Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə59/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   55   56   57   58   59   60   61   62   ...   84

 
115
Sevil arzulayıram, amma oyatmayacağam. Şirin yuxudadır.  
 
*** 
 
Səhər on birə  işləmiş, mətbəxdən gələn qab-qacaq, axan su səslərinə oyandım. Qaz plitəsinin qabağında qurdalanan 
Sevilə arxadan yaxınlaşıb qarnını qucaqladım, boynundan öpdüm. Cingilti ilə gülüb: 
- Acsan? – soruşdu. 
- Elə də yox. Kofe içərəm. 
- Mama zəng eləmişdi, Özgürü məktəbə aparıb. Axşam mən gedib gətirməliyəm evə. Gələrsən mənimlə?  
- Əlbəttə gələrəm – sevindim. – Həm də görüm uşaq harda oxuyur.  
Sevil qaynayan çaydanı kənara çəkib, mənə kofe hazırlamağa başladı. 
- Gündəlikləri axıra qədər oxudun? 
- Hə, oxudum – taburetə oturub dedim. – Qəzetləri də oxudum, gündəlikləri də. 
- Necə oldu? 
- Nə necə oldu? 
- Nəsə düşdü yadına? 
- Sən deyən çox şey yox. Bircə bu Şeylanı başa düşə bilmirəm. Necə olub ki, belə bir adamla yaxınlıq qurmuşam – 
dedim və  xəcalətimdən gözlərimi Sevildən qaçırtdım. - Polis də bu qadın haqda sual vermişdi. Sən də elə bil birtəhər 
olmuşdun mayor mənimlə danışanda. 
Sevil buğlanan fincanı qabağıma qoyub, mənimlə üzbəüz əyləşdi. 
- Gündəliklərdə yazmısan ki, klinikada səndə müalicə olunub. Əvvəl aranızda mübahisələr olub, sonra isə... kabinetdə 
sevişmisiniz. Hamısını oxumuşam – çəkinərək dedi. - Bəlkə də elə şey olmayıb, özündən uydurmusan – Sevil özü də 
bilir ki, bu, belə deyil. – Sən xəstəxanaya düşəndən təxminən iki həftə sonra polislər gəlib mənimlə görüşdülər. Şeyla adlı 
qadınla maraqlanmağa başladılar. O vaxt hələ bu evə  gəlməmişdim deyə gündəlikləri görməmişdim, oxumamışdım, 
bilmirdim kimdən söhbət gedir. Sonra, xəstəxanada sənin cibindən çıxan şeyləri verdilər mənə - şəxsiyyət vəsiqəni, 230 
manat pulu, evin açarını. Gəlib evdə yır-yığış eləyəndə bloknotu tapdım. Səninlə qəzadan bir gün əvvəl görüşəndə bu 
bloknotu mətbəxdə görmüşdüm. Mənə demişdin ki, gündəlik tuturam. Oxumağa başladım.  Şeylanın adına orda rast 
gələndə hər şey aydın oldu mənə. 
Sevilin sözünü kəsdim: 
- Polislər səndən nə soruşmuşdular ki? 
- Dedilər Şeyla adlı qadın sizin keçmiş ərinizin yanında müalicə olunub, indi də itkin düşüb, tapa bilmirik. Axırıncı dəfə də 
Murada zəng vurub, onunla danışıb. Bilmək istəyirdilər mən o qadın haqqında nəsə bilirəm, ya yox. Sonra evdə 
gündəlikləri oxuyanda, başa düşdüm ki, bloknotu gizlətmək lazımdır, çünki orda Şeylaya olan nifrətini, qəzəbini 
yazmısan, polisin əlinə keçsəydi onlar üçün bəhanə ola bilərdi. Bloknotu götürüb apardım anamgilə, orda gizlətdim. Bir 
də inqilabdan sonra gətirdim evə. Nə mən, nə polislər o vaxt hələ bilmirdik sən sağalacaqsan ya yox. Bir gün də iki mülki 
geyimli şəxs gəldi xəstəxanaya. Həkimlə danışdılar ki, nəyin bahasına olur olsun səni sağaltmalıdırlar, çünki çox böyük 
adamın qızı yoxa çıxıb, sən isə bu barədə nəsə bilə bilərsən. Sonra birdən-birə polislərin də, mülkilərin də ayağı kəsildi. 
