Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   22   23   24   25   26   27   28   29   ...   176

 
52 
münasibətilə  «Kaspi»  qəzetində  dərc  etdirdiyi  «İsmayıl  bəy  Qasprinskinin 
xatirəsinə»  adlı  yazısında  («Kaspi»,  1914,  №  204,  Cey  Dağıstani)  aydın  görmək 
olur. Ceyhun bəy 1914-cü ilin əvvəllərində Petroqradda İsmayıl bəylə görüşmüş və 
bu  görüş  C.Hacıbəylidə  böyük  təəssürat  oyatmışdır:  «Onun  işləmək  ehtirası  ilə 
nəfəs  alan  simasına,  canlı,  ağıllı  gözlərinə  baxdıqca  qocalıqdan  uzaq,  qüdrətli, 
güclü səsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan öz zəhmətinin 
bəhrəsini görəcəkdir. Və mən o zaman yanılmamışdım». 
İsmayıl  bəyin  xəstələnməsi  xəbəri  bütün  müsəlman  dünyasını 
həyəcanlandırmışdı,  qəzetlər  «nəhəng  publisistin»  səhhəti  barədə  xəbərlər  dərc 
edir, adamlar  ibadət  zamanı  «əziz xəstənin»  sağalmasını dua  edirdilər. Müsəlman 
mətbuatının və ictimaiyyətinin bu həyəcanı İsmayıl bəyə olan məhəbbətin təzahürü 
idi.  «Və  həqiqətən  də  İ.Qasprinski  kimi  xadimi  qiymətləndirməmək  mümkün 
deyildi. Özünü müsəlman sayan kəs bütün həyatını xalqa həsr etmiş, 35 il ərzində 
xalqın maddi, mənəvi keşiyində durmuş insanın taleyinə laqeyd qala bilməzdi. 
Özünü  müsəlman  sayan  kəs  bəzən  həyata  keçməyən,  lakin  nəcibliyini, 
faydalılığını az da olsa itirməyən böyük fikir və ideyalar sahibinin ölümünə bütün 
qəlbi ilə yas saxlamaya bilməzdi». 
Ceyhun  bəy  «Tərcüman»ın  redaktorunun  xatirəsinə  həsr  etdiyi  məqalədə 
oxucunun diqqətini İ.Qasprinski kəlamının, nüfuzunun təkcə öz xalqı arasında yox, 
bütün  Rusiya,  dünya  müsəlmanları,  Avropa  mətbuatı  və  şərqşünasları  arasında 
hakim,  həlledici  olduğuna  yönəldir:  «…Onun  sahib  olduğu  erudisiyaya  nəinki 
bütün  dünyanın  tək-tək  müsəlmanları,  hətta  hər  hansı  bir  avropalı  həsəd  apara 
bilərdi».  «…Şərq  dünyası  ilə  məşğul  olan  Avropa  mətbuatı  etiraf  etmişdir  ki, 
İ.Qasprinskinin  hər  bir  sözü  və  fikri  onların  arasında  böyük  çəkiyə  sahibdir». 
«Onun  səsini  demək  olar  ki,  bütün  dünya  müsəlmanları  eşidirdi».  «…Onun 
Hindistanda, Misirdə, Türkiyədəki mühazirələrinin bəhrəsini görürük». 
C.Hacıbəylinin  fikrincə,  İ.Qasprinski  siyasətçi  deyildi,  siyasət  məsələləri, 
beynəlxalq  münasibətlər,  bu  və  ya  başqa  qrupun  hüquqi  vəziyyəti  onu  yalnız  bir 
jurnalistə  lazım  olan  səviyyədə  maraqlandırırdı.  C.Hacıbəyliyə  İ.Qasprinskinin 
fikir  və  ideyaları  çox  yaxın,  doğma  idi.  Odur  ki,  Ceyhun  bəy  İsmayıl  bəyi 
düşündürən, narahat edən problemləri, onun məqsəd və məramlarını çox məharətlə 
açıqlayırdı:  «Uşaq  doğulduğu  mühitdə  öz  mənsubiyyətini  ən  əvvəl  dili  ilə  izhar 
edir.  Onu  əhatə  edən  mühiti  digərlərindən  fərqləndirən  dini  və  sair  münasibətlər 
hələlik  uşağa  məlum  olmasa  da,  körpə  başqalarından  fərqini  özünəməxsus  vasitə 
ilə – dillə bildirir». 
C.Hacıbəyliyə görə, sadə və ilk baxışdan diqqəti cəlb etməyən bu amil – dil 
bəşəriyyət üçün böyük və birinci dərəcəli əhəmiyyət kəsb edir. İnsanları bir-birinə 
bağlayan,  onlar  arasında  əlaqə,  ünsiyyət  vasitəsi  rolunu  oynayan  dildir.  Məhz  bu 
amil  eyni  dildə  danışanların  qohumluğuna,  birliyinə  dəlalət  etmirmi?  C.Hacıbəyli 
göstərir  ki,  İ.Qasprinski  bu  fikri  rəhbər  tutaraq,  Rusiya  türklərinin  dilində 
«Tərcüman»  qəzetinin  nəşrinə  başlamışdır.  Qəzet  bütün  türklərin  dilinin 
cilalanmasına,  ortaq  varianta  gətirilməsinə  və  birləşməsinə  xidmət  etməli  idi. 
Ceyhun  bəy  yazırdı:  «O,  (İ.Qasprinski  nəzərdə  tutulur  –  T.A.)  deyirdi:  Rusiya 
tatarları  adlandırılanlar  hamısı  bir  ailədəndir:  uyğur  türk  ailəsindən.  Onların  bir 
ümumi dili var – türk dili. Ayrı-ayrı ailələrdə bu dildə baş verən dəyişikliklər, türk 


 
53 
dilinin  dialektlərə  bölünməsi  tarixi-siyasi  hadisələrin  nəticəsində  baş  vermişdir». 
İ.Qasprinskinin fikrincə, bütün türklər onlar üçün nə vaxtsa, ümumi və doğma dil 
olmuş  türkcədə  birləşməyə  çalışmalıdırlar.  Böyük  idealistin  bu  mütərəqqi,  bəşəri 
ideyasının həm müsəlmanlar, həm də rus şərqşünasları arasında əleyhdarları vardı. 
Lakin  İsmayıl  bəy  öz  fikrindən  dönmür  və  bu  yolda  fədakarlıqla  çalışırdı. 
C.Hacıbəyliyə  görə  İ.Qasprinski  bu  sahədə  çox  şeyə  nail  olmuşdu:  «Onun 
«Tərcüman»ını – Rusiya  müsəlmanlarını dillə birləşdirən orqanını Volqaboyunda 
və  Sibirdə,  Türkmənistanda  və  Krımda,  bizim  Qafqazda  oxuyurlar.  Və  başa 
düşürlər. Mərhum idealist də bunu arzulayırdı». 
C.Hacıbəyli  məqaləsinin  sonunda  göstərir  ki,  32  il  ərzində  Rusiyanın  türk 
müsəlmanlarını birliyə çağıran İ.Qasprinski ölümü ilə də onları birləşdirdi. İsmayıl 
bəyin vəfatı onların ümumi kədərinə çevrildi. 
İllər uzunu Sovet təbliğat maşını ilə «panislamist», «pantürkist», «millətçi» 
kimi  ibarələrlə  gözdən  salınan,  ideya  və  istəkləri  xalqdan  gizlədilən  İ.Qasprinski 
haqqında  C.Hacıbəylinin  yazdıqları  iki  cəhətdən  qiymətlidir.  Bu  məqalə  bir 
tərəfdən  İ.Qasprinskinin  türk  dünyasındakı  yeri,  xidməti  və  nüfuzu  haqqında 
məlumatları  zənginləşdirirsə,  digər  tərəfdən  C.Hacıbəylinin  özünün  mövqeyi, 
idealları, məram və istəkləri barədə təsəvvürü genişləndirir. 
Əlimərdan  bəy  Topçubaşov  İ.Qasprinskinin  ölümü  münasibətilə  yazırdı: 
«İnsan kimi doğuldun, insan kimi yaşadın, insan kimi vəfat etdin». («Kaspi», 1914, 
№ 204). Ə.Topçubaşovun bu sözlərini tərəddüdsüz olaraq türk dünyasının hər iki 
böyük oğluna şamil etmək olar. 
 
 
 
 
 
 
 
 
 
       “Azərbaycan” qəzeti, 
18 yanvar 1995 
 
 
C.Hacıbəyli  A.Bakıxanov  haqqında 
 
 
Mühacirətdən sonra da Ceyhun Hacıbəyli qələmdən ayrılmamışdır. Bu dəfə 
isə  öz  fəaliyyətini  daha  çox  xaricdə  Azərbaycanın  ədəbiyyat,  mədəniyyət  və 
incəsənətini  təbliğ  etməyə  yönəltmişdir.  Bu  mənada  onun  fransız  mətbuatında  – 
qəzet və jurnallarında dərc etdirdiyi məqalələri daha çox diqqətəlayiqdir. 
Cəsarətlə 
mədəniyyətimizin 
fədaisi 
adlandıra  biləcəyimiz  Ramiz 
Abutalıbovun Parisdən gətirərək Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə 
(MDƏİA) təhvil verdiyi C.Hacıbəylinin arxivində belə sənədlər çoxdur. Onlardan 
biri – Abbasqulu Ağa Bakıxanov haqqında 1934-cü ildə «İki dünyanın jurnalı»nda 
dərc  etdirdiyi  məqalə  (MDƏİA,  fond  649,  iş  №  20)  bu  gün  də  aktual  və 
əhəmiyyətlidir. 
Ceyhun  Hacıbəyli  məqalənin  əvvəlində  göstərir  ki,  Qafqaz  xalqlarının 
tarixinə  həsr  edilmiş  əsərlər  çox  azdır.  Qədim  tarixçilər,  xüsusilə  ərəb,  yunan  və 
farslar  bu  barədə  təsadüfdən-təsadüfə,  daha  çox  müdaxilə  və  basqınları  təsvir 
edərkən bəhs etmişlər. Ceyhun bəy təəssüflə yazırdı ki, biz öz tariximizi, xüsusilə 
monqol müdaxiləsindən başlamış rus işğalınadək olan dövr haqqında çox az bilirik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə