8
yazmaq fikrini saldınız, Siz ki, bu qədər lütfkarlıqla mənim sərf-nəhv xətalarımı
düzəldirsiniz, şübhəsiz, məndən soruşacaqsınız: «Niyə bu qədər müddətdə Rəşid
bəydən bir xəbər verməyib yalnız Səadətdən danışarsan?». Bu cümlələr çoxlu
mühakimələr, suallar doğurur. Ən əvvəl, bu parça qəti şəkildə təsdiq edir ki,
«Rəşid bəy və Səadət xanım» hekayəsi müəllifin ilk qələm təcrubəsi deyil. Heç
şübhəsiz ki, o artıq yazıçı kimi tanındığından, qələm sahibi kimi səsi-sorağı
yayıldığından, kimsə ona bu mövzuda yazmağı təklif edir. Amma kim? Bu
birmənalı şəkildə hörmətli Ədalət müəllimin söylədiyi kimi M.F.Axundzadə deyil.
Çünki Salman Mümtaz haqlı olaraq, həmin hekayə yazıldığı vaxt 22-23 yaşlı
M.F.Axundzadənin Gəncədə «mollalığa hazırlandığını» yazır.
Bu şəxsin kimliyini bilmək üçün, həm də ona aydınlıq gətirmək vacibdir ki,
İ.Qutqaşınlı hekayəni Azərbaycan, rus, yoxsa fransız dilində qələmə almışdır.
Böyük ehtimalla bu əsər fransız dilində yazılmışdır. Nəzərə alsaq ki, fransız dili
həmin dövrdə Rusiyada yüksək təbəqədə çox populyar və hakim, elitar dil
sayılırdı, eyni zamanda XIX əsrin əvvəllərində yaşayıb-yaratmış şöhrətli rus
publisistlərinin böyük əksəriyyəti, ya tanınmış hərbçi ailəsindən çıxmışdı, ya da
hərbçi idi, onlar isə Qafqaz həyatı ilə yaxından maraqlanırdılar. Həmin dövrdə Baş
Ştabın zabitlərindən heç kim Polşaya getmək istəmirdi, ona görə istefaya çıxanlar
da çoxluq təşkil edirdi (ətraflı bax: Feliks Kuznetsov. Publisistı 1860-x qodov.
Moskva, «Molodaya qvardiya», 1981). İsmayıl bəyin cəsarətli addımı ona böyük
nüfuz, hörmət qazandırmışdı. Odur ki, yaradıcılıqla məşğul olan və bu diyarın
insanları, onların məişət və həyat tərzi ilə yaxından maraqlanan, Qafqazda xidmət
edən rus publisistlərinin də bu ideyanı İ.Qutqaşınlıya verməsi ehtimal oluna bilər.
Səyahətnamələrin rus ədəbi mühitində çox populyar olduğu bir dövrdə
İ.Qutqaşınlının da forma, üslub baxımından həmin əsərlərə oxşar «Səfərnamə»ni
qələmə alması ədibin rus publisistlərindən təsirləndiyinə dəlalət edir. Təsadüfi
deyil ki, prof. Əziz Mirəhmədov da araşdırmalarında bu cəhəti xüsusi
vurğulamışdır: «Qutqaşınlının bu əsəri keçən əsrin (XIX əsrin – T.A.) 20-30-cu
illərindən başlayaraq Rusiyanın müxtəlif mətbuat orqanlarında və elmi-bədii
məcmuələrində tez-tez çap olunan «yol qeydlərini», habelə Yaxın və Orta Şərqdə
dəbdə olan səfərnamə və ziyarətnamələri xatırladır». (Ə.Mirəhmədov. Qəribə tale.
İ.Qutqaşınlı. Əsərləri, Bakı, 1967, səh.22).
XIX əsrin II yarısında öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyan
rus publisistikası çöldən sərhədlərini genişləndirən, içdən çürüyən «Avropa
jandarmı»nın – Rusiya imperiyasının bütün problemlərini, təhkimçilik köləliyinin
və mütləqiyyət zülmünün törətdiyi fəsadları, dərd-sərini, yükünü öz çiynində
çəkmişdir. Bu missiyanı heç bir bellestrika nümunəsi şübhəsiz ki, daşıya bilməzdi.
Çar üsul-idarəsini, onunla bağlı cəmiyyətdə mövcud olan bütün eybəcərlikləri
darmadağın edən, ictimai, inqilabi-demokratik fikri formalaşdıran, ədəbiyyatı
istiqamətləndirən, publikanın zövqünü tərbiyələndirən tərəqqipərvər qüvvələri
səfərbər edən rus publisistikasının ən parlaq nümunələri oxucuların hər yeni
nömrəsini
həyəcanla,
həsrətlə,
səbirsizliklə
gözlədikləri
«Kolokol»,
«Sovremennik», «Russkoe slovo», «Dela» kimi jurnallarda dərc edilmişdir.
Fikrimcə, özü barədə «Mən bu dünyada döyüşçüyəm» yazan V.Q.Belinski bir neçə
sözlə bu dövr mətbuatını çox sərrast xarakterizə etmişdir: «Jurnalistika bizim
9
dövrdə hər şeydir. Jurnal tribunadır» (Feliks Kuznetsov. Publisist 1860-x qodov.
