177
qorxurdum. Onun parlaqlığından, qurbanı olacaq
parlaqlığından qorxur, onu gözləyən şeyləri təsəvvür edəndə
dəhşətə gəlirdim. Onu şer kürsülərində gurultuyla, alqışla
qarşılayan, qədəminə güllər tökən gənclərin fərəhi və pərəstişi
müqabilində onu qara zirzəmilərdə gözləyəcək intiqam, hayıf,
qisas məni dəli eləyirdi. Mən bilirdim orada xalq məhəbbətini,
xalq fərəhini bağışlamırlar. Dinləyicilərinin gözlərində qürur
və sevinc oxuyan şair ən ağır cəzaya məhkum olur. Xalqın
məhəbbəti ona ən böyük ittihamnamədir.
Onu dinləyənlər özlərində insanlıq ləyaqəti, insanlıq qüruru,
insanlıq fərəhi duyurlar. Onu eşidənlər özlərini azad bilirlər.
Ona qulaq asanlar özlərini millət sayırlar. Məgər bu günahları
ona bağışlamaq olardımı? Mən bilirdim ki, ora düşsə, orada bu
hayıfı onda qoymayacaqlardı. Bütün bunlardan başqa o qadın
idi. İncə, gözəl, zərif, həssas və həzin sənətkar bir qadındı,
şairə idi. Ora düşən kişilər haqqında danışılan dəhşətlər ən dahi
bir rəssamın çəkə biləcəyi cəhənnəm mənzərələrindən müdhiş
idi. Ora düşən qadınlar haqqında danışılanları, on beş dəmir
qapı dalından süzülüb xeyli yumşalaraq bizə, hələ çöldə
gəzən adamlara gəlib çatan müdhişliklər haqqında mən söhbət
açmaq istəməzdim. Əvvəla ona görə ki, siz hələ çox gəncsiniz.
Əgər siz daha yaşlı olsaydınız belə mən bildiklərimi və
eşitdiklərimi danışmazdım. Belə şeyləri insan-insana
danışmamalıdır. Belə söhbətlər, belə mənzərələr yaddaşda yara
kimi qalan bu dəhşətlər qurd kimi adamın öz içini yeməlidir.
Danışılmamalı-danışılmamalı – deyə o əsəbi və qırıq–qırıq
deyirdi. – Adamlar belə şeyləri danışmamalı, yox ümumiyyətlə
görməməli, bilməməlidir. Bunu görən, bilən, eşidən adam
insanlıq ləyaqətini, nə isə ona insan olmaq haqqı verən bir
hüququ itirir. Onunçün qadın idealı, əbədi qadınlıq idealı
yoxdur. Bunları eşidən, görən, bilən qadın haqqında, dəhşətsiz
düşünə bilməz. Bunu eşidən, bilən, görən öz anası haqqında
düşünməməlidir, onu xatirinə, yadına gətirməməli, gözləri
qarşısında canlandırmamalıdır. Bunu görən, eşidən, bilən
178
bacısının gözünə baxmamalıdır. Bunu görən, eşidən, bilən
allaha, allah yoxdursa, bilmirəm kimə, bəlkə mamaçaya dua
etməli, yalvarmalıdır ki, heç bir vaxt ona: "Gözün aydın, qızın
oldu" deməsin. Bunu görən, eşidən, bilən əgər arvadını bərk
sevirsə onu öldürməlidir.
Qonağım qışqırıb hıçqırmağa başladı. Mən yenidən güclə
onu sakit etdim.
O, dərhal yenidən danışmağa başladı:
–Ora düşən qadınlardan eşitdiyimə görə yalnız biri xoşbəxt
olubmuş. Onun xasiyyətindəki qəribəlik haradansa qadının
taleyini həll edənlərin qulağına çatıbmış. Bu qadını xilas
etmişdir. Bu qadın cavan və üzdən süfayi olmasına
baxmayaraq "uşaqları" yalnız bir cəhətdən – "psix"liyi
cəhətdən maraqlandırmışdır. Onlar qadının bir qədər qəribə
olmasını və qorxu maniyasını şən zarafatlarına hədəf edərək
gecələr müxtəlif qorxunc qiyafələrdə, maskalarda, əcaib səslər
çıxararaq qadın qalan tənha və qaranlıq kameraya gəlir, qadını
ürəyi gedənəcən qorxuzur, yalnız o hərəkətsiz qalıb qəşş
edəndən sonra gülə–gülə çıxıb gedirdilər. Onlar bununla
kifayətlənirdilər. Bu arvad xoşbəxt imiş. Düzdür, iki–üç belə
seansdan sonra o sağalmaz bir halda dəli oldu və bir həftə
sonra məhbəs xəstəxanasına düşdü. Ora düşən qadınlardan mən
eşitdiyimə görə bu ən xoşbəxti imiş.
Qalanları isə... Siz boksçuların kim olduğunu bilirsinizmi? –
deyə o birdən birə mənə müraciət etdi.
Mən cavab verməyə imkan tapmamış o sözünə davam etdi:
–Yox, o siz bilən boksçuları demirəm, idmançıları demirəm.
Yəni onlar da idmançılardır. Onlarda da idman azarı, müəyyən
həvəs və ehtiraslar var. Küçədə onları görsəniz bir-birlərini
"bizim uşaqlarımızdandır" deyə adlandıran bu gənclər çox
gözəl və səliqəli, son moda üzrə geyinmiş, son dərəcə mədəni,
nəzakətli, həmişə bir qulağı ayıq, xoş təbəssümlü, kos bəbəkli
adamlardır. Bəziləri hətta bu kos bəbəklərini bir anlığa bir
nöqtədə saxlayıb insanların gözlərinin içinə düz baxmağı da
179
vərdiş etmişlər. Tramvaya minəndə qoca kişiyə yol verir,
qadınlara yol göstərirlər, uşaqlara qalxmağa kömək edirlər.
Lakin ora gələndə həmin bu mədəni, nəzakətli, sağlam və
güclü gənclər cəld üst paltarlarını, vətəndaş paltarlarını çıxarır,
öz iş formalarında qalır və işə başlayırlar. Onlar küçədə yol
verdikləri qocaları yumruqla vurub yerə sərir, təpikləyib küncə
itələyir, saçından, saçı tökülübsə, daz, keçəlsə burnundan, ya
qulağından tutub qalxızır, yenidən boksun son qaydası üzrə
çənəsinin altından bir yumruq vurub yerə sərir, yenidən
təpikləyir, yenidən qalxızır və yenidən vurub yerə sərirlər və
yenidən və yenidən və yenidən... sonsuz kərə. Həmin bu durub
yer verdiyi qadınlara...
O susdu.
–Bilirsinizmi, onlar gənc, güclü, sağlamdırlar. Hərəkətlərinə
heç bir nəzarət, ehtiras və istəklərinə heç bir hüdud yoxdur, heç
bir iman və inamları, heç bir əxlaq prinsipləri və anlaq
normaları olmadığından pozğunluqları qəribə deyil. Ora
məhkum, əli heç yerə çatmayacaq, səsini kimsə eşitməyəcək,
yolu gedər–gəlməz olan qadın düşdükdə onlar...
Qonağım dodağından qaçacaq sözü sonuncu anda tutub
saxladı və nəfəsini dərib dedi:
–Nə yaxşı ki, körpə uşaqlar ora düşmürlər – sonra əlavə
etdi– hər halda mən eşitməmişəm.
Susdu. Nəfəsini dərdi. Sonra:
–Bilirsinizmi, bir dəfə balaca qız, – deyə gülümsündü.
Deyəsən uşaqları çox sevirdi və indi xoş bir təbəssümlə
onlardan nə isə məzəli bir şey danışmaq istəyirdi. Lakin birdən
bu fikirdən daşınaraq yenidən əvvəlki söhbətinə qayıtdı.
–Deyirlər onlar orada qoca, cavan, çirkin, gözəl qadınlara o
qədər də fərq qoymurlar. Yalnız çox gözəl qadınları ayrıca
seçirlərmiş.
Mən diksindim. O dərhal bunu sezdi.
–Bəli, – dedi – dəhşətli sözdür. Sarsıdıcı sözdür. Seçirdilər.
At kimi, ev heyvanı kimi. Siz bilirsinizmi neçin seçirdilər?
Dostları ilə paylaş: |