130
həmişəyaşarlığının, geniş yayılmasının səbəbini onun melodiyalarının orijinallığı,
sadəliyi, xalq mahnıları və musiqisi ilə qırılmaz tellərlə bağlı olmasında görür.
Mikayıl Rəfili Asəf Zeynallının musiqi irticasına, ekzotik xalturaya qarşı mübarizə
apardığını qeyd edir və onu muğamların və türk mahnılarının ardıcıl qammasında
yeni Azərbaycan musiqisi yaratmaq üçün zəmin axtardığını yazırdı.
Bütün bu mənbələri xatırladan, onlara müraciət edən müəllif Nazim
Kazımov Asəf Zeynallının xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımlar
atıldığını da qeyd edir. 1933-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına Asəf
Zeynallının adı verilmiş (Ü.Hacıbəyovun vəfatından sonra onun adı 1953-cü ildən
Azərbaycan Dövlət Konservatoriyasına, tələbəsi Asəf Zeynallının adı isə vaxtı ilə
təhsil aldığı Dövlət Musiqi Texnikumuna verildi), 1942-ci ildə onun adına təqaüd
təsis edilmiş, bəstəkarın bir çox əsəri nəşr olunmuş, Asəf Zeynallının yubileyləri,
xatirə gecələri, elmi-praktik konfranslar, «Azərbaycan Respublikasının gənc
musiqi ifaçılarının Asəf Zeynallı adına I müsabiqəsi» keçirilmiş (1993),
konsertlərdə bəstəkarın əsərləri ifa olunmuşdur.
Asəf Zeynallının simfonik musiqi yaradıcılığını araşdıran N.Kazımovun
fikrincə, onun irihəcmli simfonik janra müraciət edərək məşhur «Fraqmentlər»
süitasını yazması təsadüfi deyil. O, artıq özünü dram əsərləri üçün yazdığı
simfonik musiqi parçaları ilə sınamışdı. Asəf Zeynallı 1928-1931-ci illərdə – Türk
İşçi Teatrında çalışdığı dövrdə bir çox dram tamaşalarına, o cümlədən «Sevil»,
«Dönüş» (C.Cabbarlı), «Hind qızı» (Ə.Həmid), «Gizli əl», «Qanlı səhra» (Cəfər
Xəndan) və s. kimi çox sayda tamaşalara musiqi bəstələmişdir. Həmin musiqi
parçalarını yüksək qiymətləndirən N.Kazımov yazır: «Bəstəkar tamaşalara yazdığı
musiqidə onların mövzu və dramaturgiyasını, hadisələrin və obrazların xarakterini
açmağa, təsvir və ifadə etməyə nail olmuşdur». 7 fraqmentdən ibarət
«Fraqmentlər» simfonik süitası 7 tamaşaya yazılmış parçalardan ibarət olsa da,
süitanın hissələri arasında ustalıqla məzmun, forma vəhdəti yaradılmış və simfonik
musiqi kamil əsər təsiri bağışlayır. N.Kazımov «Fraqmentlər»in, eləcə də
A.Zeynallının digər simfonik janrda yazdığı əsərlərin təhlili zamanı
Ü.Hacıbəyovun, görkəmli musiqişünas D.Danilovun, professor Validə Şərifovanın
bəstəkarın yaradıcılığı ilə bağlı fikirlərinə də istinad edir. Qeyd etmək lazımdır ki,
A.Zeynallının Bakının tarixi və müasir dövrünü tərənnüm edəcək «Bakı»
simfoniyası üzərində işi yarımçıq qalmışdır. Qəfil ölüm bəstəkarın planlarını
yarımçıq qoymuşdur.
Nazim Kazımov A.Zeynallının kamera instrumental yaradıcılığından bəhs
edərkən göstərir ki, bəstəkarın bu janrdakı əsərləri sənətkarın fərdi yaradıcılıq
üslubunun, milli kolorit və özünəməxsusluğun, melodik və harmonik dilinin, güclü
bədii təxəyyülünün və novatorluğunun daha qabarıq üzə çıxması ilə xarakterikdir.
Tədqiqatçı bəstəkarın kamera-instrumental yaradıcılığındakı əsərlərə aşağıdakı
kimi təsnifat verir:
- fortepiano əsərləri;
- simli-kamanlı alətlər üçün pyeslər.
Belə bölgüdən sonra N.Kazımov A.Zeynallının fortepiano üçün yazılmış
əsərlərini – 6 hissədən («Kuklaların yürüşü», «Uşaq və buz» (mahnı), «Oyun»,
«Rəqs», «Qoyunlar» (xalq mahnısı), «Deyişmə») ibarət «Uşaq» süitası, «Durna»,
131
«Cahargah» pyesləri və mürəkkəb polifonik formanın səciyyəvi olduğu 9 fuqanı
sənətkarlıq baxımından təhlil edir, dəyərləndirir və onların Azərbaycan kamera
musiqisindəki yerini müəyyənləşdirir. Xüsusi ilə vurğulanır ki, A.Zeynallı «Uşaq
süitası» ilə Azərbaycanda uşaq fortepiano miniatürünün əsasını qoymuş, milli
fortepiano musiqi üslubunu yaratmışdır.
Asəf Zeynallının yaradıcılığının janr etibarı ilə rəngarəng olduğunu qeyd
edən N.Kazımov sənətkarın kamera-vokal yaradıcılığı barədə də geniş söhbət açır
və göstərir ki, vokal musiqi onun yaradıcılığının əsasını təşkil edir. Bəstəkarın 5
romansından («Ölkəm», «Sual», «Seyran», «Sərhədçi», «Çadra») birincisi
A.Zeynallıya sənətkar həmişəyaşarlığı bəxş etmiş, ona əbədi şöhrət qazandırmışdır.
Bu əsərlə, eyni zamanda o, Azərbaycan klassik romans janrının əsasını qoymuşdur.
Romansın sözləri böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlıya aiddir. Bu şeir
dilinin sadəliyi, səmimiliyi, canlılığı, oynaqlığı, obrazlılığı ilə, eyni zamanda
Vətənə yüksək məhəbbət ruhu ilə seçilir. Asəf Zeynallının ona bəstələdiyi musiqi
isə şeirin təsir gücünü daha da artırmış, onu dillər əzbəri etmişdir. N.Kazımov
yazır: «Az qala bir əsrə yaxın müddət ərzində vokalçıların, müğənnilərin
repertuarından və tədris-vokal repertuarından düşməyən məşhur «Ölkəm» romansı
bu gün də sevilə-sevilə ifa olunur və dinlənilir». Tədqiqatçı romansın forma, lad,
tonallıq xüsusiyyətlərini təhlil edir, onun bədii məziyyətlərini araşdırır və bu
qənaətə gəlir ki, əsərin bu qədər sevilməsinin, populyarlığının kökündə onun milli
ruhunda, eyni zamanda bəşəri dəyərindədir.
Asəf Zeynallının digər romanslarını da təhlil edən N.Kazımov sənətkarın
vokal yaradıcılığında mühüm yer tutan mahnı janrında yazdığı əsərlərə diqqəti
çəkir və S.Rüstəmin sözlərinə səs ilə fortepiano üçün «Qızıl bayraqlı Türk İşçi
Teatrosu marşı», M.S.Ordubadinin sözlərinə ikisəsli xor ilə fortepiano üçün «10 il»
mahnıları, Rəsul Rzanın sözlərinə soprano və messa-soprano ilə simfonik orkestr
üçün «Araz» mahnı-romansı, səs ilə simfonik orkestr üçün «Seyran» mahnı-
romansı ilə peşəkar vokal incəsənətini zənginləşdirdiyini, milli vokal ifaçılıq
imkanlarını genişləndirdiyini qeyd edir. Asəf Zeynallı eyni zamanda «Sarı gəlin»,
«Səndən mənə yar olmaz», «Durna», «O qara qaşlar» kimi xalq mahnılarını da
fortepiano üçün işləmiş və onların hər birini yüksək səviyyəli romans-mahnı kimi
də musiqi xəzinəmizə bəxş etmişdir.
Təqdirəlayiqdir ki, tədqiqatçı N.Kazımov A.Zeynallının qısa – 23 illik
həyatındakı çoxşaxəli fəaliyyətini bütün istiqamətlərdə araşdırmağa səy göstərmiş,
bu işi peşəkarlıqla yerinə yetirmişdir. Bəstəkarın folklorşünaslıq və pedaqoji
fəaliyyəti də izsiz qalmamışdır. A.Zeynallı xalq musiqi nümunələrinin
toplanılmasına, notlaşdırılmasına böyük əhəmiyyət verirdi və bu işdə özü nümunə
göstərirdi. O, xalq nəğmələrini, əmək, mərasim mahnılarını, aşıq mahnılarını, rəqs
havalarını toplamaq üçün Qarabağa ezamiyyətə gedən ilk ali təhsilli bəstəkardır.
Bu səfər ona həyatı bahasına başa gəlsə də (o, ağır xəstəliyə düçar olmuş və vəfat
etmişdir) o, onlarca xalq mahnısına, rəqs və diringələrə, təsnifə, mərasim
nəğmələrinə yeni həyat vermiş, onları notlaşdırmışdır. N.Kazımov nota alınmış bu
cür əsərlərin bəzilərinin – 60-a yaxınının adını çəkir.
Hələ Konservatoriyada təhsil alan vaxt ora müəllim kimi işə götürülən
A.Zeynallının pedaqoji fəaliyyəti barədə N.Kazımov yazır: «O, müəllimi
Dostları ilə paylaş: |