REDAKSİYADAN
Keçən əsrin yetişdirdiyi əvəzsiz intellektual, aktivist və yazar Hovard Zinn
1999-cu ildə “Marksın Qayıdışı” adlı 1 pərdəli pyes yazır. Sovetlərin dağılmasından
sonra tələsik “tarixin sonu”nu elan edənlərə, keflərinin ən çağ vaxtında sarkastik bir
cümlə ilə cavab verir Zinn: “İsa qayıdacaq deyirdilər, amma mən qayıtdım!”. Şübhəsiz
Marksın “ölümünü” elan etməkdə tələsdiklərini hegemonlar da bilirdi (Sapatistaları
yada salaq), ancaq bu əsərin yazılmasındakı simvolik məna yenə də çox qorxulu idi.
Üstəlik, pyes yazılanda bunu istehzaya çevirənlər çox gözləməli də olmadı. Cəmi on
il sonra “Marksın qayıdışı” hər kəs tərəfindən təsdiqlənməyə, onun və yoldaşlarının
yazdıqları bir daha ən çox oxunanların siyahısına girməyə başlamışdı. Marksı tarixdə
gizlətdiyinə inanan müstəbidlərə, yaxud onun quru akademiyanın divarları arasına
həbs olunduğuna sevinən liberallara inad, “Marksın kabusları” (Derridaya ehtiramla)
bir daha dünyanı dolaşmağa başlayıb. Latın Amerikasından tutmuş Uzaq Şərqə, qoca
qitədən post-sovet məkanına qədər – meydanlar bir-bir təzədən dolduqca, Marks və
yoldaşlarının yazdıqları da tozlu rəflərindən götürülüb yenidən vərəqlənməyə başlayır.
Bu, nə “könüllü”-dür, nə də ki müvəqqəti – kapitalizm mövcud olduğu müddətçə tarixi
məcburiyyətdir!
Azərbaycan da bu neoliberal dünyanın bir parçası olduğuna görə, biz də ilk sayımızı
bu mövzuya – “Marksın qayıdışına” ayırdıq. Əlbətdə “sol”un bu torpaqlardakı keçmişini
bilmədən sözə başlamaq mümkünsüzdür. Buna görə də jurnalın ilk yazısı Məmməd
Süleymanovun “Azərbaycanda solun tarixi” ilə bağlı məqaləsidir. Estafeti bizdən əvvəl
başlayanların həm nəzəri, həm də praktiki təcrübələrini öyrənmək üçün elə bu məqalədən
başlaya bilərik. İkinci məqalə isə Marksın bir daha dünya gündəminə gəlməsinin iqtisadi
əsaslarını analiz edən Nicat Qarayevin “Qlobal kapitalizmin maliyyə böhranı” yazısıdır.
Qarayevə görə iqtisadi böhranın kökündə dayanan “puldan pul yaratma” anlayışı bir
təsadüf deyil, kapitalizmin daxili ziddiyyəti ilə bağlıdır. Təbii ki, kapitalizmin bu
ümumi işləyişinə təkcə “puldan pul yaratmaq” deyil, həm də formalaşdırmağa çalışdığı
istehlak cəmiyyəti daxildir. Bu haqda isə Loğman Qasımovun “istehlak cəmiyyəti”nin
çərçivələrini cızdığı, onun kapitalizmin böhranlarıyla sıx əlaqəsini vurğuladığı
məqaləsində oxuyacaqsız. Məqalə kapitalizmin bu günüylə yanaşı gələcəyi ilə bağlı
da xəbərdarlıqdır. Bu sayın fəlsəfə bölməsində Ziya Bayramov Marksın “yadlaşma”
məfhumunu və bunu aşmanın tarixi trayektoriyasını verir. Bunun üçün əvvəl modern
“yadlaşma” termininin banisi Hegelin tarix anlayışına və Marksın onu necə “ayaqları
üzərinə” çevirməsinə toxunan yazar, marksizmdəki inqilab nəzəriyyəsinin köklərini
də göstərərək “yadlaşmanın” burdakı rolunu vurğulayır. Növbəti yazıda isə Karlo
Lebt, xüsusilə postmodernistlərin ideologiyaları tənqid edərkən şübhə altına aldıqları
ümumbəşər dəyərlərin mövcud olub olmadığını araşdırır. Əsasən “insan haqları” kimi
burjua inqilabları ilə ortaya çıxan məfhumların fərqli mədəniyyətlərdə necə tətbiq
edilə biləcəyi problematikasını mərkəzə qoyan müəllif, mövzunun sol ideologiyalar
çərçivəsindəki həllinə də giriş vermiş olur. Mədəniyyət bölməsində “Marx Reloaded”
filminin rejissoru Jason Barker ilə müsahibəni, Salvadorun qraffiti və küçə sənətini sinfi
mübarizə metodu kimi ələ aldığı məqaləsini, Məmməd Süleymanovun “Dəmir Daban”
haqqındakı yazısını oxuyacaqsız. Özündən əvvəlki bütün mübarizələrin təcrübəsini
bir yerə toplayan, özündən sonrakı bütün mübarizələrə isə ilham verən “Kommunist
Partiyasının Manifesti” haqqında – yəni tarixin ən güclü mətnlərindən biri haqqında da
yenə M.Süleymanovun qələmindən oxuyacaqsız.
K.Marks 150 il bundan əvvəl “XI tezis”-də üzünü bizlərə tutub, sadəcə anlamağın
kifayət etmədiyini bildirərək “Dünyanı Dəyişin” deyirdi. Eyni əsrin bir digər dahisi,
modern şeirin ələ-ovuca sığmaz inqilabçısı A.Rembo isə “Həyatı Dəyişin” deyə əlavə
edirdi. Marksist-sürrealist, möhtəşəm “Nadia”nın yazarı Andre Breton, buna son
nöqtəni qoyurdu: “Bizim üçün bu iki fikir, bir-birindən ayrılmazdır”. Bəli, intiharlarla
və öz həyatlarına qapananların bədbinlikləri ilə başladığımız bu ildə, indi daha gur
səslə bağırmalıyıq: “Başqa bir həyat da, başqa bir dünya da mümkündür!”. Elə biz də
burada bir-bir, “o başqa dünya”nın sahillərində toplaşmağa başlamışıq...
Toğrul Abbasov