333
Xüsusilə M.Ə.Rəsulzadə, M.Bala, H.Münşi, Ə.Cəfəroğlunun həyat və
yaradıcılığına, publisistik fəaliyyətlərinə dair çox maraqlı məlumatlara rast gəlinir.
Diqqəti çəkən məqamlardan biri A.Tahirlinin mühacirət mətbuatımızda
geniş təhlil edilən erməni soyqırımı mövzusudur. Xalqımızın erməni zülmü ilə
bağlı qan yaddaşını daha da canlandırmaq və beynəlxalq aləmin diqqətini bu
məsələyə yönəltmək, inandırmaq baxımından tədqiqatın əhəmiyyəti çox böyükdür.
Müəllif insanı dəhşətə gətirən fakt və materialları, mühacir aydınlarımızın ürək
sızladan yazılarını hal-hazırkı erməni işğalı, erməni zülmü ilə də paralellər
aparmışdır.
Abid Tahirlinin araşdırmalarından aydın olur ki, erməni separatizmi
Sovetlərə qarşı istiqlal mücadiləsini mühacirətdə davam etdirən bütün Qafqaz
xalqları üçün bir problemə çevrilmişdi. Bu məsələ «Azərbaycan mühacirət
mətbuatı» kitabının 2003-cü ildə nəşr olunmuş II hissəsinin «Mühacirət
mətbuatında Qafqaz birliyi mövzusu» bölməsində daha qabarıq şəkildə qələmə
alınıb.
XIX əsrin 30-cu illərindən Qafqaz xalqlarının Çar Rusiyasına qarşı
apardıqları mücadilələrindən doğan Qafqaz birliyi ideyası, onun təkamülü,
qafqazlıların milli istiqlal savaşlarında oynadığı rol, bu məsələnin II Dünya
müharibəsindən sonra mühacirət mətbuatında yenidən canlandırılması müəllif
tərəfindən çox uğurlu bir şəkildə təqdim edilib. Buradan aydın olur ki, Azərbaycan
mühacirləri arasında bu ideyaya bağlı fikirlər heç də birmənalı olmamış, onun
tərəfdarları və əsasən qatı pantürkist və panislamist əleyhdarları da var idi. Bu fikir
arılıqları isə çox vaxt çəkişmələrə, qruplaşmalara və qütbləşmələrə səbəb olurdu.
A.Tahirlinin fikrincə: «Mühacirlər arasında qruplaşmalar, münaqişələr həmin dövr
mühacirətinə xas cəhətlər idi».
Lakin M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan mühacirlərinin böyük
bir qismi Qafqaz birliyi ideyasını dəstəkləyirdilər. Onlar inanırdılar ki, Qafqaz
birliyi hərəkatının son hədəfi – bütün Qafqazın rus əsarətindən xilası və Qafqaz
Federasiyasının yaradılması istiqlal savaşının əsas qayəsini təşkil etməlidir. Daxili
narazılıqlara baxmayaraq, digər Qafqaz mühacir komitələri də bu ideyanı
dəstəkləyirdilər. Bu ideyanın konkret sənəd və aktlarda təsbitinə gəldikdə isə,
ermənilər hər dəfə özlərini kənarda tuturdular. Bunun əsas səbəbini araşdıran
müəllif
belə bir nəticəyə gəlir ki, bunun əsas səbəbi Qafqaz Federasiyası ideyasının
ermənilərin «Böyük Ermənistan» arzusunu təhlükə altına alması idi.
Tam əminliklə demək olar ki, Azərbaycan mühacirət mətbuatının əsas ideya
istiqamətlərindən birini təşkil edən Qafqaz birliyi anlayışı Abid Tahirlinin bu
kitabında fundamental bir şəkildə tədqiq edilmişdir. Bu mövzuyla əlaqədar
«Prometey» (Paris), «Qafqaz almanaxı» (İstanbul), «Qafqasya» (Münhen),
«Birləşik Qafqasya» (Münhen), «Azərbaycan» (Münhen), «Azərbaycan» (Ankara),
«Türk izi» (Ankara), «Türk yolu» (İstanbul) adlı nəşrlərdən, habelə «Mücahid»
(Ankara), «Ana dili» (Bonn), «Aydınlıq» (London), «Azər» (Berlin) kimi qəzet və
jurnaldan ətrafı söhbət açılmışdır.
Mühacirət mətbuatımızda Cənubi Azərbaycan mövzusu da A.Tahirlinin II
hissədə geniş yer ayırdığı və maraqlı fikirlər irəli sürdüyü aktual problemlərdəndir.