109
zaman kiçik uşaq kimi əllərini öpür, öpdüklərini də hər kəsə nümayiş etdirməyə
çalışırdılar.
Yenə bəlkə də mürşidin elə düşünməsi, belə hərəkət etməsi sayəsində
«İttihad və tərəqqi» zamanında yaradılmış ictimai hərəkatların şərəfini siyasət
adamları öz adlarına çıxarmaq istəklərini üzə çıxara bilmədilər və bunlar bir
dövrün, bir partiyanın əsəri olaraq qaldılar.
Maltadan – sürgündən sərbəst buraxıldıqdan sonra Ankaraya gəldi. Ankara
ittihadçıları əsarətdən milli heysiyyət düşüncəsinə görə qurtarmışdı, lakin onlardan
ehtiyatlanırdı. Anadoluya gələn digərləri kimi mürşidə də çox gülər üz
göstərməyərək, doğulduğu yerdə, Diyarbəkirdə yerləşməsini tövsiyə etdi.
Milliyyətçilik, Qərb dünyası, geri və irəli cəmiyyət məsələlərinin beynində bir-bir
gizli, lakin çox diqqətçəkən anlayışlar halında ilk dəfə bildirdiyi bir ortaçağ
şəhərinə, indi adı bütün türk dünyasında tanınmış alim kimi dönürdü. Bu dönüş
onun həyatında yeni bir mərhələnin başlanğıcıdır. Diyarbəkir və ətrafı şeyxlər,
müəllimlər, dərəbəylər diyarı idi. O da bu şeyxlər, hətta dərəbəylər arasında həqiqi
bir şeyx kimi öz oturacağı yeri görürdü.
Onun postu ceylan dərisi yox, bir məcmuə
olacaqdı: şəhərdəki yeganə daşbasma mətbəəsində çap olunacaq əl içi boyda, adı
boyuna uyğun bir məcmuə, «Kiçik məcmuə!» O bu məcmuədə çökmüş Osmanlı
imperiyasının yerinə gələcək yeni türk dövlətinin ideoloji rəhbərliyinə cəsarətlə
başlayacaqdı. Buna nail olmaq üçün yenə də eyni səmimiyyətlə, vaxtı ilə «İttihad
və tərəqqi» Partiyasının digər liderlərinə qarşı seçdiyi iş prinsipini təkrar etməkdən
çəkinmədi. Milli mücadilənin başçılarını bir-bir qəhrəman kimi qəbul və elan
etdikdən sonra əsl vəzifəsinə qoyuldu.
Burada bir məqama işarə vurmaq yerinə düşər: mürşid türk millətinin hər
zaman qəhrəmanlara heyran olduğunu, onların ətrafında və arxasınca cahanın
fəthinə çıxdığını, bütün türk tarixinin də beləcə keçdiyini düşünürdü. Məşrutə
inqilabından sonra imperiyanı yalnız bir qəhrəman qurtara bilərdi. O halda Ənvər
bir qəhrəman olmalı idi. Onu tərəddüdsüz qəhrəman kimi tərənnüm etdi. İmperiya
yıxıldı. İndi türk milləti yeni bir qəhrəmana möhtacdır. Bu da Mustafa Kamal
olacaqdı. Ənvər üçün yazdığı şeirləri eynən Mustafa Kamal üçün də təkrarladı.
Ona dövlət, cəmiyyət, fərd, vətəndaş olaraq türk millətini Qərb mədəniyyəti
səviyyəsinə gətirmək yollarını göstərəcəkdi. Diyarbəkirdə çıxarmağa başladığı
«Kiçik məcmuə»nin də vəzifəsi elə bu idi. Məcmuəni araşdırın, latın hərflərindən
say adlarına qədər, dövlət anlayışından türk dilinin sadələşdirilməsinə qədər,
sonralar Atatürkün bir-bir gerçəkləşdiyi islahatların nəzəri izahlarını məqalələr
şəklində orada tapacaqsınız. Mürşid bu işi görərkən «İslam ümmətindən, Türk
millətindən, Qərb mədəniyyətindən olmaq» düsturunun «İslam ümmətindən
olmaq» hissəsinə «diqqətsizlik» göstərmiş, fikirləri türkün islamaqədərki tarixinə
yönəltmək niyyətilə Xilafətin artıq türk milləti üçün əhəmiyyətini, mənasını
getdikcə itirən bir müəssisə halına gəldiyi düşüncəsini qeyri-müəyyən bir şəkildə
ortaya atmışdı.
O, bütün müddəalarında əski türk tarixini, tezislərinin mənbələrini tapmaq,
təqdim etmək üçün hər vasitəyə əl atırdı. Lakin bu elmi qüsur sayıla bilməz. Türk
millətçiliyini oyandırmaq, türkü bütün şərtlərlə həqiqi bir millət halında dirçəltmək
üçün 18-ci əsrdə Napoleon istilalarına qarşı Alman milli şüurunun oyanması