1. Mülkiyyət hüququnun anlayışı və məzmunu. Mülkiyyət hüququnun formaları və növləri


Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi



Yüklə 207,08 Kb.
səhifə3/3
tarix13.11.2017
ölçüsü207,08 Kb.
1   2   3

Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi.

Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən mühüm problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır. Bu öz əksini respublikanın yeni qəbul edilmiş Konstitusiyasında da tapmışdır. Mülkiyyət toxunulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri hesab edir.

Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.

Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya hüquqi iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə bağlı deyildir, vəzifələri ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilməsində maneələri və ya şübhələri yox etməkdir. Müvafiq olaraq əşya-hüquqi iddialara başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi (vindikasiya iddiası), pozulmuş hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqədar olmadıqda da öz hüquqlarının bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddialardır. Daha dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət hüququ qeyd etdiyimiz iddialarla müdafiə olunur.

Mülkiyyət hüququnun müdafiəsinin ikinci, mülki-hüquqi vasitələr qrupu öhdəlik-hüquq xarakterli vasitələrdir. Onlara, məsələn, mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları və s. aiddir. Bütün bunlar üçün xarakterik cəhət odur ki, onları təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq institutlarından və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi əmlakı icarəyə verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir.

Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi vasitələrinin üçüncü qrupunu onlar təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli vasitələr deyildir, mülki hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizəsi, qanunun tələblərinə müvafiq olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi belələrindəndir.

Nəhayət, xüsusi, mülki-hüquqi vasitələrin dördüncü qrupuna qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitələr daxildir.

Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul olunması nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilir.

Dövlət idarəetmə orqanları və ya yerli orqanlar tərəfindən qanuna uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin onlara məxsus əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları pozularsa, həmin akt mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin iddiasına əsasən, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Dövlət orqanının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən qərarı ilə əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və ya dəymiş zərərin əvəzi tam həcmdə ödənilir.

Mülkiyyətçi, mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda, məhkəmə mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz.

Mülkiyyət hüququnun müdafiə olunmasının mülki-hüquqi vasitələrindən biri kimi başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi - vindikasiya iddiasını göstərmək olar.

Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən vindikasiya qaydaları çox vaxt öyrənilən institutun hüdudlarından kənara çıxır.

Vindikasiya iddiası dedikdə (lat. Vim dicere - güc tətbiq etmək haqqında xəbərdarlıq etmə) əmlakın, ona sahiblik etməyən mülkiyyətçinin faktiki sahiblik edəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.



  1. Hər şeydən əvvəl mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır. Əgər əmlak mülkiyyətçidədirsə, lakin ona sahiblik və üzərində sərəncam hüquqlarını başqaları mənimsəyir və ya bu hüquqların həyata keçirilməsinə mane olursa, onda mülkiyyət hüququnun müdafiəsinin digər üsulları, konkret misalda mülkiyyət hüququnun etiraf edilməsi və ya mülkiyyətçinin hüquqlarının sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntulardan müdafiəsi tətbiq edilir.

  2. Vindikasiya iddiasının irəli sürülməsi üçün mühüm şərtlərdən biri də odur ki, mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində natura halında qalmış olsun.

Əgər əmlak məhv edilmiş, başqa hala salınmış və ya istifadə edilmişdirsə, ona olan mülkiyyət hüququna xitam verilir. Bu halda mülkiyyətçi ona dəymiş zərərin ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Vindikasiya iddiası, bu iddianın mahiyyətinə uyğun olaraq yalnız fərdən müəyyən edilən əşyaya – yəni mülkiyyətçinin əilndən çıxan və onun qaytarılmasına yönələn əmlaka yönələ bilər.

Bu zaman yadda saxlamaq lazımdır ki, fərdən müəyyən edilən əşya ilə cinsən müəyyən edilən əşya arasındakı fərqlər nisbidir və mülki dövriyyənin konkret şəraitindən asılı olur. Buna görə də vindikasiya iddiası həmin növ üçün ümumi xassələrə malik olan bütün əşyalara, məsələn, taxıl, tikinti materialı və s. irəli sürülə bilər.

Əgər əmlakı faktiki sahibliyində olanın cinsən müəyyən edilən əşyalarından (əmlakından) ayırmaq mümkün deyilsə, onda vindikasiya iddiası deyil, əmlakı əsassız əldə etməkdən və ya saxlamaqdan əmələ gələn öhdəliklərə görə iddia irəli sürülməlidir.

3. Nəhayət, vindikasiya iddiası müqavilə öhdəliklərindən irəli gəlmir, o, mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir.



Vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. Bununla yanaşı olaraq, vindikasiya tələbi mülkiyyətçi olmasa da qanuna və müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka titul sahibliyi edən belə şəxslər kirayəçi, komisyonçu, podratçı və s. qismində çıxış edə bilərlər. Burada əmlakı başqasının qanunsuz sahibliyindən mülkiyyətçi deyil, əmlaka müvəqqəti sahib olan şəxs tələb edir. Əmlakın mülkiyyətçi tərəfindən deyil, müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs qanuna və ya müqaviləyə əsasən, əmlakın müvəqqəti sahibi olmasını sübut etməlidir. Bu zaman həmin şəxs tərəfindən istər vindikasiya, istərsə də neqator iddia verildikdə bu cür iddia, həm onun, həm də mülkiyyətçinin mənafeyinə uyğun olur.

Vindikasiya iddiası zamanı cavabdeh qismində vindikasiya prosesində əmlaka qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur.

Hüquq ədəbiyyatında vindikasiya iddiasının predmeti haqqında müxtəlif fikirlər, mülahizələr mövcuddur. Bəzi hüquqşünaslar qeyd edirlər ki, vindikasiya iddiasının predmetini mübahisəli əmlak təşkil edir. Lakin bu fikirlə razılaşmaq olmaz. Belə ki, əmlak mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli əmlak da vindikasiya iddiasının ancaq obyektini təşkil edə bilər. Vindikasiya iddiasının predmeti isə qanunsuz sahiblikdən əmlakın qaytarılması tələbidir.

Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi tələbini irəli sürürsə, o, öz hüquqlarını müdafiənin dəymiş ziyana görə iddia üsulları ilə təmin edə bilər.

Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri ilə bağlı olan hüquqi faktların əsaslarını da göstərməlidir. Əmlakın tələbinə dair iddianın əsasını əmlakın sahiblikdən çıxması səbəbləri, əmlakın cavabdehə çatması şərtləri, mübahisəli əmlakın naturada olması, iddiaçı ilə cavabdeh arasında tələb olunan əmlaka dair öhdəlik xarakterli əlaqələrin olmaması təşkil edir. Göstərilən səbəblərin məcmusu ilə mübahisəli məsələyə iddia hüququ və onun vindikasiya iddiası ile tələb edilməsi imkanları təsdiq olunur.

Qeyd etmək lazımdır ki, vindikasiya iddiası irəli sürən təkcə əmlaka və sahiblik imkanından məhrum olmasını deyil, eyni zamanda bu hüquqi imkanın konkret subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir.

Mülkiyyətçi tərəfindən əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb edilməsində cavabdehin vicdanlı və ya vicdansız sahib olması məsələsinin müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq mülkiyyətçinin vicdanlı sahibindən əmlakını geri tələbetmə məsələsi bir qədər mürəkkəbdir. Mülkiyyətçi əmlakı vicdanla əldə edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb edə bilər:



  1. Əmlak mülkiyyətçi tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs tərəfindən itirilmiş olduqda.

  2. Əmlak hər birindən oğurlanmış olduqda.

  3. Əmlak onların iradəsindən asılı olmayaraq sair yollarla onların sahibliyindən çıxmış olduqda.

Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını vicdanlı sahibindən geri tələb edə bilər. Əgər əmlak mülkiyyətçinin kobud diqqətsizliyi nəticəsində onun sahibliyindən çıxmışdırsa, burada əmlakın geri tələb edilməsi məsələsi bir qədər mürəkkəbləşir. Mülkiyyətçi öz əmlakını saxlamaq üçün başqasına vermişsə və həmin şəxs mülkiyyətçinin etibarından sui-istifadə edərək onu vicdanlı əldə edənə satırsa, bu halda vindikasiya iddiası vicdanlı əldə edənə qarşı qaldırıla bilməz. Bu hallarda qanun əmlakı vicdanlı əldə edənin hüquqlarını qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə etdiyi əmlakın mülkiyyətçisi olur.

Mülkiyyətçinin əlindən əmlakın onun iradəsilə çıxdığı halda əmlakı əvəzli surətdə vicdanlı əldə edən mülkiyyətçiyə dəyən ziyanın əvəzini ödəməli olur. Bu zaman mülkiyyətçidən fərqli olaraq əmlakı əldə edən əmlakı satan haqqında daha çox təsəvvürə malik olur. Buna əsasən, əmlak mülkiyyətçiyə qaytarılır, əmlakı əvəzli surətdə vicdanlı əldə edən ona dəymiş ziyanın satıcı tərəfindən ödənilməsi tələbini irəli sürmək imkanı əldə edir.

Mülkiyyət formasından və növündən asılı olmayaraq əmlak vindikasiyasının ümumi şərtləri belədir.

Lakin qanunvericilik əmlak vindikasiyasında bir müstəsna hala yol verir. Mülki Məcəllənin 157.3-cü maddəsinə (maddə 24 iyun 2005 tarixli qanunla çıxarılmışdır) əsasən, pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz.

Başqasının qanunsuz sahibliyində olan əmlak tələb olunarkən, çox vaxt həmin əmlakın gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır.

Qanun burada əmlakın vicdanlı və ya vicdansız yolla əldə olunmasını fərqləndirir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyu və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.

Söhbət o gəlirdən gedə bilər ki, o qanunsuz sahiblikdə olan əmlakdan əmələ gəlsin. Bununla əlaqədar verilən iddialar mülkiyyətçi tərəfindən əsaslandırılmalıdır.

İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə, öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

Zəruri məsrəflər dedikdə, əmlakın qorunmasına, saxlanmasına, cari və əsaslı təmirinə sərf olunan məsrəflər başa düşülməlidir.

Gəlir və məsrəflərin hesablanması ilə yanaşı, qanunvericilik əmlakın yaxşılaşdırılması üçün edilən əlavələrin taleyini də həll edir.

Başqasının qanunsuz sahib olduğu əmlakı tələb etmək hüququ ilə yanaşı, pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. Belə bir hüquq neqator iddia ilə təmin olunur (lat actio neqotoria - inkar etmə iddiası). Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi, neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia mübahisə doğuran əşyaya görə mülkiyyətçi və üçüncü şəxslər öhdəlik və sair münasibətlərdə olmadıqda və baş vermiş hüquq pozuntusu subyektiv mülkiyyət hüququnun xitamına səbəb olmadıqda irəli sürülür.

Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur.

Mülkiyyət hüququnun həyata keçirilməsinə özünün qanunazidd hərəkətləri ilə mane olan şəxs cavabdeh qismindədir.

Neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Məsələn, qonşu tərəfindən torpaq sahəsinin qanunsuz çəpərlənməsi aparılan tikintiyə mane ola bilər və ya bilavasitə tikinti anbarlarına yaxın ağacların əkilməsi və s.

Elə hallar ola bilər ki, maneələr mülkiyyətçinin əmlaka sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə imkan verməsin. Məsələn, borclunun əmlakına həbs qoyularkən, ola bilsin ki, əmlakın içində üçüncü şəxsə məxsus əşya olsun və bu zaman o, bu əşya üzərində sərəncam səlahiyyətlərini yerinə yetirə bilməsin və s.

Maliyyə, vergi orqanları tərəfindən əmlakına qoyulmuş məhdudiyyətlərin götürülməsi barədə müəssisələrin iddiası da neqator iddia hesab oluna bilər.

Neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Məsələn, neqator iddia mülkiyyətçi, onun əmlakdan istifadə səlahiyyətlərinə mane ola biləcək tikintinin inşasının layihələşdirilməsinə qarşı da qaldırıla bilər.

Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.

İddia hüquq pozuntusunun davam etdiyi və onun nəticələrinin aradan qaldırılmadığı müddətdə qaldırıla bilər. Mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələr aradan qaldırıldıqdan sonra neqator müdafiə üçün əsaslar aradan qalxmış olur.

Demək, vindikasiya iddiasından fərqli olaraq neqator iddia üzrə hüquq münasibətləri iddia müddətinin təsirinə məruz qalmır. Burada hüquq pozuntusunun baş vermə müddəti əhəmiyyət kəsb etmir, çünki iddia bu pozuntunun davam etdiyi vaxtda istənilən anda qaldırıla bilər.

Əgər üçüncü şəxs özünün hərəkətlərinin hüquqa uyğun olduğunu sübut edərsə, neqator iddianın təmini rədd edilir.

Vindikasiya və neqator iddialardan başqa mülkiyyət hüququnun müdafiəsi daha bir əşya-hüquqi vasitə ilə - mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddia ilə təmin oluna bilər. Qeyd olunmalıdır ki, bu başlıq altında olan iddialar daha çox məhkəmə praktikasında işlədilir və onların böyük əksəriyyəti ya öhdəlik-hüquqi xarakter daşıyır, ya da tərəflərin nisbi hüquq münasibətlərindən əmələ gəlir. Belə münasibətlər müqavilə öhdəlikləri, vərəsəlik hüququ normaları və s. ilə tənzimlənir. Nisbi hüquqi tellərlə bağlı olmayan, üçüncü şəxslərə yönələn iddialara da rast gəlinir. Belə hallara misal olaraq tikinti sahibinin onun tikintiyə mülkiyyət hüququnun tanınmasını təsdiqləyən hüquq müəyyənedici sənədlərin verilməsi barədə yerli idarəetmə orqanlarına tələbini göstərmək olar.

Ədəbiyyatda belə tələblərin hüquqi təbiəti müxtəlif cür qiymətləndirilir.

Bəzən müəlliflərin fikrinə görə, mülki qanunvericilik mülkiyyət hüququnun etiraf edilməsinə dair müstəqil iddia tanımır. Mülkiyyət hüququnun etiraf edilməsi tələbi, onların fikrincə, vindikasiya və neqator iddianın tərkibi kimi çıxış edir.



Digər müəlliflər, tamamilə, haqlı olaraq deyilən iddiaya müstəqil əşya-hüquqi vasitə kimi baxırlar.

Həqiqətən də, deyilən iddianı müstəqil iddia kimi qəbul etmədikdə mülkiyyətçilərin bir çox konkret halda tələbinin hüquqi təsnifini vermək mümkün olmaz. Məsələn, mülkiyyətçi maddi köməklik məqsədilə öz əşyasını müvəqqəti olaraq əvəzsiz lombarda qoymaq üçün başqasına verir. Tərəflər razılığa gəlirlər ki, ssuda borcları verildikdən sonra əşya mülkiyyətçiyə qaytarılacaqdır.

Belə müqavilə, hərçənd müqavilə tiplərinin hər hansı birinə uyğun gəlməsə də hər halda öhdəliklər yaradır. Hesab edək ki, əşyanı mülkiyyətçidən alan şəxs ssuda borclarının ödənilməsinə qədər vəfat edir. Mülkiyyətçi əşyaya olan hüquqlarını necə müdafiə edə bilər? Bu halda tələbin vindikasiya iddiası üzrə yönəldilməsi düz olmazdı, belə ki, lombardın əşyaya sahibliyini qanunsuz hesab etmək olmaz, çünki, girov qoyan mülkiyyətçinin iradəsinə əsasən hərəkət etmişdir. Bu zaman neqator iddianın köməyinə də arxalanmaq olmaz, çünki mülkiyyətçi sahiblikdən məhrum olmuşdur. Belə olan təqdirdə mülkiyyətçi yalnız müstəqil tələblə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası ilə çıxış edə bilər.

Beləliklə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası dedikdə, mübahisəli əmlak üzərində iddiaçının mülkiyyət hüququ faktının üçüncü şəxslər qarşısında təsdiq edilməsi və tanınması ilə bağlı müqavilədən kənar tələbi başa düşülür.

İddia mülkiyyətçi tərəfindən, onunla mübahisə doğuran əşyaya görə öhdəlik və sair hüquq münasibətində olmayan, mülkiyyətçinin həmin əmlak üzərində hüquqlarını bölən, inkar edən və tanımayan üçüncü şəxsə qarşı qaldırıla bilər. Deyilən iddianı qaldırmaq hüququna eyni zamanda əmlak üzərində titul sahibliyi, xüsusilə tam təsərrüfatçılıq aparan və operativ idarəçilik edən subyektlər də malikdir.

Cavabdeh kimi belə hallarda əşyaya öz hüquqlarını elan edən və ya etməməklə iddiaçının həmin əşyaya mülkiyyət hüququnu tanımayan üçüncü şəxslər çıxış edir.

Mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddianın predmeti cavabdehdən hər hansı bir öhdəliyin icrasını tələb etməyən, yalnız iddiaçının mülkiyyət hüququnun və başqa əşya hüquqlarının tanınması faktının təsdiqi hesab olunur. Mülkiyyət hüququnun etiraf edilməsi hüquqda şübhələri dağıdır, hüquqda lazım olan inamı təmin edir, tərəflər arasında hüquq münasibətlərinə aydınlıq gətirir, əmlak üzərində sahiblik, ondan istifadə və barəsində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin əsaslarına xidmət edir.

İddianın əsasını iddiaçının əmlak üzərində mülkiyyət və s. əşya hüquqlarının olmasını təsdiq edən hallar təşkil edir.

Mülkiyyət hüququnun müdafiəsinin onun etiraf edilməsi yolu ilə təmin olunmasının əsas şərti iddiaçının əmlaka öz hüquqlarının təsdiq etməsidir. Bu onun əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq təsdiqedici sənədlərdən, habelə mübahisəli əşyanın ona məxsus olmasını təsdiq edən digər vasitələrdən irəli gələ bilər.

Neqator iddiada olduğu kimi mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddia üzrə hüquq münasibətlərinə də iddia müddəti təsir etmir.

Belə ki, iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb istənilən vaxt baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir.

Bütün yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək lazımdır ki, mülkiyyətin və digər əşya hüquqlarının müdafiəsi üçün qanunvericilik tərəfindən lazımi və təsirli üsullar müəyyən edilmişdir. Bu üsullar ölkəmizdə mülkiyyətin Konstitusiya ilə təsbit edilmiş formalarının möhkəmlənməsinə və onun inkişaf etməsinə xidmət edir.





: images -> muhazireler
muhazireler -> Ii fəSİl hüquq: ÄnlayişI, normalari, sahəLƏRİ
muhazireler -> İnformasiya iqtisadiyyatının yaranması tarixi. Müasir cəmiyyətin sosioloji konsepsiyaları
muhazireler -> Mövzu 7: ekspert sistemləRİ
muhazireler -> MühaziRƏ 2: MÜASİr ehm- ləRİn təSNİfati
muhazireler -> İnformasiya iqtisadiyyatının kateqoriyaları: kapital və bölgü Kapital nəzəriyyələri Kreativ kapital
muhazireler -> İnformasiya mikroiqtisadiyyatının əsas xüsusiyyətləri
muhazireler -> Mühazirə İnformasiya emalının inkişaf tarixi İnformasiya sistemlərinin inkişaf tarixi
muhazireler -> Mövzu 8: BİLİKLƏRİn təQDİm ediLMƏSİNİn produksion modeli Plan
muhazireler -> Mövzu 2: perspektiv təDQİqatlar və İntellektual sistemləRİN İŞLƏNİLMƏLƏRİ VƏ İntellektual hesablamalar texnologiyalarinin model və metodlari
muhazireler -> Yeni İnformasiya texnologiyalari


Dostları ilə paylaş:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə