“GEO strategiya”.-2014.-№ 4(22).-S.29-33.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
DAĞLI RESPUBLİKASINA YARDIMLARI
HAQQINDA
QABİL ƏLIYEV,
Tarix üzrə elmlər doktoru, professor
Azərbaycan Xalq Cümhuriyyəti Şimali Qafqazda Dağlı Respublikası yaradıldıqdan sonra dağlı xalqlarına
davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımlar göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat
həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi.
Azərbaycan xalqının Şimali Qafqazın yerli dağlı əhalisi ilə çoxəsrlik siyasi, iqtisadi və mənəvi əlaqələri
1917-1920-ci illərdə milli müstəqillik uğrunda mübarizə dövründə daha da gücləndi və çox şaxəli oldu. Azərbaycanın
qabaqcıl ziyalıları, ictimai-siyasi xadimləri bəhs olunan dövrdə Şimali Qafqaz xalqlarının milli- azadlıq hərəkatını
rəğbətlə izləyir və bütün mümkün vasitələrlə onlara yardım edirlər.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası (Dağlı
Respublikası) yaradıldıqdan sonra Azərbaycanın dağlı xalqlarına maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları
davamlı və sistemli xarakter aldı. AXC ilə Dağlı Respublikası arasında çeşidli münasibətlərə AXC-nin xarici
siyasətinə, Şimali Qafqazda dağlıların azadlıq mübarizəsinə həsr olunmuş monoqrafiyalarda [1,2,3], akademik
nəşrlərdə [4, 5] bu və ya digər dərəcədə toxunulsa da, qarşılıqlı münasibətlərin bütünlüklə və tam şəkildə araşdırıldığın
söyləmək mümkün deyildir. Oxucuların diqqətinə təqdim edilən məqalədə Azərbaycanla Dağlı Respublikası arasında
qarşılıqlı əlaqələrin əsas və önəmli cəhətlərini açıqlamaq qarşıya məqsəd qoyulmuşdu.
1917-ci il Oktyabr çevrilişindən sonra Şimali Qafqazda hakimiyyət uğrunda bolşevikləri dəstəkləyən sovetlər,
Terek kazaklarının rəhbərliyi və dağlı xalqlarının milli şuraları mübarizəyə başladılar. Oktyabrin sonunda Petroqrad
çevrilişi Dağıstanda da pisləndi və Terek dağlıları ilə birlikdə Terek-Dağıstan hökuməti yaradılması fikri irəli sürüldü.
Bu qurumların nümayəndələri noyabrın 8-də Vladiqafqazda birgə iclas keçirdilər. İclasda Şimali Qafqaz Dağlıları
Mərkəzi Komitəsinin sədri Ə. Çermoyev, Terek vilayəti İcraiyyə Komitəsinin sədri P. Kotsev, Terek kazaklarının
atamanı M. Karaulov və vilayət soveti rəhbərliyi bölgədə idarəçiliyi təmin etmək üçün аул-аул sahələr üzrə
komissarlıqlar yaratdılar [6,16.XI.1917; 3,125]. Dekabrın 2-də Şimali Qafqaz Dağlı İttifaqların yaradılması haqqında
bəyannamə qəbul edildi. Rəşid xan Qaplanovun başçılığı ilə müvəqqəti hökumət təşkil olundu. M. Karaulov hökumət
başçısının müavini, ədliyyə və maliyyə komissarı, general X. Talışxanov hərbi komissar, “Vəhşi diviziya”nın
komandanı, general Polevtsev Terek-Dağıstan hərbi hissələrinin komandanı təyin olundular və s. Lakin bolşevik
təbliğatı və Qafqaz cəbhəsindən qayıdan rus əsgərlərinin yerli əhaliyə qarşı zorakılıqları milli toqquşmalara səbəb
oldu. Dekabrın 13-də bolşevik təsiri altında olan rus əsgərləri M. Karaulovu qətlə yetirdilər. Bu hadisə rus-kazak
hərbçilərinin bölgədə dağlılara qarşı qətl və qarətlərinin geniş miqyas almasına gətirib çıxardı. Qroznıda,
Vladiqafqazda rus əsgəri qüvvəsinə arxalanan Sovetlər 1918-ci ilin əvvəlində hakimiyyəti ələ keçirdilər. Martin 17-də
isə Pyatiqorskda Terek Xalq Komissarları Soveti təşkil edildi [7,136]. Şimali Qafqazda bolşevik hakimiyyəti
qurulmasına başlandı.
Dağıstanda isə Nəcməddin bəy Qotsinskinin və Uzun Hacının başçılıq etdiyi islamçı qüvvələr fəallaşdılar.
Petrovsk (Mahaçqala - Q.Ə.) bolşeviklərdən təmizləndi. Hərbi İnqilab Komitəsinin sədri U. Buynakski Həştərxana
qaçdı və rus bolşeviklərindən Dağıstana hərbi qüvvə yeritməyi xahiş etdi. N. Qotsinski Dağıstan və bütün Şimali
Qafqaz müsəlmanlarının imamı kimi öz hakimiyyətini elan etdi, aprelin əvvəlində isə Bakıda müsəlman əhaliyə qarşı
erməni-bolşevik soyqırımının qarşısını almaq üçün hərbi yürüşə başladı. Dağıstan süvari alaylarının da iştirak etdiyi bu
yürüş zamanı erməni-bolşevik qüvvələri Xaçmaz yaxınlığında məğlub edildi. Aprelin 10-da N. Qotsinskinin başçılıq
etdiyi Dağıstan könüllüləri Bakı Sovetinin yaratdığı Biləcəri - Xırdalan müdafiə xəttinə
[səh. 29-30]
çatdı [4,78]. Lakin
bu zaman Həştərxandan dəniz yolu ilə bolşeviklərin Petrovska hərbi qüvvə yeritməsi xəbərini eşidib tələsik Dağıstana
dönməyə məcbur oldu.
Terek-Dağıstan hökuməti bu dövrdə iflic vəziyyətə düşdü və fəaliyyətini dayandırdı. Dağlı milli qüvvələrinin
liderləri Cənubi Qafqaz Seymi ilə birlikdə çıxış etmək, bütün Qafqazın 3 təmsil olunduğu hakimiyyət strukturlarının
yaradılmasına nail olmaq məqsədilə Tiflisə toplaşdılar.
Seymin Müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Cənubi
Qafqaz Seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər.
Lakin Seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə
olduqda, Müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə iki tərəfli münasibətlər yaratmaq üçün
Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Heydər Bammatov,
Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz Seymdəki azərbaycanlı ictimai xadimlərin
səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Müsəlman fraksiyasının
təkidi ilə Trabzona sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə dağlı nümayəndəsi İbrahim bəy
Heydərov [8,107] da daxil edildi. Trabzonda Azərbaycan və dağlı nümayəndələri Şimali Qafqazla Cənubi Qafqazın
vahid müstəqil dövlətdə birləşməsini təklif etdilər. Lakin gürcü və erməni nümayəndələri, eləcə də alman
komandanlığının təmsilçisi, Qafqazda müstəqil dövlət yaradılması zamanı bölgədə müsəlman-türk təsirinin
artmasından, Osmanlı dövlətinin mövqeyinin güclənməsindən ehtiyatlanaraq, buna razılıq vermədilər.
Cənubi Qafqaz Seyminin 1918-ci il aprelin 13-də keçirilən iclasında Qafqaz cəbhəsində yaranmış vəziyyət
müzakirə olundu, gürcü və erməni nümayəndələrindən ibarət Ali Müdafiə Şurası yaradıldı, Osmanlı dövlətinə qarşı
müharibə elan edildi, Seymin fəaliyyəti isə 2 həftəliyə dayandırıldı. Seymin Müsəlman fraksiyası həmin gün axşam
toplaşaraq Seymin bu qərarlarını müsəlman əhalisinin hüquqlarının tapdalanması kimi qiymətləndirdilər. Fraksiyanın
üzvü H. Məmmədbəyov isə çıxışında daha irəli gedərək Seymi tərk etməyi, Şimali Qafqaz nümayəndələri ilə bir araya
gəlib müsəlman əhalisinin gələcək taleyi barədə fikirləşməyi təklif etdi. Lakin fraksiya üzvlərinin əksəriyyəti Trabzon
sülh konfransındakı nümayəndələrimizin məlumatını dinləməyi və kəskin addımlardan çəkinməyi məqsədəuyğun
saydı.
Trabzonda uğur qazana bilməyən dağlı nümayəndələri isə İstanbula gedərək, Osmanlı hökuməti ilə birbaşa
təmasa girdilər. Batum sülh konfransı ərəfəsində hərbi nazir Ənvər paşa ilə görüşüb, ondan yardım istədilər [9,65].
1918-ci il mayın 11-də isə dağlı nümayəndə heyəti Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı
Respublikası) yaradılması haqqında Istiqlal bəyannaməsi qəbul etdi. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu
haqda rəsmi nota verdilər. Əbdülməcid Çermoyevin və Heydər Bammatovun imzaladığı bu sənədlər Osmanlı dövləti
rəhbərliyi tərəfindən məmnunluqla qarşılandı. Alman nümayəndə heyəti isə bu qurumun bütün Şimali Qafqazı əhatə
etməsinə qarşı çıxdı, Kuban vilayətində kazaklarla münasibətləri daha önəmli saydığını nümayiş etdirdi. Mayın 24-də
Ə. Çermoyevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti Gəncəyə köçdü. Dağlı Respublikası nümayəndə heyəti
1918-ci il iyunun 8-də Batumda Osmanlı dövləti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən,
Osmanlı dövləti Dağlı Respublikasına hərbi yardım etməyi və xarici təhlükələrdən müdafiə etməyi öhdəsinə götürdü
[9, 66].
Daha sonra Dağlı hökumətinin üzvləri P. Kotsev və V.G. Cabagiyev Osmanlı dövlətinin hərbi yardımı
məsələsinin detallarını aydınlaşdırmaq üçün Tiflisdə Yusif İzzət paşa ilə danışıqlar apardılar. Dağlı hökumətinin ilk
Xarici işlər naziri Heydər Bammatov isə diplomatik missiya ilə Avropaya yola düşdü. 1918-ci ilin iyununda Qafqaz
İslam Ordusunun komandanı Nuru paşa Dağlı hökumətinin başçısı Ə. Çermoyevin müraciətinə əsasən Dağıstana
Şəki-Axtı yolu ilə hərbi dəstə göndərdi. İsmayıl Haqqı bəyin başçılıq etdiyi 74 zabit və 577 əsgərdən ibarət olan bu
Osmanlı hərbi qüvvəsi Dağıstanın dağlıq bölgəsində bolşeviklərə qarşı mübarizə aparan Nuh bəy Tarkovskinin və
polkovnik Cəfərovun rəhbərliyində olan könüllü dəstələrə yardım göstərdi. İyunun 21-də Qünib aulunda qərargah
yaratmış əslən çərkəz olan Ismayıl Haqqı bəy bütün Şimali Qafqaz müsəlmanlarına müraciət edərək, onları birləşməyə
və bolşeviklərə qarşı qəti mübarizəyə çağırdı. AXC hökuməti də yarandığı ilk günlərdən Dağlı Respublikası ilə
əlaqələrin genişləndirilməsinə çalışırdı. Xarici işlər naziri M.H. Hacınskinin 1918-ci il iyunun 26-da Dağlı
hökumətinin sədri Ə. Çermoyevə ünvanlandığı məktubda AXC-nin Dağlı Respublikası ilə xoş münasibətlər qurmaq
istəyi bildirilmişdi [2, 170]. Azərbaycan tərəfi Dağlı hökumətinə və dağlı əhalisinə siyasi, iqtisadi və hərbi yardım
göstərmək istiqamətində ardıcıl səy göstərirdi. 1918-ci ilin iyun ayında Azərbaycan hökuməti İnquş Milli Şurasının
xahişi ilə, inquş mücahidlərinə hərbi sursatla yardım etmişdi [3,194]. 1918-ci ilin yayında Bakı yaxınlığında
Osmanlı-Azərbaycan hərbi qüvvələrinin zərbələrindən Şimala qaçan L. Biçeraxovun rus kazak dəstəsi Dərbəndi və
Petrovsk-Portu ələ keçirərək, Rusiya hakimiyyətini bərpa etdi. Belə vəziyyətdə N. Tarkovski dağlı könüllü alayları ilə
Xunzaxa, oradan da Temir-xan-Şuraya yürüş edərək, bütün bölgənin kazaklar tərəfindən işğalının qarşısını aldı.
Sentyabrın sonunda Osmanlı və Azərbaycan hərbi qüvvələri Dağlı Respublikasına yardıma gəldilər. Yusif İzzət
paşanın komandanlıq etdiyi ordu hissələri oktyabrın 6-da Dərbəndi, 23-də Temir-xan-Şuranı, noyabrın 7-də
Petrovsk-Portu Biçeraxovun rus-kazak-erməni qüvvələrindən azad etdi [9, 165,177-178].
Oktyabrın 13-də Ə. Çermoyevin başçılığı ilə Dağlı Respublikası hökuməti Dərbəndə, oktyabrın 24-də isə
Temir-xan-Şuraya köçdü. Azərbaycan hökuməti onun normal fəaliyyətə başlaması üçün oktyabrın 8-də 1 milyon manat
faizsiz kredit ayırdı [10,241]. 1 ay sonra Dağlı hökumətinin maliyyə naziri Vassan Gəray Cabagiyev Bakıya gələrək,
Azərbaycan hökumətindən yeni - bu dəfə 500 min manat həcmində maliyyə yardımı aldı. Həmin vaxt Azərbaycan Xalq
Cümhuriyyəti Dağlı Respublikasına həmçinin təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət,
1918-ci il noyabrın 28-də Azərbaycan xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında müqavilə bağlandı.
Müqaviləni Azərbaycan tərəfindən ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məmməd Həsən
Hacınski, Dağlı hökumətinin səlahiyyətli nümayəndələri - sənaye və ticarət naziri Bahadır bəy Malaçixan və yollar,
poçt və teleqraf naziri İbrahim bəy Heydərov imzaladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə 10
milyon manat məbləğində faizsiz kredit verdi. Dağlı hökuməti bu borcu 2 il
[səh. 30-31]
müddətində buğda ilə
qaytarmalı idi [11,107-108]. Daha sonra əlavə maliyyə yardımı, yanacaq və silah-sursat yardımları göstərildi. Noyabrın
ortalarında Dağlı Respublikası hökuməti Antanta nümayəndələrinin tələbi ilə Biçeraxovla barışıq imzaladı.
Osmanlı-Azərbaycan hərbi qüvvələri bölgədən çıxarıldı.
1918 il noyabrın 12-də Temir-xan-Şurada Dağıstan, Çeçen və İnquş nümayəndələrinin böyük toplantısı çağırıldı.
Toplantı iştirakçıları Dağlı Respublikası hökumətinə tam etimad nümayiş etdirdilər. Noyabrın 24-də Dağlı
Respublikası hökumətinin rəsmi orqanı “Şimali Qafqaz” qəzeti çap edilməyə başlandı. Qəzetin ilk nömrəsində
hökumətin “Dağlılara, kəndlilərə, kazaklara, fəhlələrə, ziyalılara!” müraciəti dərc edildi. Burada hökumətin Dağıstan
və Çeçenistanda vəziyyətə nəzarət etdiyi, bolşevik qüvvələrinə qarşı qəti mübarizə aparıldığı bildirilir, Şimali Qafqazın
bütün xalqlarının, həmçinin rus və kazak əhalisinin hüquqlarının qorunmasına təminat verilirdi.
Dağlı Respublikası hökuməti Qafqazdakı ingilis qüvvələrinin komandanı U. Tomsonun təklifi ilə dağlı-kazak
münasibətlərini normallaşdırmaq üçün əməli addımlar atdı. Dekabrın 10-da Bakıda Dağlı hökuməti nümayəndəsi
Şimali Qafqazın rus, kazak əhalisinin təmsilçiləri ilə müqavilə imzaladı. Bu sənəddə rus əhalisinə ali dövlət
idarəçiliyində iştirak hüququ verildi, kazak hərbi dəstələrinin 40 minlik dağlı ordusunun tərkibinə daxil edilməsi qərara
alındı. Bu razılaşmaya əsasən, dekabrın 15-də Ə. Çermoyevin başçılıq etdiyi hökumət istefa verdi. Dekabrın 19-da P.
Kotsevin başçılığı ilə yeni koalision hökumət təşkil edildi. İki nazir postu kazaklara ayrıldı [12,28.XII.1918]. Lakin
ingilislərin himayəsində olan L. Biçeraxovun pozuculuq fəaliyyəti üzündən kazaklar Dağlı hökuməti ilə əməkdaşlıqdan
imtina etdilər. Dekabrın 31-də isə Tomson bildirdi ki, Dağlı Respublikasının səlahiyyəti Rostov-Petrovsk dəmir yolu
xəttinə kimidir, ondan cənubdakı Dağıstan ərazisi L. Biçeraxovun fəaliyyət dairəsi olacaq, Petrovsk-Bakı dəmir yolu,
Petrovsk və Dərbənd limanları müttəfiqlərin nəzarəti altında qalacaqdır. İngilis komandanlığı bu addımı ilə Şimali
Qafqaz xalqlarının birliyinə və bolşevik təcavüzünə qarşı mübarizəsi işinə ciddi zərbə vurdu. Şimali Qafqazda ‘Vahid
və bölünməz Rusiya” uğrunda çıxış edən general Denikinin Dağlı Respublikasına qarşı təcavüzünə şərait yarandı.
Şimali Qafqaz dağlı xalqları nümayəndələrinin 1919-cu il yanvarın 15-dəTemir-xan-Şurada keçirilən
yığıncağında parlament yaradılması qərara alındı. Yanvarın 20-də Dağlı məclisi adlı nümayəndəli orqan yaradıldı.
Dağlı xalqların milli azadlıq mübarizəsinin fəal iştirakçısı, qumuq ictimai xadimi Zübeyir Temirxanov Dağlı
məclisinin - parlamentin sədri seçildi. Bu xəbər Azərbaycanda böyük sevinclə qarşılandı. Azərbaycan Parlamenti bu
münasibətlə 1919-cu il yanvarın 25-də Dağlı Respublikasına təbrik teleqramı göndərdi [13, 197]. Teleqramda hər iki
qardaş və qonşu cümhuriyyətlərin əl-ələ verib öz müstəqilliklərini hər bir təhlükədən müdafiəyə qadir olmalarına dərin
inam hissi əks olunmuşdu.
1919-cu ilin əvvəlində Denikin ordusu Terek vilayətinə soxuldu, inquşların müqavimətini çətinliklə də olsa
qırıb, Vladiqafqazı ələ keçirdi. Dağlı hökumətinin ingilis komandanlığı və Denikinlə danışıqları nəticəsiz qaldı.
Denikin Dağlı Respublikasını tanımaqdan boyun qaçırdı və “Könüllü ordu”nun generalı Lyaxovu
Terek-Dağıstan diyarının hakimi təyin etdi. Martın 5-də Denikin ordusu Çeçenistana soxuldu. Azərbaycan hökuməti
Dağlı Respublikasına qarşı hərbi təcavüzün dayandırılması üçün bütün imkanlara əl atdı: Dağlı hökumətinə yeni
maliyyə yardımı göstərdi, könüllü hərbi dəstələr və sanitar briqadaları təşkil edilməyə başladı, Bakıdakı ingilis
missiyasından təsirli tədbirlər görməsi istənildi və s.
Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında 1919-cu il yanvarın 9-da yeni müqavilə
imzalandı. Azərbaycan tərəfindən Fətəli xan Xoyskinin üçüncü hökumət kabinəsində ərzaq naziri olmuş K.N. Lizqarın
və Dağlı Respublikasının Azərbaycandakı nümayəndəsi Əlixan Qantəmirin imzaladıqları bu müqaviləyə görə Dağlı
Respublikası hökuməti Azərbaycana 50 vaqon buğda göndərməli, Azərbaycan tərəfi isə pudu 60 manatdan haqqını
dərhal ödəməli idi. Bütün taxılın müqavilənin imzalanmasından sonrakı 4 ay ərzində göndərilməsi razılaşdırıldı
[11,138]. 1919-cu il fevralın 23-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Dağlı Respublikası arasında üçüncü
müqavilə bağlandı. Bu müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə daha 10 milyon manat faizsiz kredit
verməyi öhdəsinə götürdü. Bu vəsaitin 5 milyon manatı dərhal ödənildi [10,290].
Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ilin əvvəlində Şimali Qafqazın Denikin tərəfindən işğalına qarşı Dağlı
hökumətinə həm də diplomatik və hərbi yardım göstərdi. Fevralın 25-də öz səlahiyyətli elçisi Əbdürrəhim bəy
Haqverdiyevi Temir-xan-Şuraya göndərməyi qərara aldı. Martın l-də Azərbaycan hökuməti Denikinə qəti etirazını
bildirdi. Şimali Qafqazın işğalını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün addımlar atdı. Martin 6-da
Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Bakıdakı Müttəfiq qoşunlarının komandanı general U. Tomsona nota təqdim
etdi. Notada Anlanta dövlətlərindən “ qan tökülməsinin və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını
almaq məqsədilə general Denikinin Könüllü ordusunun Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikasına qarşı
təcavüzkar hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlər görülməsi” istənildi [11,177-178].
Azərbaycan hökumətinin diplomatik fəaliyyəti nəticəsində Gürcüstan hökuməti də martın 7-də Denikinin Dağlı
Respublikası ərazisinə hücumuna etirazını bildirdi və Dağlı hökumətinə yardım göstərəcəyini elan etdi. Dağlı
Respublikası üçün çox ağır bir vaxtda - martın 28-də Azərbaycanın diplomatik nümayəndəliyi Temir-xan-Şurada
fəaliyyətə başladı [11,196] və elə həmin gün Azərbaycan xarici işlər nazirliyinə Denikin ordusunun və rus kazaklarının
Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə. Haqverdiyev 1919-cu il martın
30-da öz etimadnaməsini Dağlı Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və
Dağlı parlamentinin iclasında iştirak etdi.
Dağlı Respublikası üçün son dərəcə ağır olan həmin günlərdə Azərbaycan diplomatik nümayəndəliyinin
Temir-Xan-Şurada fəaliyyətə başlaması Dağlı Respublikası və bütün Şimali Qafqaz xalqlarına böyük mənəvi və siyasi
yardım idi. Ona görə də, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bu addımı Şimali Qafqazda sevinclə
qarşılanmış, ruh yüksəkliyi doğurmuşdu. Diplomatik nümayəndəlik Dağlı Respublikasındakı Azərbaycan vətəndaşları
ilə əlaqə yaratmış, onların hüquqlarının qorunması, ehtiyacı olanlara yardım göstərilməsi işini təşkil etmişdi.
Ə. Haqverdiyev aprel-may aylarında Azərbaycan xarici işlər nazirliyinə göndərdiyi məlumatlarda Denikin
ordusunun Dağlı Respublikasına qarşı hərbi əməliyyatları, Dağlı parlamentində və ictimai dairələrdə Dağıstanın
Azərbaycanla birləşməsi məsələsinin qaldırılması və bununla bağlı müzakirələrin gedişi haqqında dəqiq və təfsilatlı
informasiya vermişdi.
Aprelin əvvəlində Denikin
[səh. 31-32]
ordusunun Çeçenistanın çox hissəsini işğal etməsi Dağlı
Respublikasında hökumət böhranı yaratdı. P. Kotsevin və Hərbi nazir N. Tarkovskinin passivliyini tənqid edən
hökumət üzvləri R. Qaplanov, V.G. Cabagiyev və N. Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər.
Aprelin 11-də parlamentin iclasında P. Kotsev istefa verdiyini elan etdi. Parlament hökumətin təşkilini yenidən P.
Kotsevə tapşırdı. Dağlı hökumətinin əhali arasında böyük nüfuza malik din xadimləri Şeyx Uzun Hacı və Şeyx Əli
Hacıya müraciət edib bütün dağlı qüvvələrini səfərbər etmək cəhdi gözlənilən səmərəni vermədi. Dağıstanda isə Dağlı
Respublikasından çıxıb Azərbaycanla birləşmək uğrunda hərəkat geniş vüsət aldı. Belə bir şəraitdə aprelin 6-da
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Dağlı Respublikasına hərbi yardım göstərməyi qərara aldı. Bu məqsədlə həm
könüllü dəstələrin yaradılmasına və Şimali Qafqaza göndərilməsinə başlandı, həm də dağlı döyüşçülərinə tibbi yardım
üçün sanitar briqadaları təşkil edildi. Aprelin 17-də isə Azərbaycan Cümhuriyyəti Parlamenti Dağlı Respublikası
hökumətinə daha 30 milyon manat faizsiz kredit vermək haqqında qanun qəbul etdi [10,40-41].
Beləliklə, 1918-ci ilin sonu - 1919-cu ilin ilk aylarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin
vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan M.Ə. Rəsulzadə bu yardımın real miqyasını təsəvvür
etmək üçün aşağıdakı müqayisələri oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun saymışdı: 50 milyon manat о
zamankı valyuta kursu ilə 2,5 milyon ingilis funt-sterlinqinə bərabər idi. 1919-cu il üçün AXC büdcəsinin xərcləri 415
milyon manat müəyyən edilmişdi və Dağlı Respublikasına Azərbaycanın maliyyə yardımı dövlət büdcəsinin 1/8
hissəsini təşkil edirdi [14,590]. 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalmı əsasən
başa çatdırdı. Bundan sonra, Dağıstanda Dağlı Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə
yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasındakı
diplomatik nümayəndəsi Ə. Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq
verməsini xahiş edirdilər. Ə. Haqverdiyevin aprelin 15-də Xarici işlər naziri M.Y. Cəfərova göndərdiyi məlumatda
bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu
arzu edirlər [11,201]. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikası hökumətində hərbi nazirin müavini olmuş
general H.M. Xəlilov da bu mövqedən çıxış edirdilər.
Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə
artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr həm tarixən, həm də iqtisadi
cəhətdən Azərbaycanla six bağlı olduqlarini bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da
Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlı Respublikası parlamenti üzvlərinin, zabitlərin, ruhanilərin və
ziyalıların birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi
əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini
təklif etdilər. Dağıstan deputatlarının lideri M. Q. Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar
çıxdılar.
Mayın 5-də Bakıdakı Müttəfiq qoşunlarının komandanı general U. Tomson da Fətəli xan Xoyski ilə görüşündə
Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Azərbaycan Xalq
Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı [11,217].
Müttəfiqlərin bu görüşləri, xüsusən də Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması
Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq
[səh. 32-33]
fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini
qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik veriləcəyi vəd edildi, Könüllü ordunun bölgədə başlıca vəzifəsinin
bolşeviklərə qarşı mübarizə aparmaq olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitlərinin Şimali Qafqazın müsəlman
bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı.
Belə bir şəraitdə mayın 12-də P. Kotsevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti istefa verdi. Parlament
zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general H.M. Xəlilova tapşırdı [11,223-224]. Xəlilov Denikinin
nümayəndəsi ilə danışıqlara girdi və Dağlı Respublikası hökumətini buraxdı. Mayın sonunda Dağıstan Könüllü ordu
tərəfindən müqavimətsiz tutuldu.
1919-cu il mayın 30-da Parisdə AXC və Şimali Qafqaz dağlılarının sülh konfransı nümayəndələrinin
yığıncağında Heydər Bammatov Azərbaycanla Dağıstan arasında saziş bağlanması təklifi ilə əlaqədar çıxış edərək
bildirdi ki, bizim əsas məqsədimiz Qafqaz konfederasiyasıdır.
AXC və Dağıstan razılaşmaya nail olmalı, hökumətlərimiz və parlamentimiz qəti qərara gəlib praktik fəaliyyətə
başlamalıdırlar.
Bammatov çıxışında qeyd etmişdi: “biz hətta konfederasiya yox, hətta kantonal əsasında federasiya təklif etdik.
Ancaq Azərbaycan nümayəndəsi M.H. Hacınski Qafqaz dövlətləri arasında ümumi xarici siyasətlə iqtisadi və hərbi
ittifaq təklif etdi. Biz bu təklifə razı olduq ki, nəticədə kantonal əsasda Qafqaz federasiyasına gəlib çıxaq” [15,3].
Denikinin ordusu 1919-cu il mayın sonunda bütün Şimali Qafqazı ələ keçirdikdən sonra Dağlı Respublikası
hökumətinin və parlamentinin üzvlərinə Bakıda sığınacaq verildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, bundan
əlavə, Dağıstan qaçqınlarına yardım göstərilməsi üçün 1 milyon manat vəsait ayırdı.
Əbdürrəhim bəy Haqverdiyev iyunun 7-də Dağıstanda baş verən hadisələr haqqında Azərbaycan hökumətinə
göndərdiyi məlumatda Denikinin bölgədə cəmi 1 mindən azacıq çox hərbi qüvvəyə malik olduğunu bildirir və yerli
əhalinin arzusunu nəzərə alıb, Port-Petrovska qədərki ərazini Azərbaycana birləşdirmək üçün hərəkətə keçməyə
çağırırdı. Britaniya hökumətinin iyunun 11-də bəyan etdiyi demarkasiya xəttinə görə də Könüllü ordu Petrovskdan 5
mil cənubda dayanmalı idi.
Azərbaycan hökuməti Dərbəndi və demarkasiya xəttinə qədərki Dağıstan ərazisini denikinçilərdən təmizləmək
üçün dərhal diplomatik və hərbi hazırlığa başladı [16,333-335]. Lakin Denikin ordusu Cənubi Dağıstanı tərk etməkdən
qəti boyun qaçırdığı üçün avqustun 4-də Britaniya hökuməti demarkasiya xəttini Dağıstanın cənub sərhədinə çəkərək,
bölgəni bütünlüklə Könüllü ordunun təsir dairəsinə aid etdi. Azərbaycan hökuməti yaranmış mürəkkəb hərbi-siyasi
vəziyyəti nəzərə alaraq, Dağıstanın birləşdirilməsi ilə bağlı hazırlığı dayandırmalı oldu.
Bütün bu faktlar aydın göstərir ki, Azərbaycan, əvvəlki tarixi dövrlərdə olduğu kimi, 1918-1920-ci illərin ağır
şəraitində də Şimali Qafqazın yerli dağlı xalqlarına arxa durmuş, bütün mümkün vasitələrlə Dağlı Respublikasına
sonadək yardım göstərmişdi.
ƏDƏBİYYAT
1.
Həsənov C.P. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). Bakı, 1993
2.
Nəsibzadə N.L. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı, 1996
3.
Göyüşov A.R. 1917-1920-ci illərdə Şimali Qafqaz Dağlılarının azadlıq uğrunda mübarizəsi. Bakı, 2000.
4.
Azərbaycan Cümhuriyyəti (1918-1920). Məs. redaktor: N. Ağamalıyeva. Bata, 1998
5.
Azərbaycan tarixi. Yeddi cilddə, c. V, Bakı, 2001.
6.
“Каспий”, 1917-1918 гг.
7.
Коренев Д.3. Революция на Тереке. Орджоникидзе, 1967
8.
Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919
9.
Nəsir Yücəər Birinci dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı. Bakı, 1999
10. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты (сборник документов).
Баку, 1998
11. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика (документы и материалы),
Баку, 1998
12. “Азербайджан”, 1918-1920 гг.
13. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafıq hesabatlar. С.I, Ваkı,.1998
14. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990
15. Bammat Heydər Qərb mədəniyyətinin inkişafinda müsəlmanların rolu. Bakı, 1994. s.3
16. Азербайджанская Демократическая Республика (1918-1920). Армия (документы и материалы), Баку, 1998
Açar sözlər:
Azərbaycan Xalq Cümhuriyyəti, Dağlı Respublikası, maliyyə yardımları, Denikin təhlükəsi.
Ключевые слова
: Азербайджанская Демократическая Республика, Горская Республика, финансовая помощь,
Деникинская угроза.
Keywords
: the Azerbaijan Democratic Republic, Mountain Republic, the financial help, Denikinsky threat
ГАБИЛЬ АЛИЕВ
Бакинский госуниверситет
О ПОМОЩИ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ
ГОРСКОЙ РЕСПУБЛИКЕ
АННОТАЦИЯ
Многовековые политические, экономические и духовные связи между азербайджанскими и горскими народами
Северного Кавказа усилились в борьбе за национальную независимость в 1917-Ш20 г. и стали более весомым и
многогранными. АДР, невзирая на трудности, оказывала крупную финансовую, экономическую и военную помощь
братской Горской Республике. Кредиты, представленные Горскому правительству в размере 50 миллионов манат,
составляли 1/8 часть государственного бюджета АДР в 1919 г.
Gabil Aliyev
Baku State University
ABOUT THE HELP OF THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC
TO MOUNTAIN REPUBLIC
THE SUMMARY
Centuries-old political, economic and spiritual communications between Azerbaijan and the mountain people of the North
Caucasus have amplified in struggle for national independence in 1917-1920 and steels more powerful and many-sided. ADR
despite of difficulties rendered the large financial, economic and military help to brotherly Mountain Republic. Credits presented to
the Mountain government at a rate of 50 million manat, made 1/8 part of state budget ADR in 1919 year.
[səh. 33]
Dostları ilə paylaş: |