Jizn zameçatelnıx lyudey. Moskva. «Molodaya qvardiya, 1981, 336 səh.). Rus
ədəbiyyatının «cəmi 107 il» mövcud olduğu (Belinski rus ədəbiyyatının
başlanğıcını Lomonosovun 1739-cu ildə yazdığı «Xotinin fəthinə dair» odası hesab
edirdi) bir dövrdə rus söz sənətinin böyüklüyü, gücü və qüdrətinə inanan Belinski -
«əzəmətli bir qladiator» - Gertsen onu belə adlandırırdı – yazırdı: «Rusiyanı 1940-
cı ildə görə biləcək nəvələrimizə və nəticələrimizə qibtə edirik, - o zaman Rusiya
mədəni dünyanın başında duracaq, elmin də, sənətin də qanunlarını verəcək, bütün
mədəni bəşəriyyətin dərin hörmətini qazanmış olacaqdır». (V.Q.Belinski. Rus
ədəbiyyatı klassikləri haqqında. Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı
Nəşriyyatı. Bakı, 1954, 369 səh.).
XIX əsrdə rus jurnalistikasının, o cümlədən publisistikasının yarandığı qısa
vaxt ərzində imperiyanın tarixində oynadığı rolu dəyərləndirmək üçün bir neçə
fakta diqqət yetirmək kifayətdir. XVIII əsrdən XIX əsrin əvvəlinədək rus
jurnalistikasının təşəkkül tapdığı dövrdür. Həmin vaxt ərzində çox az tirajla bir
neçə mətbu orqan (ilk qəzet 17 dekabr 1702-ci ildə, «Vedomosti», 1751-ci ildə ilk
jurnal «Yejemesyaçnıye soçineniya, k polze i uveseleniyu slujaşiye» adı ilə nəşr
edilir. Bundan əlavə, M.M.Xeraskovun, D.İ.Fonvizinin, prof.İ.Q.Reyxelin,
H.İ.Novikovun, E.K.Daşkovun, İ.A.Krılovun, A.İ.Kluşinin və H.M.Karamzinin
iştirakı, redaktorluğu, naşirliyi ilə bir neçə qəzet və jurnal buraxılmışdır) nəşr
edilsə də, XIX əsrin əvvəlləri rus jurnalistikasında bir sıçrayış baş verdi. Əlbəttə,
bu təzahüratı labüd edən dövrün ictimai-siyasi hadisələri, təbəddülatları,
müharibələri, maarifçi rus ziyalılarının cəmiyyətdə daha fəal mövqe tutmasına
təkan verirdi. XIX əsrin ilk onilliyində artıq 77 dövri nəşr fəaliyyət göstərirdi.
V.V.Voroşilovun təbirincə desək, XIX əsrin ikinci yarısı rus jurnalistikasının tam
formalaşması dövrü idi. Bu vaxt artıq «Russkaya mısl», «Vestnik Yevropı»,
«Russkoe boqatstvo», «Russkiy vestnik», «Mir bojiy», «Jizn», «Naçalo», «Niva»,
«Rodina», «Vokruq sveta», «Polyarnaya zvezda», «Kolokol», «Teleskop»,
«Nedelya» və s. kimi nüfuzlu qəzet və jurnallar buraxılırdı. C.H.Qlink, N.İ.Qreç,
A.A.Bestujev, V.K.Kjulxelbeker, F.A.Bulqarin, A.İ.Gertsen, N.P.Oqaryev,
N.L.Dobrolyubov,
N.Q.Çernışevski,
D.İ.Pisarev,
V.Q.Belinski,
İ.D.Sıtın,
A.S.Suvorin kimi naşir, redaktor və publisistlər ən müxtəlif mövzuların rus
mətbuatında işıqlandırılmasını təmin edirdilər (ətraflı bax: V.V.Voroşilov.
Jurnalistika. Sankt-Peterburq, 2004).
Rus jurnalistikası, o cümlədən publisistikasının yaranması və inkişaf
tarixinə qısaca nəzər salmağımız təsadüfi deyil. Qaynayan, çalxalanan, ideya və
cərəyanların coşduğu, toqquşduğu bir məkana, mühitə daxil olan hər kəs şübhəsiz
ki, proseslərin passiv müşahidəçisi kimi qala bilməzdi, onun həyatında olduğu
kimi, düşüncə tərzində də ciddi dəyişikliklərin baş verməsi labüd idi. Belə bir
dövrdə narahat Rusiyanın qəlbi – Sankt-Peterburq gənc İsmayıl bəy Qutqaşınlını
öz qoynuna aldı və bu mühit onun taleyinə əbədi möhürünü vurdu. Feodal
münasibətlərinin hakim olduğu Qəbələdən böyük ədəbi, ictimai-siyasi, tarixi
hadisələrin astanasında (XVIII əsrin sonu XIX əsrin əvvəlləri) dayanan Rusiya
həyatı
Qutqaşınlının maarifçi, realist yazıçı-publisist, xeyriyyəçi kimi
formalaşmasında həlledici faktor olmuşdur. İstər «Rəşid bəy və Səadət xanım»,
Dostları ilə paylaş: |