326
- Azərbaycan tarixi və mədəniyyətinin ayrılmaz parçası olan mühacirət irsi
son dərəcə maraqlı və zəngindir. Sovet hakimiyyəti dövründə diqqətdən kənar
saxlanılmış və son illər topladığım belə bir sərvətlə dərindən və məsuliyyətlə
məşğul olmağı özümə borc bilirəm və bu işdən mənən qidalanıram. Digər tərəfdən
isə mühacirət irsində daha qabarıq nəzərə çarpan sabaha sarsılmaz inam hissi mənə
doğma və yaxındır. Hüseyn Baykara 1975-ci ildə, əgər belə demək mümkünsə,
Sovet imperiyasının «çiçəkləndiyi» bir dövrdə qələmə aldığı «Azərbaycan istiqlal
mücadiləsi tarixi» kitabına yazdığı «Ön söz»də deyirdi ki, çevrəmdə bulunan yaxın
və uzaq dostlardan, bu kitabı yazdığıma görə məni qınayanlar vardı: Yəni, sən
kiminlə zarafat edirsən. Bax, ABŞ başkanı Ford Vladivostoka Brejnevi ziyarətə
gedir». Mən isə onlara belə cavab verirdim: «Tarixin qəribə cilvələri və sürprizləri
var. Sabahın tarixi də çox sürprizli olacaq. Bu kitab Azərbaycanın istiqlal
davasının bir əlifbasıdır».
Yaxud Nağı Şeyxzamanlı 1964-cü ildə qələmə aldığı «Azərbaycan istiqlal
mücadiləsi xatirələri» kitabında yazırdı ki, bütün müqəddəratıma inandığım kimi,
ona da inanıram ki, nə rus, nə də qurulacaq bu və ya digər rejim Azərbaycanda
əsaslı uyğunlaşmayacaq və yaşamayacaqdır. Sovet imperiyasının çökəcəyi, yerində
müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının qurulacağı barədə
istiqlal aşiqlərinin böyük inamla söylədiyi fikirlərin tarixi ötən əsrin 20-ci
illərindən başlanır. M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, C.Hacıbəyli, Fuad Daryal,
Mir Yaqub Mehdiyev və digər mücahidlərin məqalələrində Azərbaycanın
istiqlalına inam əsas xətt kimi keçir.
… Bir məclisdə dostlarımızdan biri A.Tahirli haqqında ürək dolusu danışdı
və sonda dedi: «Beş kitab müəllifi Abid Tahirli bu gün yaradıcılığının ən parlaq
dövrünü yaşayır». Mən qələm dostumuz haqqında onun xoş sözlərinə şərik
olduğumu bildirdim. Sonda əlavə etdim: «Elə bilirəm ki, onun yaradıcılığı həmişə
parlaq olmuşdur».
Və bu sözlər zarafatla deyilməmişdi. Məncə, yaradıcılığı bu şəkildə
mərhələlərə bölmək düzgün yanaşma deyil. Fikrimcə, nə vaxt yazılmağından asılı
olmayaraq, əsər dəyərlidirsə, zamanın sınaqlarına dözürsə, o, parlaqdır, solmazdır.
Abid Tahirlinin qələmi simalı, məsləkli qələmdir, o dünən də belə idi, bu gün də
belədir, əminəm ki, sabah da belə olacaqdır. Ən başlıcası da belə budur…
Məhərrəm Qasımlı
filologiya elmləri doktoru, professor
“525-ci qəzet”, 6 iyul 2005