Anamin kitabi



Yüklə 269,35 Kb.
səhifə4/4
tarix25.06.2018
ölçüsü269,35 Kb.
#51171
1   2   3   4

G ü l b a h a r (anasına). Ana, dur sәni aparım içәri otağa. Orada uzan, rahat ol.

Zәhra bәyim hazırlaşır dursun ayağa, bir qәdәr fikir elәyir vә qoltuğunu eşәlәyib bayazını çıxardır verir Gülbahara vә deyir:

Z ә h r a b ә y i m. Qızım, bu kitabı al saxla yanında. Qardaşların yola getmәyәndә kitabın bir yerindә atanın yazısı var,--öz әlinәn yazıb,--onu axtar tap, ver qardaşların oxusun. Onu oxusalar, daxı savaşmazlar. Onu atan ölәndәn iki gün qabaq öz әlinәn yazdı (durur ayağa) әli titrәyә-titrәyә yazdı; elә naxoş ola-ola yazdı. Dedi uşaqlar oxusunlar. Qız, yapış әlimdәn, qalxa bilmirәm.

Zәhra bәyim "vay-vay" elәyə-elәyә durur ayağa, Gülbahar kitabı qoyur qoltuğuna, yapışır anasının әlindәn; yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri, kitabı vәrәqlәyir, bir yerini tapır, diqqәtnәn oxuyur.

İ k i i c i h a m b a l daxil olur içәri.

İ k i n c i h a m b a l. Mәn gәlmişәm Sәmәd Vahidin kitablarını vә yatacağını aparam.


G ü l b a h a r. (bir qәdәr baxır). Bir qәdәr dur çöldә, bir azdan sonra gәl apar.

Hambal gedir.

G ü l b a h a r (bir qәdәr fikirdәn sonra, Qәnbәrә). Qәnbәr, bilirsәn nә var?
Q ә n b ә r. Buyur, xanımcan.
G ü l b a h a r. Gәrәk mәnә kömәk elәyәsәn.
Q ә n b ә r. Gözüm üstә, xanımcan, buyur. (Әlini qoyur gözünün üstә).
G ü l b a h a r. Qәnbәr, bilirsәn nә var? Qulaq as, deyim. Qәnbәr, Mәhәmmәdәli dadaşım vә Sәmәd dadaşım indi hammalları göndәrmişdilәr ki, kitablarını vә yatacaqlarını buradan aparsınlar. Amma anam onların köçmәyini eşitcәk qutaracaq; yәqin bil ki, haman dәqiqә keçinәcәk. Qәnbәr, mәnә kömәk elә.
Q ә n b ә r. Xanımcan, hәr nә buyurursan buyur. Hazıram.
G ü l b a h a r (fikirli). Vallah, mәәttәl qalmışam.
Q ә n b ә r. Xanımcan, hәr nә buyursan, әmәlә gәtirә bilәrәm.
G ü l b a h a r. Vallah, heç bilmirәm nә qayırım?

(Gülbahar gah gedir qapıya tәrәf, gah girir içәri otağa, gah bir durur fikir elәyir, gah gedir qardaşlarının kitablarına diqqәt ilә baxır.)

Bu heyndә R ü s t ә m bәy içәri otaqdan başını uzadıb, Q ә n b ә r i vә ç o b a n l a r ı görüb deyir.

R ü s t ә m b ә y. Qәnbәr, sizin burada bir işiniz yoxdur, bu saat buradan rәdd olun, bir dә sizi mәn burada görmәyim!

Qәnbәr vә çobanlar çıxıb gedirlәr, Rüstәm bәy dә yox olur. Gülbahar dәrin
fikirdә o tәrәfә-bu tәrәfә var-gәl elәyir vә axırda gedir durur pәncәrәnin qabağında vә baxır çölә vә birdәn uca sәs ilә çığırır: "Qәnbәr!" Çöl
qapıdan içәri daxil olur i k i n c i h a m b a l.

İ k i n c i h a m m a l. Xanım, mәn mәәttәl oldum, mәni yola sal, gedim.

Gülbahar yenә bir qәdәr fikir edir, sonra gәlir yapışır onun әlindәn, çәkә-çәkә aparır pәncәrәnin qabağına vә deyir:

G ü l b a h a r. Ay hammal qardaş, bir mәnә de görüm, axır adamlar niyә hәrә bir yana gedir?


İ k i n c i h a m m a l. Xanım, pәs hara getsinlәr?
G ü l b a h a r. Necә hara getsinlәr? Mәn axır sәndәn söz soruşuram ki, niyә hamısı bir yerә getmir, niyә hәrә bir tәrәfә gedir? Bax, görürsәn, o adamlar o tәrәfә gedir, bu adamlar bu tәrәfә gedir; mәn bu işi başa düşmürәm. Yәqin ki, dәli olublar.
İ k i n c i h a m m a l. Hәrәnin bir yanda işi var, hәrәnin evi bir tәrәfdәdi: biri evinә gedir, biri işinә gedir.
G ü l b a h a r (hövsәlәsiz). Eh, mәn sәndәn söz soruşuram, sәn bilmirәm mәnә nә cavab verirsәn. Nә sәbәbә, axır, hamı bir tәrәfә getmir? Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elә (oturur pәncәrәnin içindә).
İ k i n c i h a m m a l. Xanım, mәni yola sal gedim. Hansı kitabları aparacağam, ver aparım.
G ü l b a h a r (hirsli qalxır ayağa vә uğadan). Axmaq-axmaq danışma! Mәn sәndәn söz soruşuram, sәn hәlә mәndәn katab istәyirsәn. Bu saat mәnә de görüm ki, axır bu adamlar niyә hamısı bir tәrәfә getmir? Niyә biri o tәrәfә gedir, biri bu tәrәfә gedir?
İ k i n c i h a m m a l. Xanım, başına dolanım, axır mәn nә bilim? Hәr kәs hara istәyir gedir. Mәn dәxi nә elәyim?!
G ü l b a h a r. Qәlәt elәmә, haramzada! Bu saat get onlara de ki, and olsun allaha, elә bir iş edәrәm, bir dәqiqә içindә, bax, bir göz yumub saatda (gözlәrini yumur) quruyub daşa dönәrlәr. Onlar hamısı allahın yolundan çıxıblar. Yox, yox, sәn onları xәbәrdar elә! Yoxsa yazıqdılar, axırda özlәri peşiman olarlar. Olarlar inşallah, olarlar inşallah!

Hambal çönüb qapıya tәrәf gedir.

G ü l b a h a r (sakit). Dayan, hammal qardaş, dayan! Gәl kitabları apar. Amma mәn sәnә necә ki, dedim, elә dә camaatı başa salarsan.
İ k i n c i h a m m a l. Baş üstә, xanım. Pәs mәn hansı kitabları aparacağam.
Gülbahar gedir Rüstәm bәyin kitab şkafını açır, kitabları bir-bir çıxardır vә cildlәrini cıra-cıra, vәrәqlәrini dağıda-dağıda tullayır ortalığa
vә tullaya-tullaya deyir.

G ü l b a h a r. Rus lüğәti. Slavyan lüğәti (hambal bu işi görcәk yavaşca yox olur. Rüstәm bәyin kitablarını qurtarandan sonra Gülbahar Sәmәd Vahidin kitablarını haman minval ilә, yәni cırıb dağıda-dağıda atır yerә vә ata-ata deyir): Elmi-qafiyә. Vәzni-şer. (Bu kitabları da qurtarandan sonra, Gülbahar gedir Mirzә Mәhәmmәdәlinin sandığından kitabları yenә bir-bir çıxarır vә cıra-cıra tullayır yerә vә deyir): Xüsuf. Küsuf. Sonra o tәrәf-bu tәrәfә baxıb görür hambal yoxdur, gәlir kitabların tikә-parçalarını qucaqlayır vә pәncәrәdәn tökür çölә. Qaçır içәri otaqdan neft vә spiçka gәtirir, kitabların üstünә neft töküb od vurur. Kitablar çöldә alışır vә Gülbahar durur otağın ortasında; qoltuğundan anasının kitabını çıxardır, bir sәhifәsini açır vә diqqәt ilә baxır.

Çöl qapıdan hövlnak daxil olur, M i r z ә M ә h ә m m ә d ә l i , S ә m ә d V a h i d vә dallarınca b i r i n c i vә i k i n c i h a m b a l l a r. İçәri otaqdan hövlnak daxil olurlar R ü s t ә m b ә y, Z i v ә r x a n ı m vә bunların dalısınca Z ә h r a b ә y i m sürünә-sürünә özünü salır qapının ağzına. Camaat hamısı kitabların yanmağını vә Gülbaharın әhvalının dәyişmәyini görüb mat qalır. Zәhra bәyim vayıldaya-vayıldaya deyir.

Z ә h r a b ә y i m. Ax, yazıq canım!

Qardaşlar gedirlәr, pәncәrәdәn kitabların yanmağına baxırlar, sonar çönüb Gülbahara tamaşa edirlәr. Gülbahar әlindәki kitabın açıq sәhifәsini yuxarı qalxızıb, qardaşlarına tәrәf tutub baxır. Ara bir qәdәr sakit keçir vә heç kәs dinmir. Axırda Gülbahar ucadan mütәәssiranә deyir:

G ü l b a h a r. Qaldı bircә kitab: bu da anamın kitabı! Bir qәdәr hamı sakit durur baxır.

Budur atam öz әli ilә yazdığı vәsiyyәt (oxuyur). Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilindә, rәbiüs-saninin on ikisindә, çeşәnbә günü, sübh әzanından yarım saat keçdikdә yoldaşım Zәhranın cismindәn bir parça qopub ayrıldı ki, ibarәt olsun Rüstәm balamdan (barmağı ilә Rüstәm bәyә işarә edir; Rüstәm bәy atasının xәttinә diqqәt edәndәn sonra dәsmalını basır üzünә).

Biçarә övrәtin cisminin qalanından genә tarixi-hicrinin min iki yüz doxsan doqquzuncu ilindә, ramazanın beşindә, pәncşәnbә günü, axşamdan üç saat keçdikdә genә bir parça ayrılıb qopdu. Haman gün oğlum Mәhәmmәdәli anadan oldu (barmağı ilә Mirzә Mәhәmmәdәliyә işarә edir; Mәhәmmәdәli dә yavuq gәlir vә atasının xәttini görür vә dәsmalı basır üzünә).

Yazıq Zәhranın qalan cismi genә bir dәfә parçalandı. Bu da vaqe oldu haman tarixin min üç yüz dördüncü ilindә, cәmadiәl-әvvәlin on beşindә, çaharşәnbә günü, günorta zamanı ki, haman gün balamız Sәmәd dünyaya gәldi (Sәmәd Vahidә işarә edir; Sәmәd Vahid dәsmalı basır üzünә).

Bundan da bir neçә il sonra baxtı-qara övrәtin qalan yarım canından genә bir parça qopdu ki, adını Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz onuncu ilindә, şәvvalın iyirmi birindә, cümә axşamı, sübh vaxtı.

Yer, göy, aylar vә ulduzlar göylәrdә seyr edib gәzә-gәzә genә әvvәl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qәdim әzәldә gündәn qopub ayrılmış parçalardır.

Mәn etiqad edirәm ki, mәnim dә balalarım dünyada hәr yanı gәzib dolansalar, genә әvvәl-axır anaları Zәhranın (әlini anasına tәrәf tutur) әtrafında gәrәk dolanalar; çünki ay vә ulduz şәmsin parçaları olan kimi, bunlar da analarının ayı vә ulduzlarıdır. Vay o kәsin halına ki, tәbiәtin hәmin qanununu pozmaq istәyә! Onun insafı vә vicdanı ona müdamül-hәyat әziyyәt edәcәk, nә qәdәr canında nәfәs var, peşiman olacaq.

(Gülbahar qurtarcaq anası Zәhra bәyim bihuş oturduğu yerdә yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinә vә gedir oturur pәncәrәnin qabağında, dizlәrini qucaqlayır vә baxır çölә tәrәf).

R ü s t ә m b ә y, M i r z ә M ә h ә m m ә d ә l i, S ә m ә d V a h i d vә Z i v ә r x a n ı m tökülürlәr Zәhra bәyimin yanına. Mirzә Mәhәmmәdәli anasının әllәrini soyumuş vә can üstә görüb, qalxır durur övrәtin başının üstündә vә başlayır fatihә surәsini oxumağa. Hamı qalxır ayağa. Rüstәm bәy, Sәmәd Vahid vә Zivәr xanım dәsmallarını üzlәrinә basıb, yavaşca ağlayırlar.

(Gülbahar mat-mat baxır gah anasına tәrәf, gah çölә tәrәf).

M i r z ә M ә h ә m m ә d ә l i (avaz ilә). Әlhәmdülillahi-rәbbil-alәmin. Әrrәhmanir-rәhim, maliki yövmәddin....



Pәrdә salınır vә Mirzә Mәhәmmәdәlinin oxumağını kәsir.

Tamam.
Yüklə 269,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə