I-Cİ BÖLMƏ. QENDER VƏ MƏDƏNİYYƏT (NƏZƏRİ ASPEKT)
MÖVZU 1. QENDER NƏZƏRİYYƏSİNİN NƏZƏRİ - METODOLOJİ ƏSASLARI
Qender nəzəriyyəsinin obyektiv yaranma şərtləri. Feminizm qender
araşdırmalarının ictimai-siyasi və ideya-nəzəri əsası kimi. Feminizmin əsas istiqamətləri
və ideyaları. İngilis-amerikan və fransız feminizm istiqamətləri. Qadın bərabərsizliyi
probleminin həlli ilə bağlı feminizmdəki çatışmazlıqlar. Feminist araşdırmalarındakı
ziddiyyətlərin aradan qaldırılmasında qender nəzəriyyəsinin rolu. Qender tədqiqatlarının
obyekt-predmet mahiyyəti. Qender cəmiyyətin sosial strukturunun inteqral göstəricisi
kimi. Qender şüuru, qender rolu və qender stereotipləri. Qender nəzəriyyəsinin sosial
praktika üçün əhəmiyyəti.
Cinslərarası münasibət ayrı-ayrı dövrlərdə yaşamış bir sıra mütəfəkkir və
alimlərin tədqiqat predmeti olmuşdur. Platon, Kant, Hegel, Toynbi, Freyd və bir çox
başqa filosof, tarixçi, sosioloq və psixoloqlar öz əsərlərində bu mövzuya müxtəlif
dərəcədə toxunmuşlar. Buna baxmayaraq problemin nəzəri təhlilinin başa çatdığı haqda
fikir yürütmək hələ tezdir. Son yüz il ərzində ictimai inkişafın xüsusiyyətləri onun həllinə
tamamilə yeni nöqtədən yanaşmağı tələb edir. Bir tərəfdən, obyektiv olaraq kütləfi şəkil
almış ictimai istehsalın inkişaf sürəti qadının professional fəaliyyətin ayrı-ayrı sahələrinə
cəlb olunmasına səbəb oldu. Nəticədə qadınların «intellektual bacarıqsızlığı» barədə
rəvayətin puçluğu aşkara çıxdı. Bununla da həm kişilik və qadınlıq haqqındakı, həm də
onların «təbiiliyi» ilə bağlı mövcud təsəvvür şübhə altına alındı. Digər tərəfdən isə, baş
vermiş dəyişikliklərlə əlaqədar olaraq cinslər arasında münasibət probleminə ənənəvi
elmi baxışların birtərəfliyi, bununla bağlı mövcud nəzəri fikirlərin ideoloji funksiyası aşkar
olunmağa başladı. Bu həmçinin ictimai elmlərdə geniş yayılan cinsi münasibətlərin
təsvirindəki «qalıq prinsipi»nə də aid idi. Qanunauyğun olaraq məhz həmin problemə
həsr olunmuş xüsusi bir nəzəriyyənin yaradılması ehtiyacı yarandı. Tədricən sonradan
Qərbi humanitar elmdə qender adını almış yanaşma təşəkkül tapdı. Qender yanaşması
özünü feminist təhlilin məntiqi nəticəsi kimi təqdim etdi.
Feminizmin nə demək olduğunu müəyyənləşdirmədən qender araşdırmalarının
mahiyyətini anlamaq mümkün deyil.
Feminizm elə bir mürəkkəb hadisədir ki, o iki aspektdə nəzərdən keçirilməlidir. Bir
tərəfdən, bu – qadın hüquqları uğrunda geniş ictimai hərəkat; digər tərəfdən isə –
müxtəlif sosial-fəlsəfi, sosioloji, psixoloji, kulturoloji və qadının cəmiyyətdəki vəziyyətini
təhlil edən nəzəriyyə kompleksidir.
Feminizm ictimai-siyasi hərəkat olaraq uzun inkişaf yolu keçmişdir. XIX əsrin
ortalarında yaranan feminizmin qadın hərəkatı olaraq əsas tərkib hissələrindən biri ilkin
mərhələdə ictimai bərabərliklə bağlı olan siyasi tələblər idi. Bu dövr qadın hərəkatının
«ilk dalğası» adlandırılır və o zaman ABŞ-da, Avropa ölkələrində qadınların
hüquqlarının kişilərlə bərabər olması tələbi irəli sürülməyə başlamışdı. Bu işdə mühüm
rolu sufrajizm – qarşısına seçki hüququnun bərabərliyinə nail olmaq məqsədi qoymuş
hərəkat oynadı. Həmin dövrdə feminizm özünü yalnız ictimai-siyasi hərəkat olaraq
tanıtmadı. Bu hərəkatın yaranması və inkişaf etməsi qadının cəmiyyətdəki vəziyyəti ilə
bağlı problemlərə, onun sosial tərəqqidəki roluna, qadın həyatının tarixinə, cinslər
arasındakı münasibətlərə və «qadın məsələsi» adlanan axında yerləşən digər
problemlərə həsr olunmuş ayrı-ayrı elmi əsərlərin yaranmasına səbəb oldu. Hər şeydən
əvvəl bu Con Stüart Millin («Qadının asılılığı», 1869), Avqust Bebelin («Qadın və
sosializm», 1879), Fridrix Engelsin («Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi»,
1884) və digər müəlliflərin elmi araşdırmaları idi. Məhz qadın tarixi sahəsində elmi
araşdırmaların, özü də müəllifi qadın – Marqaret Fuller və Şarlotta Perkins Gillman olan
yazıların meydana gəlməsini xüsusi qeyd etmək lazımdır. Bu yazıları başlanğıcı Meri
Uollstonkraftın «Qadın hüquqlarının müdafiəsi» (1792) ilə qoyulmuş feminist klassika
adlandırmaq düzgün olardı. Qeyd edək ki, feminist ideyaların yaranması və inkişafını
əks etdirən belə yazıların meydana gəlməsi lazımi qədər ciddi ideya-nəzəri əsasların
mövcudluğu ilə şərtlənir. Onlardan ən əsas və mühümləri aşağıdakılardır. Birincisi, bu –
Qərbi Avropa ictimai fikrində olduqca geniş yayılmış və sərhədləri daxilində insan
hüquqları nəzəriyyəsinin inkişaf etdiyi liberal fəlsəfi ənənədir. Həmin istiqamətin
görkəmli nümayəndələri və elə baniləri C.Lokk və J.-J Russo idi. İkincisi, feminist
baxışların başqa bir ideya mənbəyi o zamanlar güclü təsirə malik olan utopik sosializm
idi. Daha ardıcıl şərhini o, Ş.Furyenin, A.Sen-Simonun və R.Ouenin əsərlərində aldı.
«Feminizm» termini Robert Ouen tərəfindən icad olunmuşdu.
XIX əsrin sonu – XX əsrin əvvəlində burjuaziya cəmiyyətindəki sosial-iqtisadi,
siyasi reallıqlar qadının ictimai həyatın müxtəlif sahələrində mahiyyətcə obyektiv
iştirakını: kütləvi kapitalist istehsalına siyasi fəaliyyətdə cəlb olunmasını; təhsilin,
səhiyyənin inkişafında qadın iştirakının güclənməsini; qadının təhsil alması ilə bağlı
müxtəlif maneələrin tədricən azalmasını; hüquqi azadlıq və bərabərliyin genişlənməsini
şərtləndirdi. Bununla da «ilk dalğa» adlanan qadın ictimai hərəkatı çərçivəsində
formalaşmış bir sıra müxtəlif tələblər müəyyən dərəcədə yerinə yetirildi. Bu, XX əsrin
ortalarına yaxın feminist hərəkatın tədricən zəifləməsinə səbəb oldu. Yalnız XX yüzilliyin
70-ci illərinin sonunda qadın ictimai-siyasi hərəkatı kütləvi xarakter alaraq öz «ikinci
dalğası»nın zirvəsinə çatdı.
Feminizmin tərkib hissəsi olan nəzəri araşdırmalara gəldikdə isə aşağıdakıları
qeyd etməliyik.
XX əsrin ilk onillikləri məhz qadın baxışı mövqeyindən yazılmış və cinslərin
münasibətləri, qadın psixologiyası problemlərinə dair yeni əsərlərin yaranması ilə seçildi
ki, bu yazılar feminist nəzəriyyənin inkişafına qiymətsiz xidmət göstərdi. Bu – Lili Braun,
Karen Horni, Aleksandra Kollontay və başqalarının kitabları idi. Eyni zamanda təhsil
müəssisələrində qadın problemləri üzrə tədris kurslarının tətbiqi də müşahidə olunurdu.
Məsələn, 1900-cü ildən 1905-ci ilə qədər Parisdə Azad sosial elmlər kollecində
qadınlığın formalaşmasında sosial şəraitin rolunu təhlil edən fəlsəfi, sosioloji və tarixi
baxışları birləşdirən fənlərarası kurs tədris olunurdu.
Qadın hərəkatında olduğu kimi qadın tədqiqatlarında da 60-cı illərin ortalarına
qədər davam edən müəyyən bir zəifləmə müşahidə edilirdi. Buna baxmayaraq həmin
dövrdə Amerika tədqiqatçısı Meri Birdin («Amerika və qadınlar qadının gözü ilə», 1933;
«Cins və temperament üç ibtidai cəmiyyətdə», 1935; «Qadın tarixdə bir qüvvə kimi»,
1946; «Kişilər və qadınlar», 1949), fransız filosofu Simona de Bovuarın («İkinci cins»,
1949) və ingilis yazıçısı Virciniya Vulfun («Üç gineya», 1938; «Öz otağı», 1929) yazıları
çıxmışdı ki, onlar XX əsrin ikinci yarısında feminist fikrinə mühüm təsir göstərdi.
Feminist hərəkatının 60-cı illərin ortalarında qalxmış «ikinci dalğası» feminist
ideologiyasının inkişafında keyfiyyətcə yeni bir mərhələ oldu. Qadınlara qarşı
münasibətdə qeyri-bərabərliyin nə olduğu və bu qeyri-bərabərliyin necə aradan qaldırıla
biləcəyinin nədən ibarət olduğunun izahı ilə bağlı yanaşmaların rəngarəngliyi feminist
ideologiyasının da istiqamət rəngarəngliyinə səbəb oldu. İndi onlardan ən əsaslarını
nəzərdən keçirək.
Başlanğıcını sufrajizmdən götürən liberal feminizm islahatçı meyilli qadın hərəkatı
ideologiyası olaraq özünü 60-jı illərdə Amerika və Avropada təsdiq etdi. Liberal
feminizm hesab edir ki, qadın qeyri-bərabərliyi ona kişi ilə bərabər hüquqların
verilməsindən imtina və onun həmin hüquqlar uğrunda müstəqil mübarizədəki ətaləti ilə
izah olunur. Liberal feminizm qadınlar üçün hər şeydən qabaq mülki hüquqların əldə
olunması sahəsində həqiqətən bərabər şərait təmin edən islahatların keçirilməsini tələb
edir. Bu zaman məqsədyönlü, ünvanlı sosial siyasət qadınların mülki hüquq və iqtisadi
imkan təminatının səmərəli bir üsulu olaraq nəzərdən keçirilir. Belə siyasətin özülü kimi
liberal feminizm idrak və biliyin qüdrətini əsas götürür.
Liberal yönlü islahatlar praktikada doğrudan da qadınlar üçün imkanların
müəyyən dərəcədə genişlənməsinə və qadın hüquqları ilə bağlı müvafiq ictimai fikrin
formalaşmasına nail oldu. Bununla liberal feminizmə qadın hərəkatının ən populyar
istiqaməti kimi yanaşmaq imkanı ortalığa çıxdı. Lakin liberal islahatlar bütün qadınlar
üçün bərabərliyi təmin edə bilməzdi, çünki sosial bərabərsizlik hər hansı cəmiyyətdə
saxlanılır; onun sinfi, irqi, etnik və digər bərabərsizliklər kimi təzahürünü isə təkcə
islahatla aradan qaldırmaq mümkün deyil. Lakin hər şeydən əvvəl qadınların iqtisadi
müstəqilliyinə nail olan liberal feminizm cəmiyyətdə onlardan əsasən qadın və ana
rolunun gözlənməsini aradan qaldıra bilmədi.
Qadın bərabərsizliyini və qadın əsarətini təhlil edən sosial feminizm isə diqqətini
əməyin kapitalist təşkilinin tənqidində; kasıbların feminizasiyasında; ödənişsiz qadın
əməyində; ictimai istehsalatda məşğul olan qadınların ikili iş günündə; qadının işçi
olaraq ikinci dərəcəli statusunun formalaşmasında; qadınlar arasındakı sinfi
təbəqələşmədə; qadının ziddiyyətli sinfi statusunda (bir tərəfdən, ərinin statusunun ona
aid olması; digər tərəfdən – onun bir işçi kimi tutduğu sosial-sinfi mövqe); qadınların
sosiallaşması ilə bağlı stereotiplərdə və sosial-rol nöqteyi-nəzərindən onların kişilərlə
müqayisədə qeyri-bərabər vəziyyətində cəmlədi.
Əsas fikrini qadın problemlərinin ən mühüm aspektinə yönəldən sosial
feminizmin qadın bərabərsizliyinin sosial-iqtisadi səbəblərinin açılmasında da böyük
xidmətləri vardır. Ancaq həyat göstərdi ki, qadının vəziyyəti təkcə kapitalist istehsal
üsulu və buna müvafiq sosial-iqtisadi amillərlə bağlı deyil. Və bir çox sosialmədəni və
psixoloji məzmuna malik problemlər kompleksi də sosial feminist təhlilindən kənarda
qaldı.
Feminist ideologiyasının qadın hərəkatının «ikinci dalğası» illərində geniş yayılan
başqa bir istiqaməti radikal feminizm oldu ki, onu fərqləndirən əsas cəhət qadın
bərabərsizliyinə bioloji determinizm nöqteyi-nəzərindən yanaşmaq idi. Liberal
feminizmin qadının vəziyyətini ədalətli qanunvericilik islahatlarının köməkliyi ilə
dəyişməyin mümkünlüyü barədə ideyasını inkar edən radikal feminizm seksuallığın
yenidən təşkilini qadının əsarət və istismarının ləğvi üçün əsasverici şərt olaraq
nəzərdən keçirirdi. O, cinslərin bioloji fərqini və qadınla kişinin bərabərliyinin
mümkünsüzlüyünü həmin problemin həlli üçün əsas götürürdü.
Radikal feminizm insan cəmiyyətində ən birinci və ən geniş yayılan istismar
formasının qadın əsarəti olması fikrinə söykənir. Bu fikir onunla təsdiqlənir ki, tarixən ilk
əsarətə düşən qrup qadınlar olmuşdur; qadın əsarəti beynəlxalq xarakter daşıyır və ən
çətin ləğv oluna bilən istismar formasıdır; nəhayət, qadın istismarını digər istismar
formalarını tədqiq edərkən konseptual model kimi nəzərdən keçirmək mümkündür.
Radikal feminist nəzər nöqtəsinə əsasən qadın istismarının əsas kanalı – həmişə kişi
dominasiyası imkanı yaradan kişi nəzarətidir. Radikal feminizm həmçinin bu
dominasiyanı həyata keçirən müxtəlif sosial institutların (dövlət, ailə, din və s.) rolunu
araşdırır. Cəmiyyəti cinslərin fərqi və ziddiyyətləri mövqeyindən təhlil edərək, radikal
istiqamət onu iki müxtəlif qütblü – texnoloji və estetik mədəniyyət modeli arasında kişi
davranışını əks etdirən birincisinin təsdiq olunduğu «kişi cəmiyyəti» kimi
səciyyələndirirdi. Bu istiqamətin ayrı-ayrı nümayəndələri tərəfindən qadın bərabərsizliyi
probleminə baxışların radikallıq dərəcəsindən asılı olaraq, yaranmış şəraitdən müxtəlif
çıxış variantları təklif olunurdu: cinslər arasında münasibəti dəyişmək məqsədi güdən
feminist inqilabı; qadının kişi cəmiyyətindən ayrılmasına əsaslanan feminist separatizmi;
kişi mədəniyyətinin qadın mədəniyyəti ilə əvəz olunması; iki mədəniyyət modelini
birləşdirən mədəniyyətin yaranması və s. Hər bir variantda radikal feminizm öz
vəzifəsini cəmiyyətin kişi dominasiyasının aradan qaldırılması, seksuallığın yenidən
təşkili və cəmiyyətin mənəvi əsasının dəyişməsini nəzərdə tutan transformasiyasında
görürdü. Əks halda cəmiyyətin olduqca sönük inkişaf perspektivi proqnozlaşdırılır:
totalitar rejimlərin hökmranlıq etməsi; atom müharibələri; ekoloji kataklizmlər və son
nəticədə bəşəriyyətin məhvi.
Qadın mədəniyyətinin inkişafında radikal feminizmin mühüm xidmətləri vardır.
Qadın məkanında feminizmin məhz bu istiqamətinin təsiri ilə feminist incəsənəti,
ekologiya, analıq, reproduksiya öz inkişafı üçün güclü təkan aldı. Radikal feminist
hərəkatının təşəbbüsü ilə yaradılmış qadın kooperativləri, klinikalar, klublar, sığıncaqlar
kişiləri hakimiyyətdən və imtiyazlardan məhrum etmək məqsədi ilə ədəbiyyatda,
musiqidə, tibbdə və hətta məşğulluq və texnologiya sahəsində belə feminist
alternativinin yaranmasına təsir etmişdi. Radikal feminizm ictimai şüurun liberallaşması
və cinslərə münasibətdə yeni şərhlərin yaranmasına da əhəmiyyətli dərəcədə təsir
göstərdi. Radikal feminizmin cəmiyyətin bir çox sahələrinə təsir göstərməsinə
baxmayaraq, o, feminizmin əsas istiqamətinə çevrilmədi. Radikal feminizmin
çatışmazlıqları hər şeydən əvvəl onda idi ki, əsas diqqəti qadın biologiyasının
dəyişməzliyinə yönəldərək özünün qadına qarşı sırf ümumiləşmiş baxışında irqi və
sosial-sinfi fərqlərin təsirini nəzərə almırdı. Bundan başqa, kişi və qadını onların
təbiətinin təqdiri (kişilərin təcavüzkarlığı və yarış həvəsi; qadınların ehtiraslılığı və
qayğıkeşliyi) baxımından nəzərdən keçirərək radikal feminizm qeyri-iradi olaraq aradan
qaldırmaq və dağıtmaq istədiyi stereotipləri absolyutlaşdırmağa başladı.
Feminist ideologiyasının digər bir istiqaməti olan psixoanalitik feminizm 60-cı
illərdə bəzi sol meyilli feminizm nəzəriyyəçilərinin sinfi analoqlar cəmiyyətində cinslərin
nisbətini izah etmək üçün az olması və insan psixikasının daha dərin kəsimlərini tədqiq
etmək məqsədi ilə psixoanalizə müraciət etməsi nəticəsində yarandı. Feminizmin
psixoanalitik nəzəriyyəsi olduqca ziddiyyətli şəraitdə formalaşırdı. Elmdə psixoanalizdən
qadınların asılılığı və passivliyini əsaslandırmaq və möhkəmləndirmək məqsədi ilə
istifadə etmək ənənəsi təşəkkül tapdığı üçün feministlər bu nəzəriyyəyə əvvəlcə tənqidi
yanaşdılar. Hər şeydən əvvəl bu, Freydin qadının asılılığı, irrasionallığı, emosionallığı,
passivliyi haqda fikirlərindən doğan feminist tənqid ilə bağlı idi. Buna görə də ilkin olaraq
psixoanaliz feministlər tərəfindən (Simona de Bovuar, Betti Fridan, Keyt Millet) qadına
təzyiq aləti kimi nəzərdən keçirilirdi. Lakin tədricən feminist ideologiyasının bəzi
nümayəndələri psixoanalizin faydasını anlamağa başladı, çünki psixikanın qeyri-şüuri
sahələrinə yol açaraq o, qadına öz həyatının həm şəxsi, həm də sosial-siyasi ölçüsünü
daha dərindən anlamağa imkan verirdi. Psixodinamikanın şəxsiyyətlərarası və digər
sosial münasibətlərin xarakterinə təsirini açaraq, psixoanaliz təfəkkür və emosiyaların
formalaşma mexanizmini başa düşməyə, qadının bir tabeçi olaraq mövqeyinin
transformasiyasını anlamağa kömək edirdi. Bu istiqamətin nümayəndələri Freyddə
qadın asılılığının əsaslandırılmasını yox, istismardan azad olmaq üçün qadının
transformasiya etdiyi patriarxat mədəniyyətinin daxilində baş verən proseslərin təsvirini
axtarırdılar. Psixoanalitik feminizmdə ingilis-amerikan və fransız yanaşmaları adlanan
nəzər nöqtələri formalaşdı. ABŞ-da ən sanballı sayılan Doroti Dinnerstayn və Nensi
Xodorovun nəzəriyyəsidir ki, Britaniya məktəbinin obyekt münasibətləri ənənələri
əsasında formalaşmışdır. Ən ümumi görünüşdə bu nəzəriyyənin mahiyyəti ondan
ibarətdir ki, uşağın əsasən ana tərəfindən tərbiyə olunması kişilərdə qeyri-iradi olaraq
tədricən təkcə qadın asılılığından azad olmaq və hər şeyə qadir qadın-ana qarşısında
qorxu hissinin formalaşmasına deyil, həm də qadını özünə tabe etmək, öz
dominasiyasını təmin etmək, qadına münasibətdə həmişə üstün vəziyyətdə olmaq
cəhdinə gətirib çıxarır. Feminist psixoanalizinin fransız cərəyanı Lakanın, Yuliya
Kristevanın və Lyuis İriqareyin adları ilə bağlıdır. Bu cərəyan çərçivəsində seksuallığın
linqvistik strukturu, cinsi fərqlərin silinməsi, qadının hər növ qeydə alınmış eyniləşmədən
imtina etməsi və s. problemlər araşdırılır. Tam müəyyən olunmuş
özünəməxsusluqlarına baxmayaraq, psixoanalitik feminizmin bütün cərəyanları son
nəticədə qeyri-şüuri səviyyədə əzilmə prosesinin dərk olunması və sonradan şəklini
dəyişməsi kimi ümumi bir problemdə cəmlənir.
Psixoanalitik feminizmin əsas çatışmazlıqları onun universalizm iddiasında
olmasından, qadın subordinasiyasının mədəni-tarixi, sosial-mədəni və siyasi-iqtisadi
formalaşma şəraitinə məhəl qoymamasından ibarətdir. Feminist ideologiyasının digər
istiqamətlərindən fərqli olaraq, feminist psixoanaliz ayrıca feminist ictimai hərəkatı
(Fransada «Psixoanaliz və siyasət» qrupu istisna olmaqla) üçün əsas rolunu oynamadı.
Eyni zamanda psixoanalizin feminist şərhi feminizmdən 80-90-cı illərin postmodernist
konsepsiyalarına keçid üçün nəzəri əhəmiyyətə malik idi.
Feminizmin yuxarıda araşdırdığımız təhlili göstərir ki, rəngarəng nəzəri
istiqamətlərinə və ayrı-ayrı ictimai-siyasi hərəkatlar şəklindəki praktiki ifadə formalarına
baxmayaraq, o, qadın bərabərsizliyi problemini əsaslı surətdə həll edə bilmədi. İlk
növbədə bu, feminizmin feminist araşdırmaları prosesində müəyyyən edilmiş, öz sosial
tərkibinə görə qeyri-həmcins və təbəqələşmiş olan bütün qadın əhalisinin maraqlarını
əks etdirmək kimi obyektiv bacarıqsızlığı ilə ilə izah olunur. Müasir cəmiyyət onunla
səciyyələnir ki, şəxsiyyətin eyniliyi və buna müvafiq olaraq həmin şəxsiyyətin
cəmiyyətdə tutduğu yer bu və ya başqa cinsə aidliyindən savayı həm də və hər şeydən
əvvəl onun təhsil səviyyəsi, ixtisası, əməyin mövcud bölgü sistemindəki yeri, maddi rifah
səviyyəsi, hakimiyyətə yaxınlığı, sinfi və etnik mənşəyi, ailə vəziyyəti, hansı dinə etiqad
etməsi və başqa amillərlə, həmçinin həmin amillərin qarşılıqlı əlaqəsi və onların sosial
sabitliyə təsir xüsusiyyəti ilə müəyyən olunur. Feminizm isə həmin xüsusiyyətləri
hərtərəfli təhlil etmək və nəzərə almaq üçün elmi alət təklif edə bilmədi.
Bununla belə feminist tədqiqatların obyektiv gedişi və qadın bərabərsizliyi
problemində feminist təhlilin tətbiqi «qender» adlanan elmi kateqoriyanın yaranması və
bununla əlaqədar elmi tədqiqatın müstəqil bir sahəsi olan qender araşdırmalarının
meydana çıxmasına səbəb oldu. Məhz qender araşdırmaları qadın probleminin feminist
təhlilindəki ziddiyyətləri həll etməli və onun çatışmazlıqlarını aradan qaldırmalı idi. Elmi
təhlil kateqoriyası olaraq qender, birincisi, qadının cəmiyyətdəki vəziyyətindən doğan
çoxsaylı sosiomədəni fərqləri, ikincisi isə onların mədəniyyətdən çıxarılma məntiqini
açmalı və izah etməli idi.
«Qender» anlayışı bioloji və sosial cinslər arasındakı fərqin dərk olunması
nəticəsində yaranmışdır. Bioloji cins (ingilis dilində «sex») insanların anatomik-bioloji
xüsusiyyətlərinin (əsasən reproduktiv sistemdə) toplusudur ki, onun əsasında insanlar
bir-birini kişi və qadın olaraq eyniləşdirir. Bu anlayışı təkcə kişi ilə qadın arasındakı
bilavasitə bioloji fərqdən doğan xarakteristikaya aid etmək lazımdır. Sosioloji cinsə
(ingiliscə «qender») bir növ cəmiyyətin fizioloji reallıq üzərində qurduğu mürəkkəb
sosiomədəni konstrukt kimi yanaşmaq gərəkdir. Bu məhfum (qender) mürəkkəb
sosiomədəni prosesi əks etdirir ki, onun hüdudları çərçivəsində kişi və qadının
cəmiyyətdə rolundakı, müvafiq davranış növündəki, «kişi» və «qadın» arasındakı
mental və emosional xarakteristikalardakı fərqlər və, nəhayət, həmin prosesin bilavasitə
nəticəsi – qenderin sosial konstruktur həyata keçirilir. Belə yanaşmada qender kişi və
qadın arasında sosial münasibətin təşkil modeli kimi çıxış edir və təkcə ailədəki
şəxsiyyətlərarası ünsiyyəti deyil, həm də cəmiyyətin digər sosial institutlarındakı ayrı-
ayrı əlaqə və təsirləri əks etdirir. Bu, qenderi cəmiyyətin sosial sistemini nizamlayan ən
mühüm sosial struktur göstəricilərindən biri olaraq nəzərdən keçirməyə imkan verir.
Cins əlamətinə əsaslanan sosial struktur fərdi səviyyədə qender şüurunun sosial
yenidən istehsalının fəal iştirakı ilə dəstəklənir. Həmin prosesdə mühüm rolu hökmranlıq
və hakimiyyət münasibətləri oynayır. Məhz onlar cəmiyyətdə qender bərabərsizliyinin
özünəməxsus büruzə forması və eyni zamanda şəxsiyyətin, və ilk növbədə qadının
əzilməsinin səbəbi rolunda çıxış edir. Patriarxat cəmiyyətdə «kişi» və «qadın» rollarının,
ixtisaslarının, məşğuliyyətlərinin və xarakterin xüsusiyyətləri ilə bağlı sabit anlayışlar
sistemi mövcuddur. Bu zaman nəyin «kişi»yə, nəyinsə «qadın»a aid olduğu barədə
müəyyən cərgəli, sabit təsəvvürlər meydana çıxır. Bunun əsasında kişi və qadın
arasında sosial funksiyalar bölünür, həmçinin fərdlərin davranışında müəyyən cinsi
rolun yerinə yetirilməsini bildirən normalaşma sistemi qurulur. Həm kişi, həm də qadın
cəmiyyətdə onun müəyyənləşmiş rolunun gözlənildiyi obyektə çevrilir. «Bu mənada kişi
və ya qadın olmaq heç də müəyyən təbii keyfiyyətlərə malik olmaq yox, bu ya digər
sosiocins rolunun yerinə yetirilməsi deməkdir» (Feminizm: perspektivı soüialğnoqo
znaniə. M., 1992). Üstəlik «cinslə əlaqəsi olmayan bir çox fenomenlər (təbiət və
mədəniyyət, həssaslıq və rasionallıq, ilahi və dünyəvi, mənəvi və cismani) müəyyən
mədəni-simvolik cərgədən sonra «kişi» və «qadın»lıqla eyniləşdirilir və beləliklə həmin
cütlüklərin içərisində özünəməxsus iyerarxiya yaranır» (Klimenkova Q.A. Filosofskie
problemı neofeminizma 70-x.// Voprosı filosofii, № 2, 1989). Bu zaman «kişi»yə aid
olanlar üstün kimi müəyyən edilir. Ümumbəşəri normativ «kişi»yə aid kimi qəbul edilir,
normadan kənarlaşma onun neqativ şəkillərində isə «qadın»a aid edilir.
Müasir mədəniyyətdə androsentrizmin təqdim etdiyi «kişi» və «qadın»lığın
xarakteristikaları assimmetrikdir və cinsi-rol münasibətlərinin nisbətən sabit qavrayış
stereotipləri sistemini yaradır. Qender stereotipi deyərkən «davranış modelləri və «kişi»
və «qadın» barədəki anlayışlara müvafiq olan xarakterik əlamətlər haqda
standartlaşdırılmış təsəvvürlər» nəzərdə tutulur (Voronina S., Klimenkova T. Qender i
kulğtura.// Jenşina i soüialğnaə politika (qendernıy aspekt), M., 1992).
Qender stereotipləri insana ömrü boyu təsir göstərir. Ailə, uşaq bağçası, məktəb
– bütün bu sosiallaşma institutları ənənəvi qender stereotiplərini tətbiq edir. Məktəb
proqramları, ədəbi obrazlar, predmetlərin bölünmə sistemi, öyrədici proqramların mətni
və bədii ifadə dili, müəllimlərin davranışı – ənənəvi məktəb təliminin bütün bu
parametrləri qızları fəal şəxsi karyeraya münasibətdə ikinci plana keçməyə sövq edərək,
qender stereotipləri assimmetriyasını formalaşdırmaqda davam edir. Valideynlərin
oğulun və qızın tərbiyəsinə və təhsilinə baxışı da tam fərqlidir. Əgər oğlandan yüksək
qiymət, sonradan təhsilini davam etdirmək və karyera pilləsi üzrə irəliləmək tələb
edilirsə, məktəbdə qızın aldığı qiymətlərə səthi yanaşılır və orta səviyyəyə də qane
olurlar.
Qender rolları və stereotipləri problemi əməyin mövcud bölünmə sistemi ilə sıx
surətdə bağlıdır. Əməyin cinsə görə bölümü və kişi və qadın əməyinin sosial əhəmiyyəti
ilə bağlı ictimai qavrayış ona səbəb oldu ki, ikili əmək yükünə baxmayaraq, qadın öz
əməyinin adekvat qiymətləndiriləcəyinə (nə maddi, nə də sosial münasibətdə) arxayın
ola bilməz. Buna baxmayaraq müasir cəmiyyətin reallıqları əməyin bu cür bölümünə
ciddi ehtiyacın olmasını inkar edir. Bir çox qadınlar ictimai istehsalda, ödənişli məşğulluq
sahəsində iştirak edir, kişilər isə öz növbəsində əksər hallarda yeganə ailə dolandıran
statusunu itirir.
Dediklərimizə yekun vuraraq aşağıdakıları qeyd edə bilərik. Bir tərəfdən, feminist
araşdırmaların məntiqi davamı olan, digər tərəfdən isə – bir sıra sosiomədəni proseslərə
yeni baxış kontekstində sosial bərabərsizlik probleminin keyfiyyətcə və prinsipcə yeni
həll mərhələsi olan qender araşdırmalarının meydana gəlməsi bir neçə səbəblə
şərtlənir. Birincisi, qender nəzəriyyəsinin mühüm tərkib hissəsi olan sosial cins
konsepsiyası insanda sosial başlanğıcı lazımi qədər səmərəli şəkildə tədqiq etmək və
«kişi» və «qadın» rol toplusunun şərtlənmə dərəcəsini sosiumun xüsusiyyətləri ilə aşkar
etmək imkanı verir. İkincisi, qender metodologiyası istehsalat və ailə sosial rollarının
birləşməsindəki sosial-iqtisadi ziddiyyət mexanizmini açır, bu ziddiyyətin istiqamətini və
həlli yollarını müəyyən edir, həmin prosesdə kişinin və qadının iştirak dərəcəsini ortalığa
çıxarır. Üçüncüsü, qender nəzəriyyəsinin yaranması cəmiyyətdə o fikrin tədricən
formalaşması ilə bağlıdır ki, sosial siyasətdə qadına qarşı proteksionizmin feminizmdə
mühüm nailiyyət olaraq müasir şəraitdə onun qeyri-bərabər vəziyyətinin guya aradan
qaldırıldığını göstərir və mahiyyətcə qadına qarşı həmişə qeyri-obyektiv münasibət
yaradır. Bununla bağlı olaraq sosial bərabər imkan mühitinin formalaşması üçün şəraitin
yaradılmasına yönələn yeni siyasətin nəzəri-metodoloji əsaslarının işlənməsi vacibliyi
duyulur. Dördüncüsü, qender araşdırmaları obyektiv olaraq əsas qayəsi hər bir şəxsin
süverenliyi və bərabərhüquqlu inkişafı olan ictimai həyatın bütün dünyada
demokratikləşməsi və humanistləşdirilməsi meyli ilə birləşir. Prinsipcə yeni olan bu
nəzəriyyənin əhəmiyyəti hər şeydən əvvəl insan cəmiyyətinin bütün nümayəndələrinin
harmonik yaşaması üçün əlverişli şəraitin yaranması yollarının elmi axtarışında və
əsaslandırılmasındadır.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Əli Seyidabas oqlu, Rəna Seyidrza qızı. Qender tadqiqatları./Cəmiyyətdə cinslərin
sosial rolları və qarşılıqlı munasibətinin bəzi fəlsəfi problemləri.- B., 1999
2. Здравомыслова Е., Темкина А. Социальное конструирование гендера как
феминистская теория. - В кн.: Женщина. Гендер. Культура./Под ред.
З.А.Хоткина. - М., 1899
3. Клименкова Т.А. Философские проблемы неофеминизма 70-х г. // Вопросы
философии. № 2, 1989
4. Машика Т.В. Занятость женщин и материнство. – М., 1989
5. Пол женщины. /Сборник статей по гендерным исследованиям. Под ред . С .
Шакировой, М. Сеитовой . - Алматы , 2000
6. Феминизм и гендерные исследования, /Хрестоматия. Под ред. В. И. Успенской.
- Тверь, 1999
7. Феминизм: перспективы социального знания. – М., 1992
8. Шаповаленко М. Теория и практика политической деятельности феминизма.
/Теория и история феминизма. Курс лекций. Под ред. И.Жеребкиной. -
Харьков, 1996
9. Эллиот П., Мендел Н. Теория феминизма. /Гендерные исследования:
феминистская методология в социальных науках. Под ред. И.Жеребкиной.-
Харьков, 1998
10. Энгельс Ф. Происхождение семьи, частной собственности и государства.
/Маркс К., Энгельс Ф. Собр. соч., т. 21.
Dostları ilə paylaş: |