808
o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl, dövrünə aid
qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın
ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu
nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri”
xəritəsinə daxil edilmişdir.
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın
əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək
mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində
(neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq,
müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır.
Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi
getdikcə genişlənməkdə idi. E. ə. IV minilliyin sonu - III minillikdə
təşəkkül tapmış Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər region-
larına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.
Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.
Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər
hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən
başlayaraq yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan
dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdı-
lar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və
dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assu-
riya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşı-
lıqlı əlaqələr vardı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da
yüksəlmiş, ölkə ərazisində yeni daha kamil dövlətlər yaranmışdır. Era-
mızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində
Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropa-
tena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Onlar
Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində,
ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın
təşəkkülü prosesində böyük rol oynamışlar.
Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan
əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti təkcə
Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində
mühüm yer tutur.
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər.
Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi
ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində
qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir. Yurdumu-
809
zun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam et-
miş və qüdrətli qonşularının aramsız hücumlarına duruş gətirmiş Man-
na Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik
ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlaya-
raq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin
iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa
başladılar. “Tarixin atası” Herodotun (e. ə.V əsr) öz şəxsi müşahidələrinə
əsaslanan məlumatları da bunu sübut edir. İskitlər Mannadan şimaldakı
Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində
vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget
hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərdən uğurla
müdafiə etmişdilər. Massaget şahlığı o dövrün ən qüdrətli imperiyala-
rından biri olan İran-Əhəməni imperiyasını ağır məğlubiyyətə uğrat-
mışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni
hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra
ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə
Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi.
Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və
ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd
etmiş, Günəş allahına and içərək özündən qat-qat güclü olan yadelli qo-
şunlarını e. ə. 530-cu ildə darmadağın etmişdi. “Məğlubedilməz” Kirin
özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası,Lidiya, Babilistan
kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil
olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri
ələ keçirmiş və bütün bu işğallara görə “Böyük Kir” ləqəbi qazanmış
II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı
səhifələrindən biridir.
İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox
geniş ərazilərinə yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə
üçün də əlverişli şərait yarandı. Qədim Azərbaycan mədəniy yəti daha
da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olun-
muş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazisində İskit-
sak-massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.
Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan
etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-
strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan tor-
paqlarını ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlətçilik ənənələrimiz
davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran im-
810
periyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin
yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə
bilmədi. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan
dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropa-
tena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın
bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.
Atropatena dövləti ölkənin cənub vilayətlərini əhatə edirdi. Burada
müstəqil Azərbaycan dövlətçiliyinin dirçəlişi əslində hələ İsgəndərin
Şərqə yürüşündən xeyli əvvəl baş vermişdi. Süquta uğramış keçmiş
Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çev-
rilmiş Azərbaycanın cənub torpaqlarını əhəməni satrapı Atropat hələ
Əhəmənilərin hakimiyyəti dövründə müstəqil surətdə idarə edirdi.
Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və
ya Atropatın adı ilə Atropat Midiyası, bəzən də Atropatiya və ya Atro-
patena adlanırdı.
Uzaqgörən siyasətçi və məşhur sərkərdə olan Atropat III Daranın
İsgəndərə qarşı çıxardığı Əhəməni qoşunlarının ön dəstələrinə əsas
zərbə qüvvəsinə başçılıq edirdi. Bu qüvvələr əsasən Azərbaycanın şi-
mal və cənub torpaqlarından toplanmış hərbi dəstələrdən ibarət idi.
III Daraya qalib gəldikdən sonra Atropatın sərkərdəlik istedadına və
hərbi-siyasi nüfuzuna bələd olan İsgəndər onunla toqquşmaq fikrindən
daşındı və Azərbaycan hakimi ilə yaxınlaşmağı daha üstün tutdu.
Beləliklə, Makedoniyalı İsgəndərin işğalları Azərbaycandan yan keçdi.
Sonralar Atropat Makedoniya hökmdarı ilə bu yaxınlaşmanı daha da
dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi
yaratdı və nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, Atropatenanı yunan-
Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlətə çevirdi.
Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub ra-
yonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə
səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq
münasibətlərində mühüm rol oynayır,Qafqaz, Volqaboyu, Orta Asiya,
Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi
hövzələri ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə
dövlətin öz pulları mühüm rol oynayırdı.
Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir
Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir
göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa
sahələrlə yanaşı, hüquq normalarının da təkmilləşməsinə səbəb olurdu.
Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.
Dostları ilə paylaş: |