30
Ceyhun bəy bu ritork suallarla oxuculara müraciət edir, onları Qars
qaçqınlarına ianə toplanması məqsədilə martın 8-də görüləcək tədbirə çağırır.
«Aldanılmış gözləmə» məqaləsində («Kaspi» qəzeti, 1915-ci il, 13 mart, №58)
yenidən bu mövzuya qayıdan müəllif Qars qaçqınlarına yardım niyyəti ilə nəzərdə
tutulan tədbirə işarə vuraraq təəssüflə yazırdı: «Bizim tədbir baş tutmadı. Bu acı
həqiqəti etiraf etməliyik». 80 minlik müsəlman əhalisi olan şəhərdə cəmi 5 min
rubl toplanmışdı. Buraya digər xalqların nümayəndələrinin verdiyi vəsait də
daxildir. Müəllif yazır ki, istər-istəməz düşünməli olursan: ah-zar edən, əzab-
əziyyət çəkən, fəryad qoparan, acından ölən bizim qardaşlarımız deyilmi? Fayton
və avtomobillərin səsi, şənlik edən adamların qəhqəhəsi, xoş musiqi sədaları… bir
sözlə, adi Novruz bayramlarından biri. C.Hacıbəyli bütün bunlardan belə nəticə
çıxarır: «Bu, ümui iş naminə bizim hazırsızlığımızı, təşkilatlanmağı
bacarmamağımızı bir daha üzə çıxardı: «Bizim xəbərimiz olmayıb» - belə
söyləyənlərin dediklərində də bir həqiqət var, axı qəzetlər yazmamış, adamlar
tədbirə əvvəlcədən hazırlanmamışlar.
C.Hacıbəylinin toxunduğu mövzuları, onun publisistikasını maraqlı edən
cəhətlərdən biri də faktları, hadisələri müqayisələrlə təqdim etməsidir. Bu, bir
tərəfdən yazını oxunaqlı edir, digər tərəfdən oxucunu inandırır.
«Biz nə etməliyik» adlı məqaləsinin dördüncü hissəsində («Kaspi» qəzeti,
1915-ci il, 28 mart, №67) Ceyhun Hacıbəyli hiddətlə yazır ki, Qarsın 200 minlik
müsəlman əhalisinə baş verən faciə rus mətbuatında özünə yer tapmadı, halbuki,
onlar ermənilərin, polyakların, yunanların, asurların əzablarına böyük canfəşanlıqla
öz səhifələrində tez-tez yer ayırırlar.
Digər xalqlar həyatın bütün elementlərini ölçüb-biçir, müəyyən proqramlar
əsasında hərəkət edir, bizsə, özümüzü həyatın axarına tabe etdiririk. Ətrafda
möhkəm, dözümlü dayaq tapmadan gözümüzü yumub güclü axına atılırıq.
Təşkilatlanmaq mədəniyyətimiz aşağıdır. Ceyhun bəyin 80 il bundan əvvəl təsvir
etdiyi mənzərə bu gün nə qədər aktual səslənir. Elə bil heç nə dəyişməyib!
İnformasiya blokadası, təklənmək təhlükəsi Ceyhun bəyi elə o vaxtdan narahat
edirdi. Petroqraddakı və Rusiyanın digər şəhərlərindəki müsəlman ziyalılarını,
Rusiya Dumasındakı müsəlman fraksiyasının üzvlərini fəal olmağa səsləyirdi.
C.Hacıbəyli publisistikasını cəsarətlə ideyalar publisistikası adlandırmaq olar.
Onun qələmə aldığı elə bir mövzu, toxunduğu elə bir problem yoxdur ki, müəllif
təklifsiz keçinsin. Elə «Biz nə etməliyik» məqaləsinin beşinci hissəsində («Kaspi»
qəzeti, 1915-ci il, 29 mart, №68) C.Hacıbəyli Petroqradda qəzet nəşr etməyi,
bununla da müsəlmanların problemlərinin paytaxta çatdırılmasına nail olmağı
günün tələbi sayırdı. O, qeyd edirdi ki, bu məsələ ziyalılarımızı 1905-ci ildən
düşündürür. Müəllif paytaxtda müsəlmanların mənafeyini müdafiə edən qəzetin
nəşrə başlamasının əhəmiyyətini dönə-dönə təkrarlayır və yazırdı: «Təkrar edirəm,
əgər nə vaxtsa, belə bir qəzetin nəşri yalnız arzu olunurdusa, bu gün, bu, zəruridir».
C.Hacıbəyli publisistikasında Qars qaçqınları, onlara yardım edilməsi,
didərginlərin yerləşdirilməsi məsələsi mühüm yer tutur. O, istər dini, istərsə milli
bayramlar haqqında, yaxud hər hansı bir adət-ənənəmiz barədə yazanda hökmən
onu Qars qaçqınları ilə əlaqələndirir və adamları zərərçəkənlərə kömək etməyə
səsləyir. «Müsəlmanlara müraciəti»ndə («Kaspi» qəzeti, 1915-ci il, 8 aprel, №76)
31
C.Hacıbəyli öz din və dil qardaşlarına üz tutur ki, Quranda buyurulanlara əməl
edin, həlak olmuş qardaşlarımızın balalarını taleyin ixtiyarına buraxmayın, onları
evinizin bir küncündə yerləşdirin. C.Hacıbəyli «Böyük ehtiyac», «Cəmiyyətlərin
birləşməsinə dair» adlı məqalələrində («Kaspi» qəzeti, 1915-ci il, 10 aprel, №78)
gürcü və müsəlman xeyriyyə cəmiyyətlərinin Qars qaçqınlarına yardım
məsələsində birləşməsinin əhəmiyyətindən bəhs edir.
«Qadın qaçqınların məsələsi haqqında» məqaləsi («Kaspi» qəzeti, 1915-ci il,
18 aprel, №85) müəllifin bu mövzunu nə qədər dərindən mənimsədiyinə,
qaçqınların problemlərinə nə qədər məsuliyyətlə yanaşdığına parlaq misaldır.
C.Hacıbəyli
qadın
qaçqınlara
xüsusi
diqqətlə
yanaşmağı,
onların
yerləşdirilməsində ehtiyatlı tərpənməyin vacibliyini qeyd edir.
«Qardaş köməyi» («Kaspi» qəzeti, 1915-ci il, 6 may, №99; 9 may, №102
məqaləsindən məlum olur ki, Bakı müsəlman xeyriyyə cəmiyyəti ilə Qadın
xeyriyyə cəmiyyətinin «Qardaş köməyi» adı ilə keçirdiyi tədbir uğurlu olmuşdur.
Bu barədə fərəhlə öz oxucularına məlumat verən C.Hacıbəyli tədbirin ümidləri
doğrultduğunu yazır.
«Nəhayət, nə vaxt?» («Kaspi» qəzeti, 1915, 9 may, №102) adlı məqalə isə
tənqidi ruhda qələmə alınmışdır. Bakı xeyriyyə cəmiyyətlərinin Qars
zərərçəkənlərinə yardım etmək üçün rəsmi icazə aldığı vaxtdan 2 ay keçir.
C.Hacıbəyli həmin müddət ərzində görülən işlərə nəzər salır və bu yardımın son
dərəcə cüzi olduğuna işarə vuraraq yazır: «Təkcə moskvalı ermənilər öz qaçqınları
üçün 120.000 rubl toplamışlar. Başqa sözlə, bütün Rusiya müsəlmanlarının öz
zərərçəkənlərinə topladıqlarından 2 dəfə çox!» Müəllif qeyd edir ki, 15 nəfər
petroqradlı yəhudi öz qaçqınları üçün nə az, nə çox 265.000 rubl toplamışlar.
Ceyhun bəy bizdəki acınacaqlı vəziyyəti məyus halda bildirir və nə üçün belə
olduğunu araşdırmağa çalışır. Göstərir ki, bizimkilər «Biz də toplayırıq, 60 min
rubl toplamışıq» deyə hay-küy qaldırırlar. Digər millətin nümayəndələri pul
haqqında yox, düçar olduqları fəlakətdən, bəladan elə kədərlə danışırlar ki, bizim
heç mərsiyəxanlarımız belə bacarmazlar. C.Hacıbəyli məqalənin sonunda qeyd
edir ki, iki aydan çoxdur ki, zərərçəkənlərə yardım üçün hesab açılmışdır. Yardıma
ehtiyacı olanların gözü hələ yoldadır. Pessimistlər yardımdan əl üzmüşlər,
optimistlər isə varlıların, xeyriyyəçilərin böhran anında hərəkətə gələcəkləri ümidi
ilə yaşayırlar. Amma nə vaxtadək?
Maraqlı və təqdirəlayiqdir ki, C.Hacıbəyli eyni mövzuya nə qədər müraciət
edir-etsin, oxucunu yormur. Təsvir, ifadə, ona yanaşma tərzi rəngarəng, müxtəlif
olduğundan məqalə oxucunu cəlb edir. Bu mənada qaçqınlara yardım mövzusuna
həsr olunmuş «Bu bayramın fitrəsi» («Kaspi» qəzeti, 1915-ci il, 31 iyul, №170)
istisna deyil. Məlum olur ki, Zaqafqaziya müftisi və şeyxül-islamı bu ilki bayram
fitrəsini qarslı qaçqınlara verməyi məsləhət bilmişlər. Müəllif bu təşəbbüsü
alqışlayır və arzu edir ki, təkcə Qafqaz yox, bütün Rusiya müsəlmanları gərək bu
nəcib işə qoşulaydı. Məqalə belə qurtarır: «Qoy Oruc bayramı günü hər bir
müsəlman yalnız bir sözü yada salsın: Qars! Sonra vicdanı necə məsləhət bilərsə, o
cür hərəkət etsin».
C.Hacıbəylinin publisistikasında ilk baxışda çox adi görünən, diqqətdən
kənarda qalan mövzu elə təqdim edilir ki, heyrətamiz mənzərə yaranır. «Dəri
Dostları ilə paylaş: |