Tarix və onun problemləri, №4 2014 50 mehdiyeva aytən dos., t.ü. f d. Adpu



Yüklə 79,88 Kb.

tarix08.03.2018
ölçüsü79,88 Kb.


Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

50 


MEHDİYEVA AYTƏN   

Dos., t.ü.f.d. ADPU 

E-mail: ayten-69@mail.ru 

 

ŞƏRQ ÖLKƏLƏRİ XAÇ YÜRÜŞLƏRİ ƏRƏFƏSİNDƏ 

 

Açar sözlər: Səlcuq imperatorluğu, Bizans imperiyası, Aleksey Komnin, peçeneqlər,  

                      xaç yürüşləri 



Ключевые слова: империя Сельджукидов, Византийская империя, Алексей  

                                 Комнин, печенеги, крестовые походы 



Key words: the Saldjuqid Empire, the Byzantine Empire, Aleksey Komnin,  

                     pechenegs, crusades 



 

Xaç yürüşləri ərəfəsində Yaxın Şərqdə siyasi vəziyyət sabit olmamışdı. Xilafətin nüfuzu 

altında  olan  ərazilərdə  müstəqil  dövlətlər  yaranmışdı.  Həmin  dövlətlər  arasında  regionda 

üstünlüyə sahib olmaq uğrunda mübarizə getmişdi. Bu vəziyyət isə Qərbi Avropa feodalları və 

katolik kilsəsinin Şərq ölkələrinə hücumu üçün əlverişli vəziyyət yaratmışdı. 

 

XI  əsrdə  xaç  yürüşlərinin  əsas  hərəkət  istiqamətlərindən  biri  olan  Anadoluda  siyasi 

vəziyyət mürəkkəb idi. Səlcuq türklərinin Anadoluya gəlişinə qədər bu ərazi Bizansın nüfuzu 

altında olmuşdur. Malazgird döyüşündən (1071) sonra sultan Alp Arslan Kiçik Asiyanın çox 

hissəsinə  sahib  olmuşdur.Roman  Diogenin  Malizgird  döyüşündəki  məğlubiyyətindən  sonra 

Bizansda  hakimiyyəti  ələ  keçirən  VII  Mixail  Alp  Arslanla  imzalanan  müqavilənin  şərtlərini 

yerinə yetirməkdən imtina etmişdi. 

 

Sultan  Alp  Arslan  Anadolunun  digər  ərazilərini  də  fəth  etmək  üçün  buraya  yeni 



qüvvələr  göndərmişdi.  Sərkərdələr  yeni  ərazilər  ələ  keçirərək  bir  neçə  bəylik  və  dövlətin 

əsasını  qoymuşdular:  Saltuklu,  Artuklu,  Məngücəkli  bəylikləri,  Anadolu  Səlcuq  dövləti, 

Danişməndli dövləti [ 1, s.377]. 

 

Bu  dövlət  və  bəyliklərin  daha  qüvvətlisi  Konya  və  ya  Rum  sultanlığı  kimi  tanınan 



Anadolu  Səlcuq  dövləti  Kiçik  Asiyada  cərəyan  edən  siyasi  hadisələrin  mərkəzində  idi. 

Anadolu  Səlcuq  dövlətinin  qurucusu  Süleyman  bəy  Bizansda  olan  qarışıqlıqlardan  istifadə 

edərək  Anadolunun  qərbinə  və  şimalına  hücumlar  edir.    Süleyman  bəyin  böyük  nüfuz 

qazanması, fəth etdiyi torpaqların getdikcə genişlənməsi qardaşı Mansurun narazılığına səbəb 

oldu.  Mansur  Anadoluda  üstünlüyü  ələ  almaq  üçün  Bizans  imperatoruna  müraciət  etdi. 

Süleyman  bəy  bu  hərəkəti  xəyanət  kimi  qiymətləndirərək  onu  məğlub  etmək  üçün  Səlcuq 

imperatorluğundan  əlavə  qüvvə  istəyir.  Məlikşah  Bizans  imperatorundan  Mansurun  təhvil 

verilməsini  tələb  etdi.  Bizans  imperatoru  bu  tələbi  rədd  edərək  Mansuru  qüvvə  və  sursatla 

təchiz  edərək  Anadoluya  göndərir.  Lakin  Mansur  Məlikşahın  sərkərdəsi  Porsuk  tərəfindən 

məğlub edilərək öldürüldü. Anadoluda fəth olunmuş ərazilərin idarə olunması Süleyman bəyə 

tapşırıldı. 

 

Süleyman bəyin əldə etdiyi nailiyyətlər Bizansın diqqətindən kənarda qalmırdı. Bizans 



imperatoru VII Mixail Süleyman bəyi qiyam qaldırmış Nikifor Votaniata qarşı ittifaqa çağırır 

və  ondan  kömək  istəyir.  Süleyman  bəy  döyüşdə  qələbə  çalaraq  Votaniatı  əsir  tutsa  da, 

sonradan onu sərbəst buraxır. Bu addım onunla əlaqədar idi ki, Bizansda baş verən qarışıqlıq 

onun yeni ərazilər tutmasına əlverişli şərait yaradırdı. 




Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

51 

 

1078-ci  ildə  isə  hətta  ərazi  qarşılığı  əvəzində  Süleyman  bəy  Nikifor  Votaniata  Bizans 



taxtını ələ keçirməyə köməklik göstərir [2, s.172]. Lakin Nikifor Votaniatın hakimiyyəti uzun 

sürmür,  general  Melissen  ona  qarşı  qiyam  qaldırdı.  O  da  Nikifor  Votaniat  kimi  hakimiyyəti 

ələ keçirmək üçün Süleyman bəydən kömək istəyir. Süleyman bəy yaranmış bu vəziyyətdən 

istifadə edərək 1080-ci ildə Nikeya, Mərmərə dənizinin qərb və cənub hissələrini ələ keçirir. 

Bizansda  hakimiyyət  uğrunda  mübarizədə  qalib  çıxan  hərbi  aristokratiya  öz  nümayəndəsi 

sərkərdə  Aleksey  Komnini  hakimiyyətə  gətirdi  [3,  s.173-175].  1081-ci  ildə  Bizans 

imperiyasının  dağılmaq  təhlükəsi  ilə  qarşılaşdığı  bir  zamanda  hakimiyyə  keçən  Aleksey 

Komnin Bizansın əvvəlki mövqeyini geri qaytarmaq məqsədilə fəaliyyətə başladı. 

 

Aleksey  Komninin  hakimiyyəti  dövründə  səlcuq  türkləri  Süleyman  bəyin  başçılığı 



altında  Anadolunun  şimal-qərb  bölgəsinin  əsas  şəhərləri  Nikomediya  və  Bursanı  tutdular. 

Bunun  cavabında  Bizans  imperatoru  əvvəlcə  türklərə  qarşı  hücumlar  təşkil  etdi.  Lakin 

peçeneqlər tərəfindən Balkanlarda yaranan vəziyyət onu öz siyasətini dəyişməyə məcbur etdi. 

O, Süleyman bəylə danışıqlara başlayaraq, 1081-ci ildə sülh şəraitinin yaranmasına nail oldu. 

1084-cü  ilin  sonunda  Süleyman  ibn  Kutalmış  yenidən  hücuma  keçərək  Bizansın  Şərqdə 

sonuncu dayağı olan Antioxiyanı fəth etdi [4,

 

s.26]. Səlcuq imperatoru və xəlifənin köməyilə 



Süleymana  qarşı  mübarizə  aparan  yerli  knyazlar  sonda  onun  hakimiyyətini  qəbul  etməyə 

məcbur oldular. Lakin Süleyman bəyin Dəməşq əmiri Tutuşla baş verən döyüşdə öldürülməsi 

onun planlarını həyata keçməsinə maneə oldu. Süleyman ibn Kutalmışın ölümü Kiçik Asiyada 

siyasi  vəziyyəti  gərginləşdirdi.  Onun  tərəfindən  tutulan  şəhərlərin  əmirləri  müstəqil  siyasət 

yürütməyə  başladılar.  Bu  əmirlər  Smirna  şəhərində  Çaka  bəy,  Nikeyada  Əbülqasım, 

Kappadokiyada Pulxas idi. 

 

Əbülqasım  Mərmərə  sahillərini  fəth  etmək  üçün  donanma  təşkil  etdi.  Lakin  bu 



donanma Bizans imperatorunun göndərdiyi qüvvə tərəfindən məhv edildi. 1090-cı ildə Kiosda 

Bizans qoşunu ilə qarşılaşan Əbülqasım məğlubiyyətə uğradı və Nikeyaya qayıtdı [ 5, s.112]. 

Əbülqasımın  müstəqillik  meylləri  Məlikşahın  ona  qarşı  Porsukun  başçılığı  ilə  qoşun 

göndərməsinə səbəb oldu. Nikeya əmirinin çətin vəziyyətdə qaldığını görən və əsas məqsədi 

Nikomediyanı  tutmaq  olan  Aleksey  Komnin  ona  ittifaq  təklif  etdi.  Əbülqasım  

Konstantinopolda  səfərdə  olduğu  müddətdə  Aleksey  Komnin  Nikomediyaya  qüvvə 

göndərərək  əsaslı  şəkildə  möhkəmlənmək  məqsədilə  burada  qala  tikdirməyə  başladı. 

