105
məqaləsini mən həm də, müasir dövrün senzurası, bədii şurası, müəllifin öz ifadəsi
ilə desək, «bədii-estetik qamçı»sı adlandırardım.
* * *
Və sonda. Elçin bu məqaləni Yaşar Qarayevin, müəllif üçün həmişə əziz
olacaq xatirəsinə ithaf etmişdir. Bu fakt təqdirəlayiq olduğu qədər də ibrətamiz,
düşündürücüdür, səmimi və təbii duyğuların təzahürüdür. Fikrimizcə, bu, həm də
XX əsr Azərbaycan xalqının qadir olduğu təfəkkür qüdrətinin, nəhayətsiz
təxəyyülünün, dərin və nadir analitik düşüncə tərzinin təzahüratı Yaşar Qarayevə
başqa bir böyük sənətkarın «Nigaran qalma, rahat uyu» deməsidir.
“525-ci qəzet”, 10 dekabr 2002
Səməd Ağaoğlu və onun “Atamın dostları” kitabı
Türk-islam dünyasının parlaq simalarından sayılan Əhməd bəy Ağaoğlunun
həyat və fəaliyyətindən, zəngin və dəyərli irsindən, polad xarakterindən, tükənməz
enerjisindən, qeyri-adi istedadından, türk toplumu qarşısında böyük xidmətlərindən
çox yazılmışdır, bundan sonra da çox yazılacaqdır. Ə.Ağaoğlu şəxsiyyətinə
azalmayan maraq onun fəaliyyətinin çoxşaxəli, məhsuldar, faydalı, həyat yolunun
mürəkkəb və qeyri-adiliyindən qaynaqlanır. Digər tərəfdən Əhməd bəyin
tərcümeyi-halının, fəaliyyətinin öyrənilməsi dövrünün ədəbi-mədəni, ictimai-siyasi
mənzərəsini işıqlandırmağa, türk tarixinə əbədi möhür vurmuş bir sıra digər
qüdrətli insanları da axıra kimi, bütün cizgiləri və detalları ilə xarakterizə etməyə
də imkan verir.
Bu baxımdan oğlu Səməd Ağaoğlunun Türkiyədə dörd dəfə (1956, 1958,
1969, 1998) nəşr edilmiş «Babamın arkadaşları» kitabı xüsusilə diqqəti çəkir.
Burada müəllif Ə.Ağaoğlunun ünsiyyətdə olduğu, əməkdaşlıq etdiyi Mustafa
Kamal Atatürkün, Ziya Göyalnın, Nuri Paşanın, Yusuf Akçuranın, Əli bəy
Hüseynzadənin, Fuad Köprulunun, ümumiyyətlə, 30 nəfərədək şan-şöhrətli elm
adamının, şair və yazıçının, partiya və dövlət xadiminin, millət vəkilinin, eləcə də
Ağaoğlular ailəsinin bəzi üzvlərinin həyatının unudulmaz məqamlarından bəhs
edir.
Yeri gəlmişkən, qısaca da olsa, Səməd Ağaoğlu haqqında. Səməd Ağaoğlu (1909 –
Şuşa, 1982 – İstanbul) zəngin, mənalı olduğu qədər də çətin, ağır, əzablarla dolu
şərəfli bir həyat yolu keçmişdir. Demokrat Partiyasının liderlərindən biri
S.Ağaoğlu Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini vəzifəsinədək
yüksəlmişdir. Mendereslə birlikdə, o da mühakimə edilmiş və ömürlük cəzaya
məhkum olunmuşdur. Sonradan ona da bəraət verilmişdir.
106
Səməd Ağaoğlu hüquqşünas kimi Türkiyədə çox məşhur idi (bacısı Sürəyya
Ağaoğlu isə türk-islam dünyasının ilk qadın hüquqşünası olmuşdur). Lakin
S.Ağaoğlu yazıçı-publisist kimi də Türkiyədə böyük nüfuz qazanmışdı. O, «Aşina
üzlər» (1965), «Dostum Menderes» (1968), «Mərmərədə bir ada», «Strasburq
xatirələri» (1945), «Zürriyyət» (1950), «Qafur müəllim» (1953), «Böyük ailə»
(1957), «Hücrədəki adam» (1964), «Qatırın ölümü» (1965) kimi əsərlərin
müəllifidir.
Səməd Ağaoğlu Əhməd Muhip Dranas və Behçət Kamal Çağlarla birlikdə
«Həp gənclik» adlı qəzet də nəşr etmişdir. Doğrusu, S.Ağaoğlu kimi böyük bir
siyasət xadiminin, istedadlı yazıçı və mahir publisistin ölkəmizdə hələ də kifayət
qədər tanınmaması acı təəssüf doğurur…
Maraqla qarşılanacağını nəzərə alaraq, əsərdən bir parçanı – Atatürk və Ziya
Göyalpla bağlı hissəni oxucuların diqqətinə təqdim edirəm.
Kitabı əldə etməyimə köməklik göstərdiyi üçün Türkiyə səfirliyinin
mədəniyyət üzrə müşaviri Fəthi bəy Gədikliyə minnətdarlığımı bildirirəm.
Atamın dostları
* * *
Çeşidli dostluqlar vardır: yol, məktəb, həyat dostluğu, əyləncə, səyahət,
qumar dostluğu, qara gün, yaxşı gün, siyasət, fikir, ideal dostluğu!
Bir insan ömrü boyunca bu dostlardan bir və ya bir neçəsini tapa bilər. Bu
bir nəsibdir, onlar bir-birlərini mütləq tapacaqlar, bir yerdə olmaları sanki əzəldən
qərarlaşmışdır. Yenə hər insanın taleyinə bu dostlardan kədərlər, fəlakətlər,
xəyanətlər, nankorluqlar, yaxşılıqlar, alicənablıqlar yazılmışdır. Gözlərimizi əbədi
yummadan bir saat əvvəl bütün həyatımızı xatırlamaq mümkün olsaydı, bu həyatın
dostluqlardan, yaxşı və puç xatirələrdən ibarət olduğunu anlaya bilərdik. Mən də
indi atamın dostlarını onun həyatının bir parçası, telləri kimi görürəm. Onların
əksəri vəfat etmiş, qalanları da kim bilir, harada öz ölümlərini gözləyirlər, bəziləri
ilə ara-sıra rastlaşıram: küçələrdə özlərini göstərməmək üçün divar dibindən keçib
gedirlər.
Vaxtı ilə küçələrə, meydanlara sığmayan onlarmı idi?! Səsləri, qəhqəhələri,
hiddətləri, qəzəbləri üfüqləri bürüyən qəhrəmanlar onlarmı idi?! Ən yaraşıqlı, ən
şux, ən gözəl, ən zəki, ən bəsirətli olduqlarını aləmə car çəkən onlarmı idi?! İndi
gəlinlərinin, kürəkənlərinin, nəvələrinin, məhəllə uşaqlarının ətrafında bir oyuncaq
kimidirlər. Fürsət düşəndə özlərini təqdim etmək, yaxud etdirmək imkanı olsa, o
zaman qarşısında sabiq baş nazir, sabiq nazir, sabiq millət vəkili, sabiq səfir, sabiq
müşavir olduqlarını xatırlatmağa çalışırlar, bitib-tükənməyən xatirələrlə
qarşılarındakılara necə təsir etdiklərini fərsiz, yorğun gözləri ilə anlamağa
çalışırlar…
107
Ah həyat! Səfil, gülünc, həzin mənzərələrlə dolu qəribə macəra! Dünyaya
kənardan baxan şüurlu bir varlıq nə görə bilər? Bir qarmaqarışıqlıq, bir-birinin
yanında gah gülən, gah ağlayan insanlar! Doğumlarla ölümlər eyni anda olur!
Səbəbsiz davalar, səbəbsiz səadətlər, səbəbsiz kədərlər…
Nifrət etdiyimiz üçün öldüyünə sevindiyimiz insanın, onu sevsəydik,
arxasından ağlayacaqdıq. Nə üçün onu sevirik, nə üçün ona nifrət edirik?! Bizə
etdiyi pislik onu xoşbəxt etmişsə, ona düşmən kəsilməyə haqqımız çatırmı?!
Atamın dostları kimlərdir? İlk gənclik çağlarından tanıdığı, siyasi həyatda
qarşılaşdığı, ixtiyar illərini bir yerdə keçirdiyi bir çox insanlar! Onların hamısını
uşaqlıqdan tanıyıram. Üzərimdəki təsirləri, izləri ta o zamandan başlayır. İndi
onları düşünərkən, görürəm ki, rəsmi mahiyyətindən, sifətlərindən ayrıldıqdan
sonra insan heç bir zaman yox olmur, ölmür. Onu ailə, cəmiyyət, millət içində pis
insan kimi tanıdan səbəblər toplum içindəki mövqelərindən doğur. Qocalıqdan, ailə
başçılığından ta dövlət rəhbərliyinə qədər cəmiyyətin verdiyi bütün rəsmi adlar
insanın taleyində özü haqda yaxşı, yaxud pis hökmlərin sıralanmasına səbəb olur.
Atamın fikir adamı və filosof dostlarından biri deyir ki, nazir kürsüsü firon
kürsüsüdür. Oraya mələk və ya Musa əyləşdiyi zaman firona çevrilir.
Bunu söyləyən insan indi gözlərimin önünə gəlir: alçaq boylu və şişman
vücudunu bir çətinliklə iki yana sallana-sallana çəkirdi. O, siyasi və əsgər
diktatorların Dövlət gəmisini qarşılıqlı ehtirasların yaratdığı tarazlıq sayəsində
sürdükləri bir dövrdə öz sahəsinin tək diktatoru idi. İstanbul Universitetindəki
kürsüsündə necə danışırdısa, mənsub olduğu partiyanın mərkəzi təşkilatında da elə
danışırdı: sakit, bir qaydada, saf, tələffüzü yerində olan dil, etirazı qəbul etməyən,
özününkündən başqa fikirlərin yanlış olduğunun hökmünü əvvəlcədən verən insan.
Onu yalnız əmr vermək, yol göstərmək üçün ağzını açan bir sfinksə və ya bir
Buddaya bənzətmək mümkündür. Sükut içində hakimliyi təmsil edən bir heykəl də
sayıla bilərdi. Türk cəmiyyətini Qərbli olmağa təşviq edən bu mürşid işini Şərqli
bir şeyx metodu, zehniyyəti və ruhu ilə görürdü. Onun ruh və düşüncə tərzi ilə
inanışları arasındakı təzad fikirlərinin azmasına səbəb olur. Özünə aid olmayan
«Qərb mədəniyyətindən, Türk millətindən, İslam ümmətindən olmaq» ideyasını
təlqin edərkən, Qərb mədəniyyətinin təməli olan insan haqq və azadlıqlarını
dövlətin mütləq nəzarəti altında olmasını tərəddüd etmədən «haqq yox, vəzifə var»
- deyə qışqırırdı!
Onun qədər cəmiyyətə təsir edə bilən insanlar azdır. Lakin cəmiyyət içində,
cəmiyyət üçün bu qədər mühüm olan bu adamın öz ailəsi içində bir kölgədən fərqi
yoxdur. Şikəst bir qadın, onun doğduğu və atalarına bənzəyən qızlar! Mürşid üç
uşaq və bir qadının arasında birinin şıltaqlığından digərinkinə qaçmaqdan halsız
qaldığı zaman dincəlmək üçün bir yer döşəyindən başqa bir şey tapa bilmirdi. Bu
döşəyin üstü, eyni zamanda, yazılarını yazdığı, kitablarını oxuduğu yerdi.
Evin içində bu kölgə mələyin zaman-zaman çox çətin, hiddət böhranları da
olurdu. Bunlardan birini xatırladıqca, indi də heyrətlə gülməkdən özümü saxlaya
bilmirəm. Ankarada, Keçiörəndə qonşu idik. Evlərimiz arasında məsafə 300 metr
olardı. Bir səhər bağın içində fəryadlar yüksəldi. Gördüyümüz mənzərə: öndə
mütəfəkkirin uşağı, iri yarıqarabəniz Urfalı «yetişin, bəy məni öldürür» - deyə
qışqıraraq qaçır, mürşid də ayaqyalın, əlində çəlik onu qovur.
Dostları ilə paylaş: |