4
Tərtib edənlər:
Professor, filologiya elmləri doktoru Tofiq Hüseynoğlu
Orxan Vəzirov, Fikrət Vəzirov
Redaktor: professor, filologiya elmləri doktoru
Tofiq Hüseynoğlu
5
ŞAQQULUNUN XEYİR İŞİ
Payız günü idi. Balaca şəhərin küçələrini duman
bürümüşdü. Xırdaca evlər duman kimi görünürdü. Səs – küy
yox idi; elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan azan səsi
gəlirdi. Bir az keçib qaranlıq düşdü; küçədən gedən adamların
da ayağının şappıltısı kəsildi: xalq evlərinə çəkildi. Nalbənd
Kərbəlayı Qurban da dükanını bağlayıb, «halva bazar»dan evə
gəldi. Küçə qapısını yumruq ilə döyüb deyirdi:
- Köpək oğlunun yerində elə bil tufan qopub!
Və bərk – bərk kürkə bürünürdü. Kərbəlayının arvadı
Nənəxanım səsə qapının dalına gəlib soruşdu:
- Kimsən?
Kərbəlayı acıqlı səslə cavab verdi:
- Hələ kimsən də deyir, axmağın qızı axmaq! Tez ol qapını
aç, soyuq məni kəsdi!..
Nənəxanım qapını açıb, qayıtdı evə. Kərbəlayı Qurban da
içəridə başmaqlarını çıxardıb, sitildəyə – sitildəyə qaçıb, evin
ortasındakı ocağın qırağında oturdu və başladı əllərini qayna-
yan pitinin buğunda qızdırmağa. Soyuq kişini elə vurmuşdu ki,
heç oğlu Şaqqulunun evdə olmadığını anlamırdı. Kərbəlayı
Qurban əllərini qızdırıb, ayaqlarını da ocağın qırağına uzatdı və
pitini iki qılçasının arasına aldı.
Görünürdü ki, kərbəlayı bir
balaca qızışmışdı; çünki isti vurduqca burnunun suyu dayan-
mırdı, kişini təngə gətirirdi. Axırda başını əyib, ocağın qırağına
burnunu belə bərk sildi ki, kül duman kimi qalxıb,
Nənəxanımın başına töküldü.
- A kişi, dəli olmamısan, nə qayırırsan?
- Eh! Axmaq qızı axmaq! Məgər çöldən xəbərin yoxdur?
Köpək oğlunun yerində elə bil tufan qopub!
Bir azdan sonra Kərbəlayı dəstəmazdan ötrü su istədi.
Nənəxanım soyuğa baxmayıb, getdi həyətə quyudan su
çəkməyə. Kərbəlayı Qurban bir az bikar qalıb, sonra başladı
köynəyinin qoltuqlarındakı və ətəklərindəki cücülərdən daşıyıb
6
ocağın qırağında qırmağa. Biçarə heyvanlar ocağın qırağında
pərakəndə olub hər tərəfə qaçışırdılarsa da, yenə kərbəlayının
dırnağına rast gəlib, zəif canlarını ona qurban edirdilər.
Nənəxanım suyu gətirib, aftafada küncə qoydu və palazları
geri qatladı. Kərbəlayı durub küncdə dəstəmaz aldı və cəld na-
maz qılıb, arvada tapşırdı bozbaşı çəksin. Arvad dedi:
- A kişi, bircə səbir elə,
qoy oğlun da gəlsin, bir yerdə ye-
yək, cümə axşamıdır, elə ölülərimizin də ruhu şad gedər.
Nənəxanımın sözü kişinin ağlına batdı; sakit gəldi ocağın
qırağında oturub, fikrə getdi və bir – iki dəqiqə də başını
tərpədib üzünü arvada çevirib, başladı:
- Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə
demirsən oğul, vaxtında evə gəl?!
- Niyə gəlsin, a kişi? Evdə nə var? Qoy cahıldır, gəzsin!
Evə gətirib ev toyuğu qayırmayacaqsan ki?
- Qandı da, qandı da! Axmaq qızı axmaq!
Mən sənə
demirəm ki, gətir ev toyuğu qayır. Deyirəm ki, gündüz bikar –
bikar dükanlar qabağında gəzdiyi bəsdir: gündüz qumarx-
analarda küllənib, evin şeylərini aparıb uduzduğu kifayət elər.
Barı gecə olanda xarabaya tez qayıtsın…
- Uduzmağının sənə dəxli yoxdur! Sənin şeyini aparmır ki,
öz atam evindən gətirdiyim şeylərdir. Özüm verirəm ki, aparıb
nə eləyir eləsin, təki qəm yeyib, ürəyinə xal salmasın. Bircə
ondan savayı kimim var: elə əkib biçdiyim odur dayna! Bu da
məktəbə qoymaq oldu ki, başını böyüdəsən…
-
Heç bilirsən, Nənəxanım, mənim başıma nə gətirdin?
İstəmişəm məktəbə qoyam qaradan başı çıxsın, demisən: vay,
bircədir, oxuyar, ürəyi qısılar, ölər, - məktəbdən çıxarmışam.
İstəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o
neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. İndi də belə,
Nənəxanım? İndi də belə?.. Qoyarsan ki, mürtəd qızı mürtəd,
oğlum mənim sözümə baxsın; onu eləmisən mənə düşmən!..
- Yaxşı eləmişəm! Bir də yaxşı eləmişəm, əlimin də içindən
gəlib. Ağzını təmiz saxla!
7
Kərbəlayı Qurban durub, «köpək qızının cavabına bax»
deyə – deyə Nənəxanımın başına bir neçə yumruq vurdu və
istədi belinə də bir iki təpik salsın, ayağı pitiyə ilişib bozbaşı
ocağa tökdü. Bir dəqiqədə kül və tüstü otağı bürüdü…
***
Sabah Kərbəlayı Qurban
tezdən durub, namaz da qılmamış
istədi bazara getsin, arvad onu tutub dedi:
- A kişi, evdə çay, qənd yoxdur. Pul ver aldırım.
Kərbəlayı arvadı geri itələyib, söyə – söyə evdən çıxdı.
Nənəxanım bir az fikrə gedib, pəncərənin qabağına yeridi, - gün
çıxıb ağacların başına şəfəq salmışdı; hava təmiz və çox soyuq
idi. Bir də geri qayıtdı, əsnəyə – əsnəyə dalına bir çirkli və cırıq
yorğan salıb oturdu. Ocağın halına baxdıqca
gecəki işlər
Nənəxanımın yadına düşürdü və öz - özünə deyirdi:
- Şaqqulunun gəzməyinin üstə mənim başıma çox iş
gələcək… Bir yana da baxanda kişi pis demir: «Gəzən ayağa
daş dəyər». Gərək yavaş – yavaş onun ipini çəkəm. Özünün də
avara gəzdiyi bəsdir; gedim bir tanrı bəndəsinin qızını gətirim,
bəlkə küçələrdən daşına. Onun başına cilov keçəndən sonra
mən də rahat olaram; daha kişinin kötəyini yemərəm. Həmi də
gəlini olmaq da elə bir yaxşı işdir. Dünya da ölüm – itim dün-
yasıdır; bəlkə azarladım, bəlkə başıma bir
iş gəldi; onda mənə
kim qulaq asar. Gəlinim olmasa, damın altında qalasıyam ki,
qalasıyam!..
Bu halda qapı açılıb, Şaqqulu içəri girdi. Şaqqulu iyirmi üç
yaşında bir oğlan idi. Uzun burnu soyuqdan qızarmışdı və xırda
gözləri yorğun baxırdı. Nənəxanım oğlunu görəndə yerindən
atılıb başladı:
- Bıy, ay balam, haradasan? Niyə bikefsən, qurban olum?
Şaqqulu evi görəndə mat qaldı: bir
tərəfdə çirkli mütəkkələr
tökülüb, bir tərəfdə palazlar qovzanmışdı və ocağın ortasında
piti dağılıb, bozbaşın ətləri külə tökülmüşdü.
- Yenə yoxsa kişi ilə dava – dalaş eləmisiniz, ay nənə! Nə
üstə oldu, de görüm.