Əbülqasım  geri  qayıdarkən  artıq  Nikomediyanın  bizanslılar  tərəfindən  tutulduğunun  şahidi 

oldu.  Lakin  yaxınlaşan  səlcuq  ordusuna  qarşı  mübarizə  aparmaq  üçün  Əbülqasımın  kifayət 

qədər hərbi qüvvəsi yox idi. Buna görə də o, kömək üçün Bizans imperatoruna müraciət etmək 

məcburiyyətində qaldı. 

 

Bizans  bu  zaman  peçeneqlərin  hücum  təhlükəsi  altında  idi.  Bütün  qüvvələrini 



peçeneqlərlə  döyüşə  cəlb  edən  imperator  Əbülqasıma  kömək  etmək  iqtidarında  deyildi. 

Bununla  bərabər  Bizans  Nikeyanın  Məlikşahın  qoşunları  tərəfindən  tutulması  ilə  də 

razılaşmaq  istəmirdi.  Buna  görə  də  imperator  hiylə  işlətməyi  qərara  aldı.  İmperatorun  da 

tərkibində olduğu güman edilən kiçik bir dəstə səlcuqlara qarşı göndərildi. Aleksey Komninin 

hazırladığı bu plan baş tutdu. Bizans hərbi qüvvələrinin azsaylı olmasından xəbərdar olmayan 

əmir Porsuq böyük ordu ilə qarşılaşacağından ehtiyat edir və döyüşə girməyərək geri çəkilir.  

Bundan  asılı  olmayaraq,  Əbülqasım  sultan  qəzəbindən  xilas  ola  bilmədi.  1092-ci  ildə 

Məlikşahın  sərkərdəsi  Əmir  Bozan  tərəfindən  tutulan  Əbülqasım  mərkəzi  hakimiyyətə 

itaətsizlikdə  günahlandırılaraq  öldürüldü  [6,  s.94],  Nikeyada  hakimiyyətə  onun  qardaşı 

Əbülqazi  gəldi.  Bizans  imperatoru  onunla  danışıqlar  apararaq  Nikayanı  tərk  etməsinə 

çalışmışdı.  Lakin  imperatorun  danışıqları  uğur  qazanmadı.  Əbülqazi  də  hakimiyyətdə  uzun 



Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

52 


müddət  qalmadı.  Bunun  səbəbi  Məlikşahın  ölümündən  sonra  Süleyman  ibn  Kutalmışın 

əsirlikdə olan oğullarının azad buraxılması ilə bağlı idi. Kutalmışın oğullarından biri   I Qılınc 

Arslan  Nikeyaya  gələrək  hakimiyyəti  ələ  aldı.  Bu  zaman  Konya  sultanlığının  ərazisi  əsasən 

Nikeya  və  onun  ətraf  torpaqlarından  ibarət  olmuşdu.  Nikomediya  və  onun  ətraf  əraziləri 

Bizansın nüfuzu altında idi. Smirnada isə digər türk əmiri Çaka bəy hakimiyyətdə idi. Çaka 

bəy Smirnadan Çanaqqalaya qədər uzanan sahil ərazilərini tutaraq mərkəzi Smirna olan bəylik 

yaratmışdı. Onun planı Balkan yarımadasında yaşayan peçeneqlərlə birləşib Konstantinopolu 

ələ keçirmək və Bizans dövlətinə son qoymaq olmuşdu. 

 

I  Qılınc  Arslan  Çaka  bəyin  nüfuzu  və  qüvvəsindən  istifadə  etdi.  O,  ordunu  yenidən 



təşkilatlandıraraq Çaka bəyin köməyilə Mərmərə sahillərini Bizansdan aldı. Konstantinopola 

gedən yollar türklər üçün açıldı. İmperator Aleksey Komnin qorxuya düşərək I Qılınc Arslana 

ittifaq və  Çaka bəyə qarşı müttəfiqlik təklifi ilə müraciət etdi. Aleksey Komnin “türkə qarşı 

türkün gücündən  istifadə etmək”  kimi ənənəvi Bizans siyasətinə əl atdı və türklərin Bizansa 

qarşı  birlik  yaratmasının  qarşısını  aldı.  Vəziyyəti  sona  qədər  qiymətləndirməyən  I  Qılınc 

Arslan  Çaka  bəyin  nüfuzundan  ehtiyalanaraq  Bizansın  təklifinə  tərəfdar  çıxdı.  I  Qılınc 

Arslanın sarayında Çaka bəyin öldürülməsi (1093)Bizans üçün yaranmış real təhlükəni aradan 

qaldırdı. 

 

Bizans üçün ciddi təhlükə yaranmasının digər səbəbi türk tayfası peçeneqlərin imperiya 



ərazisinə basqın etmələrilə bağlı idi. Peçeneqlər XI əsrdə Bizans sərhədlərini dəfələrlə təhlükə 

altına  almışdılar.  1088-ci  ildə  peçeneqlərdən  təşkil  olunmuş  ordu  Aleksey  Komnini 

Silistriyada  ağır  məğlubiyyətə  uğratdı.  Döyüşdə  yüksək  rütbəli  hərbçilər  əsir  alınmış,  

imperator isə yalnız qaçmaqla xilas ola bilmişdi. 

 

1089-1090-cı  ilin  qışında  peçeneqlər  Adrianopol  vilayətində  məskən  salır  [7,  s.  96], 



yazda Bizansa hücum etməyi planlaşdırırdılar. 1090-cı ilin yayında Bizans imperiyasının hərbi 

qüvvələri və peçeneqlər arasında döyüşlər baş vermişdi. Payızın gəlməsi ilə döyüşlər dayansa 

da,  peçeneqlər  tutduqları  əraziləri  tərk  etməyərək,  Bizans  torpaqlarında  yaşayış  məskənləri 

salmağa başladılar. 1091-ci ilin qışında hərbi əməliyyatlar yenidən başlansa da, tərəflərin heç 

biri həlledici qələbə əldə edə bilmədi.   

Qərbdən  peçeneq  və  norman  təhlükəsi  ilə,  şərqdən  isə  səlcuq  hücumları  ilə  üz-üzə 

qalan  Bizans  imperiyası  çıxış  yolunu  Qərb  ölkələrinə  müraciət  etməkdə  axtarırdı.  Aleksey 

Komninin  Qərb  ölkələrinə  göndərdiyi  məktublardan  xaç  yürüşlərinin  səbəblərini  anlamaq 

mümkündür. İmperator Aleksey Komnin məktublarından birində yazırdı: “Xristian yunanların 

müqəddəs  imperiyası  peçeneq  və  türklərin  hücumu  nəticəsində  çıxılmaz  vəziyyətdədir. 

Xristianlar  onlar  tərəfindən  təhqir  edilir,  öldürülür.  Yerusəlimdən  Yunanıstana  qədər  bütün 

torpaqlar  onların  hücumlarına  məruz  qalmışdır.  Bizansın  əlində  yalnız  Konstantinopol 

qalmışdır.  Buna  görə  sizdən  xahiş  edirəm:  xristian  yunanlara  köməyə  tələsin. 

Konstantonopolun  bir  küçəsində  toplanan  xəzinə  ilə  dünyanın  bütün  xəzinələrini  bəzəmək 

mümkündür. Bütün gücünüzlə tələsin ki, bu xəzinələr türklər və peçeneqlərin əlinə keçməsin. 

Tələsin  ki,  xristian  dövləti  və  bundan  daha  vacib  olanı  Xudabəndənin  qəbri  itirilməsin, 

əvəzində siz mükafatlanacaqsınız” [5, s.3-5]. Məhz bu məktub 1095-ci ildə Klermon şəhərində 

papa  II  Urban  tərəfindən  böyük  izdiham  qarşısında  oxunmuş,  sonrakı  illərdə  isə  xaç 

yürüşlərinin başlanmasının əsasını qoymuşdu. 

 

Xaç  yürüşləri  ərəfəsində  Böyük  Səlcuq  imperatorluğu  qüvvətlənərək  bir  çox  əraziləri 



öz  hakimiyyəti  altına  almışdı.  XI  əsrin  40-50-ci  illərində  səlcuqlar  İranı  fəth  edərək  bütün 

Mesopotamiya  və  Cənubi  Qafqaza  sahib  olmuşdular.  1055-ci  ildə  xəlifə  əl-Qaim  səlcuqlara 

üstün gələ bilməyəcəyini anlayaraq Toğrul bəyi Bağdada dəvət etmiş və onun qüvvələrindən 



Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

53 

istifadə etmişdir [8,

 

s.122]. Sultan Abbasilərə sədaqətli olacağına and içmiş, türklərin Asiyada 



tutduqları  əraziləri  idarə  etmək  hüququ  almışdı.  Xəlifə  tərəfindən  mükafatlandırılan  Sultan 

Toğrul “Şərqin və Qərbin hökmdarı” titulunu almış və xəlifə qızı ilə evlənmişdir. 1063-cü ildə 

Alp  Arslanın  hakimiyyətə  gəlməsindən  sonra  türklər  Qafqaz  ərazisi  ilə  bərabər  Bizansın 

əyalətləri  olan  Mesopotamiya,  Xaldiya,  Fəratın  yuxarı  axarında  olan  ölkələrə  hücum  edərək 

imperiyanın sərhədlərini əsasən qərb istiqamətində genişləndirmişdilər  [9, s. 362]. 

 

1072-ci  ildə  Alp  Arslanın  ölümündən  sonra  hakimiyyətə  onun  əvvəldən  təyin  etdiyi 



vəliəhd  Məlikşah  gəlsə  də,  bundan  narazı  olan  qüvvələr  siyasi  sabitliyi  pozmağa  başladılar. 

Məlikşahın  əmisi  Kavurd  hakimiyyətə  gəlmək  üçün  imperatorluğun  şərq  hissəsində  qiyam 

qaldırmışdı.  Lakin  imperatorun  ona  qarşı  göndərdiyi  qüvvələrlə  döyüşdə  məğlub  olaraq  əsir 

düşmüş  və  yayının  kirişi  ilə  boğdurulmuşdu.  Alp  Arslanın  ölümündən  sonra  Səlcuq 

imperatorluğunun  zəiflədiyini  düşünən  imperiyanın  şərq  qonşuları  –  Qəznəvilər  və 

Qaraxanilər hücuma keçmiş, lakin məğlub edilmişdilər. 

 

Alp  Arslan  tərəfindən  Suriyaya  göndərilən  Atsız  bəy  buradakı  hərbi  fəaliyyəti 



nəticəsində Yerusəlim, Dəməşq  şəhərlərini Səlcuq  imperatorluğunun tərkibinə daxil etmişdi. 

Hakimiyyət  dəyişməsi  Atsızı  da  əvvəlki  mövqeyindən  döndərərək  hakimiyyət  uğrunda 

mübarizəyə  sövq  etmişdi.  Atsızın  bu  iddiası  barədə  məlumat  alan  Məlikşah  onun  Fatimi 

ordusuna məğlub olmasından (1077) istifadə edərək qardaşı Tutuşu Suriyaya göndərmişdi [10, 

s.  115].  Tutuş  əvvəlcə  Hələbdə  möhkəmlənmişdi.  Fatimi  ordusunun  Dəməşqi  mühasirəsi 

zamanı  Atsız  Tutuşdan  kömək  istəməyə  məcbur  olmuşdu.  Tutuş  da  bu  fürsətdən  istifadə 

edərək Dəməşqdə hakimiyyəti ələ keçirmiş, Atsızı isə öldürmüşdü. 

 

1086-cı  ildə  Sultan  Məlikşah  Tutuş  və  Süleyman  bəy  arasında  olan  münaqişəyə  son 



qoymaq,  ucqarlarda  mərkəzi  hakimiyyətə  itaətsizliyin  qarşısını  almaq  məqsədilə  yürüşə 

başlamışdı  [11,s.63-64].  Hələbə  gələn  Məlikşah  itaətsiz  əmirləri  cəzalandırmış,  şəhəri  idarə 

etmək  üçün  Ağsunquru  vali  təyin  etmişdi.  Hələbdən  Antioxiyaya  gələn  Sultan  buranın 

idarəsini  Yağıbasana,  Urfanın  idarəsini  isə  Bozana  tapşırdı.  1087-ci  ildə  Bağdada  gələn 

Məlikşah çox təntənəli qarşılanmış, xəlifə ona “Şərqin və Qərbin hökmdarı” titulunu vermişdi 

[12, s. 270-273]. 

 

Alp Arslan və Məlikşahın hakimiyyət dövrü Səlcuq imperatorluğunun ən qüdrətli dövrü 



hesab  olunur.  Alp  Arslanın  fəthlərini  davam  etdirən  Məlikşah  imperatorluğun  sərhədlərini 

qərbdə Aralıq dənizi, şərqdə Çinə qədər genişləndirmişdi. 

 

Lakin  bu  hərbi  qüdrət  fasiləsiz  hərbi  əməliyyatların  nəticəsi  olmuşdu.  Hər  bir  feodal 



dövləti  kimi  Səlcuq  imperatorluğu  da  qələbələr  nəticəsində  qazanılan  qənimətə,  fəth  olunan 

torpaqlara  əsaslanmışdı.  Həmin  torpaqlar  hərbi  xidmət  qarşılığında  əmirlərə 

paylanılmışdı.1092-ci  ildə  Məlikşahın  ölümündən  sonra  işğallar  azaldığından  imperatorluq 

tənəzzül dövrünü yaşamağa başlamışdı. 

 

Tənəzzül  dövrünün  başlamasının  əsas  səbəblərindən  biri  imperiyada  hakimiyyət 



uğrunda  gedən  müharibələr  sayılır.  Hələ  Alp  Arslanın  hakimiyyəti  dövründə  şərq,  qərb  və 

cənub istiqamətində göndərilən hərbi sərkərdələr Məlikşahın ölüm xəbərini alan kimi özlərinin 

müstəqilliyini elan etmişdilər. Səlcuq imperatorluğunun dörd hissəyə - Kirman, Suriya, İraq və 

Anadolu Səlcuq dövlətlərinə ayrılmasının əsası məhz bu dövrdə qoyulmuşdu. 

 

Hakimiyyət  uğrunda  mübarizənin  şiddətləndiyi  bir  dövrdə  Suriya  Səlcuq  dövlətinin 



başçısı  Tutuş  özünün  hakimiyyətə  iddiasını  irəli  sürmüşdü.  O,  ordusunu  tanınmış  əmirlər 

Ağsunqur, Bozan və Yağısıyanın dəstələri ilə gücləndirərək Rəhbəyə hücum etmişdi. 1093-cü 

ildə  burada  öz  adına  xütbə  oxutdurub  özünü  sultan  elan  etdirmiş  Tutuş  Abbasi  xəlifəsinə 

Bağdadda adına xütbə oxunması xəbərini göndərmişdi. Əvəzində xəlifə Tutuş bir sıra şərtlər 




Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

54 


(onun  Xorasan  və  ölkənin  şərq  bölgəsi  ilə  birlikdə  bütün  İslam  aləminin  hökmdarı  olması, 

qardaşı  oğlanlarının  hakimiyyətə  iddia  etməməsi,  dövlət  xəzinəsinə  sahib  olması  və  s.)  irəli 

sürmüşdü.    Onda  Tutuş  zor  gücünə  hakimiyyəti  ələ  keçirməyi  planlaşdırmışdı.  Ağsunqur, 

Bozan  və  digər  əmirlər  onun  bu  istəyinə  qarşı  çıxaraq  ixtiyarlarında  olan  hərbi  qüvvə  ilə 

Tutuşun ordusundan ayrılsalar da, bir qədər sonra baş verən döyüşdə Tutuş tərəfindən məğlub 

edilmişdilər. 1095-ci ildə Tutuş hakimiyyətə sahib olmaq üçün əsas rəqibi Sultan Börküyarıqla 

Rey  yaxınlığında  döyüşə  girmişdi.  Tutuşun  hərbi  qüvvələrinin  əsas  hissəsinin  Səlcuq 

sultanının tərəfinə keçməsi nəticəsində Tutuş məğlub edilərək öldürülmüşdü  [13, s. 70-75]. 

 

Bununla  sultan  Məlikşahın  ölümündən  sonra  üç  il  ərzində  hakimiyyət  uğrunda 



mübarizə aparan Tutuş Suriya ilə birlikdə Rey və Həmədana qədər imperatorluğun böyük bir 

hissəsinə  sahib  olsa  da,  sonda  məğlub  edilmişdi.  Onun  bu  uğursuzluğunun  əsas  səbəbi 

əmirlərə  qarşı  amansız  rəftarı  və  bunun  nəticəsində  onların  Böyrüyarığın  tərəfinə  keçməsi 

olmuşdu. 

 

Rey döyüşü zamanı Böyrüyarığın ordusunda Məlikşahın bayrağının qaldırılması böyük 



ruh  yüksəkliyi  yaratmış  və  bu  da  döyüşün  taleyini  həll  etmişdi.  Döyüşdə  üstünlük  qazanan 

Böyrüyarığın  dövləti  möhkəmləndirmək  məqsədinin  qarşısına  başqa  bir  maneə  çıxmışdı. 

Onun  keçmiş  vəziri  Müəyyədül-mülk  Gəncəyə  gələrək  sultanın  qardaşı  Məhəmməd  Təpəri 

üsyana təhrik etmişdi. 1099-cu ildə Məhəmməd Təpər qoşunu ilə birlikdə Reyə yaxınlaşmışdı 

[14, s.195]. 

 

XI  əsrin  son  onilliyində  Səlcuq  imperatorluğunda  hakimiyyət  uğrunda  gedən 



müharibələr  Börküyarıq  və  Məhəmməd  Təpər  arasındakı  döyüşlərlə  davam  etmiş,  Səlcuq 

imperiyasının  iki  hissəyə  parçalanması  ilə  nəticələnmişdi.  1104-cü  ildə  Börküyarıq  və 

Məhəmməd  Təpər  arasında  imzalanan  müqaviləyə  görə,  Böyük  Səlcuq  imperiyası  Səfidrud 

çayı sərhəd olmaqla iki hissəyə bölünmüşdü  [13,

 

s. 75]. 


 

VIII  əsrdən  etibarən  bütün  xristian  dünyasını  qorxu  altında  saxlayan  xilafət  daxili 

ziddiyyətlər  nəticəsində  xeyli  zəifləmişdi.  Hələ  X  əsrdə  iki  hissəyə  bölünmüş  bu  dövlət 

sonradan  daha  xırda  dövlətlərə  parçalanmış,  Abbasilər  sülaləsinin hakimiyyəti altında  yalnız 

Bağdad  və  onun  ətraf  əraziləri  qalmışdı.  Səlcuqların  gəlişi  ilə  özünə  etibarlı  dayaq  qazanan 

Abbasilər  bir  qədər  qüvvətlənmişdi.  Lakin  X  əsrdə  Misirdə  yaranmış  Fatimilər  dövlətinin 

Bağdad üzərinə təzyiqi davam etmişdi. 1063-cü ildə əl-Müntəsir Hələb və Suriyanın bir sıra 

ərazilərini  ələ  keçirmişdi.  Lakin  bu,  Fatimilərin  Səlcuq  dövləti  üzərinə  sonuncu  hücumu 

olmuşdu.  Fatimilər  dövləti  XI  əsrin  80-90-cı  illərində  getdikcə  zəifləməyə  başlamışdı.  Bu 

zəifləmənin əsas səbəbi İspaniya və Şimali Afrika ərazilərində yaranmış Murabitlər dövlətinin 

güclənməsi  idi.  1085-ci  ildə  Fatimilərin  Hicazda  hakimiyyəti  sona  çatmış,  bu  ərazi  yenidən 

Abbasilərin  hakimiyyəti  altına  keçmişdi.1086-cı  ildə  Suriya  Səlcuq  dövlətinin  hücumu 

nəticəsində Fatimilərin qoşunu Hələbi tərk etmək məcburiyyətində qalmışdı  [15, s. 136]. 

 

Xəlifə əl-Müstənsirin dövründə Fatimilərin Bizansla dostluq münasibətləri olmuşdu. IX 



Konstantinin hakimiyyəti dövründə dinc münasibətlər davam etmişdi. Onun ölümündən sonra 

imperatriçə  Feodora  Fatimilərdən  Bizansın  düşmənlərinə  qarşı  müharibələrdə  iştirak  etməyi 

tələb etmişdi. Xəlifə əl-Müstənsirin bu tələblərə rədd cavabı onlar arasında müharibəyə səbəb 

olmuşdu.  Fatimilər  dənizdə  ağır  məğlubiyyətə  uğramış,  məcburiyyət  qarşısında  qalan  əl-

Müstənsir  sülh  müqaviləsi  imzalamışdı.  Onun  dövründə  Fatimilər  dövləti  xeyli  zəifləmiş, 

Hicaz, Suriya, Məğrib əraziləri itirilmiş, Fatimilərin əlində əsasən Misir torpaqları qalmışdı. 

Beləliklə,  xaç  yürüşləri  ərəfəsində  Yaxın  Şərqdə  siyasi  vəziyyət  sabit  olmamışdı. 

Xilafətin  nüfuzu  altında  olan  ərazilərdə  müstəqil  dövlətlər  yaranmış,  bu  dövlətlər  arasında 

mübarizə  getmişdi.  Nisbətən  qüvvətli  olan  Fatimilər  dövləti  qüvvəsini  ümumi  düşmənə 



Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

55 

(xristianlara)  qarşı  birləşdirməkdənsə,  Abbasilər  və  Səlcuq  imperiyasına  qarşı  yönəltmişdi 

Sərqdəki xaosu görən xristian dövlətlər hücuma keçmək üçün məqamın yetişdiyini anlayaraq, 

Şərq  dünyasına  qarşı  geniş  miqyaslı  hücumlara  başlamışdılar.  Bu  yürüşlər  Şərq 

müsəlmanlarına  dəhşətli  bədbəxtliklər  gətirmiş,  Şərq  ölkələri  dağıdılmış,  Bizans  xarabalığa 

çevrilmişdi. Bu dövrün müəllifləri xaç yürüşlərini “axmaqlıq”, “qana bulaşmış ağılsızlıq” kimi 

qiymətləndirirdilər. 

Eyni  zamanda  xaç  yürüşləri  Şərqlə  Qərb  arasında  iqtisadi,  ticari  əlaqələr,  mənəvi 

mədəniyyətin və məişətin qarşılıqlı inkişafına təkan vermişdi. Şərqlə Qərb arasında maddi və 

mənəvi  dəyərlərin  mübadiləsi  xaç  yürüşlərindən  əvvəl  də  mövcud  olmuş,  bu  sahədə  Ərəb 

İspaniyası,  Siciliya  və  Bizans  mühüm  rol  oynamışdı.  Xaç  yürüşləri  gedişində  xristianlarla 

müsəlmanlar arasında müxtəlif xarakterli əlaqələr yaranmış, müqavilələr bağlanmışdı. Həmin 

proses  xaç  yürüşləri  başa  çatdıqdan  sonra  da  davam  etmişdi.  Bu  isə  onu  göstərir  ki,  xaç 

yürüşləri  olmadan  da  Şərqlə  Qərb  arasında  iqtisadi,  siyasi,  mədəni  və  ticarət  əlaqələri 

saxlamaq mümkün idi. 

 

ƏDƏBIYYAT 

 

1.Tarihde türk devletleri. Ankara, Ankara Universiteti Basımevi, 1987, I h., 414 s. 

2. Норвич Джон. История Византии. М., АСТ, 2010, 288 с. 

3. История средних веков.Т.1.Под ред.С.П.Карпова. М.,Изд-во МГУ, 2010, 688 c

4. Гийу Андре. Византийская цивилизация. Екатеринбург, У-Фактория, 2007, 545 с. 

5.  Mercil  Erdoğan.  Müsülman  türk  devletleri  tarihi.  Ankara,  Ankara  Universiteti  Basımevi, 

1991, 251 s. 

6. Klaude Kahen.Osmanlılardan önce Anadoluda türkler. İstanbul, E-yayınları, 1994, 464 s. 

7. Успенский Ф.И. История крестовых походов. М., Дарь, 2005, 352 c. 

8. Средневековый Восток: история, культура, источниковедение. М.,1980, 318 с. 

9. Средние века. М., Наука, 2006, 464 с. 

10. Köymen Altay Mehmet. Selcuklu devri türk tarihi. Ankara, TTK Basımevi, 1963, 310 s. 

11. Sevim Ali. Suriya-Filistin Selcuklu devleti tarihi. Ankara, TTK Basımevi, 1989, 198 s. 

12. Mevdüdi. Selcuklular tarihi. Ankara, Hilal yayımları, 1971, 276 s. 

13. Cağatay M.Uluçay. İlk müselman türk devletleri. İstanbul, Milli Egitim Basımevi, 1975, 

336 s. 


14.Akşin Sina.Türkiye tarihi.1.Osmanlı devletine kadar  türkler.İstanbul,Cem  yayınevi, 1989, 

520 s. 


15.  Али-заде  А.  Хроника  мусульманских  государств  I-VII  веков  хиджры  М.,  УММА, 

2004, 198 с. 

 

А.А.МЕХТИЕВА 

 

СТРАНЫ ВОСТОКА НАКАНУНЕ КРЕСТОВЫХ ПОХОДОВ 

 

 

Политическая  ситуация  в  странах  Востока  до  крестовых  походов  была 

нестабильной.  На  территориях,  находящихся  под  влиянием  халифата,  образовались 

независимые  государства,  между  которыми  неустанно  шла  ожесточенная  борьба  за 

верховенство  в  регионе.  Такая  ситуация  создала  соответствующие  условия  для 

нападения западноевропейских феодалов и католической церкви на восточные страны. 




Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

56 


A.A.MEHDIYEVA 

 

THE EASTERN COUNTRIES BEFORE THE CRUSADES 

 

 

The political situation in the eastern countries before the crusades was unstable. There 



was formed the independent states on the territories, that was under the influence of khalifat, 

among  which  occurred  inexorably  the  fierce  struggle  for  the  supremacy  in  this  region.  Such 

situation  had  created  the  corresponding  conditions  for  the  offensive  of  the  western  european 

feudal lords and the Catholic church to the eastern countries.  



 

 

 



Rəyçilər: t.e.d. Q.Əliyev, t.e.d. M.Fətəliyev 

 

ADPU-nun Tarix fakültəsi “Ümumi tarix” kafedrasının 01 oktyabr 2014-cü il tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2). 

 

: Tarix%20ve%20onun%20problem -> 2014%20%204
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 46 sevda hüseynova tarix fakültəsi “Slavyan ölkələri tarixi”
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 132
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 57 aydin mirzəzadə Siyasi elmlər üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 90 ramin sadiqov tarix üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 238 S. Misirxanova bakı Dövlət Universiteti
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 127
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 165


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə