Vilyam Şekspir
Seçilmiş
əsərləri
iki cilddə
I cild
İngilis dilindən tərcümə edəni: Sabir Mustafa
Ön sözün müəllifi: İsmixan Rəhimov
Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. “Öndər
nəşriyyatı”, Bakı, 2004, 736 səh.
Antik dövr dramaturgiyasından söz düşəndə dilə ilk
gələn Esxil, Evripid, Sofokl adları olursa, İntibah
dövrünün dram sənəti zirvəsində qeyd-şərtsiz görkəmli
ingilis dramaturqu Vilyam Şekspirin adı çəkilir.
Mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəkliyi,
insanpərvərlik, dərin həyatilik və məhəbbət ülviliyi
dayanan Şekspir yaradıcılığı ümumbəşər mənəvi
sərvətində elə bir zirvədir ki,
coğrafi sərhədlər, etnik
müxtəlifliklər, milli psixologiyalar məhdudluğu tanımır
və zamana sinə gərir.
Bəşəriyyətin indisi və gələcəyi üçün narahatlıq
keçirən ölməz sənətkarın humanizm ideyaları,
gerçəkliklə ideal arasındakı uçurumun ictimai mahiyyəti
yazdığı faciələrdə daha şaxəli şəkildə pardaqlanır.
Həmin əsərlərdə faciəvilik nikbinliklə üzvi vəhdətdir
ki, bu da nəticə etibarilə oxucunu ülvilik və gözəllik
aləminə qovuşdurur, onun həyat eşqi və mübarizə
əzmini artırır.
Bu
cildə dahi dramaturqun beş ən məşhur faciəsi
daxil edilmişdir. “Romeo və Culyetta”da təmiz
məhəbbət, “Otello”da
fəlakətə düşmüş böyük inam,
“Kral Lir”də ülvi ata sevgisi, “Hamlet” və “Maqbet”
əsərlərində isə hakimiyyət ehtirası ön plana çəkilir.
İSBN 9952-416-37-6
“Öndər
nəşriyyatı”,2004
Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur
və ölkə kitabxanalarına hədiyyə edilir.
DUNYANI "LƏRZƏYƏ GƏTIRƏN"
DAHILƏRDƏN BIRI
Bugünkü dünyamızda elə bir mədəni xalq tapılmaz ki,
Vilyam Şekspirin "Hamlet"indəki məşhur monoloqun
"olum, ya ölüm" sualını ya olduğu kimi,
ya da öz doğma
dilinə tərcümədə işlətməsin.
Cahanşümul mütəfəkkir Vilyam Şekspirin adının
dünyanın hər yerində hörmətlə çəkilməsi təsadüfi deyildir.
Hətta onun həyat və yaradıcılığını tədqiq edən bir qisim
araşdırıcılar Şekspir soyadında səhnəni lərzəyə gətirən bir
insan dayandığı fikrini söyləməyə özlərində cəsarət
tapmışlar.
Bəşəriyyət qiyamət günü Tanrının qarşısında keçilmiş
yol, görülmüş işlər haqqında hesabat verəndə, özünün
mövcudluğuna bəraət qazandırmaq üçün Servantesin "Don
Kixot" əsərini təqdim etsə, kifayətdir (F.Dostoyevski).
Xeyr, kifayət deyil! Bəşəriyyət haqqında tam, hərtərəfli
məlumat almaq,
keçirdiyimiz kəşməkəşli yollar,
qatlaşdığımız çətinliklər haqqında təsəvvür əldə etmək üçün
Nizaminin "Xəmsə"si, Füzulinin qəzəlləri, Şekspirin
faciələri ilə tanış olmaq gərəkdir.
Böyük ingilis dramaturqu cahanşümul əsərlərini
yaradandan bəri bəşəriyyət işi çətinə düşəndə, yamanlıq
yaxşılığı üstələyəndə, "olum, ya ölüm" vəziyyətində elə
hey Şekspirdən cavab gözləyir, onu imdadına çağırır. Bəlkə
də XX əsrdə bütün dünyada bu qədər diqqət mərkəzində
olan ikinci yazıçı tapmaq çətindir. Şekspirin adı heç
zaman unudulmur.
Azərbaycanda Şekspirlə tanışlıq teatr və tərcümə
sənətimizin inkişafı ilə sıx bağlıdır. Teatrımızın və
ədəbiyyatımızın XIX əsrdən
bu günə kimi yüksəlişinin
bütün mərhələləri Şekspir adı ilə əlaqədar olmuşdur.
Şekspir əsərlərinin Azərbaycan oxucusunun, tamaşaçısının
bədii-estetik zövqünün zənginləşməsində xidməti vardır.
Avropada intibah dövrünün ən görkəmli
nümayəndələrindən biri olmuş Vilyam Şekspir öz
əsərlərində humanizm, xəlqilik, həyatsevərlik ideyalarını
tərənnüm etmiş, insan qəlbinin sirlərini dərindən bilmiş,
qələmə aldığı mürəkkəb hadisələrin dolğunluğu ilə həmişə
oxuculara böyük təsir göstərmişdir. Onun faciə və
komediyalarında əksini tapmış məsələlər, həyat haqqında
söylədiyi həqiqətlər, insanların
bir-birinə münasibəti
zaman-zaman dəyişməz qalır. Şekspir hadisələrin
dərinliyinə nüfuz edir, ilk nəzərdə əhəmiyyətsiz görünən
xırda bir hadisənin arxasında gizlənən ümumbəşəri
əhəmiyyətə malik mənalan üzə çıxara bilirdi. Şekspirin
bütün əsərləri zəmanə ilə son dərəcə bağlı olduğuna görə
dünya ədəbiyyatında misli görünməmiş tarixi vüsət kəsb
etmişdir. Hər bir cəmiyyət, hər bir xalq, yaşından,
məqamından asılı olmayaraq, hər bir fərd hər dəfə Şekspirin
əsərləri ilə təmasa girərkən
ondan nə isə yeni bir şey
öyrənibdir. Buna görədir ki, tədqiqatçılar 400 ildən çox bir
müddətdir ki, onun əsərlərini tədqiq edir və hər dəfə yeni bir
fikir söyləməyə nail olurlar. Müasiri Ben Conson Şekspir
haqqında demişdir: "O, bir əsr üçün deyil, bütün zamanlar
üçündür". Şekspir həm də bütün millətlərə gərəkdir. Elə bir
xalq tapılmaz ki, onun mədəniyyətinin inkişafında Şekspirin
payı olmasın.
Şekspir Avropa İntibahının
parlaq və eyni zamanda en
mürəkkəb dövründə yaşamışdır. İntibahın ən dərin və son
dərəcə böhranlı dövründə əvvəllər Bokkaçço, Leonardo da
Vinçi, Rable və digər mütəfəkkirlərin əsərlərində irəli
sürülmüş konsepsiyalar tarixin acı təcrübəsi əsasında
nəzərdən keçirilmiş və saf-çürük edilmişdir.
İntibah dövründə əsrlərdən bəri feodalizm məngənəsində
yaşayan insanın qarşısında ucsuz-bucaqsız üfüqlər açıldı,
öz qüvvəsinə yenilməz inam yaranır və o, həyata, biliyə,
yaradıcılığa meyl etməyə baş-layır. İntibah dövründə insan
orta əsrlərin axirət dünyası haqqında nağılları ilə birdəfəlik
üzülüşür, ümidini bu dünyaya bağlayır, cənnəti də,
cəhənnəmi də burda axtarır. Təbiət elmlərinə,
humanitar
elmlərə böyük maraq oyanır.
İntibah dövrünün insanında ən ümdə keyfiyyət
inamdır. İnsanın sonsuz imkanlarına, varlığın bütün