Azərbaycan ərazisinin tektonik xüsusiyyətləri Böyük Qafqaz meqantiklinoriumu



Yüklə 26,88 Kb.
tarix26.01.2018
ölçüsü26,88 Kb.
#22592

Azərbaycan ərazisinin tektonik xüsusiyyətləri


Böyük Qafqaz meqantiklinoriumu Azərbaycanın ərazisinə Böyük Qafqaz meqantiklinoriumunun cənub-şərq batımı, Kiçik Qafqaz meqaantiklinorimunun böyük hissəsi, böyük Kür çökəkliyi, Orta və Cənubi Xəzər çökəklikləri daxildir. Böyük Qafqazın cənub-şərq batımına aşağıdakı geotektonik elementlər daxildir: 1. Tfan antiklinoriumu və ya mərkəzi hissə; 2. Şahdağ-Xızı sinklinoriumu; 3. Təngi-Beşbarmaq antiklinoriumu; 4. Qusar-Dəvəçi muldası; Axırınıcı üç geotektonik element Böyük Qafqazın şimal yamacını təşkil edir. Böyük Qafqazın cənub yamacına aşağıdakılar aiddir: 1. Zaqatala-Qovdağ sinklinoriumu; 2. Altıağac-Kürkəçidağ antiklinoriumu; 3. Dübrar-Yaşma sinklinoriumu; 4. Vəndam antiklinoriumu; Xəzəryanı-Quba neftli-qazlı vilayəti tektonik cəhətdən iki müxtəlif struktur elementdən - Böyük Qafqaz meqantiklinoriumunun cənub-şərq batımının şimal qanadından və Qusar-Dəvəçi sinklinoriumundan ibarətdir. Birinci element mezozoy çöküntülərinin yayıldığı dağlıq zonaya uyğun gəlir; ikinci element isə kaynozoy çöküntüləri kompleksindən təşkil olunmuş dağ ətəyini, mail düzənliyi və sahil düzənliyini əhatə edir. Vilayətin cənub-şərqində alt və orta yuranın şiddətli metamorfizmə uğramış qatlarından əmələ gələn intensiv qırışıqlı Baş sıra dağlar (Tfan) antiklinoriumu ayrılır. Tfan antiklinoriumu ( Böyük Qafqazın mərkəzi hissəsi) ərazisində iştirak edən çöküntülərdən ən qədimi leyas yaşlı çöküntülərdir. Tfan antiklinoriumunda iştirak edən strukturlar sadə quruluşa malik olub, şimal-qərb, cənub-şərq istiqamətində uzanaraq, Xəzər dənizi sahillərinə, yəni, Sital çayına qədər uzanırlar. Tfan antiklinoriumunun cənub-şərq davamını Qaytar-Qaca qalxımı təşkil edir. Şimal tərəfdə Şahdağ sinklinoriumu yerləşir ki, o da cənu-şərqdə Xızı sinklinoriumu ilə birləşir. Xızı sinklinoriumu, öz növbəsində Xaltan-Germian pozğunluğu boyunca cənubdan Dübrar-Yaşma sinklinoriumu ilə hüdudla-nır. Beləliklə, əmələ gəlmiş Şahdağ-Xızı sinklinoriumunun quruluşunda əsas etibarı ilə yura və təbaşir çöküntüləri iştirak edir. Bu sinklinorium bir sıra dar və dik, adətən cənuba aşırılmış və üstəgəlmələrlə parçalanmış antiklinallar və yastı sinklinallardan təşkil olunmuşdur. Şahdağ və Xızı sinklinoriumlarının kəsilişlərinin litofasial tərkibindəki əhəmiyyətli fərq, tektonik vahid olan Şahdağ-Xızı sinklinal zonası daxilində iki struktur element ayırmağa vadar edir.

Xızı sinklinoriumu bir sıra sinklinal və antiklinal zolaqlardan təşkil edilmişdir ki, bunlardan da bəziləri sinklinoriumun sərhəddinə nisbətən bir qədər çəp yerləşmiş, digərləri isə bu sinklinoriumun daxilindən başlayaraq Təngi-Beşbarmaq antiklinoriumuna qədər uzanır. Xızı sinklinoriumu şimalda Qaraçaydan Giləzi burnuna qədər uzanan dar və dik yelpikvari Təngi-Beşbarmaq antiklinoriumu ilə hüdudlanır. Təngi-Beşbarmaq antiklinoriumu sinklinalla ayrılmış iki antiklinaldan təşkil olunan uzun (100 km-ə qədər) və dar (8 km-ə qədər) qalxımdan ibarətdir. Antiklinorium hər iki tərəfdən pozğunluqlarla hüdudlanır. Antiklinalların nüvəsində Aalen-Bayos çöküntüləri üzə çıxır, onların qanadları və aralıq sinklinal isə əsasən təbaşir çöküntülərindən təşkil olunmuşdur. Qaraçaydan şərq tərəfdə antiklinorium iki antiklinaldan və onların arasında yerləşən, Aalen-Bayos çöküntülərindən təşkil olunan sinklinaldan ibarətdir. Qusar-Dəvəçi sinklinoriumu Qafqazqabağı ön çökəkliyinin qoluna müvafiq gəlir. Sinklinoriumun sərhəddini şimal-qərbdə Samur çayı, cənub-qərb hissədə isə cənub-şərqi Qafqazın mezozoy çöküntülərinin yayılmış olduğu sahə əhatə edir. Şimal-şərqdə sinklinorium Xəzər dənizinə tərəf açılır. Sinklinoriumun cənub-qərb sərhəddi boyunca dəniz sahilindən Qaraçaya qədər böyük Siyəzən pozğunluğu uzanır; sonra şimal-qərb istiqamətində sərhəd üçüncü dövr və mezozoy çöküntülərinin transqressiv kontaktı üzərinə düşür. Belə transqressiv kontakt sinklinoriumun ən qərb küncündən şimala doğru Samur hövzəsinə qədər izlənilir. Qusar-Dəvəçi sinklinoriumu qalın kaynozoy çöküntüləri qatından təşkil olunmuşdur. Kaynozoy çöküntülərinin müxtəlif horizontları mezozoy üzərində transqressiv yatır. Bunun nəticəsində də üçüncü dövr çöküntüləri kompleksinin, xüsusən onun yuxarı hissəsinin tektonikası mezozoyun strukturunu əks etdirmir. Böyük Qafqaz meqantiklinoriumunun cənub yamacı Zaqatala-Qovdağ sinklinoriumu ilə başlayır. Onun şimal yamacı Tfan antiklinoriumundan şərqə doğru uzanır. Zaqatala-Qovdağ sinklinoriumu – bu sinklinoriumun quruluşunda alt təbaşir və yura çöküntüləri iştirak edir. Zaqatala-Qovdağ sinklinoriumunun şimal-şərqində Altıağac-Kürkəçidağ qalxımlarını əhatə edir və Xəzər dənizinə qədər uzanır. Altıağac-Kürkəçidağ antiklinoriumu – Şimali Qobustanda olduqca geniş yer tutan bu antiklinorium şimal-qərb cənub-şərq istiqamətində uzanaraq, təxminən bir zolaq üzərində yerləşən Altıağac, şimali Kürkəçidağ, cənubi Kürkəçidağ və şərqi Kürkəçidağ antiklinal qırışıqlarını əhatə edir. Bu qırışıqların tağ hissələrində açılmış Apt və Alb mərtəbələrinin çöküntüləri kəskin deformasiyaya uğramışdır. Qırışıqların hamısı tektonik cəhətdən bir-birinə çox oxşayır. Onların tağ hissəsində yayılmış alt təbaşir çöküntüləri nisbətən böyük yatım bucaqları ilə səciy- yələndirilirlər. Qanadlarda isə üst təbaşir layları az meyilli olub, 15-200 bucaq əmələ gətirərək yatırlar. Bu antiklinallar bir-birindən çökəkliyi müxtəlif olan yəhər və yaxud dar sinklinal qırışıqla ayrılır. Dübrar-Yaşma sinklinoriumu Altıağac-Kürkəçidağ antiklinoriumu ilə Tfan antiklinoriumu arasında çox nazik zolaq şəklində uzanır. Vəndam antiklinoriumu Zaqatala-Qovdağ sinklinoriumunun cənubunda yerləşir. Bu antiklinorium Alazan-Əyriçay depressiyasından Lahıc dağlarına qədər uzanır. Şamaxı rayonunda Vəndam antiklinoriumu sönür. Cənubi-Xəzər meqaçökəkliyi Qərbi-Xəzər tektonik yarığından şərq hissədə yerləşir və Qərbi Türkmənistana qədər ərazini əhatə edir. Cənubi-Xəzər meqaçö- kəkliyində aşağıdakı ikinci və üçüncü dərəcəli meqaçökəkliklər ayrılır: 1. Abşeron-Balxanyanı qalxımlar sistemi; 2. Şamaxı-Qobustan çökəkliyi; 3. Abşeron çökəkliyi; 4. Yavandağ-Sənqəçal çökəkliyi; Kür çökəkliyi - Böyük və Kiçik Qafqaz meqantiklinoriumlarının arasında yerləşir. Kür çökəkliyi üç hissədən ibarətdir: yuxarı Kür, orta Kür, aşağı Kür. Yuxarı Kür çökəkliyi - Dzirul massivindən Tbilisidən keçən meridiana qədər olan ərazini əhatə edir. Kartali depressiyasına uyğun gələn bu hissə Böyük Qafqaz zəncirvari ön qalxımları və Acar-Trialet qırışıqlıq zonası arasında yerləşir. Assimetrik quruluşa malik olan bu sinklinoriumun mərkəzi hissəsində intensiv qırışıqlığa malik üst Miosen çöküntüləri toplanmışdır. Üst Miosen çöküntülərinin altında az qalınlığa malik olan orta Miosen və üst Təbaşir, intensiv dislokasiyaya məruz qalmış vulkanogen Bayos çöküntüləri yatır. Bundan fərqli olaraq, Kartali depressiyasının ətraf hissələrində Oliqosen, alt və orta Miosen çöküntüləri böyük qalınlığa malikdir. Bu mərhələdə burada kənar çökəkliklər inkişaf etmişlər. Kartali depressiyasının ox hissəsində üst Miosen yaşlı sinklinal çökəklik əmələ gətirir.

Orta Kür çökəkliyi Yuxarı Kürün şərqində, Gürcüstan və Göyçay meridianları arası ərazini əhatə edir. Bu çökəkliyin Azərbaycan ərazisində yerləşən hissəsində Daşüz-Əmirvan antiklinoriumu, Qanıx (Alazan)-Əyriçay törəmə çökəkliyi, Acınohur qalxımı, Çatma-Göyçay antiklinoriumu, Ceyrançöl sink-linoriumu ayrılır. Aşağı-Kür (Kür-Araz) çökəkliyi – şimalda Ləngəbiz-Ələt antiklinoriumu, cənubda Talışın Burovar antiklinoriumunun şimal qanadı, şərqdən isə Xəzər dənizi ilə sərhədlənir və cənub qərbdə dağarası Araz eninə çökəkliyinin şərq hissəsi ilə qovuşur. Bu çökəkliyin daxilində Pliosen-Dördüncü dövr çöküntülərindən təşkil olunmuş bir sıra antiklinal qurşaqlar ayrılır: Kəlaməddin-Bəndovan, Kürsəngə, Padar - Neftçala, Carlı-Saatlı. Ümumiyyətlə, Aşağı Küryanı depressiyasında iki tektonik vahid: cənub-şərqi Şirvan və Şərqi Muğan – qərbi Salyan ovalığı əsas yer tutur. Birinci iki antiklinal zona arasında Pirsəhhət çayı dərəsindəki sinklinal, ikinci ilə üçüncü zona arasında cənub-şərqi Şirvan sinklinalının şimal-şərq hissəsi və nəhayət, üçüncü və dördüncü zonalar arasında isə cənub-şərqi Şirvanın cənub-qərb hissəsi yerləşmişdir. Kəlaməddin-Bəndovan antiklinal zonası - bu antiklinal zona öz başlanğıcını depressiyanın şimal-qərbində yerləşən Kəlaməddin sahəsindən götürür. Geniş məsafədə uzanan bu zona şimal-qərb və cənub-şərq istiqamətinə malikdir. Kəlaməddin sahəsində Kiçik Hərəmiyə qədər antiklinal zona meridiana yaxın istiqamətdə meyl edir. Sonradan isə cənub-şərqə doğru əyilərək Mişovdağ sahəsinə uzanır. Mişovdağdan sonra bu zona ilə ardıcıl surətdə Qalmaz, Xıdırlı və Bəndovan qırışıqları əlaqədardır. Bu qırışıqların əksəriyyətində palçıq vulkanları vardır. Kəlaməddin-Bəndovan antiklinal zonası dənizdə bir sıra qalxımların yaranmasına səbəb olmuşdur. Bunlardan Bəndovan-dəniz və Gümani qırışıqları daha maraqlıdır. Kəlaməddin-Bəndovan antiklinal zonası üzərindəki strukturlar özlərinin şarniri boyunca və ya ona paralel istiqamətdə uzanan pozğunluqlar vasitəsi ilə mürəkkəbləşmişdir. Kürsəngə antiklinal zonası - bu antiklinal zona Kəlaməddin-Bəndovan və Padar-Neftçala antiklinal zonaları arasında yerləşmişdir. Bu zona ilə yer səthində yalnız bir vulkan qeyd olunduğundan o, depressiyada xüsusiyyət təşkil edir. Palçıq vulkanı burada Kürsəngə braxiantiklinalının varlığına dəlalət edən mühüm şərtdir. Mişovdağın cənub qanadından ayrılan bu qalxım Qədim Xəzər çöküntüləri altında gizlənmişdir. Bütün antiklinal zonalar kimi, Kürsəngə zonası da şimal-qərb – cənub-şərq istiqamətinə malikdir. Padar-Neftçala antiklinal zonası – bu antiklinal zonaının uzunluğu 100 km-dən artıqdır. Şimal-şimal-qərb – cənub-cənub-şər q istiqamətli Padar-Qırovdağ-Neftçala antiklinal zonası uzanma istiqaməti boyunca undulyasiyaya uğrayaraq, bir sıra struktur qalxımları, o cümlədən, Padar-Qırovdağ, Babazənan-Durovdağ, Xıllı-Duzdağ, Neftçala və dənizdə “Kür daşı” adası qalxımlarını əmələ gətirir. Aşağı Küryanı depressiyasının şimal-qərb hissəsində aparılmış seysmik tədqiqat işləri Padar və Hacıyev stansiyaları arasında yeni bir qırışığın tağ hissəsinin yerləşdiyini göstərmişdir. Bu qırışıq geoloji ədəbiyyatda Padar qalxımı adı ilə məlumdur. Uzun zaman geoloji ədəbiyyatda işlədilən Qırovdağ-Neftçala antiklinal zonası əvəzinə, hazırda Padar-Neftçala zonası adının işlədilməsi daha münasibdir. Padar-Neftçala antiklinal zonası ilə dənizdə palçıq vulkanı fəaliyyəti nəticəsində yaranmış “Kür daşı” adası əlaqədardır. Ümumiyyətlə Aşağı Küryanı depressiyasının tektonikasını nəzərdən keçirərək, aşağıdakı nəticələri çıxarmaq mümkündür: 1. Depressiyadakı antiklinal zonalar bir-birinə paralel şimal-şimal-qərb və cənub-cənub-şərq istiqamətində uzanırlar; 2. Öz tektonik xüsusiyyətlərinə görə burada keçid tipli qırışıqların yerləşdiyi görünür. Belə ki, geniş sinklinal sahələr ensiz antiklinallarla növbələşir; 3. Bütün qapalı və açıq qırışıqların əksəriyyəti öz oxuna paralel gedən pozğunluqlarla mürəkkəbləşmişdir; 4. Abşeron yarımadası və qismən də Qobustandan fərqli olaraq pozğunluqların qırışıqların qərb qanadlarından keçməsilə əlaqədar olaraq, palçıq vulkanlarının konuslarını antiklinalların tağ hissəsində deyil, bir qayda üzrə qərb qanadda və ya da periklinal hissədə yerləşdiyi görünür. 5. Bütün antiklinallar əsas pozğunluqlardan əlavə çoxlu miqdarda və müxtəlif istiqamətlərdə keçən pozğunluqlarla mürəkkəbləşmişdir. Kiçik Qafqaz meqantiklinoriumu Azərbaycana cənub-şərq hissəsi ilə daxildir. Kiçik Qafqaz meqantiklinoriumunun Azərbaycana daxil olan hissəsində Samxet-Qarabağ antiklinoriumu, Göyçə-Əkərə sinklinoriumu, Misxan-Zəngəzur antiklinoriumu daxildir. Samxet-Qarabağ antiklinoriumunun şimal-şərq qanadında Kür çökəkliyinin qərb hissəsi ilə təmasda olan Naftalan qırışıqlar sistemi inkişaf etmişdir. Samxet-Qarabağ antiklinoriumu Kiçik Qafqazın oxyanı zonasına daxil olur, burada Şəmkir, Murovdağ, Ağdam, Qarabağ kimi strukturlar inkişaf etmişdir. Göyçə-Əkərə sinklinoriumu Samxet-Qarabağ antiklinoriumunun cənub-qərbində yerləşir və mürəkkəb tektonikası ilə fərqlənir. Misxan-Zəngəzur antiklinoriumu Zəngilan, Qubadlı və Ordubad rayonlarını əhatə edir. Bu antiklinorium daha sadə quruluşa malik olub, üst Təbaşir və Eosen çöküntülərinə görə monoklinal quruluşa malikdir. Kiçik Qafqaz meqaantiklinoriumunun cənub qanadında Misxan-Zəngəzur antiklinoriumundan başqa daha iki tektonik element ayrılır: Şərur-Culfa antiklinoriumu və Ordubad sinklinoriumu. Şərur-Culfa antiklinoriumu əsasən Şərur və Culfa antiklinallarından təşkil olunmuşdur. Burada əsasən paleozoy yaşlı çöküntülər, qismən də Mezozoy yaşlı çöküntülər qeyd olunmuşdur. Ordubad sinklinoriumu əsasən Yura, Təbaşir, Paleosen, Eosen və həmçinin Pliosen və Oliqosen yaşlı çöküntülərdən təşkil olnuşdur. Talış meqantiklinoriumu – bu meqantiklinoriumun ən qədim çöküntüləri paleosen yaşlıdır. Burada həmçinin Eosen, Oliqosen və Pliosen çöküntülər də müşayət olunur. Talış meqantiklinoriumu həmçinin ikinci dərəcəli struktur elementlərdən təşkil olunmuşdur: cənubda Astara antiklinoriumu, mərkəzi hissədə Yardımlı sinklinoriumu, şimalda isə Burovar antiklinoriumu daxildir.

Yüklə 26,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə