Azərbaycan Ədəbi dilinin inkişafında rolu olan ziyalılar



Yüklə 21,57 Kb.
səhifə1/2
tarix29.11.2023
ölçüsü21,57 Kb.
#142244
  1   2
Azərbaycan Ədəbi dilinin inkişafında rolu olan ziyalılar


Azərbaycan Ədəbi dilinin inkişafında rolu olan ziyalılar
XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar.
Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov,Seyid ( “Seyid” adını “Səid” kimi oxuyun-N.N.) Ünsizadə,Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.
Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır.
Rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir. Dram, satira, realist nəsr dilinin yarandığı XIX əsrdə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur.
“Əkinçi”dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır.XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur.
Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır. Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları “Molla Nəsrəddin” vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar.
Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi.
1926- cı ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib iş siyasi məqsədlərə qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı.
1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrdə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır.
Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçiliyinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur.
Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır.
H.B.Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu "Əkinçi" qəzetini doğma ana dilində nəşr etməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında sıx birləşdirərək öz vəzifəsini şərəf və ləyaqətlə həyata keçirmişdir.
Görkəmli hüquqşünas və ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşov haqlı olaraq Həsən bəyi Azərbaycanın "mayak"ı, "məşəl"i adlandırırdı.
H.B.Zərdabi müəyyən haqsızlıqlarla da üzləşmişdi. O deyirdi ki, öləndə vəsiyyət edəcəyəm ki, haqqımda yazılan təhqiramiz ifadələrin bəzilərini başdaşıma yazsınlar. Gələcək nəsillər görsün ki, mən onlar üçün bir abidə yaratdım, qəzet çıxartdım, əvəzində isə millətimin nümayəndələri məni təhqir edibdilər.
Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin yaratdığı qəzet yalnız Azərbaycanda deyil, bütün Şərqdə şərəfli və uğurlu başlanğıcdır. Bu qəzet yalnız əkin-biçin mədəniyyətini deyil, çağdaş düşüncə, müasir təbligat və təşviqat mədəniyyətinin başlanğıcıdır. Cəmi 2 il dərc olunan bu qəzet fikirlərdə, düşüncələrdə inqilab etdi. XX yüzilliyin əvvələrində onun övladları "Füyuzat", "Molla Nəsrəddin", "Zənbur", "Şəlalə", "Açıq söz", "Azərbaycan" oldu.
Azərbaycan mətbuatının özünəməxsus inkişaf yolu vardır. Keçən əsrin əvvəllərindən başlayaraq Azərbaycan ziyalıları, xalqımızın qabaqcıl oğulları milli mətbuat yaratmaq uğrunda uzun illər boyu gərgin mübarizə aparmalı oldular. XIX əsrin ikinci yarısında belə bir qəzet yaranmış və xalqımızın mədəni həyatında mühüm bir hadisəyə çevrilmişdir. O, Azərbaycan əməkçilərinin mənafeyini fədakarlıqla müdafiə edərək azadlıq ideyalarını yaymışdır. "Əkinçi" qəzetinə qədər Azərbaycanda müxtəlif məsləkli, müxtəlif istiqamətli qəzet və jurnallar, kitab və kitabçalar, vərəqələr çap olunmuşdur. "Əkinçi" qəzetinin nəşri Azərbaycan xalqının mədəniyyəti tarixində əlamətdar hadisələrdəndir. Bu qəzet ictimai fikir tarixində olduğu kimi, realist ədəbiyyatın, xüsusilə poeziyanın təbliğ olunmasında və aydınlaşdırılmasında dövrü üçün böyük rol oynamışdır.
Öz vətəninə, öz xalqına təmənnasız xidməti ilə Azərbaycan xalqının yaddaşında ədəbi iz qoymuş Həsən bəy Zərdabinin həyatı, əməlləri gələcək nəsillər üçün əsl tərbiyə və həyat məktəbi olmuşdur.
O, xalqın zülmət içərisində olduğu bu dövrlərdə onlara doğru yol göstərən, həqiqi inkişaf yoluna çağıran müdrik şəxsiyyət idi. O, alim, filosof, xeyriyyəçiliyin bünövrəsinı qoyan, ən əsası isə milli mətbuatımızın banisi idi.
N.Nərimanov ana dilini xalqdan uzaq salanlara qarşı çıxmaqla, onların fikrini böyük etiraz və coşqunluqla rədd edir, ana dilinin tədrisi məsələsində haqqın, ədalətin qalib gələcəyinə inanırdı. Ana dilinin məktəb proqramından çıxarılmasını istəyənləri və buna görə əl çalanları mənasız hesab edən N.Nərimanov yazırdı: "Qoy çalsınlar! Lakin haqqı batil edə bilməyəcəklər. Bəşərin fitrət və təbiətində məknun olan hissiyyatı - aliyeyi nabud edəməyəcəklər!... Analarımızın laylalarını qulaqlarımızdan çıxarmayacaqlar, illər ilə bilüzum bir şey kimi ayaq altına aldıqları o gövhəri qiymətdən saqid ödəməyəcəklər. Ana dilimiz hər halda qüvvət tapacaqdır...".

Yüklə 21,57 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə