Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə30/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   26   27   28   29   30   31   32   33   ...   84

 
60
- Ginekoloqum icazə vermirdi. Deyirdi doğuşdan sonra gedərsən. 
- Bu nə savadlı ginekoloqdur belə? 
Şeylanın gözlərində  qəzəb qığılcımlarını görüb, sözlərimə peşman oldum. Deməli ilk “quşu” buraxmışdım. Amma 
Şeylanın növbəti sözləri qəzəbin mənə yönəlmədiyini bildirirdi. 
- Eybi yox. Onunla danışaram.  
İndi isə ginekoloqun taleyindən narahat olmuşdum. Belələri, gözlərini qırpmadan adamın karyerasına xətt çəkmək 
iqtidarındadırlar. Bircə bu çatışmırdı ki, mənə görə kiməsə ziyan dəysin.  
- Onu da başa düşmək olar. Uşağın təhlükəsizliyini fikirləşib. Belə baxanda, düz eləyib doğuşdan sonraya saxlayıb. 
İntəhası, gərək kalsiumlu qidalar qəbul etməyinizi məsləhət görəydi. Nə isə. 
Şeyla bir saniyə belə düşünmədən: 
- Xeyr! Heç onu da eləməmişdi – hirslə başını buladı. - Müalicə çox ağrılı olacaq? 
Çiyinlərimi çəkdim. 
- Mütləq iynə vurulmalıdır. Vitaminlər filan. Antibiotik müalicəsi də olacaq. Diş ciblərinə gel doldurmalıyıq. Siz narahat 
olmayın, dərinlik kritik həddə çatmayıb. Amma bəzi dişlərdə xırdaca laxlama var. Uşaq süd yeyir? 
Sanki “uşaq əmizdirmək hara, mən hara” demək istərcəsinə sərsəm-sərsəm baxdı mənə. Bilmək olmurdu - uşağın süd 
yeməməyindən təəssüf edir, yoxsa mənim “tərbiyəsiz” sualımdan məyus olub. Başını yırğaladı: 
- Yoox, yemir. 
“Döşlərindən məlum olur” düşündüm. 
- Bu o qədər vacibdir? – udqunub soruşdu. 
- Nə vacibdir? – başa düşmədim. 
- Uşağın süd yeməyi. 
- Demək istəyirəm ki, müalicəmizdə əngəlimiz olmayacaq. Bir tərəfdən yeməməyi uşaq baxımından pisdir – gülümsədim. 
- Amma müalicə vaxtı özümüzü məhdudlaşdırmayacağıq.  
Ayağa qalxıb siyirtməyə yaxınlaşdım.  
- İndi damağınıza üç yerdən iynə vuracam. Çox ağrıtmayacaq. İynə nazikdir. 
Siyirtmədən şprisi və ampulu çıxartmaq üçün qurdalanmağa başlayandan, yanına yaxınlaşıb ağzını açmağı xahiş edənə 
qədər, bircə kəlmə danışmadı. Həyəcanlı olduğu, iynədən qorxduğu açıq-aşkar görünürdü. İynəni batıracağım nöqtələrə 
ledokain püskürdüb şprisi ağzına yaxınlaşdıranda gözlərini yumub, başını kreslonun arxasına dirədi. Kirpikləri titrəyir, 
üzündəki sinirlər hamar yanaqlarını  qırışdırırdı. Nə  qədər vərdiş etsəm də, ağız qoxusunu gözəl qadınlara yaraşdıra 
bilmirəm. Ağzından pis iy gələn qadın, ictimai yerdə gəyirən, ya da qaz buraxan qadından fərqsizdir. “Nə səfeh fikirdir” 
düşündüm. “Sanki kişinin ictimai yerdə gəyirməsi, ya da qaz buraxması normal haldır.” 
- Şeyla xanım, özünüzü bu qədər gərməyin.  
İynəni sonuncu dəfə batırıb, şprisi tumboçkanın üstünə qoydum:  
- Çox ağrıtdı? 
Şeyla gözlərini açdı. Əli ilə yanağını ovxalamağa başladı.  
- Yox, əliniz çox yüngüldü. Amma ağrıdı ağrımadı, iynə görəndə panikaya düşürəm. Əgər bundan sonrakı iynələrin də 
belə ağrısız olacağına söz verirsinizsə, onda problem olmayacaq. 
Gülən gözlərini qıyıb projektora baxdı. 
- Hə, bağışlayın – deyib, projektoru söndürdüm. – Narahat olmayın, ağrıtmaz. Amma sizə yazacağım otları mütləq alıb, 
vaxtı-vaxtında qarqara eləməlisiniz. Yaxşı? 
- Əlbəttə. 
- Hər gün klinikaya gələ biləcəksiniz? İynələri gecikdirmək olmaz.  
Əlini yanağından çəkməyən Şeyla, bir az düşünüb dedi: 
- Əlbəttə, problem deyil. Sabah da gəlməliyəm? 
- Gəlməlisiniz, bəli. 
- Saat üçdə olar?  
Masaya yaxınlaşdım, açıq bloknotumda sabahkı qrafikimə baxıb dedim: 
- Olar. Üçdə gəlsəniz, on-on beş dəqiqəyə proseduranı bitirərik.  
- Müalicə neçə gün çəkəcək? 


 
61
- Düşünürəm ki, on gün bizə gen-bol bəsdi.  
Şeyla ayağa qalxmaq üçün həmlə etdi. Çətinlik çəkdiyini görüb ona əlimi uzatdım.  İşvəli gözlərindən yardım təklifimə 
razılıq oxunurdu. Nazlana-nazlana əlimi tutub ayağa qalxdı.  
- Sağ olun.  
- Buyurun.  
- Sizə bir söz deyim? 
“Mənə nə deyəcəyini bilirəm. Tərifləyəcək.” 
- Bu kabinetdə özümü o qədər yüngül, təhlükəsiz hiss edirəm ki, elə bil stomatoloq yanına yox, gözəllik salonuna 
gəlmişəm. Birinci dəfədir stomatoloqun yanından qaçıb getmək üçün tələsmirəm.  
- Bizi bir tapan sevinir, bir də itirən. Vərdiş eləmişik. 
Güldü və gözlənilmədən kabinetdəki ikinci kresloya oturdu. Ayağını ayağı üstünə  aşırdaraq çantasını açdı, dodaq 
boyasını çıxartdı. 
- Yox, elə deyil. Siz fərqlisiniz. Düz sözümdür. 
Dodaqlarını boyadıqdan sonra, onları bir-birinə sürtüb boyanı yaydı. Rahat hərəkətləri məni əsəbiləşdirsə də, bir tərəfdən 
bu rahatlığı ilə məndə rəğbət oyadırdı.  
- Bir söz soruşsam inciməzsiniz?  
- Buyurun – dedim. 
- Siz mənim kim olduğumu bilirsiniz? 
- Nə mənada? 
Məni bic-bic süzüb: 
- Yaxşı daa, - dedi. – Sizə deməyiblər ki, kim gəlir yanınıza? Ola bilməz axı. 
Əllərimi yanlara aralayaraq: 
- Düzdür, Azər vəzifəli bir şəxsin qızı  gələcək demişdi. Amma bunun nə  əhəmiyyəti var? Bütün xəstələr mənim üçün 
birdir. 
Şeyla təəccüblə soruşdu: 
- Doğrudan?  
Mən də təəccüblə: 
- Əlbəttə, - dedim. – Bunda inandırıcı olmayan nə var? 
- Yəni siz demək istəyirsiniz ki, Səyavuş Orucun qızının adi bir xəstədən fərqi yoxdur? 
Çox provokativ, hətta alçaq sual idi.  
- Əlbəttə yoxdur. Niyə də olmalıdır? Başqalarına qarşı laqeyd, sizə qarşı daha məsuliyyətli olmalıyam? 
Hərəkətsiz oturub, diqqətlə mənə qulaq asan Şeylanın cavabı belə oldu:  
- Buna inanmaq istəyərdim.  
Elə bil quluncumun altına şiş soxdular. Qəzəbimdən dişlərimi sıxdım.  
- Necə?! 
Həddini aşdığını başa düşüb gülümsədi: 
- Yox, yox. Bunu söz gəlişi dedim. Yoxsa əlbəttə ki, sizə inanıram. Hərəkətlərinizdən, danışığınızdan hiss olunur ki, 
yaltaqlıq sizə yaddır.  
- Haqlısınız, yaltaq adamlardan zəhləm gedir. 
Bu cümləni elə tez-tələsik dedim ki, özüm də mat qaldım.  
Cavabımın sürətindən və itiliyindən diksinən Şeyla, iri açılmış gözlərini preparat və alətlərin olduğu şüşəli dolaba çevirdi. 
Sonra təzədən mənə baxdı.  
- Hətta deyərdim yaltaqlara nifrət edirsiniz. Özü də tək onlara yox. 
- ... 
- Yaltaq vəzifə sahiblərinə nifrətiniz daha böyükdür. 
Etiraf edim ki, Şeylanı görəndə, geri zəkalı adam təəssüratı oyatmamışdı məndə. Amma son sözlərindən sonra, həm də 
kifayət qədər ağıllı olduğunu düşündüm. Qəribədir. Adətən belə adamlar, bu dərəcədə dərin olmurlar. Olmamalıdırlar. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə