134
Çaykovskinin skripka konsertinin ilk ifaçısı (və bu qəbildən olan onlarca «ilk»…),
ilk musiqiçilər cəmiyyəti, musiqi və teatr həvəskarlarından ibarət ilk özfəaliyyət
dərnəkləri, ilk operetta, ilk dram tamaşaları, Azərbaycan dilində ilk operanın
tamaşası, ilk azərbaycanlı aktyorlar, opera parçalarını nümayiş etdirən ilk
kinoteatrlar, Azərbaycan musiqisindən ibarət ilk konsert, ilk xanəndə və
sazəndələrimiz, ilk milli opera müəllifi, ilk opera rejissoru, ilk opera dirijoru,
operada ilk qadın rolunun ifaçısı, ilk milli opera truppası, ilk musiqili komediya,
ilk kino, ilk müsəlman qadın fortepiano müəllimi, Moskva Konservatoriyasının ilk
azərbaycanlı qadın məzunu, konsertdə çıxış edən ilk azərbaycanlı qadın pianoçu,
ilk azərbaycanlı professional qadın müğənni, ilk Azərbaycan mahnı məcmuəsi,
musiqi məsələlərindən bəhs edən ilk traktat, RMC BŞ-nin ilk konserti, ilk balet
qastrolları, ilk tələbə xoru, ilk tələbə konserti, dünya şöhrətli bəstəkarların
operalarının Bakıda premyeraları… - bütün bunlar haqqında M.Dilbazinin əsərində
yazılmışdır. Buradaca qeyd etmək yerinə düşərdi ki, M.Dilbazi əsərinin birinci
cümləsində Bakını Avropa və Asiyanın qovuşacağında yerləşən böyük və qədim
mədəniyyət mərkəzi kimi təqdim edir. Bu nöqteyi-nəzərdən Bakının mədəni
mühitində baş verən əlamətdar və ilk hadisələri, elə Şərq, türk-islam dünyasının
ilki kimi qəbul etmək lazımdır. Başqa sözlə, «Bakıda» əvəzinə «Şərqdə», yaxud
«türk-islam dünyasında» yazsaq, yanılmarıq.
Bir məsələni də vurğulamaq vacibdir. Tədqiqatçı M.Dilbazi faktları
sadalamaqla, hadisələri təsvir etməklə kifayətlənmir. O, fakt və hadisələri təhlil
edir, ümumiləşdirir, onlara münasibət bildirir, müəyyən elmi-nəzəri qənaətlərə
gəlir. İctimai mühitdə gedən proseslərlə mədəni həyatda baş verən dəyişiklikləri
əlaqələndirir, prosesləri dərindən və diqqətlə izləyir, ən xırda detalları belə
nəzərdən qaçırmır. Tutarlı fakt, möhkəm məntiq, doğru mülahizə, məharətli
ümumiləşdirmələr, sanballı nəticələr – professor M.Dilbazinin kitabının başlıca
xüsusiyyətlərini məhz bu ifadələrlə xarakterizə etmək olar.
Və sonda, professor M.Dilbazinin uzun illərdən bəri məhsuldar və gərgin
fəaliyyətinin nəticəsi olan bu əsərin intişarı ölkədə mədəniyyət, konkret musiqi
sahəsində aparılan siyasətin məhsulu, parlaq təzahürüdür. Muğam müsabiqələri,
müxtəlif musiqi festivalları, xanəndələrlə bağlı irimiqyaslı proyektlərin (məsələn,
«Qarabağ xanəndələri» albomu) həyata keçirilməsi heç şübhəsiz ki, Bakının
musiqi həyatının daha dərindən tədqiqini də zəruri edirdi ki, bu işin öhdəsindən
professor M.Dilbazi bacarıqla gəlmişdir.
Prof. Minirə Dilbazinin «Bakının
musiqi tarixi» (Bakı, «Mütərcim»
nəĢriyyatı, 2007) adlı kitabına ön söz
14 aprel 2007
135
Ġranda etnopolitik hərəkatlar haqqında
İstənilən ölkənin etnik mənzərəsi, toplumların həyat, düşüncə tərzi,
milliyyətçilik, onun təzahürat formaları, cəmiyyət və dövlət quruluşunda etnik
faktorun rolu və yeri ciddi maraq doğuran məsələlərdir. Bu nöqteyi-nəzərdən bir
tərəfdən coğrafi, tarixi, mədəni, dini baxımdan bizə yaxın, doğma olan, digər
tərəfdən isə ərazi və əhalisinin mütləq üstünlük təşkil etdiyi Cənubi Azərbaycanı
iki əsrdən də çox bir dövrdə əsarətdə saxlayan, azərbaycanlıları dildən, məktəbdən
– adi insan haqlarından məhrum edən İranda etnopolitik hərəkatların tədqiqi son
dərəcə aktual və əhəmiyyətlidir. Nəzərə alsaq ki, rejim və ideologiyanın tələbləri,
yasaqları ucbatından Sovet hakimiyyəti illərində (1920-1991) bu mövzu
tədqiqatdan kənarda saxlanılmış, yaxud saxtalaşdırılmış, fakt və hadisələr qərəzli
münasibətə tuş gəlmişdir, o zaman problemin araşdırılmasının zərurəti daha
qabarıq görünər.
Bütün deyilənlər onu söyləməyə əsas verir ki, doktor Gülarə Yeniseyin
«İranda etnopolitik hərəkatlar (1922-2004)» əsəri (İstanbul, 2008, «Ötüken
nəşriyyat. A.S.» 256 səh.) həm praktik, həm də elmi-nəzəri baxımdan böyük
əhəmiyyət kəsb edir və elmi-tədqiqat işində qonşu ölkədə etnopolitik hərəkatlar
fundamental şəkildə bir sıra aspektlərdən – tarixi, ictimai-siyasi, mədəni-sosial
istiqamətlərdən araşdırılmış, dəyərləndirilmişdir.
Maraqlı və diqqətçəkəndir ki, tədqiqat İranda etnopolitik hərəkatların son
100 ilə yaxın bir dövrünü əhatə etsə də, müəllif tarixə ekskurs edir, etnopolitik
hərəkatın rüşeymlərinə, formalaşması və inkişaf mərhələlərinə nəzər salır, prosesi
ardıcıllıqla izləyir, ciddi mühakimələr irəli sürür, fikirlərini tutarlı dəlillərlə
əsaslandırır. 8 bölmədən ibarət əsərdə türk, rus, fars, ingilis, tacik, qırğız, Amerika,
Azərbaycan, İsveç, ərəb, erməni müəlliflərinin mövzu ilə bağlı 200-dək kitab,
məqalə, internet materiallarından, zəngin etibarlı mənbələrdən gen-bol istifadə
olunmuşdur.
Doktor G.Yenisey tədqiqat obyektinin araşdırılma tarixini, işlənmə
dərəcəsini, mövzunun aktuallığını, əhəmiyyətini ətraflı göstərir, elmi-nəzəri
qənaətlərini məharətlə ümumiləşdirir.
Kitabı cəsarətlə müasir iranşünaslığa parlaq töhfə kimi də dəyərləndirmək
olar. Fikrimizcə, elmi-tədqiqat işi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir və
bu tədqiqat problemə yeni yanaşma tərzi, örnək kimi də cəlbedicidir. Əsərin
respublikada nəşri bu gün həmişəkindən daha çox aktual görünən etnik problemin
ən müxtəlif baxış bucaqlarından dəyərləndirilməsi və doğru nəticələr çıxarılması
baxımından da vacibdir.
Bu kitabın müvafiq elmi institutlarda mütəxəssislər tərəfindən
qiymətləndirilməsi eyni zamanda mövzu ilə bağlı yeni konfrans, simpoziumların
keçirilməsinə, beləliklə, problemin yeni istiqamətlərdə və daha geniş dairədə
araşdırılmasına təkan ola bilər.
Fikirlərimi kitaba yazılmış qısa annotasiyada verilmiş iki sualı
dəyərləndirməklə bitirmək istərdim. Suallar belədir: «Etnik milliyyətçilik
baxımından İranda vəziyyət necədir? Bu inkişaf Orta Şərqə və qlobal siyasi həyata
Dostları ilə paylaş: |