
soyuda bilmirdi. Bu xatirələr o zaman kiçik Əliabbasın
da həyatında öz silinməz izlərini buraxmışdır. Atası onun çar
üsul-idarəsinə məxsus yeni üsullu məktəbə getməsinə belə
razılıq vermirdi. Ə.Müznib həmin hadisələrin tarixçəsini belə
nəql edirdi: “O zaman atam tikilməkdə olan bir məktəbdə
daşyonan işləyirdi. Mən bir iş üçün onun yanına getmişdim.
Təsadüfən tikintiyə hamilik edən Hacı Zeynalabdin Tağıyev
gəlib çıxır, məni görüb xoşlayır. Atama deyir:
12
– Kişi, oğlunu ver, uşkollaya oxudum. Lakin atam Hacının bu
fikrinə razı olmur.
– Mənə urusdan gələn xeyir lazım deyil, – deyə cavab verir”.
Ata-babasının çarizmin müstəmləkə əsarətinə qarşı belə
barışmazlığı təkcə Əliabbasın deyil, Mütəllib kişinin digər
uşaqlarının da həyatında öz təsirini göstərirdi. Ə.Müznibin kiçik
qardaşı, gələcəkdə görkəmli şair, nasir, publisist və türkoloq
alim kimi tanınan Əmin Abid də öz həyatını Azərbaycan
xalqının milli-azadlıq hərəkatına həsr edib. O da 1937-ci il
qurbanlarından biri olmuşdur.
Əliabbas Müznib təxminən otuz illik bir yaradıcılıq yolu
keçib. Bu illər içərisində o, yüzlərlə poetik əsərlər, publisist
məqalələr yazıb. Təxminən on adda qəzet və jurnala naşir
və redaktor olub, tərçüməçilik sahəsində də uğur əldə
etmişdir. 1910- cu ildə “Min bir gecə” nağıllarından tərcümə
etdiyi bir parçanı “Əlifleyla” adı ilə çap etdirmişdir. “Ürək
yanğısı” və “Tikan kolu” əsərləri oxucularının çox sevdiyi
kitablarındandır. Uzun illər ərzində topladığı el aşıqlarının, söz
sənətkarlarının əsərlərini 1926-cı ildə “Aşıq Pəri və müasirləri”
adlı kitabda çap etdirmişdir.
Ə.Müznib bütün fəaliyyətində özünü həmişə bir məqsədə –
vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr etmişdir. O,
məhz bu məqsəd yolunda da həyatını qurban vermişdir.
Tədbirin sonunda məktəblilər şairin şeirlərini qiraətli şəkildə
söyləyirlər.
Kitabxanada keçiriləcək ənənəvi tədbir forması kimi “Ey
türklüyün nişanəsi, yüksəl səmalərə”
adlı konfrans da keçirilə
bilər. Konfransa tarixçilər, tədqiqatçılar, ədəbiyyatşünaslar və s.
dəvət edilə bilər. Kitabxanaçı hər kəsi salamladıqdan və şair
haqqında məlumat verdikdən sonra sözü iştirakçılara verir.
13
I iştirakçı: Ə.Müznib Azərbaycan ədəbiyyatşünaslığının
yaradıcılarından biri olmuşdur. Ə.Müznibin yaradıcılığının əsas
istiqamətini Azərbaycan folkloru və xalq şeiri təşkil etmişdir.
Əliabbas Müznib “Həqiqət” qəzetinin ən fəal müəlliflərindən
biri idi. “Həqiqət” qəzetinin səhifələrində daha çox “Ədəbiyyat,
yaxud ehtisasat” adlı yazılarla çıxış edən ədibin burada,
həmçinin maarifçilik ruhu daşıyan şeirləri, müxtəlif məqalələri
də işıq üzü görüb. Ə.Müznib “Həqiqət”in 1910-cu ildə nəşr
olunan 7, 10, 11, 12, 16, 21, 40, 45, 46, 57, 102, 103-cü
nömrələrində öz yazılarını dərc etdirib. Müəllifin hikmətli
yazıları “Həqiqət” oxucusunu yüksək mənəviyyat sahibi
olmağa, elmə, mədəniyyətə, intibaha, maarifçiliyə sövq edir və
insanda mənəvi zövq, yüksək dünyagörüşü formalaşdırırdı. Bu
baxımdan, qəzetin 1910-cu il 14 yanvar tarixli 10-cu nömrəsində
işıq üzü görən “İttifaqmı-nifaqmı?” məqaləsi xarakterikdir.
Adından da göründüyü kimi, yazı insanları birliyə, mənəvi
bötövlüyə səsləyir, ətalətdən yaxa qurtarmağa, cəhalət
yuxusunda yatanları isə oyanmağa çağırırdı. XX əsrin
əvvəllərində xalqımızın hələ də cəhalət məngənəsində olmasını
müəllif təəssüf hissi ilə qarşılayır və müsəlman aləmini ruhsuz
bir heykələ bənzədirdi: “Qafqazda sakin olan əhli islama ürf
nəzər etdikdə bütün bütünə bir hiss, bir heykəl, bir ruh cəmad
olunmuş bir şey nəzərə çarpıyor. Əcəba nə tükənməz bir qəflət,
nə latənahi bir cəhalət” (“Həqiqət”, 1910-cu il, 14 yanvar, №10).
Müəllif bildirir ki, XX əsrdə yatmaq olmaz, artıq oyanmaq
zamanıdır. Oxumaq, öyrənmək, öyrətmək, savadlanmaq
vaxtıdır. Çünki millətinin bu gününü, sabahını düşünən həqiqi
ziyalılara bizim hər an ehtiyacımız var. Ədibin “Həqiqət”
qəzetinin 1910-cu il 17 yanvar tarixli 12-ci nömrəsində nəşr
olunan “Ədəbiyyat, yaxud ehtisasat” adlı yazısı, bu gün də
aktuallığını qoruyub saxlayan bir mövzuya, falçılığa həsr
olunub. Müəllif məqalə vasitəsilə falçıları və onlara uyanları
14
kəskin tənqid atəşinə tutur, insanları bu yoldan çəkindirməyə,
haqq yoluna yönəltməyə çalışırdı: “Uzun bir ömrün daimi
səfalət və rəzalət içində keçirib bəlkə bundan belə bir parlaq
səadətə yetişəcəgəm deyə var yoq ümidini istiqbala bağlayan bir
şəxs bundan böylə fürsətdən müstəqid olmağa axırıncı bir
fülusunadək tərk etməzmi?” (“Həqiqət”, 1910-cu il, 17 yanvar,
№12). Müəllif bildirir ki, belə xürafi işlər yalnız yalandan
ibarətdir. Ə. Müznibin bütün yazıları ibrətamiz və dərin-fəlsəfi
məzmuna malikdir. Müəllifin yazıları müəyyən mövzularla
məhdudlaşmır, sərhədləri aşır və ümumbəşəri xarakter daşıyırdı.
Qəzetin 103-cü nömrəsində “Ədəbiyyat” sərlövhəsi ilə nəşr
olunan şeir də məhz bu qəbildəndir: “Gedibdir naxüda əldən
cəhan bir çeşmi giryandır, Bütün bir növhei dilsiz ilə əhvali
təbiyandır, Fəlakətlə, səfalətlə bəşər məğlubi hüsrandır,
Müsəlman zülmi zalimdən! Müsəlman zülmi zalimdən!
(“Həqiqət”,1910-cu il, 9 may, №103) Ə. Müznib də digər
mütəfəkkirlərimiz kimi, hər zaman xalqımızın taleyini düşünür,
maarifsizliyə, cəhalətə qarşı mübarizə aparır, çarələr arayırdı.
Ən önəmli çarə isə, təbii ki, elm və bilik mənbəyi olan
məktəblərin açılması, insanların elmə, savada həvəsləndirilməsi
idi. Bu məzmunda mütəmadi olaraq yazılan və dərc olunan
məqalələr həmin addımın atılmasına bariz nümunədir. Belə
yazılardan biri də qəzetin 102-ci nömrəsində nəşr olunan “Tazə
məktəb” məqaləsidir. Məqalədə məktəb açılması təşəbbüsündən
və həmin cəhdin uğurla nəticələnməsindən söz açılırdı.
“Həqiqət” qəzetinin bütün müəllifləri zamanla səsləşən, aktual
və müasirliyini bu gün də qoruyub saxlayan məqalələri ilə
oxucuların maariflənməsində mühüm rol oynadı. Bu məqalələr
insanların bilavasitə şüuruna təsir göstərərək onlarda ictimai rəy,
yüksək təfəkkür tərzi, mənəvi zövq formalaşdırdı.
15
II iştirakçı: Yazıçının tərtib edərək 1928-ci ildə Azərnəşrdə
nəşr etdirdiyi “Aşıq Pəri və müasirləri (XIX əsrin birinci yarısı)”
kitabı da orta əsrlər antologiyalarını – cüngləri xatırladır.
Əliabbas Müznibin tərtib edərək 1917-ci ildə Orucov
qardaşlarının elektrik mətbəəsində nəşr etdirdiyi “Türkcə
qəzəllər (əski ədəbiyyatımız nümunələri)” kitabı bir neçə
baxımdan diqqətə layiqdir. Müəllif özü kitabın cildində
yerləşdirdiyi məlumatda toplu haqqında yazır: “Bu kitabda Əmir
Əlişir Nəvai, Füzuli, Cənnəti, Abbasqulu ağa Qüdsi, Növrəs
Osmani, Hüdayi, Mikayil Seydi, Mirzə Abbas Şahin, Ağa Kərim
Salik, Məhəmməd ağa Cürmi, Ağadadaş Müniri, Nabi, Cənab
Şihabəddin, Məzaqi, Ağadadaş Sürəyya, Asi, Seyid Əzim,
Raşid, Səid, Qasım bəy Zakir, Məhəmməd Bəliğ, Nişati, Əsmət,
Rüşdi, Məhəmməd Ehsan, Zakir, Natəvan, Vəhdəti, Vəfa, Baki
və sair bunlar kimi qəzəlsəralıqda məşhur olan yüzdən ziyadə
şairlərin qəzəlləri dərc edilmişdir”. Kitabı nəzərdən keçirdikdə
görürük ki, Ə.Müznib burada orta əsrlərdən son dövrlərə qədər
davam etmiş cüng, məcmuə tərtibi ənənəsini uğurla davam
etdirmişdir.
Qeyd etmək istərdik ki, şeir topluları – cünglər, məcmuələr,
bəyazlar bütün dövrlərdə şairlər, yazıçılar, ədəbiyyatşünaslar,
ədəbiyyat həvəskarları tərəfindən yüksək dəyərləndirilmiş, bu
antologiyalardakı klassik poeziya haqqında məlumatlar ədəbi
zövqləri inkişaf etdirmişdir. Müasir tədqiqatçılar bu topluların
köməyi ilə müxtəlif dövrlərdə ədəbiyyat haqqında təsəvvürləri,
ədəbi əlaqə və ədəbi zövqləri öyrənmək imkanına malikdirlər.
Orta əsr şeir toplularından XVII əsr şairimiz Mürtəzaqulu xan
Zəfərin 1994-cü ildə aşkar edilmiş, türk, fars və qismən də ərəb
dilində tərtib edilmiş cüngünü nümunə göstərə bilərik. 2004-cü
ildə faksimilesi “Jünge-Mürtəzaqulu xan Şamlu” adı ilə
Tehranda nəşr edilən, 650 səhifədən ibarət bu kitabın tərtibinə II
Şah Abbas dövründə, 1658-ci ildən Mürtəzaqulu xanın
16
rəhbərliyi ilə başlanmışdır. Ön sözdə verilən məlumata görə, bu
qiymətli əlyazmanı vaxtilə təbrizli Əsədulla Naziməddövlə
İstanbulda İran səfiri olduğu zaman, 1892-ci ildə almışdır.
Əlyazmalar İnstitutunda Mir Möhsün Nəvvabın, M.Məxfinin,
İsgəndər bəy Rüstəmbəyovun, Hüseyn əfəndi Qayıbovun və bir
sıra digərlərinin şeir topluları mühafizə edilir. Buraya onu da
əlavə etmək istərdik ki, Ə.Müznibin şəxsi arxivində türkcə və
farsca şeirlərdən ibarət əlyazma halında şeir toplusu vardır. Bəzi
şeir topluları hələ XIX əsrdə çap edilmişdir. Məsələn, Mirzə
Yusifin “Məcmueyi-divani-Vaqif və digər müasirin” kitabı
1856-cı ildə Teymurxanşurada, Adolf Berjenin “Qafqaz və
Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir” kitabı
1867-ci ildə Leypsiqdə çapdan çıxmışdır.
III iştirakçı: “Türkcə qəzəllər” digər şeir məcmuələrindən bəzi
cəhətləri ilə fərqlənir. M.Füzulinin şeiri ilə başlanıb Sabirin şeiri
ilə qurtaran bu kitabda türkdilli ədəbiyyatda sələf-xələflik
məsələləri, türk xalqları ədəbiyyatları arasındakı əlaqələr,
bütövlükdə türk ədəbiyyatına ümumi bir baxışla baxmaq meyli
ilkin diqqəti cəlb edir. Böyük Azərbaycan şairi, ədəbiyyatşünası
və rəssamı Sadiq bəy Sadiqi (1533-1610) Ə.Nəvainin
“Məcalisin-nəfais” adlı təzkirəsini örnək götürərək yazıb
1607-ci ildə tamamladığı “Məcməül-xəvas” təzkirəsində
Azərbaycan, osmanlı və cığatay şairləri haqqında məlumat,
əsərlərindən nümunələr verilmiş, professor Turxan Gəncəyinin
sözləri ilə desək, “siyasi hüdudları və sülalələr arasında
ixtilafları bir tərəfə buraxaraq, türk dili və ədəbiyyatını bir bütün
halında götürmüşdür”. Ə.Müznibin S.Sadiqinin irsindən nə
dərəcədə xəbərdar olduğunu bilməsək də, deyə bilərik ki, onun
toplusu da elə həmin məqsədlə tərtib edilmişdir. Məlum olduğu
kimi, orta əsrlər və sonrakı dövrlər türk xalqları ədəbiyyatına
Nəvai və Füzulinin çox güclü təsiri olmuşdur. Füzuli ədəbiyyata
gəlib geniş miqyasda tanındıqdan sonra Nəvai təsiri müəyyən
17
qədər zəifləsə də, bəllidir ki, hətta XX əsrin əvvəllərində də
Azərbaycanda Nəvai şeirlərinə nəzirə və təxmislər yazılmışdır.
Topluda diqqəti cəlb edən cəhətlərdən biri Nəvai-Füzuli
əlaqələrinə xüsusi fikir verilməsi, bu iki şairdən (əsasən
Füzulidən) bəhrələnən sənətkarların əsərlərindən nümunələr
verilməsidir. Məsələn, bir yerdə Nəvainin
Bu ki, hər yandan gögərdibdir
yüzini kaci-vərd,
Cism evi taqini altun birl
qıldım lacivərd...
– mətləli qəzəli verilir və ardınca Füzulinin ona nəzirə olaraq
yazdığı
Gərmdir şamü səhər mehrinlə
çərxi-lacivərd,
Gəh sirişki-al edər izharü
gəh rüxsari-zərrd...
– beyti ilə başlanan şeiri nümunə gətirilir.
Təəssüf hissi ilə qeyd etməliyik ki, indiyə qədər bizdə
Ə.Nəvainin külliyyatı nəşr edilməyib, ümumiyyətlə, böyük
şairin heç bir lirik şeirlər toplusu işıq üzü görməyib. Nəvai
şeirlərindən xəbərsiz olsaq, onun əsərlərindən neçə şairimizin
bəhrələndiyini bilməyəcəyik, bütövlükdə ədəbiyyat tariximiz
barədə təsəvvürlərimiz natamam olacaqdır.
IV iştirakçı: Başqa bir maraqlı cəhət: məcmuə divanlar kimi
əlifba sırası ilə düzülmüşdür. Hardasa əvvəldə Füzuli şeirini, ona
yazılan nəzirələri və ya onun təsiri ilə yazılan şeiri oxuyuruqsa,
ortada, sonda da bunu görürük. Nəvai, Füzuli ədəbiyyat
tariximizdə olduğu kimi, bu toplunu da əvvəldən axıra qədər
müşayiət edir. Ədəbiyyatımızın inkişafında ən diqqətəlayiq
cəhətlərdən biri odur ki, orta əsrlərdən XX əsrə qədər yüzilliklər
ərzində Türkiyə, Azərbaycan və Orta Asiya xalqları
ədəbiyyatları heç bir vaxt bir-birindən təcrid olunmamışdır.
18
Aralarında müharibə gedən dövrlərdə belə, bu xalqların
ədəbiyyatları sıx əlaqələrini itirməmişdir. Təəssüf ki, bir sıra
ədəbiyyat dərsliklərində, tədqiqatlarda biz bu mənzərəni
görmürük və bu da ədəbiyyat tariximizin bəzi məqamlarının
obyektiv işıqlandırılmamasından xəbər verir. Kitabda üç qardaş
türk xalqının – Türkiyə türklərinin, azərbaycanlıların və
özbəklərin poeziyası bir şeir toplusu-divan kimi tərtib
edilmişdir. Kitaba osmanlı şairlərindən Baqi, Nədim, Bəliğ,
trabzonlu Fəhmi, Növrəs Osmani, Bağdad valisi Əli paşa,
Rüşdü Qədim, Bursalı Nüzhət, Kazım paşa, Xəlil Ədib,
Cənab Şihabəddin və başqalarının şeirləri daxil edilmişdir.
Buraya Azərbaycanın müxtəlif bölgələrini təmsil edən
sənətkarların – Qarabağdan Molla Zeynalabdin Sağəri, Qasım
bəy Zakir, Abdulla bəy Asi, Növrəs, Mir Mehdi Xəzani,
Məhəmmədəli bəy Məxfi, Mehdiqulu bəy Vəfa, İbrahim
Tahirin, Bakıdan Məşhədi Azər, Ağadadaş Sürəyya, Ağadadaş
Münirinin, Şamaxıdan Seyid Əzim Şirvaninin, Cənubi
Azərbaycandan Zikri, Əttar Ərdəbili, M.M.Şükuhinin şeirləri
salınmışdır.
V iştirakçı: Əlbəttə ki, diqqətəlayiq cəhətlərdən biri də toplunun
Füzuli şeiri ilə başlanıb, Sabir şeiri ilə qurtarmasıdır. Kitab çap
edilərkən Sabir artıq altı il idi ki, vəfat etmişdi. Toplunun daha
əvvəllərində şeiri verilmiş Əliağa Vahid isə şeir-sənət aləmində
ilk addımlarını atan gənc idi. Ədəbiyyat tarixini gözəl bilən, özü
də Sabirin təsiri ilə satirik şeirlər yazan Ə.Müznib Ə.Vahidin
klassik poeziya ənənələrini davam etdirdiyini, Sabirin
yaradıcılığının isə ədəbiyyatımızın yeni səhifəsini təşkil etdiyini
yaxşı başa düşürdü. Antologiyanın üzərində “Birinci kitab”
yazan tərtibçi yeni kitaba ən müasir poeziya nümunələrini
salmağı planlaşdırmşdı. Onun məntiqinə görə, Sabirin simasında
ədəbiyyatımız klassik dövrü ilə vidalaşaraq müasir dövrünə
qədəm qoyur. Beləcə, bir antologiyada, sadəcə müxtəlif şairlərin
19
əsərlərini düzməklə Ə.Müznib ədəbiyyat tariximiz barədə bu
yazıda qeyd etdiyimiz və etmədiyimiz fikirlərini söyləmişdir.
Ümidvarıq ki, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi
işçisi Samirə Gəncəlinin nəşrə hazırladığı, son günlərdə işıq üzü
görmüş bu kitab (redaktoru: Arif Ramazanov) XX əsrin
əvvəllərində Azərbaycan ziyalılarının ədəbiyyat, poeziya barədə
fikirləri, bədii zövqü haqqında müəyyən təsəvvür yaratmağa
kömək edəcəkdir.
Tədbirin sonunda şairin satirik şeirləri səsləndirilir.
Əliabbas Müznibi və onun əsərlərini oxuculara tanıtmaq
məqsədilə kitabxanada müxtəlif səpkidə tədbirlər də keçirmək
olar. Məsələn, bu məqsədlə kitabxanaçı bir neçə məktəblə sıx
əməkdaşlıq edir. O, şagirdləri, xüsusən də, aşağı sinif
şagirdlərini kitabxanaya cəlb etməklə şairin əsərləri ilə tanış
edir. Kitabxanaya abunə olan şagirdlər şairin əsərlərini oxuyur,
onun yaradıcılığı ilə yaxından tanış olurlar. Bu vaxt ərzində
kitabxanaçı yuxarı sinif şagirdləri ilə Əliabbas Müznibin bir sıra
hekayələrini səhnələşdirə bilərlər. Şairin sevilən əsərlərindən
biri olan “Şir, tülkü və ulaq” əsasında hazırlanmış səhnəciyi
sizlərə təqdim edirik. İlk olaraq səhnə əsərə uyğun olaraq
hazırlanır. İştirakçılar canlandıracaqları obrazlara uyğun
paltarlar geyinirlər. Aparıcı səhnəyə yaxınlaşaraq poemadan bir
hissə deməyə başlayır:
I aparıcı: Bir zaman çərxi-dun atıb bir daş,
Şir, tülkü, ulaq olub yoldaş.
Oldular hər üçü şikara rəvan,
Etdilər çox qürur ilə cövlan.
Həddindən artıq çalışdılar hər üçi,
Çoxlu ov tutdular o üç ovçi.
Şir gördükdə ovları, əlan,
Ulağa verdi bölməyə fərman.
20
Ulaq isə o ovları dərhal,
Üç yerə böldü, etmədi ehmal.
Şir bu bölgüdən acıqlandı,
Od kimi qəhrü qeyzdən yandı.
Ulağı vurdu, yıxdı, parçaladı,
Ətini yeyib qanını yaladı.
Sonra əmr etdi tülkiyə bölsün,
Tülkü, az qaldı, bölmədən ölsün.
Qurudu qorxudan dili-dodağı,
Titrəyə-titrəyə əli, əyağı.
O baxışda kiçik, bilikdə yekə,
Özü üçün götürdü bircə tikə.
Qalanını bəxş qıldı şiri-nərə,
Düşməsin taa ulaq kimi zərərə.
Şir qaldı bu bölgüyə heyran,
Tülküdən sordu keyf ilə şadan:
I iştirakçı: “De görüm, böylə bölgünü fövri
Kimdən öyrəndin ey gözüm nuri?”
II iştirakçı: Dedi: “Ey bimisal sultanım!
Sənə qurban bu müztərib canım,
Dövlətindən əzizi-dildəndim,
Ulağın ölməyindən öyrəndim”.
Tədbirin sonunda kitabxanaçı tədbir iştirakçılarına nağıla aid
suallar verir.
Nakam Əliabbas Müznibin yaradıcılığını oxuculara tanıtmaq
üçün kitabxananın nağıl otağında “Cəsarət dolu şəxsiyyət” adlı
nağıl saatı keçirmək olar. İştirakçılar təyin olunmuş saatda
kitabxananın nağıl otağında öz yerlərini alırlar. Kitabxanaçı
“Tülkü” adlı nağılı obrazlı şəkildə, personajların dili və xüsusi
emosiya ilə oxuyaraq dinləyicilərin nağıla olan diqqətini artırır.
21
Kitabxanaçı: Bir gün bir tülkü tələyə düşdü. O qədər dartındı
ki, quyruğu üzüldü. Quyruğu üzüldüsə də qorxudan lap uzağa
qaçdı. Lakin buna gəh zühuri-qəziyyədən çox fikrə düşdü. Bir
qədər fikirləşdikdən sonra yoldaşlarından neçəsini çağırdı və
quyruğunun üzülməyi xüsusində söhbət elədi. Tülkülərdən biri
dedi:
– Quyruq toppuz deyil ki, dava edəndə gərək olsun. Fəqət ağır
və artıq yükdür. Hər yana gedəndə gərək həmmal kimi gərək
özün aparasan.
O biri tülkü buna cəvabən dedi:
– Gərək bu sözü deməyəydin, quyruq olmayanda lümək olub
yaraşığı olmayır.
Quyruqsuz tülkü daha xəcalətindən bir söz demədi. Dərhal
qalxıb bunların yanından qaçdı.
Kitabxanaçı “Qurd və qarı” adlı ikinci nağıla keçid alır.
Kitabxanaçı: Bir ac qurd kəndin kənarında dolanıb ov axtarırdı.
Yol ilə keçdiyi halda gördü bir yerdə uşaq ağlayır. Və nənəsi ona
belə deyir:
– Əgər ağlamağını kəsməsən səni verəcəm qurda aparsın.
Qurd bu sözü eşidincə dayandı. Və gözlədi ki, ona versinlər
uşağı. Qaranlıq çökdü, axşam oldu. Qurd isə gözləyirdi. Lakin
bir azdan sonra gördü ki, həmin nənə uşağa deyir:
– Ağlama balam, səni qurda vermərəm. Əgər qurd gələrsə, tutub
başını üzərik.
Qurd bunu eşidincə:
– Görünür ki, bu evdə bir çürə deyilir, başqa cürə əməl edilir, –
deyib çıxıb getdi.
Kitabxanada şairdən bəhs edən müxtəlif tədbirlər və eləcə
də ədəbi-bədii gecə keçirilir. Unudulmaz şair
Əliabbas
Müznibin xatirəsinə həsr olunmuş “Dünya olunca hökm edəcək
türk uluqları, Dünya durunca həp duracaq türk uluqları” adlı
22
ədəbi-bədii gecəyə Azərbaycanın görkəmli ədibləri, sənət-söz
adamları, oxucular, ali məktəb tələbələri, məktəblilər dəvət
olunur. Qonaqlar şairin şəkilləri, müxtəlif adda əsər başlıqları və
şeir misraları yazılmış çərçivərələrlə bəzədilmiş zalda öz
yerlərini alırlar. Şairin kitablarından ibarət kitab sərgisi qonaqlar
tərəfindən rəğbətlə qarşılanır. Gecənin qonaqları öncə “Əliabbas
Müznib haqqında hazırlanmış veriliş” in slaydına baxmağa
dəvət edilir. Gecəni açıq elan etmək üçün aparıcılar səhnədə öz
yerlərini alırlar. Hər iki aparıcı qonaqları salamlayaraq, onlara
gecədə iştirak etdikləri üçün təşəkkürlərini bildirirlər.
I aparıcı: Salam, dəyərli qonaqlar! Bu il böyük maarifçi,
bənzərsiz pedaqoq, ədəbiyyat fədaisi, tərcüməçi, şair
Əliabbas
Müznibin anadan olmasının 135 illiyi tamam olur. Əliabbas
Müznib həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən
əsl şair idi. Gəlin onun nakam ömür yoluna, keşməkeşli, lakin
zəfər dolu, şan dolu, yaradıcılıqla süslənən ömür yoluna birgə
nəzər salaq.
II aparıcı: Azərbaycan ictimai-bədii fikir tarixində mətbuat
xadimi, şair, tədqiqatçı, publisist, tərcüməçi, hər şeydən əvvəl
istismar və işğal qüvvələrinə qarşı barışmaz mübariz kimi özgün
yeri olan Əliabbas Müznib Mütəllibzadənin həyat və mübarizə
yolu sovet repressiya burulğanında sona çatandan sonra, təbii ki,
adının müsbət mənada çəkilməsi də qadağan edilmişdir. Yalnız
ədib siyasi bəraət aldıqdan sonra, 1970-ci illərin əvvəlində
ədəbiyyatşünas alim, filologiya elmləri doktoru İslam Ağayevin
Ə.Müznibin şəxsiyyəti və fəaliyyəti haqda tədqiqat xarakterli
məqaləsi çap olunmuşdur. Ondan sonra isə filologiya elmləri
doktoru Ağarəfi Zeynalzadə ədib və ictimai xadimin nəşr etdiyi
mətbuat orqanları (Daha çox “Hilal” qəzeti və “Şihabi-Saqib
jurnalı) ilə senzura münasibətləri fonunda onun çarizmə qarşı
barışmaz mübarizəsi barədə apardığı elmi araşdırmalarının
nəticələrini çap etdirmişdir. Bundan sonra Ə.Müznibin
23
şəxsiyyəti diqqət mərkəzində olmuş, akademik Ziya Bünyadov,
filologiya elmləri doktoru Cəlal Qasımov və b. onun haqqında
repressiya qurbanı kimi bəhs etmişlər.
I aparıcı:
Ə.Müznib haqda bir sıra digər tədqiqatlarda da yeri
gəldikcə söhbət getmiş, onun daha çox mətbuat sahəsindəki
xidmətlərinə qiymət verilmişdir. Əgər A.Zeynalzadənin
Ə. Müznibə həsr olunmuş araşdırmaları, qeyd etdiyimiz kimi,
onu daha çox çarizmin senzura aparartı ilə ağır mübarizə
şəraitində əzmlə mübarizə aparan mətbuat və ədəbiyyat xadimi
kimi təqdim edirsə, İslam Ağayevin tədqiqatları daha əhatəli və
tutumludur. İslam Ağayev əvvəlcə Ə.Müznibin nəsli səcərəsinin
tarixçəsinə nəzər salır.
II aparıcı: Ə.Müznibin romantik yardıcılığında çarizmlə, zülm
və ədalətçiliklə barışmazlıq duyğusunun daha çox zəmanədən
şikayət və zəhmətkeşlərin acınacaqlı vəziyyətlərin poetik təsviri
yolu ilə üzə çıxdığını qeyd edən İslam Ağayev satirada həmin
vəziyyətin kəskin ifşaçılıq tərzində üzə çıxdığını göstərir. Qeyd
edək ki, Əliabbas Müznib satirik yaradıcılığında “Molla
Nəsrəddin” ədəbi məktəbinin, Sabir satira ənənələrinin
təsirindən başqa onun öz romantizmindən və islami
dünyagörüşündən irəli gələn bir lirizm və həzinlik də özünü
göstərir. Ədibin hətta “Əkinçi”, “Dilənçi”, “Fəhlə” və s. kimi
mübariz və barışmazlıq duyğusu ilə aşılanmış şeirlərində də bu
ruh aydınca duyulmaqdadır. Azərbaycan Cümhuriyyətin
qurulmasında Əliabbas Müznibin fəaliyyətinin dəyəri, sovet
hakimiyyəti illərindəki fəaliyyəti, habelə hər iki – çarizm və
sosializm imperiyası tərəfindən repressiyaya məruz qalması da
monoqrafiyada öz əksini layiqincə tapmışdır.
I aparıcı: Görkəmli şair, nasir, publisist və ədəbiyyatşünas,
Stalin repressiyaları qurbanı Əliabbas Müznib (1883-1938)
özündən sonra böyük bir irs qoyub getmişdir. Onun
ədəbiyyatımız, ədəbiyyat tariximiz qarşısındakı xidmətləri son
24
illərdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra
hərtərəfli tədqiq edilir, əsərləri üzə çıxarılaraq nəşr edilir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda
Müznibin zəngin ədəbi irsi, XX əsrin əvvəllərində çapdan
çıxmış kitabları (tədqiqatçıların bildirdiyinə görə, ötən əsrin
əvvəllərində onun altmışa qədər kitabçası nəşr edilib), ədibin əli
ilə müxtəlif mənbələrdən köçürüb tərtib etdiyi topluları
saxlanmaqdadır. Klassik ədəbiyyatımızın gözəl bilicisi,
tariximizin, ədəbiyyat tariximizin araşdırıcısı Ə.Müznibin tərtib
etdiyi bəzi toplular əski dövrlərdə əlyazma şəklində yazılıb
yayılan cüng, məcmuə və bəzən də təzkirələri xatırladır.
II aparıcı: Yazıçının arxivində öz əli ilə yazdığı iki hissəli
“Bakı” kitabı şəhərin tarixinə dair müxtəlif mənbələrdən
toplanmış məlumatlar toplusudur. Son dövrlərdə müəyyən edilib
ki, 1928-ci ildə Azərnəşrdə çap edilmiş “Natəvan Xurşudbanu”
kitabının müəllifi Ə.Müznibdir (redaktor və ön söz müəllifi
Hənəfi Zeynallıdır). Bu kitabı və onun həcmcə daha böyük olan
ikinci nəşrinin əlyazmasını müəyyən mənada cüng, antologiya
kimi nəzərdən keçirmək olar. Burada Natəvanın şeirləri, həyat
və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr
barədə məlumatlar toplanmışdır.
I aparıcı: Əliabbas Müznib zəngin irsi və dərin psixologizm,
humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan
ədəbiyyatının zənginləşməsində mühüm rolu olmuşdur. Belə bir
qiymətli irsi öyrənmək, onu nəsillərə çatdırmaq böyük
insanpərvər və vətənpərvər şairimizə ən dəyərli mənəvi abidədir.
Əliabbas Müznib “ədəbi”, “həmişəyaşar” deməkdir. O, bu gün
dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şeirləri ilə, səhnələrdəki
mənzum əsərləri ilə yaşayır.
Əliabbas Müznib həyatı bitəcəksiz
bir ömürdür.
25
Ədəbiyyat siyahısı
Əsərləri
Seçilmiş əsərləri : şeirlər. - Bakı : Nurlan, 2007. - 163 s.
Seçilmiş əsərləri. - Bakı : Şərq-Qərb, 2006. - 256 s.
Natəvan Xurşidbanu : poeziya. - Bakı : Elm və Təhsil, 2012.
- 129 s.
Haqqında
Ağayev İ. Əliabbas Müznib : Həyatı, yaradıcılığı, əsərlərindən
seçmələr. - Bakı : Elm, 2003. - 376 s.
Əhmədov B. Əliabbas Müznib // XX əsr Azərbaycan ədəbiyyatı
tarixi. 3 cilddə : dərslik. – Bakı : Elm və təhsil, 2011. - C.1. - S.
224-235.
Xəyal S. Əliabbas Müznib Bakı və bakılı şairlər haqqında. -
Bakı : Nurlan, 2003. - 80 s.
Əliyeva İ. Oxşar talelər : Azərbaycan Milli Mətbuatı 142 :
"Azərbaycan"ın yazarları // Azərbaycan. - 2017. - 22 iyul. - №
156. - S. 6.
Fərəcov S. Vətən istiqlalından ruh alan şair : [şair,
ədəbiyyatşünas Əliabbas Mütəllib oğlu Əhmədov (Müznib)
haqqında] // Mədəniyyət. - 2016. - 11 mart. - № 20. - S. 15.
Dünyaminqızı Q. Vətən uğrunda fəda olmuş qardaşlar : Sovet
hökuməti Əliabbas Müznib və Əmin Abidin taleyinə də acı
sonluq yazmışdı // Kaspi. - 2015. - 19-21 dekabr. - № 214. - S.
7.
26
Günahsız müqəssir Əliabbas Müznib
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail:info@clb.az
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 41
Çapa imzalanmışdır: 25.05.2018
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |