Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə31/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   27   28   29   30   31   32   33   34   ...   84

 
62
- Hardan bilirsiniz?  
- Bunu bilməyə nə var? Mənə qarşı soyuq, laqeyd olduğunuzu hiss etdim.  
Başımı sağa-sola bulayıb: 
- Doğrudan belə düşünürsünüz? – təəssüflə soruşdum.  
- Xeyr! Məni düz başa düşün. Həkim kimi çox diqqətlisiniz, məsuliyyətlisiniz. Amma bir insan kimi... 
- Anlamadım. 
- Siz allah bəsdirin. Axı siz, görünmək istədiyinizdən daha ağıllısınız.  
- Sağ olun - qərarsız dedim. – Bunu kompliment kimi qəbul etməliyəm? 
Doğrusu, artıq narahat olmağa başlayırdım.  İynədən sonra nə üçün çıxıb getmədiyini, nə deyə  mənim simpatiya və 
antipatiyalarımı müzakirəyə açdığını başa düşmürdüm. Vətəndaş mövqeyimin, siyasi baxışlarımın, kimi sevib, kimə nifrət 
etməyimin işimə nə dəxli var? 
- Kompliment deyil, faktdır. Sizin kimi adamla söhbət etmək çoxdankı arzumdur. Bilirsiniz niyə? Çünki hamı üzümə gülür, 
yaltaqlanır. Siz isə kim olduğumu bilə-bilə...  
Susdu. Acı-acı gülümsədi. 
- Kim olduğumu bilə-bilə  mənimlə adi bir pasient kimi rəftar etdiniz. Bəlkə  də adi pasientinizlə daha mehriban, daha 
səmimisiniz. Mənimlə isə məsafəli olmağa çalışırdınız. 
Ayağa qalxdı. 
- Hə, yadımdan çıxmamış, kartınızı ala bilərəm? 
- Əlbəttə - cins şalvarımın arxa cibindəki portmonenin içindən bir kart çıxarıb ona uzatdım. 
Kartı alıb üstündə yazılanları diqqətlə oxudu, sonra çantasına atdı. Qadınlar həmişə belə edir, əllərinə nə keçdi atırlar 
çantalarının içinə, sonra da tapmaq üçün iki saat qurdalanırlar. Kişilərə səliqəsiz deməyə üzləri də var hələ. 
- Yaxşı, vaxtınızı almayım. Sabah görüşəcəyik onsuzda. Saat üçdə burda olacam.  
Şeyla gedəndən sonra, otaqda ağzının qoxusu yox, zərif  ətrinin  şleyfi qaldı. “Gözəl  ətirdir” düşündüm. “Hətta gözəl 
qadındır. Amma murdar rejimi təmsil edir. Deməli özü də murdardır.” 
Qapının ağzında onu gözləyən son model S-Class-a minərkən, çönüb klinikanın binasına baxdı. Deyəsən pəncərəmi 
müəyyən etmək istəyirdi. Jalüzü azca aralamışdım deyə, məni görmürdü. Dodağında təbəssüm, gözləri oynaya-oynaya 
mindi maşına. Pəncərələrin birindən ona baxdığıma zərrə  qədər  şübhə etmirdi. Məni yandıran da bu idi məhz – onu 
güddüyümü bilməsi. 
Mercedes gözdən itənə qədər maşının dalınca baxdım. 
Etiraf edim ki, sabah onu bir daha görmək üçün səbirsizlənirəm. 
 


 
63
Ruslan və Lüdmila 
 
 
 
 “...Təsəvvür edin - Bakının mərkəzində “Ruslan və Lüdmila” adlı nəhəng kitab mağazası, altında isə “Mozart” ədəbiyyat 
kafesi. Ölməz Puşkinin unudulmaz əsərinin adından ilham alaraq, bu kitab məbədinə “Ruslan və Lüdmila” adını qoyan 
isə, kitab vurğunu, ədəbiyyat aşiqi, gənc iş adamı Roman Bakinskidir. Onu da qeyd etmək yerinə düşər ki, bu mağaza 
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılıb və mağazanın açılışında hər iki ölkənin mədəniyyət 
nazirləri iştirak ediblər. Müxbirimiz Svetlana Kotoçkina Azərbaycanın paytaxtı Bakıda Roman Bakinski ilə görüşərək 
ədəbiyyat, kitab və Rus mədəniyyəti haqqında söhbətləşib. 
 
- Roman, kitab mağazası  və  ədəbiyyat kafesi açmaq fikri sizdə necə yarandı? Və  nə üçün məhz Ruslan və 
Lüdmila? 
- Mənə  məxsus kitab mağazalarımın olması, səhərdən axşama qədər kitabların  əhatəsində olmaq mənim çoxdankı 
arzum olub. Bilirsinizmi, mən uşaq yaşlarımdan kitab vurğunuyam. Oğlanlar həyətdə top oynayanda, mən Leninin 
kitablarını oxuyurdum. Vallah düz sözümdür. Valideynlərim də kitabsevər olublar və biz, SSRİ dövründə ailəlikcə 
kitabsevərlər klubunun üzvü olmuşuq. Onu da deyim ki, mən qədim kökləri olan, nüfuzlu bir nəslin nümayəndəsiyəm. 
Bakinskilər Azərbaycan mədəniyyəti və elminə böyük töhfələr veriblər. Ulu babamdan mənim atama və əmilərimə qədər 
– nəslimizdəki bütün kişilər alim və yazıçılar olublar. Mən də bu zəncirin son halqası kimi, xalqımıza kitab mağazası və 
ədəbiyyat kafesi bəxş etdim. Ruslan və Lüdmila adına gəldikdə isə, mən hələ  uşaq vaxtı bu əsəri oxuyanda, onun 
kinosuna tamaşa edəndə Ruslan qədər yaraşıqlı və güclü olmağı xəyal etmişəm (gülür).  
- Deməli bütün layihələrinizin reallaşmasında, uşaqlıq arzularınızın böyük rolu olub. 
- Bəli, bəli. Bilirsinizmi Bakı, Aleksandr Puşkinin xatirəsinin, irsinin çox əziz tutulduğu şəhərdir. Bakı əhalisi hər zaman 
rus dilinə, rus ədəbiyyatına, rus mədəniyyətinə vurğun olub, Rusiya dəyərlərini bütün dəyərlərdən üstün tutub. Təsadüfi 
deyil ki, Bakı əhalisinin yarısından çoxu öz dilində danışa bilmədiyi halda, rus dilində səlis danışır. 
- Doğrudan da çox sevindirici haldır... 
- Əlbəttə! Rusiya və rus xalqı bilməlidir ki, Azərbaycan onun ən yaxın müttəfiqi, ən yaxın dostudur. Bizim hər şeyimiz – 
dünənimiz, bu günümüz və  gələcəyimiz Rusiya ilə bağlıdır. Məhz Rusiya Federasiyası Avropa Birliyinin Azərbaycan 
üzərindəki ekspansiyasının qarşısını almaqdadır.  Əlbəttə ki, ölkə  rəhbərliyində, rus dilini sevən yüksək çinli 
məmurlarımızın xidmətlərini də danmaq olmaz. Onlara da ayrıca təşəkkür düşür.  
- Bəs Azərbaycan dili necə? Məsələn siz öz doğma dilinizi bilirsiniz? 
- Xeyr, bilmirəm. Daha doğrusu məişət səviyyəsində bilirəm. Hesab edirəm ki, bu qədər bilmək kifayətdir. Birləşmiş 
Millətlərin proqnozuna görə, 2050-ci ilə  qədər dünyada 50 funksional dil qalacaq. Onların arasında Azərbaycan dili 
yoxdur. Odur ki, Azərbaycan dili kimi xırda və  əhəmiyyətsiz dilləri yaşatmaq üçün milyon dollarlar xərcləmək yerinə, 
dünyanın aparıcı 3-5 dilindən birinə ya da bir neçəsinə yiyələnmək daha məqbuldur. Biz tarixən Rus dilinin arealında 
yaşamışıq. Odur ki, bu dili bu gün də yaşatmaq və inkişaf etdirmək bizim borcumuzdur. Rusiya da bizə bu işdə dəstək 
olmalıdır. 
- Mağazanızda Azərbaycan dilində kitablar satırsınız? 
- Xeyr, satmırıq. Bizim müştərilərimiz Azərbaycan dilində olan kitablara maraq göstərmirlər.  
- Bəs dövlətin rəsmi dilində kitabların satılmaması etirazla qarşılanmır ki? 
-  Əlbəttə qarşılanır. Mətbuat yazır, bəzi qeyri-hökumət təşkilatları etiraz edir. Amma şəhərdə 10 dənə kitab mağazası 
var. Hamısı da Azərbaycan dilində kitab satır. Nə üçün hamının gözü elə bizim mağazamızdadır axı? Bu nə deməkdir?! 
İstəmirəm satmıram. Zorla deyil ki! 
Bu məqamda, kafedə qonşu masada oturmuş gənc bir qız söhbətə qoşulur. 
- Müdaxilə etdiyimə görə üzr istəyirəm. Biz doğrudan da bu kafe ilə, bu kitab mağazası ilə və Romanla fəxr edirik. Bura 
bizim  ən sevimli yerimizdir. Siz bilirsiniz ki, şəhərdə normal bir yer qalmayıb? Doğrudan elədir! Hər yeri Azərbaycan 
dilində danışanlar zəbt ediblər.  
- Siz bundan narahat olursunuz?  
Roman müdaxilə edir. 
- Lyamoçka (Ləman-red.) bizim daimi müştərilərimizdəndir. Ola bilsin o, öz fikrini düzgün ifadə edə bilmədi. Bilirsinizmi, 
tarixən belə olub ki, azərbaycandillilər  əyaləti,  əyalət təfəkkürünü rusdillilər isə urbanistik mədəniyyəti təmsil ediblər. 
Sovetlər dağılandan sonra rusdilli şəhər olan Bakı, əyalətdən gələnlərin istilasına məruz qaldı. Bu da haqlı olaraq bizləri, 
yerli  əhalini qıcıqlandırır. Biz demirik ki, Azərbaycan dili pisdir, lazımsızdır. Bir relikviya, tarixi abidə, raritet kimi öz 
dilimizə  dəyər veririk. Amma dilimiz müasir dövrümüzün tələblərinə cavab vermirsə, bu dildə  ədəbiyyat yaratmaq 
mümkün deyilsə, ondan yapışmağın, ona investisiya qoymağın nə mənası var? Azərbaycan dilinin lazımsızlığını tək mən 
yox, məşhur yazıçımız Samit Osmanlı da qeyd edirlər. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə