120
Kitabın «Dədə Qorqud»un dili və üslubu» adlı bölməsi xüsusi diqqət cəlb
edir; burada «Drezden» əlyazma nüsxəsinin imlası üzərində dayanılır. «Orxan-
Yenisey» kitabələrinin əlifbası, imlası və dili ilə müqayisələr aparılır.
Azərbaycan türk dilinin inkişaf səviyyəsi, poetik qüdrəti, saz-söz sənətinin
vəhdəti, xalq danışıq dili və nitq mədəniyyəti, onun ətraf mühitə təsiri və s.
məsələlər kitabda öz elmi həllini tapır. Frazeoloji ifadə və vahidlərə ayrıca yer
verilir. Əsir-bə-əsir dastanlar yazıya alınıb köçürüldükcə, ora daxil olan «yad
qatlar», ərəb-fars sözləri, islam dini təsir və təsəvvürlərinin şərhi və təhlili diqqət
mərkəzinə çəkilir.
«Dədə Qorqud kitabı» öyrənilməkdə davam edir. Bu tarixi abidə elə bir
mənəvi xəzinədir ki, onu tədqiq edib sona varmaq mümkün olan iş deyil.
«Dədə Qorqud» bülleteni, Bakı, 1999,
«Ozan» nəĢriyyatı
Bir kitab, 99 sual
Mərhum məşhur tarixçi alim, professor Xəlil Əlimirzəyevi tanıyanlar onu bir
çox cəhətləri ilə yanaşı tədqiqatçılar barəsində maraqlı fikirləri ilə də yəqin ki,
xatırlayırlar. O, alimləri bir neçə kateqoriyaya bölərdi: I qrupa daxil olan alimlər
sahəsinin mükəmməl mütəxəssisidir və bildiklərini həm gözəl nitqi, həm də qələmi
ilə izhar edir; II qrupa daxil olan alimlər öz sahəsini dərindən bilir, bildiklərini
yaxşı yazı ilə ifadə edir, lakin nitqində büdrəyir; III qrup alimlər isə əksinə, öz
sahəsini dərindən bilsə də, yazıda axsayır, bildiklərini daha çox natiqlik məharəti
hesabına çatdırır. Professor X.Əlimirzəyev birincilərə üstünlük verər, digərləri
haqqında söz düşəndə susar və bu zaman onun nurlu çöhrəsinə özünəməxsus
təbəssüm qonardı…
Professor Nizami Məmmədov (Tağısoy) haqqında düşünəndə sövq-təbii bu
təsnifatı xatırladım. Doğrudan da, bu gün ölkədə minlərlə alim olsa da, həm yazısı,
həm də yüksək nitq mədəniyyəti ilə geniş ictimaiyyət arasında tanınanlar seyrəkdir.
N.Məmmədov tədqiqat sahəsinin genişliyi, zənginliyi, qələminin itiliyi, natiqlik
məharəti ilə fərqlənən araşdırıcılardandır. Mətbuatda onun bir-birindən maraqlı,
mövzu baxımından rəngarəng, müasir tələblər nöqteyi-nəzərindən aktual və
əhəmiyyətli yazılarını izlədikcə, elə təəssürat yaranır ki, bu tədqiqatçı gecə-gündüz
işləyir, yazır, daim axtarışdadır. Professorun bir-birinin ardınca mətbuatda dərc
olunan məqalələri ilə yanaşı bu yaxınlarda nəşr edilən «Qaraqalpakskaya
literatura» adlı dərs vəsaitini (Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-
121
poliqrafiya mərkəzi, Bakı-2007, 292 səh.) görəndə, qənaətimdə yanılmadığıma bir
daha əmin oldum. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsi ilə nəşr
edilən bu əsərin redaktoru f.e.n. dos. R.Rəsulov, rəyçiləri f.e.d. prof. M.Qasımlı,
f.e.n. dos. Ə.Nəzərova, f.e.n. dos. F.Məmmədovdur.
Adından da göründüyü kimi, dərs vəsaiti Azərbaycan oxucusu, auditoriyası
üçün maraqlı olduğu qədər də qaranlıq bir sahəyə tarixi, mədəni dəyərləri, soy
kökü ilə xalqımıza doğma olan qaraqalpaqların ədəbiyyatına həsr edilmişdir.
Ümumiyyətlə, türkologiyada bu sahə, nədənsə, həmişə bir qədər diqqətdən kənar
qalmışdır. F.e.n. dos. Rüstəm Rəsulovun əsərə ön söz əvəzi yazdığı
«Türkologiyamızda qaraqalpaq ədəbiyyatı haqqında yeni söz» adlı məqaləsində
dediyi kimi, qaraqalpaq ədəbiyyatı Azərbaycan alimlərinin dərin analitik tədqiqat
predmeti olmamışdır. Məqalə müəllifi göstərir ki, oxucuların diqqətinə təqdim
edilən kitabda onlar bir tərəfdən qaraqalpaq ədəbiyyatının folklordan qaynaqlanan
milli özünəməxsusluqlarını hiss edə bilər, digər tərəfdən isə müasir yazıçıların xalq
həyatından qidalanan folklora meylini görə bilər. Buradaca qeyd etmək yerinə
düşər ki, Azərbaycan oxucusu qaraqalpaq şair və yazıçılarının həyat və
yaradıcılığı, ədəbi nümunələri ilə tanışlıqla həm də, xalqlarımızın məişət və
düşüncə tərzlərindəki yaxınlığın, çox vaxt eyniliyin də şahidi olacaqlar.
Professor N.Məmmədov haqlı olaraq qaraqalpaq xalqının ədəbi həyatını bu
ulusun tarixində və daxilində baş verən ictimai-siyasi proseslərlə, azadlıq
uğrundakı mübarizə ilə vəhdətdə götürür. Məhz bu yanaşma tədqiqatçıya ədəbi
prosesi də düzgün, obyektiv izləməyə, nəticədə onun inkişaf mərhələləri barədə
dolğun, sanballı elmi-nəzəri qənaətlər hasil etməyə imkan vermişdir.
N.Məmmədov tədqiqat predmetinə bir neçə rakursdan baxmağı, onu dərindən təhlil
etməyi, dəyərləndirməyi, müvafiq nəticələr çıxarmağı bacaran səriştəli
alimlərdəndir. «Qırx-qız», «Şəryar» kimi epik dastanların, digər şifahi xalq ədəbi
nümunələrinin, XVIII əsrdən müasir dövrə qədər yaşayıb yaratmış, bu gün də
fəaliyyətini davam etdirən bir sıra şair və yazıçıların əsərlərinin çağdaş
ədəbiyyatşünaslığın tələbləri baxımından tədqiqat müstəvisinə cəlb etməsi və
məqsədinə uğurla nail olması dediklərimizi bir daha təsdiqləyir. Bir qədər obrazlı
desək, N.Məmmədov az qala bir elmi-tədqiqat institutunun işini öz çiyinləri üstünə
götürmüşdür. O, şifahi xalq ədəbi nümunələrini, 20 nəfər yazıçı və şairin həyat və
yaradıcılığını öyrənmiş, onların əsərlərini mövzu, kompozisiya, janr, sənətkarlıq
baxımından dərindən, hərtərəfli təhlil etmiş, qaraqalpaq ədəbiyyatının bel sütununu
təşkil edən Jien Jıray, Hunxoca, Hacıniyaz, Berdah, A.Musayev, A.Dabılov,
S.Məcidov, A.Bəyimov, İ.Yusupov, T.Kabulov, T.Kaipberqov, X.Əhmədov,
G. Aymirzəyev və digərlərinin irsini fundamental şəkildə araşdırmışdır.
Əsərin üstün keyfiyyətlərindən biri də budur ki, müəllif tədqiqat sahəsinin
yeniliyini nəzərə alaraq, Qaraqalpaq xalqının tarixinə qısaca nəzər salır, onun
coğrafi mövqeyi, əhalisi, kompakt şəkildə yaşadığı ərazilər, iqtisadiyyatı, iqlimi,
qədim mədəni-memarlıq abidələri haqqında məlumat verir, Qaraqalpaq
Respublikasının dövlət quruluşu, bayrağı, himni, gerbi, hətta ayrı-ayrı rayonlar,
şəhərlər, qəsəbə və aulları barədə müəllifin yazdıqları oxucunun bir tərəfdən
tədqiqat predmetinə marağını artırır, digər tərəfdənsə, mövzuya daha dərindən
nüfuz etməyə həvəsləndirir, hazırlayır. Türk xalqlarından olan Qaraqalpaqların
Dostları ilə paylaş: |