260
Ağacəfər poeziyasında zəif söz yoxdur, ümumiyyətlə, Ağacəfərə görə, zəif
söz yoxdur, zəif deyilmiş və yersiz sözlər var. Şairin ağır çəkili, sanballı sətirləri
axıcı, canlı, oynaq və obrazlıdır. Səbəbi aydındır:
«Püskürür sinəmdə sözün vulkanı,
Palçığı bir yana, qummu bir yana.
Zamanın xırmanı döyür, ayırır,
Qılçığı bir yana, tumu bir yana» -
deyən şair («Püskürür söz vulkanı») uğurlu sözünü «gözünü öpdüyüm balamdı»,
«səngərimdi, qalamdı» deyə əzizləyir, bununla da kifayətlənmir və sözdən
yarandığını söyləyir: «Mən vulkan altında bərkimiş sözəm». «Əli qələmə, söz
dilinə, heç nə könlünə yatmayanda» isə fəryad qoparır:
«Söz Allahın – Füzuli
Çat dadıma – imdadıma» («Söz haqqında söz»).
Sözə, sənətə bu qədər ehtiyatla, ehtiramla yanaşan sənətkarın yaradıcılığının
yeni fikirlərlə, orijinal və özünəməxsus deyim tərzi ilə zəngin olması tamamilə
təbiidir. Ağacəfər mövzudan asılı olmayaraq, öz duyğu və düşüncələrini canlı,
ehtiraslı və obrazlı çatdırmağın mahir ustasıdır.
Bəzən adama elə gəlir ki, Ağacəfər nədən yazmaq barədə heç fikirləşmir.
Onun üçün əsas məsələ nəyi isə dəstəvuz edib, yalnız özünəməxsusları oxucuya
çatdırmaq, bu yolla onun hiss və duyğularına təsir etmək, onu riqqətə gətirmək,
həyəcanlandırmaq, düşündürməkdir. Amerikanın İraqa təcavüzündən yazanda da
o, buna nail olur:
Yığışdırın səhradan,
Götürün meyitləri
Dağılıb Kərbəlada
Füzulinin beytləri («İblis barmağı»).
Dərdi, qəmi, qələmə alanda da istəyinə yetir:
Gözlərimin yağını,
İçdi, bildim yağıdı…
Qələbə bayrağını
Gözlərimə sancdı dərd («Dərd»).
Dostlarından söz salanda da məqsədinə çatır:
Yoxluğumun küncündə
Diz çökəcək dostlarım.
Məzarımın içindən
Söz çəkəcək dostlarım («Dostlarım»).
261
Ata-anaya məhəbbəti tərənnüm edəndə də niyyətinə yetişir:
Atamın əllərinin istisi
qapı dəstəyində,
Pəncərə pərdəsinin ətəyində,
ocaq külündə…
Heç nəyə dəyə bilmirəm,
Qorxuram anamın səliqəsinin rəngi gedər,
Divarların əhəng ütüsü.
Odun sobasının təpəsindən qalxır tüstüsü.
Suvağı tökülmüş çiy kərpiclər
Hamısı kibrit qutusu –
Odla oynamağa bənddi…
(«Kənddəki evimizin mənzərəsi»).
Yanılmıramsa, Ağacəfərin yüzlərlə şeirinin heç birində «azadlıq istəyirəm»
ifadəsi, ya ona bənzəri yoxdur. Amma mövzusundan asılı olmayaraq, onun bütün
şeirləri üçün azad ruh hakimdir. Lakin şairin elə şeirləri də var ki, orada mənəvi və
fərdi azadlığa çağırış, eyni zamanda mütiliyə və köləliyə nifrət daha kəskin, sərt
səslənir.
Əyilib bir ağız zaman götürmür,
Nə haray, nə həşir vecinə deyil.
Xırman mərəkəsi, xırman təlimi
Elə bil gündəlik vərdişdi elə.
Sarı öküzlərin gücünə deyil.
Tər yuyub aparır bu fağırları,
Hədəqədən çıxır bərəlmiş gözlər.
Cin vurub başına dərz daşıyanın,
Ovundurmaq olmur hər şirin sözlə.
Vəlqoşan qıymayıb bir çəngə ota,
Atıb qabağına bomboz küləşi.
Dayanıb kölgədə buynuz-buynuza
Xırman öküzləri söz güləşdirir.
Bu sətirlər mənə çağdaş mədəniyyətimizin bel sütunu M.Fətəlini xatırlatdı.
O yazırdı: «Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə, onları ata-babanın
və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara
çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu surətdə
fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən
avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən
dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra
262
yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu
biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar,
çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada
gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə
faydalanmış olardılar».
Yaradıcılığı ilə ilk tanışlıq elə təəssürat oyadır ki, Ağacəfər qəm, kədər
şairidir, tərki-dünyadır. Çünki gah
«Çiçəklər açılır hər yaz qabağı,
Mənim ki, ürəyim açılmır, canım» - deyir, gah
«Yatıram, səhər açılmır,
Gecəni necə dartıblar» - söyləyərək sıxılır, gah
«Yırtılır ömür torbası
Adam yaşamaqdan doyur» - yazır, gah da dünyanın
«Gülünün iyindən daddım,
Külünü tökdüm başıma» - deyə fəryad qoparır, gah da
«Mən yatan gecənin səhəri yoxdur» - söyləyərək – hər şeydən
əlini üzür. Lakin bütün bunlar şairə öz işıqlı ideyalarını, nikbin duyğularını kədər,
qəm süzgəcindən keçirərək çatdırmaq üçün bir vasitədir. Və həmin «ağrı» və ağır
şeirləri oxuyanda insan duyğulanır, təsirlənir, təzələnir, səfərbər olur.
«…ilhamının səmimiliyinə, orijinallığına və fərdiliyinə qəlbən inanan»,
özünü Ağacəfərin «iyirmiillik oxucusu» adlandıran istedadlı tənqidçi mərhum
Nadir Cabbarlı şairin «Ürəyim döyünür, qapım döyülür» adlı kitabına (Bakı,
«Gənclik», 1977) yazdığı «Sözün ağrı yaddaşı» adlı ön sözdə şairin «şeirlərinin
lirik düşüncə axarını, poetik təhlil yönünü, deyim-üslub meylini izləməyə həmişə
ehtiyac hiss etdiyini» xüsusi vurğulayır və səmimi etiraf edir: «…yaş sayağı, ömür-
gün sayağı, təbii ki, bədii zövq də, estetik duyum da yerində saymayıb –
təbəddülata uğrayıb. Amma Ağacəfərin şair sözünə oxucu marağım heç vaxt
azalmayıb». Elə bilirəm ki, ədəbi prosesi diqqətlə izləyən, onu təhlil etməyi və
dəyərləndirməyi bacaran Nadir Cabbarlı təxminən 10 il əvvəl bu qənaətə
gəlmişdirsə, şairin həmin vaxtdan ötən müddət ərzindəki yaradıcılıq uğurlarını da
nəzərə alıb, sonuncu cümləni kiçik redaktə ilə vermək olar: Ağacəfərin şair sözünə
oxucu marağı heç vaxt azalmayıb və azalmayacaqdır.
1 noyabr 2004
Oğlan bir ailəninsə, oğul bir millətindir
Toy məclisinin şirin bir yerində masabəyi özünəməxsus tərzdə həkimlər
əyləşən stola yanaşdı, onları ehtiramla salamladı, sağlamlıq keşikçilərinin
ünvanlarına xoş sözlər söylədi və bəylə gəlini təbrik etmək üçün həkim
qonaqlardan birinə mikrofonu uzatdı və nəzakətlə - buyurun, müəllim, söz
sizindir – dedi. Arağın təsirindən xeyli məstləşən həkim ağır – ağır ayağa qalxdı,
mikrofonu əlinə alıb, ləngərli yerişlə stoldan xeyli aralanıb, çalğıçıların yanında
dayandı. Çıxışa salamsız – kəlamsız başladı. İlk cümləsi isə bu oldu:
Dostları ilə paylaş: |