10
istərsə «Səfərnamə» ruhu, məzmunu, mövzusu baxımından Şərq məhsuludursa,
ideya istiqaməti, üslubu, quruluşu, forması, problemə yanaşma tərzi rus və Qərb
təmayüllüdür.
İ.Qutqaşınlının hələ «Səfərnamə»ni qələmə almadan əvvəl müxtəlif
mövzularda yazdığı məktubları onun istedadlı publisist, dərin müşahidə və məntiq
sahibi olduğuna dəlalət edir. Varşavada hərbi qulluqda ikən Peterburqa – general-
mayor Aleksey İllarionoviç Filosofova 1875-ci il 21 mart tarixli, Gürcüstan,
Qafqaz və Zaqafqaziya diyarlarının rəhbəri general baron Qriqori Vladimiroviç
Rozenə 1837-ci il 14 mart tarixli, Qafqaz canişini, Novorossiysk və Bessarabiya
general-qubernatoru knyaz Mixail Semyonoviç Vorontsova 1852-ci il 19 mart
tarixli məktublarının üslubu rəsmi üslubdan xeyli fərqlidir. İ.B.Qutqaşınlı general
A.İ.Filosofova yazır:
«Möhtərəm cənab Aleksey İllarionoviç!
Peterburqdan bura gələn tanışlarımın söhbətlərindən qəlbən çox məmnun
olaraq bildim ki, Sizin mənə xoş münasibətiniz hələ də xatirinizdədir. Bu, mənim
xoşbəxt ulduz altında doğulmağımlamı bağlıdır, yoxsa Araz sahillərinə, Ararata,
Culfa xarabalıqlarına, Təbrizə, Urmiya gölü sahilinə və başqa yerlərə səfərlərinizdə
Sizinlə yol yoldaşı olduğum o gözəl və parlaq dövr haqqında xatirələrinizləmi –
deyə bilmərəm. Bəlkə də Siz saqqallı iranlıları, Xaldeyli atanı, Madame La
Marinieri, Məlik Qasım Mirzənin hərəmxanasını və nəhayət, Xoyda birlikdə
keçirdiyimiz günləri xatırlayanda həmin adamların arasında hərdənbir mənim
surətim də təsəvvürünüzə gəlir, lakin necə olursa olsun, hər halda bu həssaslığınıza
görə, məni andığınıza görə Sizə minnətdarlığımı bildirirəm.
Bununla bərabər, Sizin mənə və mənim Asiyadan Peterburqa gələn
həmyerlilərimə (xüsusən Abbasqulu Ağaya) dostcasına münasibətiniz və
himayədarlığınız mənə cəsarət verir ki, bir xahişimlə sizi narahat edim».
O, məktubu belə bitirir: «Siz sussanız, mən çox nigaran qalacam;
fikirləşəcəm ki, Siz mənim bu məktubumu, qarşısına çıxan hər kəsi yalvarış və rica
məktubları ilə narahat edən bir adamın məktubu kimi qəbul etmisiniz və mən Sizin
nəzərinizdə belə görünmək istəməzdim». Yazılanlar rəsmi məktubdan daha çox,
əgər belə demək mümkünsə, bədii müraciətə bənzəyir.
Əlbəttə, İ.Qutqaşınlının həyatı və irsi ilə bağlı problemlər, mövzular çoxdur
və onu bir məqaləyə yerləşdirmək mümkün deyil: ailəsi, Peterburqa aparılması,
təhsili, müharibələrdə iştirakı, Polşa həyatı, Şamaxıdakı fəaliyyəti,.. «Rəşid bəy və
Səadət xanım» əsərinin ədəbiyyatda yeri… və s. mövzular həm böyük maraq
doğurur, həm də aktualdır. Bu dəfə isə biz publisistikamızın səyahət oçerki janrının
ilk və klassik nümunəsi «Səfərnamə» barədə söhbət açacağıq.
Haqlı olaraq, bir sıra müəlliflər tədqiqatçıların, xüsusi ilə AMEA-nın müxbir
üzvü prof.Əziz Mirəhmədovun «Səfərnamə»nin ideyası, dili, üslubu, əhəmiyyəti
haqqında geniş bəhs etdiyini, dəyərli fikirlər söylədiklərini yazırlar. Doğrudan da,
akademik Fuad Qasımzadənin 1960-cı ildə qələmə aldığı «İsmayıl bəy Qutqaşınlı
(1806-1861)» adlı məqalədən (XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1966)
aydın olur ki, həmin vaxta kimi «Səfərnamə» haqqında ədəbi aləmdə heç bir
məlumat olmamışdır. Müəllif yazır: «İsmayıl bəy Qutqaşınlının həyat və fəaliyyəti
ancaq Sovet hakimiyyəti dövründə tədqiq edilmişdir. İnqilaba qədər onun
11
şəxsiyyəti və yaradıcılığından yeganə yadigar qalan «Rəşid bəy və Səadət xanım»
hekayəsi haqqında heç bir məlumat yox idi» (səh.168). Bir il sonra 1967-ci ildə isə
görkəmli alim, prof.Ə.Mirəhmədov İsmayıl bəy Qutqaşınlının «Əsərləri»ni özünün
«Qəribə tale» adlı çox sanballı, irihəcmli məqaləsi və «Qeydlər»i ilə birlikdə nəşr
etdirir.
Ədəbi mühitdə hadisəyə çevrilən bu nəşrdən 20 il keçdikdən sonra – 1987-ci
ildə İ.Qutqaşınlının əsərlərinin yeni tərtibatda çapı fikri yaranır və yuxarıda bəhs
etdiyimiz kimi baş tutmur. Bu arada iki istiqamətdə – İ.Qutqaşınlının yeni
əsərlərinin axtarılması və mövcud irsinin araşdırılması istiqamətində müəyyən işlər
görülür. Qeyd etdiyimiz kimi, birinci istiqamətdə fəal, faydalı və məhsuldar
fəaliyyəti ilə f.e.n.Ə.Tahirzadə fərqlənir, «Səfərnamə»nin yeni parçalarını tapır.
İ.Qutqaşınlıdan bəhs edən, onun irsini təhlil edən və dəyərləndirən müəlliflərin
sırasına yeniləri əlavə edilir. Salman Mümtazdan sonra Mikayıl Rəfili, Feyzulla
Qasımzadə, Yaşar Qarayev, Hidayət Əfəndiyev, Əziz Mirəhmədov, Cahangir
Qəhrəmanov, Famil Mehdi, Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin
Talıbzadə, Kərəm Kərəmov, Ədalət Tahirzadə, Xalid Əlimirzəyev, Nurəddin
Kərəmov, Rauf Kərimov, Eldar İsmayılov, Əbdül Hüseynov və bir çox digər
tədqiqatçıların, eləcə də Polşa alimləri Bohdan Baranovski və Ancey Xodubskinin
səyi sayəsində prof.Ə.Mirəhmədovun təbirincə desək, «başdan ayağa duman
bürünmüş», «çox müəmmalı» taleyi olan İ.Qutqaşınlı həyatı və irsinin üzərinə
xeyli işıq salınmışdır. «Səfərnamə» Azərbaycan publisistika tarixində yalnız
səyahət oçerki janrının bünövrəsi kimi yox, həm də elmi-ədəbi sanbalına görə
xüsusi çəkiyə, əhəmiyyətə malikdir.
İ.Qutqaşınlının Məkkəyə ziyarəti ilə bağlı təmiz, aydın Azərbaycan dilində
qələmə aldığı əsər şərti olaraq «Səfərnamə» adlandırılmışdır. Doğrudur, bəzi
müəlliflər əsəri «Yol qeydləri» kimi təqdim və təhlil edirlər. Əsəri «tarixi, mədəni-
ictimai fikrimizin abidəsi» kimi qiymətləndirən görkəmli alim, prof.Yaşar Qarayev
yazır: «İ.Qutqaşınlının «Yol qeydləri» bu janrda Avropa və Şərq
«səyahətnamələri»nin ruhunda və məcrasında yazılıb. Doğma ana dilində, müasir,
peşəkar elmi, ədəbi, nəzəri üslubda qələmə alınmış bu əsər XIX əsrin ortalarında
elmi-publisist nəsr üslubunun ilk qiymətli, əvəzsiz abidəsidir». (Yaşar Qarayev.
Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (iki min ili tamamlayan iki yüz il –
XIX və XX yüzillər), Bakı, «Elm», 2002).
İ.Qutqaşınlı «Rəşid bəy və Səadət xanım»la bədii nəsrimizə Hidayət
Əfəndiyevin təbirincə desək, yeni mövzu, yeni ideya, yeni forma, yeni üslub, yeni
ifadə vasitələri gətirdi. Fikrimizcə, «Rəşid bəy və Səadət xanım»la bədii nəsrin
inkişafında hansı xidməti göstərmişdirsə, «Səfərnamə» ilə də publisistikanın
formalaşmasında o rolu oynamışdır, bir az da dəqiqləşdirsək, İ.Qutqaşınlı bədii
publisistikanın, onun ən oxunaqlı, populyar bir qolunun – səyahət oçerki janrının
bünövrəsini qoymuşdur.
Əsərin mövzusu, süjeti, kompozisiyası, dil-üslub, sənətkarlıq problemləri,
aktuallığı, elmi-ədəbi – tarixi-coğrafi – kartoqrafiya və etnoqrafiya, eləcə də
avtobioqrafiya baxımından əhəmiyyəti əvəzsizdir, heç bir mübaliğəsiz səyahət
oçerkimizin bu ilk nümunəsini həm də, klassik forması adlandırmaq olar.
Dostları ilə paylaş: |