İndi yenə dadanıblar. İnqilabdan sonra mayor Dadaşov bir-iki dəfə gəlib-getmişdi. Sən komadan çıxandan sonra o, yenə 
gələndə, elə bildim qəzanın sağ qalan şahidi kimi səni dindirmək istəyir. Amma o da Şeyla ilə maraqlanmağa 
başlayanda, adını çəkəndə diksindim.  
Kofedən bir qurtum içib, düşüncəli baxışlarımı soyuducunun üstündəki maqnitli heyvan fiqurlarında saxladım.  
- Səncə o qızın yoxa çıxmasının mənə bir dəxli var? 
Belə bir sualı gözləməyən Sevil gözlərini bərəltdi. 
- Sənə nə dəxli ola bilər?! Bunu nə üçün soruşursan? Nədənsə şübhələnirsən?  
- Yox, elə belə soruşdum. Bəlkə deyirəm məndən şübhələnmək üçün əsasları var? 
- Boş danışırsan. Səndən niyə şübhələnsinlər? 
- Onda sən niyə gündəlikləri gizlətmək ehtiyacı hiss etdin? Orda mənim ziyanıma işləyən nə var ki? 
Sevil çaşdı, sağa-sola baxdı, əli ilə masanın üstünü bir neçə dəfə sildi.  
- Nə bilim. Birdən ağlıma gəldi ki, ordakı seks səhnəsi onları qəzəbləndirə bilər. Baxma da, balaca adamın qızı deyil.  
- Sən də ona görə gizlətdin? 
- Yox. Dedim axı, orda həm də söymüsən onu, ağzına gələni yazmısan. Nifrət edirəm, murdardır, idbardır, nə bilim 
iyrəncdir. Bunlar bəs deyil? Həm də səni hədələdiyini, şantaj etdiyini yazmısan. Əsas məsələ budur. 


 
116
- Nə olsun ki, hədələyib? 
- Polislər üçün bu əsas ola bilər. 
- Deməli əsas var. 
- Xeyr, mənim səndən şübhələnməyim üçün əsas yoxdur. Amma polislər üçün ola bilər deyirəm. Onları tanımırsan? Ən 
xırda şeyin ucundan tutub ucuzluğa gedirlər.  
Sevil düz deyir. Mən Şeylanın hara yoxa çıxdığını, qeybə çəkilməyinin mənimlə nə əlaqəsi olduğunu doğrudan bilmirəm, 
başa düşmürəm. Lakin ürəyimə çökən qəribə bir ağırlıq var - nəsə hiss edirəm sanki, xatırlayan kimi oluram, amma 
konkret heç nə canlanmır şüurumda. Bu da əzab verir mənə.  
-  Əgər qəza iki-üç gün gec baş versəydi,  Şeyla ilə görüşməyiniz haqqında da yazacaqdın. Gündəliklərdəki son yazı, 
mənim evə gəlməyim barədədir. Axırda da yazmısan ki, sabah Şeyla ilə görüşməlisən. 
- Bilirəm, oxumuşam. Bəlkə deyirəm ona nəsə... 
- Sus! Bəsdir! - Sevil qətiyyət və əsəblə dedi. – Biz nə bilək qız hara cəhənnəm olub? Bundan sənə nə?  
Haqlıdır Sevil – mənə nə onun yoxa çıxmasından? Polis mənimlə bir də bu barədə danışsa, açıq deyəcəm ki, birincisi 
Şeylanı xatırlamıram, ikincisi də ki, itkin düşübsə bunu məndən niyə soruşursunuz? Deməyinə deyəcəyəm lakin məni 
narahat edən, anbaan təqib edən bu qeyri-müəyyən duyğudan xilas ola biləcəyəmmi? Nədir ürəyimi bu qədər sıxan? 
Nədir? 
- Əşi beynini belə şeylərlə yorma, hər şey düzələcək. Onsuzda quruluş dəyişib, Səyavuş Oruc da qaçıb gedib xaricə, heç 
malını-mülkünü də apara bilməyib. Onun özünə cinayət işi açıblar. Kimdi Şeylanı itirib-axtaran?  
- Quruluş  dəyişib – dedim, Sevillə göz-gözə  gəldim. – Oxudum hamısını. Deməli illər boyu biz belə bir şəraitdə 
yaşamışıq. Mən isə arzuladığım dəyişikliyi gözlərimlə görmədim, dostlarım meydanda ölərkən, dərin yuxuda idim. 
- Düz yetmiş iki nəfər. Yetmiş iki gənc insan, həyatının baharında meydanda can verdi – Sevil kədərlə dilləndi. – Bəlkə 
meydanda olsaydın, sənə də nəsə olardı.  
- Nə demək istəyirsən? Yaxşı olub ki, komaya düşmüşəm? 
- Elə demək istəmədim – Sevil tərəddüdlə dedi. – Qismət belə imiş. 
- Bəsdir sən canın. Qismət nədir?  
Sevil güldü: 
- Düz deyirsən, gündəliklərdə qismət barədə yazdıqlarından sonra bu sözü dilimə gətirməməliyəm. Sənə bir söz deyim, 
amma gülmə.  
- Gülməli şeydirsə necə gülməyim? 
- Xəbərin var ki, sən əməlli-başlı yazıçısan? 
- Nə danışırsan? – təəccüblə soruşdum. – Nə yazıçısı? 
- Düz sözümdür, gündəliklərini oxuyanda elə bil həyəcanlı, maraqlı roman oxuyurdum. İstəsən orasını-burasını düzəldib, 
yaxşıca redaktə etdirib roman kimi çap etdirə də bilərsən.  
Sevil zarafat etmirdi, ciddi danışırdı. Susub heyrətlə ona baxdığımı, deməyə söz tapmadığımı görüb daha da ürəkləndi. 
- Xahiş edirəm, bunu elə. Səndə alınacaq, yüz faiz bilirəm. İstəmədiyin yerləri ixtisara sala bilərsən, hansısa yerlərinə 
əlavələr edərsən. Nə bilim... özün daha yaxşı bilirsən neynəmək lazımdır.  
- Bəsdir də. Kimə lazımdı mənim gündəliklərim?  
Səsimdəki qətiyyətsiziliyi fərq edən Sevil bir az da ruhlandı: 
- Naz eləmə! Deyirəm sənə götür yaz. Onsuzda hələ bir ay işə çıxan deyilsən, evdə oturub müalicə alacaqsan. Xeyli boş 
vaxtın olacaq. Başa düşürsən ki, sənin bu gündəliklərin tarixi sənəddir? Özü də mənə qalsa onun ikinci hissəsini də yaza 
bilərsən, belə daha maraqlı olar. Qəzadan  əvvəl və  qəzadan sonra. Komadan yaddaşsız vəziyyətdə ayılandan sonra 
nələr hiss eləmisən, ölkədəki dəyişiklik sənə nə cür təsir eləyib, adamları necə tanımağa başlamısan. Görürsən nə qədər 
mövzu var? 
Açığı, Sevilin səsləndirdiyi bu fikir dünən gecə gündəlikləri oxuyarkən mənim də ağlıma gəlmişdi. Xeyr, qeydlərimi roman 
şəklində kitab mağazalarının rəflərində görmürdüm, amma onların yazıldığı dil, üslub mənə olduqca maraqlı görünmüş, 
hətta bunları həqiqətənmi özümün yazıb-yazmadığıma şübhəm yaranmışdı. Sevil isə məni dilə tutmağa davam edirdi: 
- Sənan da həmişə deyərdi ki, Murad istəsə yazıçı ola bilər. Bunu gündəliyində  də yazmısan. Rəhmətlik sənin  əsər 
yazmağını çox istəyərdi, inanırdı sənə. Sən də yazsan, rəhmətliyin ruhu şad olar. 
Qadın ki, qadın. Sənanın haralardasa göylərdə ruhunun yaşadığına, kitab yazsam sevinəcəyinə inanır. Özü də  nə 
deyirsən de, bu inancına sona qədər sadiq qalacaq. Daha ona başa salmaq olmayacaq ki, Sənanın bədəni çoxdan 
çürüməyə başlayıb, əti də sümüklərindən aralanıb, ruhu isə ümumiyyətlə yoxdur, heç vaxt da olmayıb. Deyəsən Sevil, 
özünü məşhur bir yazıçının arvadı hiss edirdi artıq. Elə hey danışırdı: 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə