Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən vindikasiya qaydaları çox vaxt öyrənilən
institutun hüdudlarından kənara çıxır.
Vindikasiya iddiası dedikdə (lat. Vim dicere - güc tətbiq etmək haqqında xəbərdarlıq
etmə) əmlakın, ona sahiblik etməyən mülkiyyətçinin faktiki sahiblik edəndən, naturada
qaytarılması haqqında müqavilədən kənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə
görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması
zəruridir.
1. Hər şeydən əvvəl mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır.
Əgər əmlak mülkiyyətçidədirsə, lakin ona sahiblik və üzərində sərəncam
hüquqlarını başqaları mənimsəyir və ya bu hüquqların həyata keçirilməsinə mane
olursa, onda mülkiyyət hüququnun müdafiəsinin digər üsulları, konkret misalda
mülkiyyət hüququnun etiraf edilməsi və ya mülkiyyətçinin hüquqlarının sahiblikdən
məhrum edilməklə əlaqədar olmayan pozuntulardan müdafiəsi tətbiq edilir.
2. Vindikasiya iddiasının irəli sürülməsi üçün mühüm şərtlərdən biri də odur ki,
mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində natura
halında qalmış olsun.
Əgər əmlak məhv edilmiş, başqa hala salınmış və ya istifadə edilmişdirsə, ona olan
mülkiyyət hüququna xitam verilir. Bu halda mülkiyyətçi ona dəymiş zərərin ödənilməsi
tələbini irəli sürmək hüququna malikdir. Vindikasiya iddiası, bu iddianın mahiyyətinə uyğun
olaraq yalnız fərdən müəyyən edilən əşyaya – yəni mülkiyyətçinin əilndən çıxan və onun
qaytarılmasına yönələn əmlaka yönələ bilər.
Bu zaman yadda saxlamaq lazımdır ki, fərdən müəyyən edilən əşya ilə cinsən müəyyən
edilən əşya arasındakı fərqlər nisbidir və mülki dövriyyənin konkret şəraitindən asılı olur.
Buna görə də vindikasiya iddiası həmin növ üçün ümumi xassələrə malik olan bütün əşyalara,
məsələn, taxıl, tikinti materialı və s. irəli sürülə bilər.
Əgər əmlakı faktiki sahibliyində olanın cinsən müəyyən edilən əşyalarından
(əmlakından) ayırmaq mümkün deyilsə, onda vindikasiya iddiası deyil, əmlakı əsassız əldə
etməkdən və ya saxlamaqdan əmələ gələn öhdəliklərə görə iddia irəli sürülməlidir.
3. Nəhayət, vindikasiya iddiası müqavilə öhdəliklərindən irəli gəlmir, o, mülkiyyət
hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir.
Vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. Bununla yanaşı
olaraq, vindikasiya tələbi mülkiyyətçi olmasa da qanuna və müqaviləyə əsasən, əmlaka
sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka titul sahibliyi edən belə şəxslər kirayəçi,
komisyonçu, podratçı və s. qismində çıxış edə bilərlər. Burada əmlakı başqasının qanunsuz
sahibliyindən mülkiyyətçi deyil, əmlaka müvəqqəti sahib olan şəxs tələb edir. Əmlakın
mülkiyyətçi tərəfindən deyil, müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs qanuna
və ya müqaviləyə əsasən, əmlakın müvəqqəti sahibi olmasını sübut etməlidir. Bu zaman
həmin şəxs tərəfindən istər vindikasiya, istərsə də neqator iddia verildikdə bu cür iddia, həm
onun, həm də mülkiyyətçinin mənafeyinə uyğun olur.
Vindikasiya iddiası zamanı cavabdeh qismində vindikasiya prosesində əmlaka
qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur.
Hüquq ədəbiyyatında vindikasiya iddiasının predmeti haqqında müxtəlif fikirlər,
mülahizələr mövcuddur. Bəzi hüquqşünaslar qeyd edirlər ki, vindikasiya iddiasının
predmetini mübahisəli əmlak təşkil edir. Lakin bu fikirlə razılaşmaq olmaz. Belə ki, əmlak
mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli əmlak da vindikasiya iddiasının ancaq
obyektini təşkil edə bilər. Vindikasiya iddiasının predmeti isə qanunsuz sahiblikdən əmlakın
qaytarılması tələbidir.
Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi tələbini irəli
sürürsə, o, öz hüquqlarını müdafiənin dəymiş ziyana görə iddia üsulları ilə təmin edə bilər.
Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri ilə bağlı olan
hüquqi faktların əsaslarını da göstərməlidir. Əmlakın tələbinə dair iddianın əsasını əmlakın
sahiblikdən çıxması səbəbləri, əmlakın cavabdehə çatması şərtləri, mübahisəli əmlakın
naturada olması, iddiaçı ilə cavabdeh arasında tələb olunan əmlaka dair öhdəlik xarakterli
əlaqələrin olmaması təşkil edir. Göstərilən səbəblərin məcmusu ilə mübahisəli məsələyə iddia
hüququ və onun vindikasiya iddiası ile tələb edilməsi imkanları təsdiq olunur.
Qeyd etmək lazımdır ki, vindikasiya iddiası irəli sürən təkcə əmlaka və sahiblik
imkanından məhrum olmasını deyil, eyni zamanda bu hüquqi imkanın konkret subyektiv
hüquqa əsaslanmasını da sübut etməlidir.
Mülkiyyətçi tərəfindən əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb
edilməsində cavabdehin vicdanlı və ya vicdansız sahib olması məsələsinin müəyyən
edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak
onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu
bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o
halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə
verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya
özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak
onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı
bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq mülkiyyətçinin vicdanlı sahibindən
əmlakını geri tələbetmə məsələsi bir qədər mürəkkəbdir. Mülkiyyətçi əmlakı vicdanla əldə
edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb edə bilər:
1. Əmlak mülkiyyətçi tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs
tərəfindən itirilmiş olduqda.
2. Əmlak hər birindən oğurlanmış olduqda.
3. Əmlak onların iradəsindən asılı olmayaraq sair yollarla onların sahibliyindən çıxmış
olduqda.
Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını vicdanlı
sahibindən geri tələb edə bilər. Əgər əmlak mülkiyyətçinin kobud diqqətsizliyi nəticəsində
onun sahibliyindən çıxmışdırsa, burada əmlakın geri tələb edilməsi məsələsi bir qədər
mürəkkəbləşir. Mülkiyyətçi öz əmlakını saxlamaq üçün başqasına vermişsə və həmin şəxs
mülkiyyətçinin etibarından sui-istifadə edərək onu vicdanlı əldə edənə satırsa, bu halda
vindikasiya iddiası vicdanlı əldə edənə qarşı qaldırıla bilməz. Bu hallarda qanun əmlakı
vicdanlı əldə edənin hüquqlarını qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə etdiyi
əmlakın mülkiyyətçisi olur.
Mülkiyyətçinin əlindən əmlakın onun iradəsilə çıxdığı halda əmlakı əvəzli surətdə
vicdanlı əldə edən mülkiyyətçiyə dəyən ziyanın əvəzini ödəməli olur. Bu zaman
mülkiyyətçidən fərqli olaraq əmlakı əldə edən əmlakı satan haqqında daha çox təsəvvürə
malik olur. Buna əsasən, əmlak mülkiyyətçiyə qaytarılır, əmlakı əvəzli surətdə vicdanlı əldə
edən ona dəymiş ziyanın satıcı tərəfindən ödənilməsi tələbini irəli sürmək imkanı əldə edir.
Mülkiyyət formasından və növündən asılı olmayaraq əmlak vindikasiyasının ümumi
şərtləri belədir.
Lakin qanunvericilik əmlak vindikasiyasında bir müstəsna hala yol verir. Mülki
Məcəllənin 157.3-cü maddəsinə (maddə 24 iyun 2005 tarixli qanunla çıxarılmışdır) əsasən,
pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz.
Başqasının qanunsuz sahibliyində olan əmlak tələb olunarkən, çox vaxt həmin əmlakın
gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır.
Qanun burada əmlakın vicdanlı və ya vicdansız yolla əldə olunmasını fərqləndirir.
Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka
sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın
onda olduğu bütün vaxt ərzində onun götürdüyu və ya götürməli olduğu bütün gəlirlərin
qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun
əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın
qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və
ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə
bilər.
Söhbət o gəlirdən gedə bilər ki, o qanunsuz sahiblikdə olan əmlakdan əmələ gəlsin.
Bununla əlaqədar verilən iddialar mülkiyyətçi tərəfindən əsaslandırılmalıdır.
Dostları ilə paylaş: |