124
əmr verildi. Lakin üzlərində qorxu əlaməti açıqca görünməkdə idi. Azərbaycan
ordusuna qarşı düzənlədikləri şura haqqında Abbas Mirzə bilgi əldə etdikdən sonra
onlarla necə davranacağından əndişələnirdilər. Bu şura haqqında Abbas Mirzə
ayrıntılı şəkildə bilgi sahibi olmasına baxmayaraq özünü elə aparırdı ki, sanki heç
bir şey bilməməkdədir. Bu önəmsiz qardaşı ilə mehribanca davrandı. Kirman valisi
Həsənəli Mirzə kimi Məşhəd valisi Əhmədəli Mirzəni də Tehrana göndərdi.
Abbas Mirzə, Səbzvara hərəkəti zamanı oğlu Məhəmməd Mirzə də
yardımçı alayı ilə atasına qatıldı. Qış çox ağır keçməkdə idi. Şahzadə xəbərdar
oldu ki, yenicə tərk etdiyi Sultan meydan şəhərinin yaxınlığında kiçik bir kənd
vardır. Güclü qalaları və savunması olan bu kənddə Rzaquluxan, kürd elxanları
barınmaqda idi. Çöllükdə yapılmış olan bu qala uzaqdan görünürdü. Abbas Mirzə,
müxtəlif tayfalardan savaşçı kimi kürd elxanlarına və Rzaquluxana qatılan
birliklərin pusquda olmasından ehtiyat edirdi. Abbas Mirzə əmr verdi ki, möhkəm
mıxlanmış darvazanı döyüb və Şah adına təslim olma ixtarı versinlər. Şahzadə hələ
xuşunətə, zora əl atmamışdı. Təslim çağırısına cavab gəlmədiyi üçün Azərbaycan
ordusuna atəş əmri verildi. Bu qalanı ələ keçirmək neçə gün zaman alacaqdı. Palçıq
qalanın divarlarını top mərmiləri söküb yerlə bir edirdi. Durumu bu şəkildə görən
Rzaquluxan Şahzadəyə bir çapar göndərib onun pis qarşılanmasının günahkarı
saxludakı yetkililər olmuşdur deyə öz günahlarının bağışlanmasını istəmişdi. Lakin
Rzaquluxanın bu hiyləsi də baş tutmadı. Qalaya hücüm daha da şiddətləndi. Qala
təslim alındıqdan sonra Abbas Mirzə qalaya zorla gətirilmiş silahlı qrupları
cəzalandırmadan azad buraxdı. Onlar öz evlərinə döndülər.
Abbas Mirzə təhdid ünsürlərini bir-bir dəf etdikdən sonra özü ilə bərabər
gətirdiyi on minlərcə insanın ehtiyaclarını təmin etmək haqqında düşünməyə
başladı. Xorasanı ağır qış şərtləri öz istilasında bulundurmaqda idi. Ordusunun
ehtiyaclarını Məşhəd, Nişabur və Səbzvar arasında paylaşdırdı. Bahardakı yeni
əməliyyatlara daha güclü ordu lazım idi. Oğlu Təhmasibi Azərbaycandan hərbi
birliklər gətirmək üçün Təbrizə göndərdi.
İstiqrar öncə zorluqla sağlanıldı. Xosrov Mirzənin başçılıq etdiyi ordudan
və Yusif Xanın əmrində olan ağır topxanadan xəbər yox idi. Bunlar Kirmanı tərk
etdikdən sonra qumsal çöllüyə varmışdılar, bu üzdən ağır bir səfər çətinlikləri ilə
qarşı qarşıyaydılar. Su qıtlığı qumsal çöllüyün bütün güvənliyini təhdid edirdi. Hər
ehtimala görə onların qumsal küləklər və ya başqa səbəblər üzündən yollarını
azması böyük fəlakətə səbəb ola bilərdi. Belə bir hadisə bütün ordudan əl üzmək
anlamında idi. Bütün ordu susuzluqdan qumsallığın içində məhv ola bilərdi.
Ancaq Məşhədə xəbər gəldi ki, Xosrov Mirzə öz ordusu ilə qumsal
çöllərdən uzaqlaşmış və insan yaşayan yerlərə yaxınlaşmışdır. Təbəs vahələri
Xosrov Mirzəni yaxşı qarşılamışdı. O bölgənin kiçik xanları hətta Xosrov Mirzəyə
qatılıb, öz hörmətlərini Abbas Mirzəyə bildirmək üçün Xorasana yola
düşmüşdülər. Ancaq Təbəsin yaxınlığında olan və möhkəm qalaları ilə
səciyyələnən Tərşiz şəhəri düşmənlik etməyə başladı. Bu şəhərin mühasirəsi və
125
alınması iki ay sürdü. Ən sonda bu nahiyənin Məhəmməd Xan Qərai adında bir
xanının Xosrov Mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd Xan
Qərai özü istiqlaldan yana idi. Ancaq bəlli səbəblər üzündən 1832-ci ildə
Azərbaycan ordusuna yardım etmək zorunda qalmışdı. O kiçik şəhərdə 10.000
xəlvər buğda ehtikar edilmişdi. Xosrov Mirzə bu buğdanı öz əsgərləri arasında
paylamaq yerinə bazarda satışa buraxıb gəlirini orduya xərclədi. Bu qədər
buğdanın satışa buraxılması Tərşiz əhalisini sevindirmişdi. Çünkü o soyuq qış
günlərində ehtikar üzündən şəhərdə aclıq hiss edilməyə başlamışdı.
***
Bahar gəlmiş və Məşhədin, Nişaburun bağları meyvə ilə dolmuşdu. Abbas
Mirzə yeni savaşlar üçün hazırlıq görməyə başlamışdı. Abbas Mirzəyə qarşı çıxan
xanların heç birinin qalaları Əmirabad qalası qədər möhkəm və savunma açısından
mükəmməl deyildi. Əmirabad Məşhəd və Qoçan arasında yerləşməkdə idi.
Rzaquluxan Azərbaycan qalalarından təsirlənərək bu qalanın savunma sistemini
oluşdurmaq üçün səkkiz il zaman sərf etmişdi. Bu baharda Abbas Mirzənin ilk
hədəfi bu qalanı almaq idi. Bu qalada Yusif Xan adında bir tatar hökm sürməkdə
idi. Onun yaxşı saxlusu var idi. Bu saxlunun nəfərləri müxtəlif qəbilələrdən təşkil
edilmişdi. Yusif Xanın əmrində bir neçə top da var idi.
Şahzadənin bəklədiyi yardımçı alaylardan az bir qismi gəlib çatdı. Ancaq
Rzaquluxan Abbas Mirzənin intizamlı ordusunun üstünlüyündən xəbərsiz deyildi.
Bu üzdən də riskə girib Azərbaycan ordusu ilə üz-üzə savaşa girmədi. Qoçana
sığınıb və orada savaş hazırlıqları yapmağa başladı. Rzaquluxan bir az da
Əmirabadın dirənəcəyinə ümid bağlamışdı. Qalanın mühasirəsi onun çevrəsində
xəndək qazmaqla başladı. Xəndək qazmaq, yəni mühasirənin ciddi şəkildə
başlanması anlamında idi. Abbas Mirzə, Xosrov Mirzənin və topçu Yusif Xanın
yetərincə irəli getdiklərini görüb hücumu ertələdi. Onlara əmr verdi ki, mühasirə
edilənlərlə danışmaq mümkün olan bir yerdə qərarlaşıb onlara təslim olma
çağırısında bulunsunlar. Bütün çağırılar geri çevrildi. Təslim olmağa
yaxınlaşmadılar. Abbas Mirzə qalanın atəşə tutulmasına əmr verdi. Qarşı tərəfdən
də top atəşi ilə cavab verildi. Hər iki tərəf ağır itki verməyə başladı. Azərbaycan
ordusunun içində qəzəb bağırtıları get-gedə artırdı. Çünkü qazılan xəndəklərdə bir
çox azərbaycanlı öldürüldü. Bu üzdən Azərbaycan ordusu daha da intiqamçı bir
rəftarla savaşmağa başlamışdı. Cahangir Mirzə yazır ki, Əmirabad divarlarının
xəndəklərində bir neçə yabançı mütəxəssis öldü. Abbas Mirzənin Laçın Xana
yazdığı bir məktubda da bu haqda məlumat verilməkdədir. Bu yabançılar kimlər
olmuşlar? Fərari ruslarmı olmuş əcəba? Bu yabançılar haqqında övücü bir şeylər
yazmaq istərdik, lakin onların kimlikləri haqqında heç bir bilgi və qaynaq yoxdur.
Həm Abbas Mirzə, həm də Cahangir Mirzə bu savaşda yabançıların öldüklərini
yazmışlar. Ancaq onların kimlikləri haqqında heç bir ipucu buraxmamışlar.
Abbas Mirzə mühasirə edilənlərin dirənişlərini təqdir etsə də bu dirənişin
qısa sürədən sonra qırılacağına tam əmin idi. Ağır topların qalaya atəş açmalarına
Dostları ilə paylaş: |