136
necə və hansı ölçüdə təsir göstərə bilər?» Əsərdə müəllif bu suallara tam, dolğun
və əhatəli cavab verə bilmişdir.
«525-ci qəzet», 30 oktyabr 2008
Könüllərə məhrəm, yaralara məlhəm kəlamlar
Türkiyənin iş adamı Əli Poladın tərtib etdiyi «Üç min ilin hikməti» adlı
möhtəşəm kitabla (Bakı, «Yurd» Nəşriyyat Poliqrafiya Birliyi, 2002, 719 səh.) elə
ilk təmas «Sözlə yarananlar, sözü yaşadanlar» adlı kitaba (Bakı, «Əbilov, Zeynalov
və oğulları» nəşriyyatı, 2001, 307 səh.) yazdığım «Müəllifdən» adlı ön sözdəki
cümlələri xatırlatdı: «Müsəlmanların müqəddəs kitabı Quranın Əl-Bəqərə (İnək)
surəsinin 117-ci ayəsində deyilir ki, göyləri və yeri icad edən, yoxdan yaradan
Odur. Bir işin yaranmasını istədiyi zaman ona – o işə yalnız: «Ol» - deyər, o da
fövrən olar. Deməli, bəşər övladı da daxil olmaqla onun gördükləri və
görmədikləri, duyduqları və duymadıqları, dərk etdikləri və etmədikləri,
toxunduqları və toxunmadıqları, eşitdikləri və eşitmədikləri nə varsa, hamısı «ol»
sözü ilə yaranmışdır. Bibliyada
da deyilir ki, əvvəl söz olub.
Sözdən yaranan insan həmişə sözlə yaşamağa səy edib, təxəyyül və
təfəkkürünün imkan verdiyi çərçivədə də sözlə ecazkar bir «dünya» yaradıb.
İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarındadır».
«Üç min ilin hikməti» adlı kitabı mübaliğəsiz insan təfəkkürünün əsrlər
boyu yaratdığı möcüzələr xəzinəsi adlandırmaq olar. Bəşər övladının
gerçəkləşdirdiyi bütün ideyalar öz başlanğıcını sözdən götürür. İbtidai insanların
yaratdığı daş alət, ox-kamanlardan üzü bu tərəfə elmin, informatikanın son
nailiyyətlərinədək söz insanın ən böyük silahdaşı olmuşdur. İnsan sözdən güc
almış, qidalanmışdır. Söz bəzən atəş olmuş, yandırmış-yaxmış, bəzən çiçək olmuş,
ətrafa ətir saçmışdır. Söz məhəbbət yaratmış, söz nifrət püskürtmüşdür.
Müharibələr, fəlakətlər sözlə başlamış, sözlə bitmişdir. Əli Polad bu deyimində nə
qədər haqlıdır: «Müqəddəs kitablar – Söz, dövlətləri çiynində saxlayan qanunlar –
Söz, hikmət, fəzilət – Söz. Dünyanın adı bilinən və bilinməyən hər ölkəsindən,
tarixin hər dövründən süzülüb gələn işıq – Söz. Suallara cavab verən də, cavablara
ayna tutan da – Söz» («Ön söz»dən).
Böyük Sözü seçib toplamaq, yaymaq, təbliğ etmək, fikrimizcə, elə böyük
Söz yaratmaq qədər çətin, şərəfli və müqəddəs işdir. Axı, hər insan Əli Poladın
təbirincə desək, bir gün vəfa və sədaqət hissi ilə, bir gün eşq-məhəbbətlə, bir gün
də dövlət və qanunla, yaxud da cəmiyyət həyatı, ailə ilə bağlı kəlama ehtiyac
duyur. Bax, bu zaman illərin, əsrlərin və əsərlərin süzgəcindən keçib gələn, tarixin,
təbəddülatların sınağına
sinə gərən Söz əldən tutur, yardımçı olur.
Kitab 8 fəsildən, 99 bölmədən ibarətdir. Kəlamlar mövzusuna, mahiyyətinə,
məna çalarlarına görə uğurla təsnif edilmişdir: həyat-insan, dövlət-cəmiyyət, iş-
zəhmət-hünər, idrak, münasibət, ailə, mənəviyyat, yaradıcılıq. Müəllifləri məlum