128
Konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yermolayeva tərəfindən açılan
ilk musiqi məktəbinə daxil olur. Həmin dövrdə məktəbə dahi Azərbaycan bəstəkarı
Ü.Hacıbəyov rəhbərlik edirdi. N.Kazımov qeyd edir ki, böyük bəstəkarla Asəfin
ilk görüşü təsirli və unudulmaz olur. Asəfin istedadını yüksək qiymətləndirən
Ü.Hacıbəyov fəhmində yanılmamışdı. Asəf hələ I kursda oxuyarkən – 1923-cü ildə
«Truba üçün marş» yazır, elə həmin il «Azərbaycan musiqi məktəbi şagirdlərinin
ilk baxış-konsertində» uğurla çıxış edir. İstedadlı tədqiqatçı Nazim Kazımov Asəf
Zeynallının təhsil və musiqi sahəsindəki fəaliyyətini və ilk uğurlarını qeyd edərkən
maraqlı üsul seçir. O, nadir istedadı ilə hamını heyran edən Asəf Zeynallı haqqında
böyük məhəbbətlə söz açan Xalq artistləri Əfrasiyab Bədəlbəylinin, Səid
Rüstəmovun, Bülbülün, Tofiq Quliyevin böyük təəssürat oyadan xatirələrinə
müraciət edir. Bununla, N.Kazımov bir tərəfdən öz mülahizələrini sənədlərlə
əsaslandırırsa, digər tərəfdən də sənətkarlıq baxımından əsərin daha oxunaqlı,
maraqlı olmasına çalışır və istəyinə nail olur. 1926-cı ildə Musiqi Texnikumu
Konservatoriya ilə birləşdiriləndə Asəf Zeynallı Konservatoriyanın orkestr sinfinə
daxil olur, lakin çox çəkmir ki, A.Zeynallının təbiri ilə desək, «bizim mənəvi
atamız» Ü.Hacıbəyovun məsləhəti ilə təhsilini bəstəkarlıq şöbəsində davam etdirir
(1926-1931). Yeri gəlmişkən qeyd edək ki, bu addımı ilə də Asəf Zeynallı ilk
professional ali musiqi təhsili olan Azərbaycan bəstəkarı kimi tarixə düşür.
Asəf Zeynallının ömür yolunu izləyən müəllif N.Kazımov onun
konsertlərdə, müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakını işıqlandırmaqla
yanaşı, gənc bəstəkarın yetişdiyi mühitin xarakteristikasını da verməyi unutmur.
Konservatoriyanın müəllimləri B.V.Karaqıçev, L.E.Ab, L.P.Yablonko Asəf
Zeynallıya dirijor və bəstəkar kimi yetişməsində, dahi Ü.Hacıbəyov onun xalq
musiqisinin əsaslarını dərindən mənimsəməsində, Leopold Rastropoviç (Mstislav
Rastropoviçin atası) isə violonçeldə mahir ifaçı kimi formalaşmasında böyük rol
oynamışlar.
Nazim Kazımov qeyd edir ki, A.Zeynallı hələ tələbə ikən Azərbaycan
bəstəkarlıq məktəbinin inkişafı və formalaşmasına təsir göstərən əsərlər yazır,
özünəməxsus üslubu, fərdi yaradıcılıq manerası ilə milli və klassik incəsənətin
klassiklərindən birinə çevrilir. Maraqlıdır ki, tədqiqatçı A.Zeynallının professional
məşğuliyyətindən kənar fəaliyyətini də araşdırmağı, işıqlandırmağı unutmur. O,
Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilən I qurultayının işində yaxından iştirak
edir, Türk İşçi Teatrı ilə sıx əməkdaşlıq edir, Proletar Musiqiçiləri
Assosiasiyasının, Sovet İncəsənət İşçiləri İttifaqının tədbirlərinə qatılır, musiqi
sahəsində zərərli cərəyan, təmayül və axınlara qarşı kəskin tənqidi mövqe tutur,
musiqiyə sinfi, partiyalı münasibətin əleyhinə çıxır, muğamın, xalq çalğı
alətlərinin, o cümlədən tarın qızğın müdafiəsi kimi edirdi.
Səriştəli tədqiqatçı N.Kazımov fikirlərini tarixi sənədlərə, ciddi, mötəbər
mənbələrə istinadən əsaslandırır, Asəf Zeynallının «Tarın müdafiəsinə» adlı
cəsarətli məqaləsinə müraciət edir. Məqalədə artıq fərdi yaradıcılıq üslubu və dəst-
xətti ilə böyük nüfuz qazanmış A.Zeynallı milli musiqiyə, xüsusilə muğama qarşı
inkarçı mövqe tutan Xalq Maarif Komissarını çox kəskin tənqid edir və heç nədən
çəkinmədən öz qəti, prinsipial sözünü deyir: «Bizim təbiətən xalqın özünəməxsus
olanı müsadirə etmək hüququmuz yoxdur». Təsadüfi deyil ki, dahi Ü.Hacıbəyov
129
Asəf Zeynallı haqqında danışanda deyirdi ki, o, diletantizm xarakteri daşıyan hər
cür çıxışa nifrət edir, istər Konservatoriyada, istərsə də başqa yerlərdə lazımi
musiqi hazırlığına ciddi yanaşılmamasına amansız münasibət bəsləyirdi.
N.Kazımov Asəf Zeynallının xalq musiqisinin, xalq çalğı alətlərinin keşiyində necə
cəsarətlə durduğunu bütün gücü ilə göstərmək üçün Xalq artisti Səid Rüstəmovun
xatirələrinə üz tutur. Professor S.Rüstəmov tələbə dostu haqqında söhbət açanda
xatırlayır ki, Asəf Zeynallı Azərbaycan musiqisinin tezliklə dünya şöhrəti
qazanacağını deyir və əlavə edirdi ki, bizim yeni musiqi alətinə deyil, yeni
inkişafa, yeni zirvələrə ehtiyacımız var.
Təqdirəlayiqdir ki, əsərdə tədqiqatçı-alim Nazim Kazımov A.Zeynallının
vəfatından sonrakı illərdə dahi bəstəkar haqqında mətbuatda dərc olunan
materialların, unudulmaz bəstəkarın xatirəsi ilə əlaqədar keçirilən tədbirlərdəki
çıxışların təhlil edilməsinə də kifayət qədər yer ayırmışdır. Bu baxımdan
A.Zeynallının vəfatının birinci ildönümü münasibəti ilə 1933-cü il noyabrın 11-də
Azərbaycan Dövlət Konservatoriyasında keçirilən gecədə Ü.Hacıbəyovun öz
tələbəsi haqqında etdiyi məruzə, görkəmli ədəbiyyatşünas-alim prof. Mikayıl
Rəfilinin 1933-cü il dekabrın 18-də «Bakinskiy raboçiy» qəzetində dərc etdirdiyi
«Asəf Zeynallının xatirəsinə» adlı məqaləsi təsirlidir və böyük əhəmiyyət kəsb
edir.
Musiqişünas-alim Xanlar Məlikovun «Asəf Zeynallı» adlı rus dilində
broşurası (Bakı, Azərnəşr, 1956), bəstəkarın anadan olmasının 50 illiyi münasibəti
ilə Xalq artisti Süleyman Ələsgərovun «İstedadlı bəstəkar» («Bakı» qəzeti, 4 aprel,
1959, № 80), Xalq artisti Əfrasiyab Bədəlbəylinin «Kommunist» qəzetinin 1959-
cu il 5 aprel tarixli nömrəsində dərc etdirdiyi «Asəf Zeynallının xatirəsi», Xalq
artisti Səid Rüstəmovun «Biz dost idik» («Ədəbiyyat və incəsənət» qəzeti, 19 aprel
1969), Xalq artisti Tofiq Quliyevin «Mənim ilk müəllimim», Cəfər Zeynallının
«Asəf yada düşür», Elmira Zeynallının «O, mənim bacılarıma musiqi əsərləri həsr
etmişdi» adlı məqalələri, jurnalist Qvami Məhəbbətoğlu ilə Məmmədrza
Bakıxanovun «Qısa ömrün uzun akkordları» adlı müsahibəsi («Zaman» qəzeti, 24
oktyabr 2002), eləcə də Azərbaycan televiziyasının Asəf Zeynallının həyat və
yaradıcılığından bəhs edən sənədli filmi də Azərbaycan romansının, simfonik
musiqisinin banisi Asəf Zeynallının həyatı və irsi barədə maraqlı mənbələrdir.
1923-cü ildə Asəf Zeynallı 14 yaşında ikən Azərbaycan musiqi məktəbi
şagirdlərinin Ü.Hacıbəyov tərəfindən keçirilən ilk baxış-konsertini Əfrasiyab
Bədəlbəyli yuxarıda adı çəkilən məqalədə belə xatırlayır: «O vaxta kimi trubanı
əsas etibarı ilə hərbi marş aləti kimi tanıyan bir çox dinləyici Asəfin «Rast»
muğamı əsasında bəstələdiyi musiqi pyesinin gözəl təranəsindən vəcdə gəldilər.
Asəf öz çalğısını bitirincə, bütün salon onu sürəkli alqışlarla qarşıladı, əsərin bir
daha təkrar çalınmasında israr etdi. 3-4 dəfə səhnəyə gəlib utana-utana
salondakılara baş əyən Asəf öz əsərini bir daha ifa etdi».
Xalq artisti, bəstəkar Tofiq Quliyev özünün, eləcə də Qara Qarayev, Cövdət
Hacıyev və Zakir Bağırovun da müəllimi olmuş Asəf Zeynallını bir müəllim və bir
insan kimi güclü cazibə qüvvəsi olan adam kimi xarakterizə edir. Səid Rüstəmov
Asəf Zeynallının ömrünü bitməmiş, yarımçıq, lakin gözəl bir musiqi əsərinə,
mahnıya, romansa bənzədir. Süleyman Ələsgərov A.Zeynallının əsərlərinin
Dostları ilə paylaş: |