ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
209
AÇIQ VƏ QAPALI ÜSULLA HEMORROİDEKTOMİYA ƏMƏLİYYATI OLUNMUŞ
XƏSTƏLƏRİN MÜQAYİSƏSİ
Rəfiqə Muxtarova
İşin rəhbəri: Solmaz İmanova
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası.
Açar sözlər: Hemorroy, açıq üsul, qapalı üsul, hemorroidektomiya.
Giriş: Hemorroy insanlar arasında ən çox rast gəlinən patalogiyalardan biridir. Anus
nahiyəsində olan narahatlıqdan şikayətlənən xəstələrin 50%-də hemorroy rast gəlinir. Əhalinin 50 –
90%-də həyatının müəyyən dövründə xüsusən 45 – 65 yaş arası dövrdə hemorroy problemi müşahidə
olunur. Kişilərdə qadinlara nisbətdə 1,3 dəfə çox rast gəlinir. Bu xəstəliyin müalicəsində bir çox müalicə
metodlarından, əməliyyat növlərindən istifadə olunur. Hal – hazırda qapalı və açıq üsul
hemorroidektomiyalar daha geniş tətbiq olunur.
Məqsəd: Açıq və qapalı hemorroidektomiyanın nəticələrinin müqayisəli öyrənilməsi.
Material və metod: Son 1 il (2016 – 2017) ərzində ATU, Tədris Cərrahiyə Klinikasında 50 xəstə
üzərində açıq və qapalı üsulla hemorroidektomiya əməliyyatı aparılmışdır. Əməliyyat olunan xəstələr
35 – 50 yaş arasında olmuşdurlar. 50 xəstədən 45-i qadın 5-i kişi olmuşdur. Xəstələrin 40-da qapalı üsul,
10-da açıq üsul tətbiq olunmuşdur.
Nəticə: Qapalı üsulla əməliyyat sonrasi dövrda fəsadlara daha az rast gəlinmişdir. Beləki, 40
xəstədən yalnız 3-də əməliyyatdan sonra güclü ağrılar olmuşdur. Lakin açıq üsulla əməliyyat olunmuş
10 xəstədən 4-də ağrılar olmuşdur. Əməliyyatdan sonrakı dövrdə xəstələrdə yara nahiyəsinin sağalma
müddətində də fərq olmuşdur. Qapalı üsulla əməliyyat olunmuş xəstələrdə açıq üsulla əməliyyat
olunmuş xəstələrlə müqayisədə daha tez sağalma müşahidə olunmuşdur.
Yekun: Klinik müşahidələrin əsas məqsədi hemorroidektomiya əməliyyatından sonra xəstələrdə
müşahidə olunan erkən və gecikmiş fəsadların qarşısının alınmasıdır. Klinik təcrübəmizə əsasən
xəstələrdə əməliyyatdan sonrakı dövrdə yarana biləcək fəsadların sayını, ağrıları azaltmaq və yaranın
daha tez sağalmasını təmin etmək üçün qapalı üsul hemorroidektomiyaya üstünlük verilməsi tövsiyyə
olunur.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
210
ƏMƏLİYYAT KEÇİRMİŞ XƏSTƏLƏRDƏ RENDEZVOUS TEXNİKA
İLƏ ERXPQnin ÜSTÜNLÜYÜ
Şirin Qəhrəmanlı
İşin rəhbəri: Tarverdi Rzayev
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası
Açar sözlər: Randezvous texnikası, ERXPQ, anteqrad kanulyasiya
Giriş: Öncədən əməliyyat keçirmiş xəstələrdə ERXPQ bəzən texniki çətinliklə icra olunur.
Xüsusən öd daşı xəstəliyi ilə əlaqədar olaraq icra olunmuş əməliyyatlardan sonra normal anatomik
strukturlarda müəyyən dəyişikliklər yaranır. Bu dəyişikliklər daha çox qarın boşluğunda yaranmış
bitişmələrləə əlaqəlidir. Bu hallarda ERXPQ zamanı rast gəlinən ağırlaşmaların sayı artır
Məqsəd: ”Laparotomiya xolesistektomiya və xoledoxa T-drenajın qoyulması” əməliyyatı icra
olunmuş xəstədə “Rendezvous” texnikası ilə ERXPQ-nin üstünlüyünü göstərməkdir.
Klinik halın təsviri: 82 yaşında qadın xəstə qarının ön – yan divarında aktiv funksiya göstərən T-
drenajın olması, drenajdan gündəlik 1 litrə yaxın öd gəlməsi şikayətləri ilə klinikamıza müraciət
etmişdir. Xəstəyə 3 həftə əvvəl “laparotomiya xolesistektomiya və xoledoxa T-drenajın qoyulması”
əməliyyatı icra edilmişdir. Aparılan fistuloqrafiya müayinəsi zamanı xoledox distalında pərçim
olunmuş 2 sm ölçüdə daş aşkar olunmuşdur. Xəstəyə ümumi anesteziya altında duodenoskopiya
edildi, müayinə zamanı Fater məməciyinin divertikul içərisində yerləşdiyi müəyyən edildi.
İstiqamətləndirici tel T-drenajdan daxil edilməklə xoledox kanulyasiya edilərək standart
sfinkterotomiya icra edildi. Daş balon kateter vasitəsilə xaric edildi. Xəstə bir gün sonra evə yazıldı.
Müdaxilədən üç gün sonra T-drenaj xaric edildi.
Nəticə: Xoledox distalına pərçim olunmuş böyük diametrli daşlar olduqda retroqrad yolla
xoledoxu kanulyasiya etmək kifayət qədər çətinləşir. Bu zaman pankreatit, perforasiya riski artmış olur.
Bu səbəbdən də anteqrad yolla yəni “Rendezvous “ texnikası ilə xoledoxu kanulyasiya etməklə ERXPQ
icra olunduqda həm əməliyyat müddəti qısalır, həmçinin intraoperasion ağırlaşma riski azalır.
Yekun: “Xolesistolitiazis və xoledoxolitiazis” diaqnozu qoyulmuş xəstələrə “laparoskopik
xolesistektomiya və ERXPQ” eyni vaxtda icra edilməsi daha məqsədəuğundur. Çünkü belə hallarda
açıq və ya laparoskopik əməliyyat zamanı xoledoxotomiyadan sonra xoledox T-dren qoyulmaqla
bağlanır. Bu isə əməliyyat vaxtını və xəstəxanada yatış müddətini uzadır.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
211
XRONİKİ BABASİLİN MÜALİCƏSİNDƏ CƏRRAHİ
ÜSULLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
Xalidə İskəndərova
İşin rəhbəri: Vüqar Abbasov
ATU TCK, II Cərrahi Xəstəliklər Kafedrası
Açar sözlər: Hemorroy, Xroniki babasil, Liga sure
Giriş: İnsanların ən geniş yayılmış xəstəliklərindən biri olan babasil xəstəliyindən dünyanın yaşlı əhalisinin
10 – 30%-i əziyyət çəkir və koloproktoloji xəstəliklərin 32 – 80%-ə qədəri babasilin payına düşür. Cərrahi
əməliyyatdan sonrakı dövrdə xəstələrin 4,6 – 63,4%-də müxtəlif ağırlaşmalar və 4,85 – 8,7%-də isə residivlər baş
verir. Xəstələrin böyük əksəriyyəti (80%-ə qədəri) əmək qabiliyyətli insanlar olduğundan sosial yönümlü bu
xəstəlik aktual tibbi – iqtisadi problem kimi qarşıda durur. Tez – tez rast gəlinən ağırlaşmalar
hemorroidektomiyanın yeni üsullarının axtarışına səbəb olur. Babasilin cərrahi müalicəsində yeni radikal
üsullardan biri Liga Sure cihazının istifadəsilə hemorroidektomiyadır.
Məqsəd: Xroniki babasilin cərrahi müalicəsində Liga Sure istifadəsinin nəticələrinin qiymətləndirilməsi
olmuşdur.
Material və metodlar. Tədqiqat işinin əsasını 2015 – 2016-cı illərdə ATU, Tədris Cərrahiyyə
Klinikasında xroniki babasilə görə Milliqan – Morqan üsulu ilə cərrahi əməliyyat keçirmiş 24 – 68 yaşlı (orta yaş
36 ±2,4 il) 57 xəstənin müalicəsinin nəticələrinin təhlili təşkil edir. Bunlardan 45-i (78,9%) kişi, 12-si (21,1%)
qadın olmuşdur. Bütün xəstələrə beynəlxalq təsnifata görə, II, III və IV dərəcəli hemorroidal xəstəlik diaqnozu
qoyulmuşdur. Xəstələr iki qrupa bölünmüşdür: birinci qrupa (müqayisə qrupu) klassik üsulla əməliyyat olunmuş
38 (66,7%) xəstə daxil edilmişdir. İkinci qrupa (əsas qrup) daxil olan 19 xəstədə isə (33,3%) hemorroidektomiya
Liga Sure (Covidien istehsalı, ABŞ) istifadəsilə aparılmışdır.
Nəticəl: Əməliyyatın davametmə müddəti əsas qrupda 15±5 dəqiqə, nəzarət qrupda isə 40±15 dəqiqə təşkil
etmişdir. Müqayisə qrupunun xəstələrində əməliyyatdan sonrakı ağrı sindromu daha güclü olmaqla, davametmə
müddəti bir neçə günə qədər uzanmışdır. Yara səthinin daha kiçik olması səbəbindən əsas qrup xəstələrinə
analgetiklər az təyin olmuşdur. Məhz bu xüsusiyyət əməliyyatdan sonrakı dövrdə defekasiya aktı zamanı ağrı
sindromunun daha zəif olmasına səbəb olmuşdur. Kəskin sidik ləngiməsi kimi dizurik pozğunluq əsas qrupda
təsadüflərin 1-də (5,3%), müqayisə qrupunda isə 5-də (13,2%) rast gəlinmişdir. Bu simptom III-IV dərəcəli babasil
düyünləri aşkarlanmış və yaşı 50-dən yuxarı olan kişilərdə rast gəlinmişdir.
Defekasiya zamanı yara nahiyəsində ağrılar müqayisə qrupunda 21 (55,3%), əsas qrupda isə 1 (5,3%)
xəstədə müşahidə olunmuşdur. Anal və perianal nahiyədə qaşınma və göynəmə əsas qrupda 1 (5,3%), müqayisə
qrupunda isə 6 təsadüfdə (15,8%) müşahidə olunmuşdur. İlk defekasiya aktı zamanı qanlı ifrazat əsas qrupun 3
(15,8%), müqayisə qrupunun 21(55,3%) xəstəsində baş vermişdir. Əməliyyatdan sonrakı yaxın dövrdə
hipertermiya müqayisə qrupunda əsas qrupa nisbətən 8 dəfə çox müşahidə olunmuşdur. Bu da Liga Sure tətbiqi
zamanı yara ödeminin əsas qrupda 4,3 dəfə azalmasını göstərmişdir.
Yekun: Beləliklə, Liga Sure-un istifadəsi qanaxma riskini, əməliyyatın müddətini, əməliyyatdan sonrakı
ağrı sindromunun intensivliyini azaltmaqla, əksər təsadüflərdə əməliyyat zamanı tikiş materiallarının istifadəsinə
zərurət yaratmır, əməliyyatdan sonrakı erkən və gecikmiş fəsadların yaranma ehtimalını azaldır, xəstənin
stasionarda qalma müddətini qısaldır. Alınan nəticələr göstərmişdir ki, babasilin müalicəsində yeni
texnologiyaların istifadəsilə hemoroidektomiya çox rahatlığı ilə seçilir, cərrahi müalicənin nəticələrini kifayət
qədər yaxşılaşdırmağa və əməliyyatdan sonar yaranan fəsadların sayını azaltmağa imkan verməklə, az
travmatikliyi, effektivliyi və istifadədə çox rahatlığı ilə seçilir. IV mərhələli təsadüflərdə aşkarlanan sirkulyar
yerləşmiş hemoroidal toxuma əməliyyatdan sonrakı geçikmiş dövrdə stenoz kimi fəsadın qarşısını almaq
məqsədilə toxumaların maksimal qoruyucu prinsiplərinə riayət edərək ehtiyatlılığı tələb edir.
Dostları ilə paylaş: |