124
gedir. Məsələn, XV əsr Herat rəssamlarının əsərləri daha çox illüstrativ xarakter
daşıyır. Ədəbi mətndən kənara çıxmayan rəssam, hadisəni sadə və aydın
kompozisiyada, bəsit mənzərə fonunda təsvir edir.
XVI əsr Təbriz məktəbinin əsərlərində, o cümlədən Müzəffər Əlinin
"Bəhram Gur və Fitnə ovda" adlı əsərində isə kompozisiya mürəkkəb və
çoxfiqurludur, ədəbi mətndə
olmayan yeni əlavələr, köməkçi
fiqurlar, heyvan təsvirləri, təbiət
motivləri və s. əsərin daha
canlı, təbii və zəngin dekorativ
təsir
oyatmasına
səbəb
olmuşdur. Əslində Müzəffər
Əlinin əsərində də bir o qədər
artıq fiqur, əlavə detallar
yoxdur. Əsas qəhrəmanlardan -
sürətlə at çapıb, ox atan
Bəhram və at üstündə oturub
arfa çalan Fitnədən başqa,
burada 2 süvari ovçu, 2 nəfər
dağ dalından baxan müşahidəçi
və bir gənc qulam təsvir edilir.
Mənzərə də çox mürəkkəb və
qarışıq deyil. Lakin gül və
çiçəkli aşırımında böyük palıd
ağacı, gümüşü çeşmə olan
dağlıq mənzərə fonunda fiqurlar
elə ustalıqla yerləşdirilmiş və
rəng uyğunluğu cəhətdən elə
məharətlə həll edilmişdir ki,
miniatür izdihamlı görünür.
Emosional təsir qüvvəsinə görə
Müzəffər Əlinin əsəri bu süjeti
təsvir edən bir sıra başqa
əsərlərdən fərqlənir.
Müzəffər Əlinin ikinci
imzalı işi Əscodinin "Gərşaspnamə" əsərinin 1537-ci il tarixli London nüsxəsinə
(Britaniya muzeyi) çəkilmiş bir illüstrasiyadan ibarətdir. "Firdovsi və saray şairləri"
adlanan bu miniatürdə güllü-çiçəkli bir bağçada, yaraşıqlı sərv ağaclarının yanında,
yaşıl çəmənlikdə, meyvə və şərab dolu qablar düzülmüş süfrə arxasında əyləşərək
söhbət edən üç nəfər, onların önündə isə əlindəki uzun əsasına söykənərək dayanmış
bir kişi təsvir olunur. Mətndən aydın olur ki, bir gün görkəmli saray şairləri Ünsüri,
Fərruxi və Əscodi şəkildəki kimi məhrəm bir məclis qurub şeir qoşmaqda yarışarkən
125
onlara naməlum bir şəxs yaxınlaşır. Ünsüri həmin adamdan kim olmasını soruşur və
əgər bacarırsa yarışa qoşulmasını xahiş edir. Əsərdə həmin bu an təsvir edilir.
Təəssüf ki, Müzəffər Əliyə məxsus olması şübhə doğurmayan başqa
əsərləri hələlik bəlli deyil. Düzdür, bəzi alimlər (Puqaçenkova, Martin Kühnel) bir
neçə imzasız əsəri ona aid edirlər, lakin bunların hamısını tam etibarlı saymaq
olmaz. Məsələn, Kühnel naməlum bir əsərə çəkilmiş çox maraqlı bir miniatürü
Müzəffər Əliyə aid edir və səhv olaraq onu "İki aqilin mübarizəsi" adlandırır. Əslində
isə burada arxitektor Simnarın faciəli ölüm səhnəsi təsvir edilir. Miniatürün
kompozisiya mərkəzini təşkil edən Xavərnaq sarayının portalındakı yazıdan bəlli
olur ki, bu miniatür Soltan İbrahim Mirzənin kitabxanası üçün hazırlanmış
kitabdandır. Bədii üslub xüsusiyyətlərinə görə əsərin Soltan Məhəmməd məktəbinə aid
olması şübhəsizdir.
Əlbəttə, məsələ əsərlərin sayca az, ya çox olmasında deyil. Müzəffər
Əlinin nəzərdən keçirdiyimiz hər iki əsərinin yüksək sənətkarlıq xüsusiyyətləri,
püxtələşmiş üslubu onun Təbriz məktəbinin ən istedadlı nümayəndələrindən biri
olduğuna, bu məktəbin inkişafında və təsir dairəsinin genişlənməsində əhəmiyyətli
rol oynadığına dəlalət edir. Onun Sadiq bəy Əfşar və Siyavuş bəy kimi mahir
rəssamlar yetişdirməsini də nəzərə alsaq, ustad sənətkarın Azərbaycan miniatür
sənətinin ümumi inkişafında görkəmli yer tutduğunu söyləmək olar.
Mir Seyidəli. XVI əsr Təbriz məktəbinin hərtərəfli inkişaf etmiş görkəmli
sənətkarlarından biri də Mir Seyidəlidir. Orta əsr mənbələrinin verdiyi məlumata və
rəssamın elm aləmində bəlli olan əsərlərinə görə, o öz dövrünün məşhur
miniatürçüsü və ornamentalçı rəssamı, mahir xəttatı və şairi olmuşdur.
Mir Seyidəli əsrin əvvəllərində Təbrizdə rəssam ailəsində anadan
olmuşdur. Dust Məhəmməd, Qazı Əhməd, Budaq Qəzvini, Sadiq bəy Əfşar və s.
tarixçilərin verdiyi məlumata görə onun atası Mir Müsəvvir dövrün görkəmli
sənətkarlarından idi. O, istedadlı portret ustası olmuş, Şah Təhmasibin
emalatxanasında işlərkən, şah üçün xüsusi hazırlanmış "Şahnamə" və "Xəmsə"
əlyazmalarının bədii tərtibatında yaxından iştirak etmişdir.
Mir Müsəvvir. Mir Müsəvvirin müstəqil yaradıcılığına nə vaxt və hansı
əsərlə başladığı məlum deyil. Hələlik bəlli olan əsərlərindən biri - "Şahnamə" üçün
çəkilmiş "Ərdəşir və Gülnar" miniatürü portalın üzərindəki kitabəyə əsasən 1527-ci
ildə işlənmişdir. İstər bu, istərsə də "Zöhhakın dəhşəti", "Mənuçöhrün taxta
çıxması" və "Zal, Mihrabın Kabildən göndərdiyi hədiyyələri qəbul edir" adlı
əsərlərin çoxfiqurlu kompozisiya qurumu, baş qəhrəman və əlavə surətlərin ifadəli
həlli, memarlıq forma və ünsürlərinin böyük ustalıqla təsvir edilməsi Dust
Məhəmmədin rəssam haqqında dediyi tərifli sözlərə tamamilə haqq qazandırır.
Onun Təhmasib üçün hazırlanan "Xəmsə" və "Şahnamə"də Ağa Mirəklə birlikdə
fəaliyyət göstərdiyini yazarkən, Dust Məhəmməd onların əsərlərinin çox yüksək
səviyyədə olduğunu, onları layiqincə qiymətləndirməyin mümkün olmadığını qeyd
edir.
Rəssamın imzalı əsərlərindən birində saray süfrəçisi Sarxan bəyin portreti
126
təsvir olunur. Fiqurun canlı və dinamik həlli, rəsmin səlis və plastikliyi, surətin ifadəliyi
və s. sənətkarlıq keyfiyyətləri Mir Müsəvvirin həqiqətən məharətli portret ustası
olduğunu sübut edir. Üslub xüsusiyyətlərinin eyniliyinə görə "Şah və qulam" adlı
qoşafiqurlu kompozisiyanı (London, Britaniya muzeyi) da Mir Müsəvvirə aid etmək
olar.
Mir Müsəvvirin yaradıcılıq üslubunu, sənətkarlıq qüdrətini nümayiş etdirən
ən görkəmli əsəri 1539-1543-cü il tarixli "Xəmsə"də "Sirlər xəzinəsi"nə çəkdiyi
miniatürdən ibarətdir. "Ənuşirəvan və bayquşların söhbəti" hekayəsinə çəkilmiş bu
illüstrasiya ilk baxışda gözəl bir mənzərə təsirini oyadır. Möhtəşəm, zəngin dekorativ
bəzəkli sarayın xarabaya, vəhşi heyvan və quşların məskəninə çevrilmiş qalıqları, onu
əhatələyən qamətli sərv, çiçəklənmiş ağaclar, yaşıl budaq, güllü-çiçəkli, ağ və göyümtül
buludlu qızılı səma təbiət təsvirinə füsunkar gözəllik verir.
Əsərin ideya məzmunu, əsas süjet xətti kompozisiyanın mərkəzində təsvir
olunan şah və vəzirin obrazları vasitəsilə açılır. Kəhər atın belində gedən Ənuşirəvan
qatırla arxasınca gələn vəzirə tərəf dönərək, əli ilə sökük piştağın üstündə oturmuş
bayquşları göstərir və onların nə söhbət etdiklərini soruşur. Vəzir cavab verir ki,
bayquşlardan biri o birisinin qızını istəyir. O isə əvəzində süd bahası olaraq bir neçə
xaraba kənd tələb edir. Qızı istəyən bayquş deyir: "Şahımız bu işə, onun zülmü
sayəsində məndən min xaraba kənd ala bilərsən!". Vəzirin cavabı - dahi Nizaminin bay-
quşların dili ilə hökmdara dediyi dərin hikmətli sözlər -şahın göstərdiyi səmtdə,
sarayın yuxarısında yazılmışdır.
Başqa miniatürlərdən fərqli olaraq burada ədəbi mətn kompozisiyasının
ayrılmaz hissəsinə çevrilir, təsviri vasitələrlə birlikdə əsərin ideya məzmununun
açılmasına xidmət edir.
Miniatürdə hər şey - kompozisiya qurumu və obrazların həllindən tutmuş
ən kiçik ünsürlərə qədər yüksək bədii zövqlə, misilsiz ustalıqla işlənmişdir. Surətlərin
canlı və ifadəliliyi, mənzərənin, heyvan fiqurlarının real təsviri, kompozisiyanın şux və
əlvan rənglərin vəhdətindən doğan zəngin koloriti və dekorativliyinə, dərin emosional
təsir qüvvəsinə görə bu miniatür yalnız "Xəmsə"nin deyil, ümumiyyətlə, XVI əsr
Təbriz məktəbinin ən dəyərli əsərlərindəndir.
Şübhəsiz ki, belə kamil fırça ustasının öz oğlu Seyidəlinin bədii
tərbiyəsində və yaradıcılığının formalaşmasında mühüm rolu olmuşdur. Mir
Seyidəlinin müstəqil yaradıcılığının erkən çağları və ilk əsərləri haqqında heç nə bəlli
deyil. Güman etmək olar ki, Şah Təhmasibin sevimli rəssamlarından olan Mir
Müsəvvir oğlunu da saray emalatxanasına cəlb etmiş və gənc rəssam Orta Şərqin ən
qüvvətli sənət mərkəzlərindən olan bu emalatxanada Soltan Məhəmmədin rəhbərlik
etdiyi yaradıcı kollektivlə birlikdə işləyərək öz sənətkarlığını təkmilləşdirmişdir.
Mir Seyidəlinin bədii fəaliyyətinin ən yüksək, məhsuldar və çoxcəhətli
dövrü 1530-1540-cı illərə təsadüf edir. Həmin illərdə o öz atası və dövrün ən
məşhur ustad rəssamları ilə birlikdə Şah Təhmasib üçün xüsusi hazırlanmış
"Şahnamə" və "Xəmsə" kimi Şərqdə kitab sənətinin ən nəfis, nadir nümunələrinin
illüstrə edilməsində yaxından iştirak etmişdir. Bundan əlavə, yenə həmin illərdə
Dostları ilə paylaş: |