22
Əgər H.Z.Tağıyev, İ.Hacıyev, İ.Səfərəliyev, Ə.Əhmədov, A.Aşurov,
M.Muxtarov, İ.Aşurbəyov, M.Nağıyev, İ.Əsədullayev və başqaları xeyriyyə
cəmiyyətlərini maliyyələşdirirdilərsə, Ə.Ağayev, H.Zərdabi, S.Qənizadə, Üzeyir və
Ceyhun Hacıbəyov qardaşları, Ə.Haqverdiyev, H.Vəzirov, N.Nərimanov,
Ə.Topçübaşov və b. ziyalılar bu cəmiyyətlərin mənəvi dayaqları idilər.
Şübhəsiz , xeyriyyə cəmiyyətlərinin fəaliyyəti C.Hacıbəylinin daim diqqət
mərkəzində saxladığı mövzulardandır. C.Hacıbəyli bir tərəfdən xeyriyyə
cəmiyyətlərinin fəaliyyətində, tədbirlərində yaxından iştirak edirdisə, digər
tərəfdən bu cür cəmiyyətlərin gördüyü işlərdən, qarşısında duran vəzifələrdən
yazır, geniş oxucu kütləsinin diqqətini bu sahəyə yönəltməyə səy göstərirdi. Onun
xeyriyyəçilik mövzusunda yazdığı məqalələr, toxunduğu problemlər bu gün də
aktual səslənir. Bazar iqtisadiyyatına keçidin çətinlikləri, Ermənistanın
Azərbaycana təcavüzü bir çox problemlər yaratmışdır. 1988-ci ildə yüz minlərlə
azərbaycanlı Ermənistandan-ata yurdundan didərgin salınanda, daha sonralar
Dağlıq Qarabağdan və ona yaxın bölgələrdən həmvətənlərimiz qaçqın düşəndə
hökumət onların bütün məsələlərini həll etməyə qadir deyildi. Bu zaman ayrı-ayrı
xeyriyyəçilər,
bir
qədər
sonra
xeyriyyə
cəmiyyətləri
dara
düşmüş
həmvətənlərimizə qayğı göstərir, onları ərzaq və geyimlə təmin edirdilər. XX əsrin
əvvəllərində də mənzərə acınacaqlı idi. Ağır iqtisadi şərait, I Dünya
müharibəsindən Bakıya pənah gətirmiş on minlərlə qaçqın xeyriyyəçilik hərəkatını
zəruri etmişdi. Məhz belə bir vaxtda C.Hacıbəyli qələmi ilə xeyriyyəçiliyin
inkişafına təkan verir, imkanlıların bu işə səfərbər olunmasına çalışırdı.
«Baku» qəzeti «Yeni cəmiyyət» (1909-cu il, 29 mart, №70) adlı məqalədə
xəbər verirdi ki, Çəmbərəkənddə yaşayan bir qrup müsəlman, «Səfa» maarifçi
cəmiyyəti açmağa təşəbbüs göstərmişdir. Məqsəd yeni məktəb və mədrəsələrin
açılması, xalq tamaşalarının səhnəyə qoyulması, rus və tatar dillərində kitabların
nəşri, habelə şagirdlərə yardım göstərilməsidir. Cəmiyyətin Nizamnaməsi
hazırlanmış və yaxın günlərdə təsdiq ediləcəkdir.
Ceyhun Hacıbəyli, «1912-ci il müsəlman həyatı» adlı məqaləsində («Kaspi»
qəzeti, 1913-cü il, 1 yanvar, №1; 3 yanvar, №2; 4 yanvar, №3) göstərirdi ki, yenicə
yaranmış «Nicat» və «Səfa» cəmiyyətləri fəaliyyətlərini genişləndirmiş, məktəblər
açmış, səhnəyə yeni tamaşalar qoymuşlar. «Nəşri-maarif»in məktəbləri» («Kaspi»
qəzeti 1913-cü il, 17iyul, №153) adlı məqalədə C.Hacıbəyli yazırdı ki, hazırda bu
cəmiyyətin məktəblərində 600 nəfər uşaq təhsil alır. Fərəhləndiricidir ki, son vaxt
qızların təhsilə yiyələnmələri geniş yayılır. «Nəşri-maarif»in məktəblərində 30
nəfər qız təhsil alır. Müəllif mövcud vəziyyəti işıqlandırmaqla kifayətlənmir,
cəmiyyətin vəzifələri haqqında bəhs edir.
C.Hacıbəyli cəmiyyətdəki tərəqqipərvər qüvvələrin birləşməsi, onlar
arasındakı fikir ayrılığının ümumi işə ziyan verməməsi naminə var qüvvə ilə
çalışmışdır. Müəllif həmişə xeyriyyə cəmiyyətlərini əməkdaşlıq etməyə,
birləşməyə səsləmişdir («Kaspi» qəzeti, 1912-ci il, 21 noyabr №264). Onun
«Aydın deyil» («Kaspi» qəzeti, 1913-cü il, 14 mart, №106) adlı məqaləsi də bu
təmiz niyyətə xidmət edir. Müəllif xeyriyyəçilik, xüsusilə maarifçilik sahəsində
«Səfa» və «Nicat» cəmiyyətlərinin xidmətini təqdir edir. Sonra qeyd edir ki, hər iki
cəmiyyət eyni məqsədə qulluq edir, eyni vəzifələri həyata keçirir. Onların
23
birləşməsinə nə mane olur? Axı, bu iki qüvvə birləşərsə, birgə hərəkət edərsə, daha
böyük uğurlar qazanılar.
Salnaməçi-jurnalist öz ənənəsinə sadiq qalaraq, 1914-cü ildə qələmə aldığı
«1913-cü ildə müsəlman həyatı» («Kaspi» qəzeti, 1 yanvar, №1; 3 yanvar, №2; 4
yanvar, №3; 5 yanvar, №5) adlı məqaləsində ədəbiyyat, teatr, incəsənət,
mədəniyyət və s. sahələrlə yanaşı maarif sahəsindəki nailiyyətlərdən, o cümlədən
«Nəşri-maarif»in fəaliyyətindən ətraflı bəhs etmişdir.
«İşığın şüası» adlı məqaləsində («Kaspi» qəzeti, 18 noyabr, №259) müəllif
mövzu dairəsini bir qədər genişləndirmiş «Cəmiyyəti xeyriyyə», «Səfa», «Nicat»,
«Nəşri-maarif» haqqında sanballı məqalə yazmışdır. Müəllif maarifçiliyi yaymaq,
məktəblər açmaq sahəsində bu cəmiyyətlərin rolunu yüksək qiymətləndirməklə,
təqdir etməklə yanaşı daha böyük nəticələrə nail olmaq yollarından söhbət açır.
«1914-cü il müsəlman həyatı» («»Kaspi» qəzeti, 1915-ci, 1 yanvar, №1; 6
yanvar, №4; 9 yanvar, №6) adı ilə dərc olunmuş məqaləsində Ceyhun bəy yazırdı
ki, xalq arasında maarifi və mədəniyyəti yayan maarif cəmiyyət və təşkilatlarının
sayı artmışdır. «Səadət», «Səfa», «Nicat» cəmiyyətləri xeyli iş görmüşdür. İlk
qadın xeyriyyə cəmiyyəti yaradılmışdır.
C.Hacıbəyli «Nəşri-maarif»in məktəbləri» («Kaspi» qəzeti, 1915-ci il, 26
may, №114; 2 iyun, №120) adlı məqaləsində Cəmiyyətlə Bakı quberniyası və
Dağıstan vilayəti xalq məktəblərinin direktorluğu arasındakı mübahisə doğuran
məsələlərdən bəhs edir. Müəllif «Nəşri-maarif»in Bakı və ümumiyyətlə, Qafqazın
həyatında oynadığı müsbət rolu yüksək qiymətləndirir, göstərir ki, özünün 8 illik
fəaliyyəti dövründə Cəmiyyət müsəlman kütlələrinin savadlanmasında misilsiz rol
oynamışdır. Müəllif 5-6 il əvvəlin mənzərəsini təsvir edir, xatırladır ki, həmin vaxt
«məktəb» adı çəkiləndə onun əleyhdarları qıcıqlanır, məktəbə, maarifə az qala
şeytan əməli kimi baxırdılar. «Nəşri-maarif» məhz belə bir şəraitdə fəaliyyətə
başlamışdı. Böyük səy, işə alovlu məhəbbət maariıfçilər qarşısına çəkilmiş süni,
təbii maneələri məhv etdi. Onlar ötən illər ərzində parlaq nəticələr qazandılar.
Fəaliyyətinin ilk dövründə «Nəşri-maarif» təkcə Bakıda iş görürdüsə, sonradan o
kənddə maarifi yaymağa başladı. «Rus-tatar məktəblərindən başqa şəhərdə elə bir
məktəb yox idi ki, az, ya çox dərəcədə müsəlman uşaqları sözün müasir mənasında
təhsilə yiyələnsinlər». Belə bir vəziyyətdə Cəmiyyət Bakıda üç yerdə – Hacı Banu
məscidinin yanında, Hacı İmam Əli məscidinin yanında və Hacı İbrahim
məscidinin yanında məktəblər açdı.
Məktəbləri əhali böyük rəğbətlə qarşıladı. 1907-11-ci illərdə həmin
məktəbləri 275 nəfər şagird bitirmişdir. Təqdirəlayiqdir ki, Cəmiyyətin
məktəblərində təhsil yeni metodla aparılırdı.
Cəmiyyətin rəhbərləri gözəl bilirdi ki, təhsil işinin düzgün həyata keçirilməsi
üçün təkcə məktəbin olması kifayət deyil. Hazırlıqlı müəllimlərin olması zəruridir.
Seminariya və institut təhsilli müəllimlər azlıq edir, onlar da xidmət şərtləri daha
sərfəli olan dövlət müəssisələrində işləməyi üstün tuturdular. Odur ki, «Nəşri-
maarif» müəllim hazırlığı üçün əməli tədbir görürdü. «Darülmüəllim» 3 illik
fəaliyyəti dövründə 28 nəfər müəllim buraxmışdı. Həmin müəllimlər «Nəşri-
maarif»in, «Səadət» və başqa cəmiyyətlərin məktəblərində dərs deyirdilər.
Dostları ilə paylaş: |